Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
SƏDƏQƏ BƏLANI DƏF EDİR!
Dahi alim İbn Qayyim demişdir:
«Həqiqətən də sədəqənin – bəla növlərini uzaqlaşdırmaqda qəribə bir təsiri vardır. Uca Allah, bir günahkardan, zalımdan, hətta kafirdən olsa belə – (sədəqə verən kimsədən) – bəla növlərini uzaqlaşdırar. Bu, insanların, sıravi və savadlı kəslərin bildiyi bir məsələdir. Yer üzərində yaşayanların hamısı bunu təsdiqləyirlər. Çünki, bunu təcrübədən keçirmişlər.
«Həqiqətən də sədəqə vermək Rəbbin qəzəbini söndürər və pis ölümdən uzaqlaşdırar»(hədis).
Peyğəmbər (ona salam olsun) demişdir:
“Həqiqətən SƏDƏQƏ qəbrin hərarətini söndürür. Qiyamət günü MÖMİN kəs, öz sədəqəsinin kölgəsi altında kölgələnəcək.” (Beyhəqi “Şuəbul-İman, 3347)
O (sədəqə), necə ki Rəbbin qəzəbini söndürər, eləcə də suyun odu söndürdüyü kimi günahları və xətaları da söndürər.
Bəzi əsərlərdə varid olduğu kimi: Sədəqə verməyə tələsin. Çünki, bəla – sədəqə ilə birgə yürüməz (Yəni, bəla – sədəqə verən kəslərdən uzaq olar).
Ömər b. Xattab (Allah ondan razı olsun) demişdir: «Mənə xatırladıldı ki: əməllər – bir-birinə qarşı öyünərlər. Sədəqəyə gəldikdə o deyər: Mən sizin (yəni, əməllərin içində) ən üstün olanınızam.» (əl-Vabilus-Sayyib, səh, 31)
Ehtiyaclı kəslərə sədəqə vermək və bu yolda daimi olmaq, insanın ən böyük mükafat olan iman nemətinə nail olmasına belə səbəb ola bilər. Həkim b. Hizəm, Peyğəmbərə (ona salam olsun) belə dediyini xəbər verir:
“Ey Allahın Rəsulu, cahillik dövrümdə sədəqə vermək, qul azad etmək, qohumluq əlaqəsi saxlamaq kimi etdiyim yaxşı əməllər haqda nə deyirsən, mənə ona görə savab varmı?” Muhəmməd peyğəmbər ona belə cavab verdi:
“Etdiyin xeyir işlərə görə İslama girdin.” (Muslim 123. İbn Hibban 329)
Bu səbəblə də, bizdən öncə yaşamış xeyirli insanlar Allahdan bağışlanma və mükafat qazanma yolundakı incəlikləri doğru anlamış, bu yolda var gücləri ilə çalışmışlar. Dahi alim Həsən əl-Basri demişdir:
”Bir müsəlmanın ehtiyacını ödəmək, mənim üçün min rükət (nafilə) namaz qılmaqdan daha sevimlidir.” (Qadaul-Həvaic, 48)
Məşhur səhabə Abdullah b. Məsudun aşağıdakı sözləri, çox təsirlidir:
“Sədəqəni əmr edən Quran ayəsi nazil olduğu zaman, (sədəqə verə bilmək üçün) hanballıq edirdik..” (Cəmius-Sahih, 1425)
Təsəvvür edirsinizmi.. Bu gün ehtiyaclı bir şəxsin varlığını eşidərkən, “əşşi, başqaları yardım edərlər də, mənim öz problemlərim var..” deyən şəxslər hara, özləri ehtiyaclı olduqları halda, sədəqə verə bilmək üçün hanballıq etməyə razı olan şəxslər hara.. Ona görə də, səhabələrin fəziləti – başqa heç bir insanların çata bilmədiyi qədər üstündür..
Əbu Həmzə əs-Suməlidən belə rəvayət olunur:
“Hüseynin oğlu Əli (Allah ona rəhmət etsin) gecə vaxtı belində çörək kisəsi daşıyar, çörəkləri sədəqə verər və deyərdi: «Gizli şəkildə verilmiş sədəqə, Uca olan Rəbbin qəzəbini söndürür!»
Amr b. Sabit deyir ki:
«Hüseynin oğlu Əli vəfat etdikdə onu yuyurdular.. Bu zaman oradakılar, təəccüblə onun kürəyindəki qara izlərə baxmağa başladılar. Sonra dedilər: Bu nədir?
Onu tanıyanlardan bəziləri belə dedilər:
“O, gecə olduqda çörək kisələrini kürəyində daşıyaraq Mədinə əhlinin kasıblarına verərdi..” (Sıfətus-Safvə, 2/96)
Bu əzəmətli əməl, hər kəsin sabit ola bilməyəcəyi, zəif kəslərin tez yorulacağı bir işdir. Şeytanın məqsədi də, insanı ən üstün əməllərdən bezdirmək və müxtəlif şübhələrdə bu yoldan yayındırmaqdır. Dahi alim İbn Teymiyyə bu barədə belə demişdir:
“Sədəqə vermək də – döyüş (cihad) kimidir. Bu yolda qorxaq büdrəyir, cəsur isə, sabitqədəm qalır”. (Məcmu Fətava, 14/95)
SÖZÜN ÖZÜ:
‘Uca Allah, əgər şiddətli dərəcədə susamış bir itə su verəni bağışlamışsa, bəs susamış müsləmana su verənin, ac olanı doyuranın və ya ehtiyaclı olanı geyindirənin durumu (mükafatı) necə olar?’ (İbn Qayyim, Uddətus-Sabirin, 1/203)
SON ƏLAVƏLƏR