Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazdan sonra dua etmək
Muazdan (Allah ondan razı olsun) rəvayət olunur ki, bir gün Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) onun əlindən tutub dedi: “Ey Muaz, Allaha and olsun ki, həqiqətən mən səni sevirəm. Ey Muaz, sənə tapşırıram ki, hər namazdan sonra belə deməyi əsla unutmayasan: «Allahım, Səni zikr etməkdə, Sənə şükür etməkdə və Sənə layiqincə ibadət etməkdə mənə yardım et!»” Əhməd (6/244), Əbu Davud (1522), ən-Nəsai (1303). Hafiz ən-Nəvəvi, imam İbn əl-Qayyim, hafiz İbn Kəsir, şeyx əl-Albani bu hədisin səhihliyini təsdiqləmişlər. Bax: “əl-Xülasə” (1/468), “‘Uddətus-sabirin” (1/224), “əl-Bidayə vən-nihayə” (7/108), “Səhih əl-Cami’” (7969).
اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ
/Allahummə, ə’inni ‘alə zikrikə, və şukrikə, və husni ‘ibadətikə/.
Bundan sonra İbn əl-Qayyim bu hədis haqqında belə deyir: “«Dubur əs-salə» sözləri həm salamdan əvvəl deyilənə, həm də salamdan sonra deyilənə aid ola bilər. Lakin bizim şeyximiz (İbn Teymiyyə) daha doğru olanın bunun salamdan əvvəlki dövrə aid olması görüşünü seçdi. Mən bu məsələ ilə bağlı ona yenidən müraciət etdim və o dedi: «Nə vaxt bir şey barəsində “dubur” deyilirsə, bu, həmin şeyin özünə aid olur. Necə ki, “dubur əl-hayəvan” — “heyvanın quyruğu” deməkdir».” Bax: “Zədül-mə’ad” (1/353).
Yeri gəlmişkən, İbn əl-Qayyimin bu məsələni dəqiqləşdirmək üçün bir neçə dəfə İbn Teymiyyəyə müraciət etməsi göstərir ki, onda tərəddüd var idi. Çünki şeyxinin bütün peyğəmbər dualarının məhz salamdan əvvəl oxunması görüşü, Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) müxtəlif duaları salamdan sonra da etdiyini açıq və aydın şəkildə bildirən hədislərlə uyğunlaşmırdı. Buna görə də imam İbn əl-Qayyim başqa əsərlərində bu məsələ barədə daha az qəti danışmışdır. Məsələn, namazın hökümlərinə həsr etdiyi kitabında belə demişdir: “Dubur əs-salə — namazın son hissəsidir, heyvanın arxa hissəsi və ya divarın son tərəfi kimi. Lakin buna dəlalət edən dəlillərə görə bununla namazın tamamlanması da qəsd edilə bilər. Məsələn, hədisdə gəlir: «Namazın sonunda (dubur əs-salə) “Subhanəllah”, “əlhəmdu lilləh”, “Allahu əkbər”i otuz üç dəfə deyin». Bu mətndə «dubur» sözü ilə namazın tam başa çatması nəzərdə tutulur.” Bax: “əs-Salə” (1/378).
İmam İbn əl-Qayyimin sözlərini belə başa düşən bəzi insanlar var ki, guya o, vacib namazlardan sonra dua etməyi qəti şəkildə qadağan edir və məzəmmət edirdi. Hafiz İbn Həcər bu barədə demişdir: “Bizim rast gəldiyimiz bir çox hənbəlilər İbn əl-Qayyimin sözlərinin mənasını elə başa düşmüşlər ki, sanki o, namaz qurtardıqdan sonra duanı tamamilə inkar edirdi. Lakin məsələ belə deyil. Onun sözünün mahiyyəti bundan ibarətdir ki, o, imamın namazdan sonra hələ də Kəbəyə tərəf oturmuş halda dua etməsini inkar edirdi. Amma əgər imam arxasında duran camaata tərəf dönər, şəriətdə gəlmiş zikrləri deyər, sonra dua edərsə, bu halda onun yanında dua məzəmmət olunmur.” Bax: “Fəthul-Bari” (11/134).
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hafiz İbn Həcər bu məsələ ilə bağlı imam İbn əl-Qayyimin bəzi sözlərinin xəta olmasına dair dəlillər də gətirmişdir. Bax: “Fəthul-Bari” (11/134-135).
İbn Həcərin İbn əl-Qayyimin sözləri ilə bağlı bu qeydlərini hafiz əl-Qastalani də çox gözəl hesab etmiş, hər ikisinin sözlərini zikr etdikdən sonra İbn Həcərlə razılaşmışdır. Bax: “əl-Məvahib” (3/264).
Həmçinin şeyx əl-Mubarəkfuri də belə etmiş, İbn əl-Qayyimin sözlərini və İbn Həcərin qeydini zikr etdikdən sonra belə nəticəyə gəlmişdir: “Heç bir şübhə yoxdur ki, vacib namaz qurtardıqdan sonra dua etmək Allahın Elçisindən (Allahın salamı və salavatı onun üzərinə olsun) həm sözlə, həm də əməl ilə sabit olmuşdur!” Bax: “Tuhfətul-Əhvəzi” (2/169).
İbn Teymiyyə və İbn əl-Qayyimin dediyinə bənzər sözləri şeyx İbn ‘Useymin də demişdir. O, Əbu Umamənin hədisini və onun “namaz qurtardıqdan sonra dua” kimi izah edilməsini zikr etdikdən sonra belə dedi: “Bu hədisin bu cür başa düşülməsi doğru deyil. Əksinə, vacib olan odur ki, «dubur əs-salə» sözləri ilə namazın sonu, yəni salamdan əvvəlki hissə qəsd edildiyini qəbul edək.
Buna dəlil İbn Məs’uddan gələn hədisdir. Orada Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) təşəhhüddən sonra Allaha dualarla müraciət etməyi əmr etmişdir. Sünnə özünü təfsir edir. Namazın tamamlanmasına gəldikdə isə, Uca Allah qullarına Onu zikr etmələrini göstərmiş və buyurmuşdur: «Namazı tamamladıqdan sonra Allahı ayaq üstə, oturaraq və böyürləriniz üstə zikr edin!» (4:103). Bu ayədə dua etməyə əmr yoxdur.” Bax: “Şərhul-Mumti’” (3/203).
Beləliklə, qeyd olunan bu görüşün mahiyyəti ondan ibarətdir ki, namazın sonunda “dubur əs-salə” ifadəsi keçən bütün hədislərdə söhbət salamdan əvvəl təşəhhüd əsnasında edilən duadan gedir. Əgər söhbət Allahı zikr etməkdən gedirsə, onda bu zikrin salamdan sonra deyilməsi nəzərdə tutulur.
Bunu dəqiqləşdirən dəlil kimi aşağıdakı dəlillər istifadə edilmişdir:
Uca Allah buyurmuşdur: “Namazı tamamladıqdan sonra Allahı ayaq üstə, oturaraq və böyürləriniz üstə zikr edin!” (4:103).
Bu ayədə məhz zikrlərdən bəhs edilir.
İbn Məs’uddan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) ona “ət-təhiyyat” sözlərini öyrətdikdən sonra dedi: “Bundan sonra o, xoşuna gələn hər hansı duanı seçib Allahdan istəyə bilər.” əl-Buxari (835), Muslim (402).
Onlar bu hədisi Əbu Umamədən gələn müzakirə olunan hədisi və namazlardan sonra Peyğəmbər dualarından bəhs edən ümumi hədisləri təfsir edən, xüsusiləşdirən dəlil hesab etmişlər. Yəni onların fikrincə söhbət məhz salamdan sonrakı duadan yox, namazın sonunda salamdan əvvəl edilən duadan gedir.
Əbu Umamənin hədisində söhbətin salamdan əvvəlki duadan getdiyini deyənlərin dəlillərinə cavab:
Birincisi: dilçilərin və imamların sözlərində “dubur” sözü hər iki mənanı da daşıyır və mətnə görə həm “bir şeyin bir hissəsi olub sonunda yerləşən şeyə”, həm də “bir şeydən dərhal sonra gələn şeyə” aid edilə bilər. Bax: “Mu’cəm əl-Məqayis” (2/324), “Cəmi’ əl-Usul” (4/124), “Təc əl-‘Arus” (11/254).
Uca Allah buyurmuşdur: “Gecənin bəzi saatlarında və səcdələrdən sonra Onu təqdis et!” (50:40).
Bu ayədə “ədbar” sözü işlədilmişdir ki, bu da “dubur” sözünün cəmidir. Bu halda söhbət səcdələrin sonunda deyil, səcdələrdən sonra, yəni namazlar başa çatdıqdan sonra Allahı təsbih etməkdən gedir.
İkincisi: İbn Teymiyyə və İbn əl-Qayyimdən əvvəlki sələflərin və imamların sözlərinə baxsaq, görərik ki, onlar “dubur əs-salə” ifadəsini yalnız “namazdan sonra” mənasında işlətmişlər, “namazın sonunda salamdan əvvəl” mənasında yox.
Məsələn, imam Malik demişdir: “Kim təşriq günlərində namazdan sonra (dubur əs-salə) deyilən təkbirləri unutsa, əgər yaxınlıqdadırsa geri qayıdıb onları desin. Əgər artıq gedibsə və çox vaxt keçibsə, ona bir şey düşmür.” Bax: “əl-Mudəvvənə” (1/248).
Heç kim deməz ki, bayram təkbirləri namazın sonunda salamdan əvvəl deyilir!
İmam ‘Abdur-Razzaq, Allahı zikr etmək və dualar haqqında, hansılarda onların “dubur əs-salə” vaxtında deyildiyi qeyd olunur, hədisləri gətirərək bölməni belə adlandırmışdır: “Namaz bitdikdən sonra Allahı təqdis etmək və deyilən sözlər babı.” Bax: “əl-Musannəf” (2/513).
İmam əl-Buxari öz kitabında bir fəsli belə adlandırmışdır: “Səfərdə vacib namazdan sonra (dubur əs-salə) və ondan əvvəl nafilə qılmayan kəs babı.” Bax: “Səhih əl-Buxari” (1/372).
Heç kim deməz ki, vacib namaz tamamlanmamış ondan əvvəl nafilə qılmaq mümkündür!
İmam əd-Darimi öz kitabında bölməni belə adlandırmışdır: “Namazlardan sonra (dubur əs-salə) təsbih babı.” Bax: “Musnəd əd-Darimi” (2/853).
Heç kim deməz ki, təsbih namazın salamından əvvəl edilir!
İmam ət-Tirmizi demişdir: “Elm əhli insanın ihrama namazdan sonra (dubur əs-salə) girməsini müstəhəb görürdü.” Bax: “Sunən ət-Tirmizi” (2/172).
Həmçinin imam İbn əl-Munzir demişdir: “Mənim üçün daha sevimlisi odur ki, insan namazdan sonra ihrama girsin. Lakin əgər insan ihrama girərsə və bundan əvvəl namaz qılmamış olarsa, bu da kifayət edər.” Bax: “əl-İşraf” (3/186).
Məgər kimsə namazı salamla bitirmədən ihrama girməyin mümkün olduğunu düşünə bilərmi?
İmam İbn Xuzeymə öz kitabında fəsli belə adlandırmışdır: “Namazdan sonra (dubur əs-salə) «əl-Fələq» və «ən-Nas» surələrini oxumaq əmrinin babı.” Bax: “Səhih İbn Xuzeymə” (1/372).
Bütün bu böyük imamlar “dubur əs-salə” ifadəsini işlətmiş və bununla məhz namazın tamamlanmasını, təşəhhüdü salamdan əvvəl yox, qəsd etmişlər!
Buna görə hafiz İbn Həcər demişdir: “Əgər kimsə desə ki, «dubur əs-salə» sözləri ilə namazın sonu, yəni təşəhhüd nəzərdə tutulur, biz deyərik: «Dəfələrlə “dubur əs-salə” vaxtında zikrlər söyləmək əmri nəql olunmuşdur. Halbuki bununla salamdan sonra namazın tamamlanması nəzərdə tutulur və bu barədə ittifaq vardır. Əks dəlil gəlməyənə qədər bu halda da hökm belədir.” Bax: “Fəthul-Bari” (11/134).
Bir sözlə, məsələ bundan ibarətdir ki, hədislərdə “dubur əs-salə” vaxtında bir şeyin deyilməsi zikr olunursa, bununla salamdan sonra namazın tamamlanması nəzərdə tutulur, salamdan əvvəl yox — yalnız həmin şeyin məhz salamdan əvvəl deyilməsinə dəlalət edən xüsusi bir dəlil varsa, başqa. Buna nümunə olaraq dörd şeydən Allaha sığınmaq duasını göstərmək olar.
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurdu: “Sizdən biri təşəhhüddə oturduqda dörd şeydən Allaha sığınsın və belə desin: «Allahım, həqiqətən mən Sənə Cəhənnəm əzabından, qəbir əzabından, həyat və ölüm fitnəsindən və Dəccalın fitnəsindən Sənə sığınıram».” Muslim (588).
Bu hədisdə açıq şəkildə bildirilir ki, bu dua təşəhhüddə, salamdan əvvəl deyilir.
Şeyx Məhəmməd əl-İtyubi demişdir: “Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) «dubur əs-salə» sözlərini salamdan əvvəlki hissə kimi təfsir etməyə gəlincə, guya heyvanın arxası onun bir hissəsi olduğu üçün, bu qənaət qənaətbəxş deyil. Çünki Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) “dubur əs-salə” vaxtında yerinə yetirilməsini əmr etdiyi zikrləri və duaları öyrətmişdir. Bu zikr sözlərinin bir hissəsini təşəhhüdə aid dua kimi salamdan əvvəlki hissəyə, digər hissəsini isə salamdan sonrakı namazın bitməsinə aid təsbih və Ayətül-Kürsi kimi bölmək doğru deyil. Çünki belə bir bölgüyə heç bir dəlil yoxdur. Hələ bəzi belə hədislərdə açıq şəkildə bunun namaz tamamlandıqdan sonra deyilməsi göstərilir.” Bax: “Şərh Sunən ən-Nəsai” (15/385).
Üçüncüsü: Əbu Umamədən gələn müzakirə olunan hədisə gəldikdə isə, İbn Teymiyyə və İbn əl-Qayyimdən əvvəl yaşamış bütün imamlar bu hədisi məhz salamdan sonra namazın tamamlanması mənasında başa düşmüşlər, salamdan əvvəl yox.
Qadi əl-Xəlimi (338–403 h.q.) dua üçün münasib görülən vaxtları sadalayarkən demişdir: “Vacib namazlar qurtardıqdan sonra. Rəvayət olunur ki, Peyğəmbərdən (Allahın salamı və salavatı onun üzərinə olsun): «Hansı dua qəbul olunmağa daha layiqdir?» — deyə soruşulduqda, o buyurdu: «Gecənin son hissəsində və vacib namazlardan sonra edilən dua». Bu həm də Uca Allahın: «Boşaldıqda isə çalış!» (94:7) kəlamına daxildir. Vacib namazların tamamlanmasından sonrakı vaxtın dua üçün seçilməsinin mənası bundan ibarət ola bilər ki, insanlar Allahın razılığını qazanmaq üçün üzərlərinə vacib ediləni yerinə yetirdikdən sonra, bu halda onların duasına cavab veriləcəyinə ümid daha çox olur. Çünki Allahın quldan razı olduğu halda edilən duanın qəbul olunma ehtimalı başqa hallara nisbətən daha çoxdur.” Bax: “əl-Minhac” (1/539).
Həmçinin əl-Bağavi, əd-Diya əl-Maqdisi, Məcduddin İbn Teymiyyə, ən-Nəvəvi kimi imamlar bu hədisi zikr etdikləri bölmələri belə adlandırmışlar: “Namazdan sonra dua və Allahı zikr etmək babı.” Bax: “Məsabih əs-Sünnə” (1/359), “əs-Sünən vəl-Əhkam” (2/133), “əl-Muntəqa” (səh. 212), “əl-Əzkar” (səh. 70).
Hafiz İbn əl-Əsir bu hədisi şərh edərkən “dubur əs-saləvat” sözləri barədə demişdir: “Hər bir şeyin duburu onun arxası və ya sonrasıdır. Burada isə namazın tamamlanması nəzərdə tutulur.” Bax: “Cəmi’ əl-Usul” (4/124).
Eyni sözü İbn əd-Daybə’ əş-Şeybani və İbn əl-Məlik də bu hədisin şərhində demişlər: “Burada söhbət namazlar tamamlandıqdan sonrakı dövrdən gedir.” Bax: “Təysir əl-Usul” (2/57), “Şərh əl-Məsabih” (2/169).
Hafiz İbn Rəcəb demişdir: “Əbu Umamədən gələn hədisə əsaslanaraq bizim tərəfdarlar (hənbəlilər) və əş-Şafii tərəfdarları namazlardan sonra Allaha dua etməyi müstəhəb görürdülər. Hətta bəzi şafii alimləri bu barədə icma nəql etmişlər.” Bax: “Fəthul-Bari” (7/417).
Kamaluddin əd-Dəmiri və əs-San‘ani demişlər: “Bu hədis vacib namazlardan sonra Allaha dua etməyin müstəhəb olmasına dəlildir.” Bax: “ən-Nəcm əl-Vəhhac” (2/187), “Subulus-Səlam” (2/708).
Əş-Şəvkani demişdir: “Bu hədisdə açıq dəlil vardır ki, gecənin dərin vaxtı və vacib namazların tamamlanması duanın cavab verildiyi vaxtlar sırasındadır.” Bax: “Neyl əl-Əvtar” (2/358).
Səubandan (Allah ondan razı olsun) rəvayət olunur ki, o demişdir: “Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) namazı bitirdikdən sonra həmişə üç dəfə Allahdan bağışlanma diləyər, sonra isə belə deyərdi: «Allahım, Sən Salamımsan və salam Səndəndir. Sən nə qədər bərəkətlisən, ey cəlal və kərəm sahibi!»”
Bu hədisin ravisi əl-Valid əl-Əvzaiyə soruşdu: “Bəs bağışlanma necə dilənməlidir?”
Əl-Əvzai dedi: “Belə deməlidir: «Əstəğfirullah, Əstəğfirullah».” Muslim (591).
استَغفرَ الله، استَغفرَ الله، استَغفرَ الله، اللَّهُمَّ أنتَ السَّلامُ ومنكَ السَّلامُ، تَباركتَ يَا ذَا الْجَلَالِ وَالْإكرَامِ
/Əstəğfirullah, Əstəğfirullah, Əstəğfirullah. Allahummə Əntə-s-Səlamu, və Minkə-s-Səlamu, təbarəktə ya Zəl-Cələli vəl-İkram/.
Bu hədisdə qeyd olunur ki, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) namaz bitdikdən sonra üç dəfə Allahdan bağışlanma diləyərdi. Bu isə heç bir şübhə olmadan duadır.
Hafiz İbn Seyyid ən-Nəs demişdir: “Bu hədisdə namazlardan sonra Allahı zikr etməyin müstəhəb olduğuna dəlalət vardır. Bizim tərəfdarlar, əş-Şafii və başqaları bu barədə ittifaq etmişlər ki, salamdan sonra Uca Allahı zikr etmək istər imam üçün, istər onun arxasında namaz qılanlar üçün, istər tək namaz qılan üçün, istər kişi, istər qadın, istər səfərdə olan və başqaları üçün müstəhəbdir. Həmçinin salamdan sonra dua etmək də müstəhəbdir.” Bax: “ən-Nəfhuş-şəzi” (4/559).
Yeri gəlmişkən, ədalət naminə qeyd etmək lazımdır ki, şeyx İbn ‘Useymin vacib namazlardan sonra gəlmiş dualardan birinin məhz Allahdan bağışlanma diləmək olduğunu hesab edirdi və bu məsələdə bu hədisə söykənirdi. Bax: “Fətəva İbn ‘Useymin” (13/226).
Lakin əlbəttə ki, vacib namazlardan sonra gəlmiş peyğəmbər duaları yalnız bağışlanma diləməklə məhdudlaşmır.
⸻
• Əl-Bəra ibn ‘Azib (Allah ondan razı olsun) demişdir: “Biz Allahın Elçisinin (Allahın salamı və salavatı onun üzərinə olsun) arxasında namaz qıldığımız zaman onun sağ tərəfində olmağı üstün tutardıq ki, namazdan sonra üzünü əvvəlcə bizə tərəf çevirsin. Mən onun belə dediyini eşidirdim: «Ey Rəbbim! Qullarını dirildəcəyin gündə məni Öz əzabından qoru!»” Muslim (709).
رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ
/Rabbi, qini ‘azabəkə yəvmə təb‘asu ‘ibadək/.
Hafiz İbn Rəcəb demişdir: “Bu hədisdə namaz bitdikdən sonra edilən dua qeyd olunur.” Bax: “Fəthul-Bari” (7/417).
Qeyd etmək lazımdır ki, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) namazdan sonra arxasında duranlara təkcə sağ tərəfdən deyil, sol tərəfdən də dönərdi. Bu barədə səhih hədislər vardır. Lakin o, daha çox məhz sağ tərəfdən dönərdi. Bu barədə İbn Məs‘ud və Ənəs (Allah onlardan razı olsun) rəvayət etmişlər. Bax: “Zədul-mə‘ad” (1/295), “Fəthul-Bari” (2/334), “Mir’atul-məfatih” (3/303).
⸻
• ‘Əli ibn Əbu Talib (Allah ondan razı olsun) deyirdi: “Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) namazdan sonra salam verəndə belə deyərdi: «Allahım, mənə əvvəl etdiklərimi də, sonraya saxladıqlarımı da, gizli etdiklərimi də, aşkar etdiklərimi də, həddi aşdığım şeyləri də, Sənin məndən daha yaxşı bildiyin şeyləri də bağışla! Sən irəli çəkənsən və Sən geri qoyansan! Səndən başqa ibadətə layiq haqq məbud yoxdur!»” Muslim (771 /1-2/).
اللهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، وَمَا أَسْرَفْتُ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ، لَا إِلَهَ إِلا أَنْتَ
/Allahummə-ğfir li mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə‘ləntu, və mə əsrəftu, və mə Əntə ə‘ləmu bihi minni. Əntəl-Muqəddimu və Əntəl-Muəxxiru, lə iləhə illə Ənt/.
Muslimin bu hədisin iki rəvayətini gətirməsi — onlardan birində bu sözlərin salamdan əvvəl, digərində isə salamdan sonra deyildiyinin qeyd olunması — bu sözlərin hər iki halda deyilə biləcəyini inkar etmir. Çünki hədisin hər iki rəvayəti də səhihdir. Hafiz ən-Nəvəvi də belə demişdir. Bax: “əl-Məcmu‘” (3/465).
Lakin şeyx əl-Albani iki rəvayətdən birində ravinin mənaya görə nəql edərək xəta etdiyini hesab etmiş və bu duanın məhz namaz qurtardıqdan sonra deyilməsini üstün tutmuşdur. O, bu barədə Muslimin rəvayətini Əhməd və İbn Hibbandan gələn rəvayətlərlə də qüvvətləndirmişdir. Bax: “Əslu sifəti-s-salə” (3/1021-1022).
Bu görüşü həmçinin imam İbn Xuzeymənin öz kitabında məhz bu duanın salamdan sonra deyildiyi rəvayəti gətirməsi və fəsli belə adlandırması da gücləndirir: “Namazdan və salamdan sonra deyilən duaların toplusu.” Bax: “Səhih İbn Xuzeymə” (1/366).
⸻
• Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət etmişdir: “Sizin Peyğəmbərinizin (Allahın salamı və salavatı onun üzərinə olsun) arxasında nə vaxt namaz qılsaydım, onun namaz qurtardıqdan sonra belə dediyini eşidərdim: «Allahım! Mənim bütün xətalarımı və günahlarımı bağışla! Allahım, məni dirçəlt, mənim halımı düzəlt, məni saleh əməllərə və gözəl əxlaqa yönəlt. Həqiqətən də onların salehinə məni yalnız Sən yönəldərsən və onların pisini məndən yalnız Sən uzaqlaşdırarsan!»”
ət-Tabarani “əl-Əvsat”da (4442) və “əs-Sağir”də (610). Hafiz əl-Heysəmi və əs-Salihi bu hədisin isnadını əla adlandırmış, şeyx əl-Albani isə onu həsən saymışdır. Bax: “Məcmə‘u-z-zəvaid” (10/111), “Subul əl-huda” (8/170), “Səhih əl-Cami‘” (1266).
اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ وَذُنُوبِي كُلَّهَا، اللَّهُمَّ وَانْعَشْنِي وَاجْبُرْنِي وَاهْدِنِي لِصَالِحِ الْأَعْمَالِ وَالْأَخْلَاقِ، إِنَّهُ لَا يَهْدِي لِصَالِحِهَا وَلَا يَصْرِفُ عَنِّي سَيِّئَهَا إِلَّا أَنْتَ
/Allahummə-ğfir li xatayəya və zunubi kulləhə! Allahummə, vən‘aşni, vəcburni, vəhdini li-salihi-l-a‘mali vəl-əxlaq, innəhu lə yəhdi li-salihiha və lə yasrifu ‘anni səyyi-əhə illə Ənt/.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, eyni məzmunlu hədis Əbu Umamədən də (Allah ondan razı olsun) rəvayət olunur və orada deyilir ki, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bu duanı vacib namazın da, nafilə namazın da sonunda, yəni “dubur əs-salə” vaxtında edərdi. ət-Tabarani “əl-Kəbir”də (7982), İbn əs-Sunni “Əməlul-yəumi vəl-leylə”də (117).
Birincisi, Əbu Umamənin bu rəvayəti Əbu Əyyubun hədisindən zəifdir. Çünki onun isnadında ‘Əli ibn Yəzid əl-Əlhani adlı münkərul-hədis ravi vardır. Bax: “Təxric Kitab İbn əs-Sunni” (1/168).
İkincisi, bu hədis səhih olsaydı belə, bu, Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) bu duanı həm salamdan əvvəl, həm də sonra deyə biləcəyinə dəlalət edərdi. Bu da o halda ki, “dubur əs-salə” sözlərini salamdan əvvəl namazın sonu kimi qəbul edək.
Üçüncüsü, Əbu Umamənin rəvayətində ümumi şəkildə gəlmiş “dubur əs-salə” ifadəsi, Əbu Əyyubun hədisi ilə təfsir olunur. Orada açıq şəkildə bildirilir ki, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bu duanı həmişə namaz qurtardıqdan sonra deyərdi. Bu da daha əvvəl deyilənləri təsdiqləyir ki, əsasən “dubur əs-salə” ifadəsi namazdan sonrakı dövrə aiddir. Hafiz İbn Həcər də bunu demiş, əvvəldə zikr olunan sələfin sözləri də buna dəlalət etmişdir.
⸻
• ‘Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir: “Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) heç bir məclisdə oturmaz, Quran oxumaz və namaz qılmazdı ki, bundan sonra bu sözləri deməsin: «Sən pak və müqəddəssənsən, ey Allahım, və həmd Sənədir. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm».”
Əhməd (6/77), ən-Nəsai “əs-Sunən əl-Kubra”da (9/123). Hafiz İbn Həcər, şeyx əl-Albani və şeyx Muqbil ibn Hadi hədisin səhihliyini təsdiqləmişlər. Bax: “ən-Nukət ‘ələ İbn əs-Salah” (2/733), “əs-Silsilə əs-Səhihə” (3164), “əl-Cəmi‘ əs-Səhih” (995).
سُبْحَانَكَ اللهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ
/Subhanəkə-Allahummə və bihəmdikə. Əşhədu ən lə iləhə illə Ənt. Əstəğfirukə və ətubu ileyk/.
Bu Allahı zikr etmə sözləri namazdan sonra deyilmək üçün qanuniləşdirilmişdir və bunların içində bağışlanma diləyi də vardır.
Şeyx Muqbil ibn Hadi bu hədisi namazdan sonra deyilən zikrlər fəslində gətirmişdir. Bax: “əl-Cəmi‘ əs-Səhih” (2/141).
Yeri gəlmişkən, bu hədisdə Quran oxuduqdan sonra bu sözləri deməyin də qanuniləşdirilmiş Sünnə olduğuna dəlil vardır. İmam ən-Nəsai bu hədisi gətirdiyi fəsli belə adlandırmışdır: “Quran oxumağı necə başa çatdırmaq lazımdır?”
Lakin bizim dövrümüzdə bu Sünnə bidətlə əvəz olunmuş və Quran oxuduqdan sonra belə deməyə başlanmışdır: “Sadaqa-Llahul-‘Azim” (Böyük Allah düz buyurdu).
Bəli, Allah yalnız həqiqəti buyurur. Lakin Quran oxuyub qurtardıqdan sonra hər dəfə bu ifadəni demək qanuniləşdirilməmişdir və İslamda bunun heç bir əsası yoxdur. Buna görə də bir çox alimlər bunu XX əsrin bidəti adlandırmışlar.
Sələflər düz deyiblər: “İnsanlar dinlərinə bidət daxil etdikdə, o bidətə uyğun olaraq Sünnədən məhrum edilərlər!” Bax: “əl-Bida‘” (90), “Şərh Usul əl-İ‘tiqad” (1/104).
⸻
• Əbu Mərvan əl-Əsləmi rəvayət etmişdir ki, Ka‘b əl-Əhbar Allahın, Musa üçün dənizi yarıb açan Allahın adına and içərək ona belə demişdi: “Biz Tövratda oxuyurduq ki, Davud peyğəmbər (əleyhissəlam) namazını bitirdikdə Allahdan bu dua ilə istəyərdi: «Allahım, mənim üçün mənim dinimi islah et; Sən onu mənim üçün qoruyucu etmisən. Mənim üçün dünyamı da islah et; orada mənim yaşayışım var. Allahım, mən Sənin qəzəbindən Sənin razılığına sığınıram, cəzandan Sənin əfvinə sığınıram və Səndən yenə Sənə sığınıram! Sənin verdiyinə mane olacaq kimsə yoxdur, Sənin vermədiyini verəcək də yoxdur, var-dövlət sahibinin var-dövləti Sənin yanında ona fayda verməz!»”
Sonra Ka‘b mənə xəbər verdi ki, səhabə Suheyb ər-Rumi (Allah ondan razı olsun) ona demişdir ki, Muhəmməd (Allahın salamı və salavatı onun üzərinə olsun) namazını bitirdiyi zaman bu sözləri deyərdi.
ən-Nəsai (1346), əl-Bəzzar (2092), İbn Xuzeymə (745). Bu hədisin səhihliyini İbn Xuzeymə, əd-Diya əl-Maqdisi, İbn Həcər, ‘Əbdul-Qadir əl-Arnaut təsdiqləmişlər. Bax: “Səhih İbn Xuzeymə” (1/366), “əl-Muxtara” (8/66), “Nətic əl-Əfkar” (2/318), “Təxric Cəmi‘ əl-Usul” (4/229).
اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي جَعَلْتَهُ لِي عِصْمَةً، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي جَعَلْتَ فِيهَا مَعَاشِي، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَأَعُوذُ بِعَفْوِكَ مِنْ نِقْمَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ
/Allahummə, aslih li dini-l-ləzi cə‘əltəhu li ‘ismətən, və aslih li dunyaya-l-ləti cə‘əltə fiha mə‘aşi. Allahummə, inni ə‘uzu bi-ridakə min səxatik, və ə‘uzu bi-‘afvikə min niqmətik, və ə‘uzu bikə Mink. Lə mani‘ə limə ə‘təyt, və lə mu‘tiyə limə mənə‘t, və lə yənfə‘u zül-cəddi minkəl-cədd/.
Şeyx Məhəmməd əl-İtyubi demişdir: “Suheybdən gələn hədis həsəndir. Əgər desən ki, ‘Bu hədisi şeyx əl-Albani Əbu Mərvan əl-Əsləmi səbəbindən zəif saymışdır, çünki ən-Nəsai onun haqqında: «O, tanınmış deyil» demişdir. Bəs belə olan halda bu hədis necə həsən ola bilər?’ – cavab verirəm: Əbu Mərvanı əl-‘İcli və İbn Hibban siqa saymışlar, hafiz əz-Zəhəbi də “əl-Kəşif”də (3/376) onun haqqında belə demişdir: «Mədinəli, etibarlı». Bu səviyyədə olan bir ravinin hədisi həsəndən aşağı düşmür. Üstəlik, bu hədisi İbn Xuzeymə və İbn Hibban səhih saymış, hafiz İbn Həcər də “Nətic əl-Əfkar”da: «Bu hədis həsəndir» demişdir.” Bax: “Şərh Sunən ən-Nəsai” (15/377).
İmam ən-Nəsai bu hədisi gətirdiyi fəsli belə adlandırmışdır: “Namaz qurtardıqdan sonra deyiləcək duanın başqa bir növü.” Bax: “Sunən ən-Nəsai” (3/73).
Həmçinin imam İbn Hibban bu hədisi gətirdiyi fəsli belə adlandırmışdır: “Namaz qurtardıqdan sonra insanın dini və dünyası üçün Uca Allahdan xeyir istəməsinin müstəhəb olmasının zikri.” Bax: “Sunən İbn Məcə” (5/373).
Şeyx Məhəmməd əl-İtyubi bu hədisdən çıxarılan faydaları sadalayarkən demişdir: “Qeyd olunan dua vasitəsilə namaz qurtardıqdan sonra Allaha dua etməyin caizliyi.” Bax: “Şərh Sunən ən-Nəsai” (15/379).
Bundan əlavə, bu hədis namazdan sonra Allaha dua etməyin peyğəmbərlərin yolu olduğuna və Davud peyğəmbərlə Muhəmməd peyğəmbərin (Allahın salamı hər ikisinə olsun) belə etdiyinə dəlalət edir! Bax: “əd-Du‘a ba‘da əl-məktubə” (səh. 65).
⸻
• İbn ‘Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) Allahdan belə dua ilə istəyərdi: «Ey Rəbbim! Mənə kömək et, mənə qarşı kömək etmə. Məni qalib et, məni məğlub etmə. Mənim üçün tədbir gör, mənə qarşı tədbir görmə. Məni doğru yola yönəlt və o hidayəti mənə asan et. Mənə qarşı azğınlıq edənlərə qarşı mənə yardım et. Ey Rəbbim! Məni Sənə çox şükür edən, Səni çox zikr edən, Səndən qorxan, Sənə itaət edən, Sən qarşısında boyun əyən, ah çəkən və tövbə edən et. Ey Rəbbim! Tövbəmi qəbul et, günahımı yuyub təmizlə, duama cavab ver, dəlilimi sabit et, qəlbimi hidayət et, dilimi doğru et və qəlbimdəki kini çıxar!»”
əl-Buxari “əl-Ədəb əl-Mufrad”da (665), Əbu Davud (1510), ət-Tirmizi (3551), İbn Məcə (3830). Hədisin səhihliyini ət-Tirmizi, əl-Bəğavi, ‘Əbdul-Haqq əl-İşbili, İbn Həcər, əl-Albani təsdiqləmişlər. Bax: “Şərh əs-Sünnə” (5/176), “əl-Əhkəm əl-vusta” (4/328), “əl-Əməli əl-mutləqə” (səh. 206), “Səhih Sunən Əbi Davud” (1353).
Əbu-l-Həsən ət-Tənəfisi bu hədisin ravisi olan Vəki‘dən soruşmuşdur: “Bu duanı Qunutda demək olarmı?” Vəki‘ belə cavab vermişdir: “Bəli.” Bax: “Sunən İbn Məcə” (3030).
رَبِّ أَعِنِّي وَلا تُعِنْ عَلَيَّ، وَانْصُرْنِي وَلا تَنْصُرْ عَلَيَّ، وَامْكُرْ لِي وَلا تَمْكُرْ عَلَيَّ، وَاهْدِنِي وَيَسِّرِ الْهُدَى إِلَيَّ، وَانْصُرْنِي عَلَى مَنْ بَغَى عَلَيَّ، رَبِّ اجْعَلْنِي لَكَ شَكَّارًا، لَكَ ذَكَّارًا، لَكَ رَهَّابًا، لَكَ مِطْوَاعًا، إِلَيْكَ مُخْبِتًا، لَكَ أَوَّاهًا مُنِيبًا، رَبِّ تَقَبَّلْ تَوْبَتِي، وَاغْسِلْ حَوْبَتِي، وَأَجِبْ دَعْوَتِي، وَثَبِّتْ حُجَّتِي، وَاهْدِ قَلْبِي وَسَدِّدْ لِسَانِي، وَاسْلُلْ سَخِيمَةَ قَلْبِي
/Rabbi ə‘inni və lə tu‘in ‘aləyyə, vənsurni və lə tənsur ‘aləyyə, vəmkur li və lə təmkur ‘aləyyə, vəhdini və yəssiril-huda iləyyə, vənsurni ‘alə mən bəğa ‘aləyyə. Rabbi-c‘əlni ləkə şəkkaran, ləkə zəkkaran, ləkə rəhhəban, ləkə mitva‘an, ileykə muxbitan, ləkə əvvahan muniban. Rabbi təqəbbəl təvbəti, vağsil haubəti, və əcib da‘vəti, və səbbit huccəti, və səddid lisani, vəhdi qəlbi, vəslul səximətə qəlbi/.
İmam Əbu Davud bu hədisi belə adlandırdığı fəsildə gətirmişdir: “İnsanın salamdan sonra deməli olduğu sözlər babı.” Bax: “Sunən Əbi Davud” (1/558).
Əbu Davudun bu fəslini şərh edən Bədruddin əl-‘Ayni demişdir: “Bu fəsil namaz qılanın namazı bitirdikdən sonra deməli olduğu sözləri açıqlayır.” Bax: “Şərh Sunən Əbi Davud” (5/416).
Kimsə etiraz edib deyə bilər ki, bu hədisin özündə bu duanın məhz namazdan sonra deyildiyi qeyd olunmur. Bəli, elədir. Bu dua ümumi duadır; nə məkan, nə də zamanla məhdudlaşdırılmamışdır və hər bir müsəlman onu istədiyi vaxt və istədiyi yerdə deyə bilər. Lakin imam Əbu Davudun bu hədisi bu fəsildə gətirməsi göstərir ki, namazların tamamlanması dua üçün uyğun və müstəhəb vaxtdır. Buna görə də o, bu fəsildə o cümlədən bu duanı da zikr etmişdir. Çünki peyğəmbər duasından daha yaxşı dua yoxdur!
⸻
• Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət etmişdir: “Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) sübh namazını bitirdikdə salamdan sonra belə deyərdi: «Allahım, Səndən faydalı elm, halal və bərəkətli ruzi və qəbul olunacaq əməl istəyirəm!»”
Əhməd (6/305), İbn Məcə (925). Hafiz İbn Həcər bu hədisi həsən, şeyx əl-Albani isə səhih saymışdır. Bax: “Nətic əl-Əfkar” (2/316), “Səhih Sunən İbn Məcə” (762).
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا طَيِّبًا، وَعَمَلًا مُتَقَبَّلًا
İmam İbn Məcə bu hədisi gətirdiyi fəsli belə adlandırmışdır: “Salamdan sonra deyiləcək şeylər.” Bax: “Sunən İbn Məcə” (1/289).
Həmçinin hafiz əd-Diya əl-Maqdisi bu hədisi belə adlandırdığı fəsildə gətirmişdir: “Salamdan sonra Allahı zikr etmək haqqında.” Bax: “əs-Sünən vəl-Əhkam” (2/139).
⸻
• ‘Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir: “Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) Duha namazını qıldıqdan sonra belə dedi: «Allahım, məni bağışla və tövbəmi qəbul et. Həqiqətən, Sən Tövbələri çox qəbul edən, Rəhmli olansan!» Və o, bu sözləri yüz dəfə dedi.”
əl-Buxari “əl-Ədəb əl-Mufrad”da (619), ən-Nəsai “əs-Sunən əl-Kubra”da (6/39). Şeyx əl-Albani isnadını səhih saymışdır. Bax: “Səhih əl-Ədəb əl-Mufrad” (482).
اللَّهُمَّ اغفِرْ لي وتُبْ عليَّ إنَّكَ أنتَ التوَّابُ الرحيمُ
/Allahummə-ğfir li və tub ‘aləyyə, innəkə Əntə-t-Təvvəbur-Rahim/.
⸻
• Muaz ibn Cəbəl və İbn ‘Abbasdan (Allah onlardan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın salamı və salavatı onun üzərinə olsun) belə demişdir: “Bu gecə Rəbbim — Mübarək və Uca olan — mənə ən gözəl surətdə gəldi və dedi: «Ey Muhəmməd! Yuxarı aləmdə (mələklər arasında) nəyin müzakirə olunduğunu bilirsənmi?» Mən dedim: «Xeyr». Sonra O, əlini iki kürəyimin arasına qoydu və mən sinəmdə onun sərinliyini hiss etdim. Bundan sonra mən göylərdə və yerdə olan hər şeyi bildim. Sonra yenidən soruşdu: «Ey Muhəmməd! Yuxarı aləmdə nəyin müzakirə olunduğunu bilirsənmi?» Mən dedim: «Bəli, kəffarətlər və dərəcələr barədə! Kəffarətlər — namazlardan sonra məsciddə qalmaq, camaat namazına piyada getmək və xoş gəlməsə də (soyuq səbəbilə) dəstəmazı gözəl şəkildə almaqdır». Rəbb buyurdu: «Doğru dedin, ey Muhəmməd! Kim bunu edərsə, xoşbəxt yaşayacaq, xoşbəxt öləcək və günahları onu anasının doğduğu günkü kimi olacaq!» Mən dedim: «Dərəcələrə gəlincə isə, bu, gözəl söz danışmaq, salamı yaymaq, yemək yedirtmək və insanlar yatarkən gecə namazı qılmaqdır». Bundan sonra O buyurdu: «Ey Muhəmməd! Namaz qıldıqda belə de: “Allahım, həqiqətən mən Səndən xeyirli işlər görməyi, günahlı işləri tərk etməyi, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və tövbəmi qəbul etməyini istəyirəm. Əgər qullarını fitnəyə salmaq istəsən, mənim canımı fitnəyə düşmədən Özünə götür!”»”
Əhməd (1/368), ət-Tirmizi (3233). Bu hədisin səhihliyini imam Əhməd, ət-Tirmizi, Əbu-l-Fərəc əs-Səqafi, həmçinin şeyx Əhməd Şakir və əl-Albani təsdiq etmişlər. Bax: “əl-Kamil” (8/61), “əl-Fəvaid” (146), “Təxric əl-Musnəd” (3484), “Səhih ət-Tərğib” (408).
اللَّهمَّ إنِّي أسألُكَ الطَّيِّباتِ، وتَركَ المُنكَراتِ، وحُبَّ المَساكينِ، وأنْ تَتُوبَ علَيَّ، وإذا أرَدْتَ فِتْنَةً في النَّاسِ فَتَوَفَّني غَيرَ مَفْتُونٍ
/Allahummə inni əs’əlukə-t-tayyibat, və tərkəl-munkərat, və hubbəl-məsəkin, və ən tətubə ‘aləyyə, və izə ərədtə fitnətən fi-n-nas, fətəvəffəni ğayra məftun/.
Hafiz ‘Əbdul-Ğani əl-Maqdisi bu hədisi belə adlandırdığı fəsildə gətirmişdir: “Namazlardan sonra deyilən dua babı.” Bax: “Tərğib əd-du‘a” (səh. 145).
Şeyx ‘Ubeydullah əl-Mubarəkfuri demişdir: “«Namaz qıldıqda» sözləri, yəni namazı tam bitirdikdə deməkdir.” Bax: “Mir’atul-məfatih” (2/439).
⸻
• Əbu Musa əl-Əş‘ari (Allah ondan razı olsun) rəvayət etmişdir: “Bir dəfə mən Peyğəmbərə (Allahın salamı və salavatı onun üzərinə olsun) dəstəmaz üçün su gətirdim. O, dəstəmaz aldı və namaz qıldıqdan sonra belə dedi: «Allahım! Mənim günahımı bağışla, mənim yurdumu mənim üçün geniş et və ruzimdə mənə bərəkət ver!»”
İbn Əbi Şeybə (31363), Əhməd (4/399).
Bu hədisin başqa bir rəvayətində əlavə olaraq qeyd olunur ki, Əbu Musa soruşdu: “Ey Allahın Elçisi, bu necə duadır ki, onunla dua etdin?”
Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) dedi: “Məgər bu dua hər hansı xeyri buraxdımı?”
ət-Tabarani “əd-Du‘a”da (656), ‘Əbdul-Ğani əl-Maqdisi “Tərğib əd-du‘a”da (79).
اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي، وَوَسِّعْ لِي فِي دَارِي، وَبَارِكْ لِي فِي رِزْقِي
/Allahummə-ğfir li zənbi, və vəssi‘ li fi dari, və barik li fi rizqi/.
Bu hədisin isnadını ən-Nəvəvi, İbn əl-Qayyim və İbn əl-Mulaqqin kimi hafizlər və imamlar səhih saymış, şeyx ‘Əbdul-Qadir əl-Arnaut isə bu hədisi həsən adlandırmışdır. Bax: “əl-Əzkar” (səh. 29), “Zədul-mə‘ad” (2/354), “əl-Bədr əl-Munir” (2/279), “Təxric Cəmi‘ əl-Usul” (5213).
Lakin hafiz İbn Həcər demişdir: “Şeyxin (ən-Nəvəvinin) isnadın səhihliyi barədə qiymətləndirməsinə gəlincə, bunda tərəddüd vardır. Çünki Əbu Micləz Səmurə ibn Cündubu və ‘İmran ibn Husaynı görməmişdir, bunu ‘Əli ibn əl-Mədini demişdir. Halbuki onlar Əbu Musadan sonra vəfat etmişlər. Buna görə də Əbu Micləzin bu hədisi Əbu Musadan eşitməsində şübhə vardır.” Bax: “Nətic əl-Əfkar” (1/263).
Buna görə də şeyx əl-Albani bu hədisi zəif saymışdır. Bax: “Ğayətul-Məram” (səh. 94).
Şeyx əl-Albani bu duanı bütün rəvayətləri birlikdə nəzərə alaraq əsli etibarilə səhih hesab etmişdir, lakin bunu nə dəstəmazla, nə də namazla bağlamamışdır. Bax: “Səhih əl-Cami‘” (1265), “Da‘if Sunən ət-Tirmizi” (82).
Lakin bəzi imamlar Əbu Micləzin Səmurəni sadəcə görmədiyini yox, ondan eşitdiyini də demişlər. Belə ki, hafiz əz-Zəhəbi onun bioqrafiyasında demişdir: “O, Cündub ibn ‘Abdullah, Mu‘aviyə, İbn ‘Abbas, Səmurə ibn Cündub və Ənəs ibn Malikdən eşitmişdir. ‘Umar, Huzeyfə və yaşlı səhabələrdən isə mürsəl şəkildə rəvayət etmişdir.” Bax: “Tarix əl-İslam” (3/196).
Yeri gəlmişkən, şeyx əl-Albani eyni Əbu Micləzin Əbu Musadan rəvayət etdiyi başqa bir hədisi — səfərdə vitr namazı ilə bağlı ən-Nəsainin gətirdiyi (1728) hədisi — səhih saymışdır. Bax: “Səhih Sunən ən-Nəsai” (1631), “Əslu Sifəti-s-Salə” (2/544).
Qeyd etmək lazımdır ki, bəzi imamların yanında bu hədisdə bu duanın namazdan sonra deyil, dəstəmazdan sonra deyildiyi qeyd olunur. ən-Nəsai “əs-Sunən əl-Kubra”da (9828), Əbu Yə‘la (7273), İbn əs-Sunni “Əməlul-yəumi vəl-leylə”də (28).
Buna görə imam ən-Nəsai və İbn əs-Sunni bu hədisi gətirdikləri fəsli belə adlandırmışlar: “Dəstəmazdan sonra deyiləcək sözlər.”
Həmçinin bəzi alimlər bu duanın həm dəstəmazdan sonra, həm də namazdan sonra deyildiyini hesab etmişlər. İmam əş-Şəvkani bu dua haqqında demişdir: “Bütün rəvayətləri nəzərə aldıqda, bu, namaz və dəstəmazla bağlı zikrlərdəndir.” Bax: “Tuhfətuz-zəkirin” (səh. 186).
Lakin hafiz İbn Həcər demişdir: “Biz ‘əl-Kəbir’ əsərində ət-Tabaranidən bu əlavəni nəql etdik: ‘dəstəmazdan və namazdan sonra’. O, bunu Musəddəd, ‘Arim və Muqəddəm vasitəsilə, hamısı da Mu‘təmirdən rəvayət etmişlər və orada belə gəlir: ‘dəstəmaz aldı, sonra namaz qıldı, sonra dedi…’. Bu, İbn əs-Sunninin qoyduğu ‘Dəstəmazdan sonra deyiləcək şeylər’ adlı başlığı rədd edir. Çünki bu rəvayətlərdə açıq şəkildə bu sözlərin namazdan sonra deyildiyi bildirilir.” Bax: “Nətic əl-Əfkar” (1/263).
İmam ət-Tabarani də bu hədisi belə adlandırdığı bölmədə gətirmişdir: “Namazlardan sonra deyilən sözlərin toplusu.” Bax: “əd-Du‘a” (2/1094).
Müzakirə olunan hədisin səhihliyini gücləndirən və bu duanın məhz namazlardan sonra deyildiyini konkretləşdirən başqa bir dəlil də Əbu Musanın özündən gələn səhih əsərdir. O, sonralar namazı bitirdikdə buna bənzər dua edərdi:
• Əbu Musa əl-Əş‘arinin oğulları — Əbu Burda və Əbu Bəkr — belə rəvayət etmişlər: “Əbu Musa (Allah ondan razı olsun) namazı bitirdikdə belə deyərdi: «Allahım! Günahımı bağışla, işimi mənim üçün asan et və ruzimə bərəkət ver!»”
İbn Əbi Şeybə (3050, 31218). Şeyx əl-Albani bu əsərin isnadını səhih, şeyx Sə‘d əş-Şəsri isə əsərin özünü həsən saymışdır. Bax: “Təmamul-minnə” (səh. 96), “Təxric əl-Musannəf” (3/151, 16/141).
اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي، وَيَسِّرْ لِي أَمْرِي، وَبَارِكْ لِي فِي رِزْقِي
/Allahummə-ğfir li zənbi, və yəssir li əmri, və barik li fi rizqi/.
SON ƏLAVƏLƏR