Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Müsəlmanların Həyatında Namazın Əhəmiyyəti
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Onun mübarək Elçisinə, ailəsinə və bütün səhabələrinə salat və salam olsun.
Bundan sonra: Namaz kəlmeyi-şəhadətdən sonra İslamın ən möhkəm rüknü və ən fəzilətli əməlidir. O, qulluğun (ubudiyyətin) bütün müxtəlif növlərini özündə cəm etmişdir. Namaz, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) tövhid inancından sonra şərt qoyduğu ilk əməldir. Heç bir peyğəmbərin şəriəti namazsız olmamışdır. O, fərzi-ayndır (hər bir kəsə borcdur). Bu isə namazın toxunulmazlığına və hər bir mükəlləf (məsuliyyət sahibi) üzərində vacibliyinin qətiyyətinə dəlalət edir.
Namaz mövzusunda səhlənkar olanların bir çoxu onun əhəmiyyətini, namazı tərk etməyin və ya ona qarşı laqeyd olmağın dünyada və axirətdə doğuracağı nəticələri dərk etmirlər. Müsəlmanların həyatında namazın əsas əhəmiyyəti aşağıdakılardan ibarətdir:
1. Namaz, kəlmeyi-şəhadətdən sonra İslamın ən böyük rüknüdür: Uca Allah buyurur: "Əgər tövbə etsələr [şirki tərk edib İslam hökmlərinə bağlansalar], namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır" (ət-Tövbə, 11). Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ﷺ) qənimətləri bölərkən bir adam: "Ey Allahın Elçisi, Allahdan qorx!" dedi. Peyğəmbər (ﷺ) buyurdu: "Vay sənin halına! Məgər mən yer üzündə Allahdan qorxmağa ən layiq olan kəs deyiləmmi?" Bu zaman Xalid ibn Vəlid (Allah ondan razı olsun): "Ey Allahın Elçisi, icazə ver onun boynunu vurum" dedikdə, Peyğəmbər (ﷺ): "Xeyr, bəlkə o, namaz qılanlardan biridir" – deyə buyurdu (Buxari və Müslim).
2. Namaz, dinin ən mühüm işidir: Allah Rəsulu (ﷺ) buyurmuşdur: "İşin başı İslam, dirəyi namaz, zirvəsi isə cihaddır" (Tirmizi). Namaz dinin dayandığı təməldir; necə ki, çadır öz dirəyi üzərində dayanır. Şairin dediyi kimi:
Minlərlə paya çadırı ucalda bilərmi,
Əgər ortada onu dik tutan dirəyi olmazsa?
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) öz valilərinə belə yazmışdı: "Mənim yanımda sizin ən mühüm işiniz namazdır. Kim onu qoruyub saxlayarsa, dinini qorumuş olar. Kim onu zay edərsə, digər əməlləri daha çox zay edər" (Malik, "əl-Muvatta").
3. Namaz, ibadətlərin anasıdır: Namaz qılan şəxsdən namazın onu zahirən və batinən tam əhatə etməsi, qəlbini, dilini və əzalarını bütövlüklə məşğul etməsi tələb olunur. Uca Allah buyurur: "Allah qarşısında mütiliklə (itaətlə) dayanın" (əl-Bəqərə, 238). Peyğəmbər (ﷺ) isə buyurmuşdur: "Həqiqətən, namazda (başqa işlərə yer qoymayan) bir məşğuliyyət vardır" (Müttəfəqun aleyh). Namaz qılan şəxsə yemək, içmək və kənara baxmaq haramdır. Digər ibadətlər belə deyil; məsələn, oruclu adam danışa və hərəkət edə bilər, hacı isə yeyib-içə bilər.
4. Namaz, Uca Allahın əmridir: Uca Allahın əmrinə tabe olmaq və onu yerinə yetirməyə tələsmək vacibdir. Allah buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar" (İbrahim, 31). Başqa bir ayədə: "Namazları və orta namazı qoruyun" (əl-Bəqərə, 238) buyurulur. Peyğəmbər (ﷺ) də bunu tez-tez əmr etmiş və buyurmuşdur: "Mənim əmrimə qarşı çıxanlar üçün zillət və alçaqlıq müəyyən edilmişdir" (Buxari).
5. Namaz, Peyğəmbərin (ﷺ) son vəsiyyətidir: Ümmü Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ﷺ) vəfat etdiyi xəstəliyində belə deyirdi: "Namazı və əlinizin altında olanları (haqlarını) qoruyun!" O, bu sözləri dili tutulana və tələffüz etməkdə çətinlik çəkənə qədər təkrar etdi (İbn Macə).
6. Namaz müsəlmanın əməlinin aynası və dinə olan təziminin tərəzisidir: İnsan dininin dərəcəsini ölçmək üçün həqiqi meyar namazdır. Əgər birinin imanını ölçmək istəsəniz, onun namaza verdiyi dəyərə baxın. Namaz qılmayan birinə qız vermək böyük xətadır; çünki bu, həm qıza, həm də gələcək nəslə zülmdür. Peyğəmbər (ﷺ) buyurmuşdur: "Kim Allah qatında hansı məqamda olduğunu bilmək istəyirsə, Allahın onun qəlbindəki (və əməllərindəki) yerinə baxsın" (Darakutni). Həsən əl-Bəsri (Allah rəhmət etsin) demişdir: "Ey Adəm övladı! Əgər namazın sənin üçün əhəmiyyətsizdirsə, dininin hansı tərəfi sənin üçün əziz ola bilər?"
7. Namaz, İslam yurdunun şüarıdır: İnsandan küfr hökmü namazla qalxdığı kimi (Peyğəmbərin: "Kim bizim namazımızı qılsa, qibləmizə yönəlsə və kəsdiyimizi yeyərsə, o, Allahın və Rəsulunun zimmətində olan müsəlmandır" sözünə əsasən), bir ölkədən də küfr hökmü İslam şüarlarının, xüsusilə də namazın zahir olması ilə qalxar. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (ﷺ) bir qövmə hücum etmək istədikdə, səhəri gözləyərdi. Əgər azan səsi eşidərdisə onlara toxunmazdı, eşitmədikdə isə hücum edərdi" (Buxari).
8. Namaz imandır: Allah namazı "iman" adlandıraraq buyurmuşdur: "Allah sizin imanınızı [Beytul-Məqdisə doğru qıldığınız namazları] zay etməz" (əl-Bəqərə, 143). İmam Beyhəqi (Allah rəhmət etsin) demişdir: "Küfrü aradan qaldıran imandan sonra elə bir ibadət yoxdur ki, Allah onu 'iman' adlandırsın və Peyğəmbər (ﷺ) onun tərkini 'küfr' hesab etsin. Bu, yalnız namazdır".
9. Namaz, Allahın qurtuluşa ermiş hizbinin (tərəfdarlarının) və rəhmət olunmuş dostlarının şüarıdır: Namaz qılmayan isə şeytanın hüsrana uğramış tərəfdarlarındandır. Uca Allah buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi buyurar, pis işlərdən çəkindirər, namaz qılıb zəkat verər, Allaha və Elçisinə itaət edərlər. Allah onlara rəhm edəcəkdir" (ət-Tövbə, 71).
10. Namaz bütün varlıqların ibadətidir: Uca Allah buyurur: "Məgər görmürsənmi ki, göylərdə və yerdə olanlar, həmçinin qanadlarını açıb uçan quşlar Allahın şəninə təriflər deyirlər? Hər kəs öz namazını və tərifini (duasını) bilir..." (ən-Nur, 41). Yəni hər bir varlığın öz halına uyğun namazı və ibadəti vardır ki, Allah bunu onlara ilham etmişdir. Biz isə onların tərifinin keyfiyyətini dərk etmirik.
11. Namaz, əxlaq məktəbidir: Uca Allah buyurur: "Həqiqətən, insan dözümsüz yaradılmışdır. Ona bir şər toxunduqda fəryad qoparar, bir xeyir nəsib olduqda isə simiclik edər. Namaz qılanlar istisnadır; o kəslər ki, namazlarında daimidirlər" (əl-Məaric, 19-23). Beləliklə, Allah namaza davam edənləri mənfi əxlaqi xüsusiyyətlərdən istisna etmişdir.
12. Namaz, Allahın nemətlərinə bir şükürdür: Şükür mövcud nemətlərin bağı, itmiş nemətlərin ovudur. Namaz Allahın bizə verdiyi nemətlərə şükür etməyin ən uca ifadəsidir. Allah Peyğəmbərimizə (ﷺ) Kövsər çayını müjdələdikdə ona belə şükür etməyi buyurdu: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kövsər, 2). Peyğəmbər (ﷺ) gecə namazında ayaqları şişənə qədər dayandıqda ondan bunun səbəbi soruşulduqda: "Şükür edən bir bəndə olmayım mən?" – deyə cavab vermişdi.
13. Namaz, kafirləri qəzəbləndirmək və din düşmənlərini rəzil etməkdir: Şeytan namaz qılanın səcdə etdiyini gördükdə qəzəblənir. Peyğəmbər (ﷺ) səhv səcdəsini "murğiməteyn" (şeytanın burnunu yerə sürrtən, onu rəzil edən iki səcdə) adlandırmışdır. Namaz həmçinin müsəlmanların düşmənlərini də qəzəbləndirir; Peyğəmbər (ﷺ) buyurmuşdur: "Yəhudilər sizin salam vermənizə və 'Amin' demənizə həsəd apardıqları qədər heç nəyə həsəd aparmırlar" (İbn Macə).
14. Namaz bəşəriyyətin azadlığıdır: İnsan mahiyyəti etibarilə möhtacdır və fitrətən öz Xaliqinə boyun əyməyə, qul olmağa meyllidir. Namazla insan öz nəfsinin istəklərindən azad olur. Həva və həvəs ibadət edilən ən pis bütüdür. Hər bir məxluq istəsə də, istəməsə də Allahın quludur. Əgər insan öz seçimi ilə Allaha boyun əyməkdən imtina edərsə, mütləq özü kimi bir məxluqa – istər büt, istər insan, istərsə də dünya malı olsun – kölə olacaqdır. Beləliklə, o, azadlığa deyil, bir köləlikdən daha betər köləliyə keçmiş olar. Əsl azadlıq isə yalnız Allaha qul olmaqdadır.
SON ƏLAVƏLƏR