Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə məzhəbinə aid "hədis elmi"nin təhlili və tənqidi (1ci hissə)

Məlumdur ki, şiə hədis kitabları üçün dörd əsas məcmuə vardır və bunlar hicrətin dördüncü və beşinci əsrlərində yaşamış, “ilk üç Məhəmməd” kimi tanınan alimlərə aiddir. Bunlar aşağıdakılardır:
• Əbu Cəfər Məhəmməd ibn Yaqub əl-Kuleyninin (329 cu hicri ildə vəfat edib) “əl-Kafi fi-l-usul vəl-furu” kitabı,
• Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh əl-Qumminin, “Şeyx Səduq” ləqəbli (381 ci hicri ildə vəfat edib) “Men lə yəhduruhul-fəqih” kitabı,
• Əbu Cəfər Məhəmməd ibn Həsən ibn Əli ət-Tusinin, “Şeyxut-Taifə” ləqəbli (460 cı hicri ildə vəfat edib) “ət-Təhzib” və “əl-İstibsar” kitabları.
Bu məcmuələr şiələrin hədis mənbələri arasında ən mühümləri sayılır. Lakin bu kitablardakı rəvayətlər bir sıra zəiflik nöqtələri ilə seçilir və bu da onları etibarlı istinad mənbəyi kimi yararsız edir. Bu məsələ aşağıdakı bəndlərdə daha aydın görünəcək.

Birincisi:
Əgər rical elmindəki sənədin etibarlılığı problemini bir kənara qoysaq və dörd kitabın müəlliflərinin topladıqları rəvayətlərin sənədləri ilə necə davrandıqlarını sorğulasaq, görəsən, onlar rəvayət etdikləri şəxslərin isnadına diqqət göstərmişdilərmi? Yoxsa, onlar araşdırma aparmadan sadəcə nəql edən toplayıcılar idilər?
Həqiqət odur ki, onların işi müəlliflərinə nisbət verilən kitab və əsərlərdən nəql etməkdən ibarət olmuşdur. Bunu edərkən onlar sənəd zəncirindəki ravilərə baxmamış və nəql edənlə mənbə arasında olan şeyxləri açıqlamaq üçün heç bir cəhd göstərməmişlərdir(1).
Kuleyni adətən rəvayət sənədini ravinin adını qeyd etməklə başlayır, lakin onunla öz arasındakı sənəd zəncirini açıqlamır. Yəni, həmin ravini zikr edərkən o dövrdə məşhur olan kitab və əsərlərə əsaslanıb əsaslanmadığını, və ya bir nəql yolu daha güclü olsa belə, başqa bir yola söykənib söykənmədiyini bildirmir. Xüsusilə də o, Məhəmməd ibn Həsən ibn Əbi Xalid Şeynulədən belə nəql etmişdir ki, o, Əbu Cəfər əs Saniyə (əl Cavad) belə demişdir:
“Qurbanın olum, bizim şeyxlərimiz Əbu Cəfər və Əbu Abdullahdan (ə) rəvayət edirdilər. Lakin təqiyyə çox şiddətli idi, buna görə də kitablarını gizlədirdilər və onlardan rəvayət olunmurdu. Onlar vəfat etdikdən sonra kitablar bizə çatdı.” O buyurdu: “Onları nəql edin, çünki onlar haqdır.” (2)
Şeyx Səduq isə işarə etmişdir ki, “Mən la yəhzuruhul fəqih” kitabında gətirdiyi bütün rəvayətlər məşhur və tanınmış kitablardan götürülmüşdür. O həmçinin bildirmişdir ki, bu kitablara olan yolları (isnadları) onun şeyxləri və sələflərindən rəvayət etdiyi kitabların fihrislərində (siyahılarında) məlumdur.
Lakin həmin fihrislər – yəni şeyxləri vasitəsilə rəvayət etdiyi kitablara olan yollarını qeyd etdiyi siyahı – bizə gəlib çatmamışdır. Buna görə də isnad olaraq yalnız şeyxlərindən bu kitablar barəsində nəql etdikləri vardır. Kitab sahiblərinə (əsərlərin müəlliflərinə) olan yolları isə tamamilə naməlumdur. Bu səbəbdən, həmin yolların hansının düzgün, hansının səhv olduğu bilinmir(3).
Mühəqqiq Xoyi hesab etmişdir ki, Səduqun kitabında rəvayətlərini götürdüyü məşhur və etibarlı kitablar, onun sənədin əvvəlində adlarını çəkdiyi şəxslərin kitabları deyil. O, sonra kitablar nisbət olunmuş şeyxlərdən bir qrup ravinin adını qeyd edib, bu kitabların əslində digər məşhur alimlərin əsərləri olduğunu bildirmişdir . Bu əsərlərə onun atasının ona yazdığı risalə və şeyxi Məhəmməd ibn Həsən ibn Vəlidin kitabı da daxildir. Beləliklə, kitabındakı rəvayətləri həmin mənbələrdən götürmüşdür(4).
Bu isə o deməkdir ki, Şeyx Səduq məşhur kitablardan birbaşa nəql etməmiş, onların məzmununu bəzi şeyxləri vasitəsilə ötürmüşdür. Həmçinin bəzi alimlərin dediyinə görə, Şeyx Səduq kitabının əvvəlində verdiyi vədə – yəni rəvayətlərin məşhur və etibarlı kitablardan gətirəcəyinə dair sözünə – tam əməl etməmişdir. Çünki o, nə özü məşhur olan, nə də kitabları məşhur olan bir sıra şəxslərdən də rəvayət etmişdir(5).
Şeyx Tusinin vəziyyəti isə fərqlidir. O, “Təhzib” və “İstibsar” adlı iki kitabında isnadı, kitab sahibi olan şəxslə başlayır və onun kitabında nə gəlmişdirsə, onu ondan rəvayət edir. Bu barədə hər iki kitabının sonunda açıq şəkildə bəyan etmişdir. Bununla belə, Tusi rəvayətlərində əsaslandığı kitabların etibarlı və məşhur kitablar olduğunu qeyd etməmişdir(6).
Həmçinin — əvvəl də bildirdiyimiz kimi — “Təhzib” kitabında bir çox rəvayətlərin isnadlarını çıxarmışdır ki, o rəvayətlər mürsəl sayılmasın. Lakin o, malik olduğu bütün yolları (isnadları) qeyd etməmiş, onları müəyyən etmək üçün “Fihrist” kitabına və şeyxlərinin fihristlərinə yönləndirmişdir. Təəssüf ki, həmin fihristlər itib batmış və onlardan heç bir əsər qalmamışdır; yalnız çox azı — məsələn, Şeyx Səduqun Şeyxlər siyahısı və Şeyx Əbu Qalib Zərarinin Fihristi — günümüzə gəlib çatmışdır.
Bu səbəbdən “Təhzib” kitabında bir sıra hədislər isnadı məlum olmayan mürsəl şəkildə qalmışdır. Bununla belə, Fəzil Ərdəbili “Camiu’r-Rüvât” kitabının sonunda unudulmuş bir sıra isnadları bərpa etməyə müvəffəq olmuş və bu mövzuda “Təshihul Əsanid” adlı bir risalə də yazmışdır(7).
Yuxarıda deyilənlərin xülasəsi budur ki, qədim şiə alimləri öz dövrlərində məşhur olan kitablara əsaslanmış, lakin bu kitablara çatdıran sənədləri araşdırıb təhlil etməmiş, nə də həmin kitabların müəlliflərinin vəziyyətinə və məzmunlarının etibarlılığına diqqət yetirmişlər. Elə bil ki, bu kitablar ehtiva etdikləri rəvayətlər baxımından “səhih kitablar” imiş kimi davranmışlar.
Bu səbəbdən Şeyx Müfidin, Şeyx Səduqu tənqid edərkən dediyi söz nəql olunmuşdur:
“Lakin xəbərlərə bağlı olan bizim dostlarımız safdillik, zəif düşüncə və az fərasət sahibləridir. Eşitdikləri hədislərin üzərindən keçib gedirlər, sənədinə baxmırlar, doğrusunu batilindən ayırmırlar, onları isbat edərkən özlərinə nə daxil olduğunu anlamırlar və nəql etdikləri sözlərin mənalarını dərk etmirlər.” (8)
Həmçinin Şərif Mürtəza da şiə hədisçilərini tənqid edərkən belə demişdir:
“Qəflətlərinə işarə etdiyimiz bu kəslər, nə özləri rəvayət etmiş, nə nəql etmiş, nə də ravisindən eşitmiş olduqları xəbərlə höccət gətirirlər ki, ravinin ədalətli olub olmadığını bilmirlər. Hətta onlara hökmlərdə deyilsə ki: ‘Bu hökmü haradan sübut etdin və nə üçün ona getdin?’ — cavabları belə olur: ‘Filan kitabda tapdım və filan ibn filanın rəvayətinə nisbət verilmişdir.’ Halbuki, xəbəri vahidin elm doğurmadığını deyən də, onu qəbul edib onunla əməl edən də yaxşı bilir ki, bu, etibar ediləcək bir şey deyil və müraciət ediləcək bir yol da deyil; sadəcə aldanış və yalandır.” (9)
Xüsusilə də, bu alimlərin istifadə etdikləri rəvayətlərdə isnadın yüksəkliyi (yəni ravilər zəncirinin azlığı) çox nadir hallarda mövcuddur — bunu Əllamə Hillinin özü də açıq şəkildə bildirmişdir. Məlumdur ki, vasitəçilər nə qədər az olsa, yalan ehtimalı da bir o qədər azalır(10).
Buna görə də, qədim şiə alimlərin isnada (sənəd zəncirinə) lazımi diqqət göstərməməsi, sonrakı dövrlərin üsul alimləri üçün ciddi bir problem yaratmışdır. Çünki onlar vasitənin (isnadın) etibarlı olmasını və ona diqqət göstərilməsini açıq şəkildə vacib saymışdılar. Bu vasitələrin ən mühümü məhz kitab və əsərlərin müəlliflərinə gedən yollardır ki, bunlar sonrakı alimlər üçün naməlum olaraq qalmışdır.
Xəbər əhlinə (əxbarilərə) gəlincə, onlar bu məsələyə əhəmiyyət verməmişlər. Onların fikrincə, etibarlı sayılan kitablardan muallaq (qırıq zəncir) yolu ilə rəvayət olunan hədislərdə isnad yolunun bilinməməsi və ya həmin yolda məchul və ya zəif ravinin olması zərər vermir. Çünki guya həmin əsərlər və kitablar o dövrlərdə məşhur və tanınmış idi, müəlliflərinə nisbəti də mütəvatir şəkildə sabit idi.
Sonraki şiə alimləri də qədimlərə nisbət verilən və uzun zaman keçməsinə, uydurma və təhrif ehtimalının yüksək olmasına baxmayaraq, əllərinə keçən bu kitablara daha çox etibar etməyə başlamışlar. Məsələn, Hurr əl Amili “Vəsailüş Şiə” kitabına qədim alimlərdən əldə etdiyi səksən kitabı idrac etmişdir (dəlilsiz, bəyansız daxil etmişdir. Həmçinin Hüseyn Nuri “Müstədrəkül Vəsail” kitabında tapdığı altmışdan çox qədim kitabı toplamışdır(11).
Bundan əlavə, bir çox alimlər imamların müasiri olan qədim müəlliflərə aid kitabları da bu siyahıya əlavə etmişlər; məsələn:
• əs Səffarın “Bəsairud Dərəcat” kitabı(12),
• əl Bərqinin “əl Məhəsin” kitabı,
• və təxminən on üç civarında digər əsərlər.
Bu əsərlər arasında Zeyd əz Zərrad, Zeyd ən Nərsi, Əbəd əl Asfəri, Asim ibn Hümeyd əl Hannat, Cəfər ibn Məhəmməd ibn Şüreyh əl Həzrəmi, Məhəmməd ibn Müsənna əl Həzrəmi və başqalarına aid olanlar vardır(13).
Şeyx Nuri özü etiraf etmişdir ki, sonrakı alimlərin — məsələn, Hurr əl Amilinin “Vəsailüş Şiə” kitabında — əsaslandığı bu əsərlərin bir qismi müəlliflərinə aid olmaq baxımından sabit deyil. Məsələn:
• Şeyx Səduqun “Fəzluş Şiə” kitabı,
• “Tuhəful Uqul”,
• “Təfsir Fərat”,
• “İrşadud Deyləmi”,
• Əhməd ibn Məhəmməd ibn İsanın “Nəvadir”i,
• Şeyx Müfidin “əl İxtisas” kitabı
və bunlara bənzər digər əsərlərin müəlliflərinə aidliyi sübuta yetməmişdir(14).
İkincisi:
Yuxarıdakılara əlavə olaraq, dörd kitabın müəllifləri zəif rəvayətləri qəbul etmişlər. Onlardan bəziləri bu rəvayətləri “məqtuʿus sudūr” (sənədi qırıq, çıxışı qəti bilinməyən) hesab etmiş, bəziləri isə müəyyən şərtlər daxilində onlarla əməl etməyi dini bir öhdəlik kimi görmüşdür. Onların ravilər haqqında mövqeyi “müsamihə” (yumşaqlıq, yola vermə) prinsipinə əsaslanırdı. Bu məsələdə aralarında daha sərt olan Şeyx Tusi idi; o, özündən əvvəlkilərdən fərqli olaraq, “cərh və tədil” (ravilərin tənqidi və qiymətləndirilməsi) işini həyata keçirmiş və sonrakı üsul alimləri də bu işi ondan miras almışlar. Lakin bununla belə, o, daha güclü bir müxalif dəlil olmadıqda və raviləri yalançılıqla tanınmadıqda zəif rəvayətləri qəbul etməkdən çəkinməmişdir.
O, ravinin zahiri əməllərində fasiq olsa belə, rəvayət edərkən yalan danışmaqdan çəkinən bir şəxs olmasını “siqə” (etibarlı) saymaq üçün kifayət hesab edirdi. Hətta iddia edirdi ki, şiə camaatı belə şəxslərin rəvayət etdiyi xəbərlərlə əməl etmişdir(15).
Həmçinin o, ravinin yalnız siqələrdən nəql etməsi ilə tanınması halında mürsəl rəvayətləri qəbul edirdi. Eyni şəkildə, mürsəl rəvayətlərə müxalif səhih sənədli bir rəvayət olmadığı təqdirdə onları qəbul edirdi. O, buna dəlil olaraq deyirdi ki, şiə camaatı müxalif dəlil olmadıqda mürsəllərlə də, sənədli rəvayətlərlə də eyni şəkildə əməl etmişdir(16).
Üstəlik, o, bir çox qədim müəlliflərin fasid metodikalarının olmalarını etiraf etsə də, onların kitab və əsərlərini etibarlı hesab etmişdir(17).
Bu deyilənləri Mühəqqiq Hillinin mövqeyi də təsdiqləyir. O, sənədin başının səhihliyini mücərrəd olaraq götürərək hədisə əməl edənləri tənqid edərək, bunu şiə alimlərinə qarşı bir növ tənə və məzhəbə qarşı eyib saymışdır. O, vurğulayırdı ki, şiə alimlərindən heç biri yoxdur ki, tənqid olunmuş ravinin xəbəri ilə əməl etməmiş olsun(18).
Bu, Şeyx Tusi barəsində idi. Amma Kuleyni və Səduqa gəldikdə, onların cərh və tədilə əhəmiyyət vermədiklərinə heç bir şübhə yoxdur. Səduq, ravilərin etibarlılığını müəyyənləşdirməkdə əsasən şeyxi Əbu’l-Vəlidə güvənirdi və kitabında sonrakı alimlərin mustalah qaydalarına görə zəif olan çoxlu rəvayətlər mövcuddur.
Kuleyniyə gəlincə, onun topladığı rəvayətləri seçməkdə özünə hər hansı bir ciddi meyar qoymadığı açıq-aşkar görünür. O, rəvayətlərin işlənməsində sadəcə “müsamihə” yolunu tutmuşdu. Çünki o dövrdə dolaşan rəvayətlər ətrafında qarışıqlıq və anlaşılmazlıq olduğunu özü də etiraf etmişdi — bunu əl-Kafinin müqəddiməsində qeyd edir. Onun hədislərlə əməli, sonrakı dövrlərdə gələn alimlərin əməli üsullar kimi təyin etdikləri yanaşmalarına bənzəyirdi.
Həmçinin o, cərh və tədilə əsaslanmırdı; zəif, əqidə baxımından sapmış, ifratçı və digər bu kimi ravilərdən də rəvayət edirdi. Müasir tədqiqatçılardan bəzilərinin fikrincə, Kuleyni bəlkə də isnadda bir neçə etibarlı ravinin olmasını kifayət hesab edirdi(19).
Kuleyninin sənədləri araşdırmağa (təvsiqə) diqqət göstərməməsi, əxbarilərin bunu onun rəvayətlərinin imamlar tərəfindən həqiqətən nəql edildiyinə dəlil hesab etmələrinə səbəb olmuşdur. Bu isə üsul alimlərinin gəldiyi nəticənin tam əksidir. Hətta üsulçulardan bir qrup, uzun zaman keçməsi və dəlillərin zəifləməsi səbəbilə bu kimi yazılı rəvayətlərə etimad etməyin mümkün olmadığını düşünmüş və beləliklə “Dəlilul İnsidad” (qəti şəri dəlillərin yolu bağlandıqda tətbiq olunan üsul) tərəfdarları kimi tanınan bir istiqamət formalaşdırmışlar.
Burada sənəd və rəvayət baxımından əl Kafi ilə Səhih Buxari arasında müqayisə aparmaq da olar. Artıq bilirik ki, Buxarinin metodu açıq və şərtləri çox sərt idi. Bunun nəticəsində sonrakı dövrlərin alimləri Buxarinin rəvayətlərində və ravilərində zəifliyin çox az olduğunu görmüşlər; bu, onun hədislərinin ümumi sayı ilə müqayisədə çox kiçik bir faiz təşkil edir.
Bu isə əl Kafi ilə tam əkslik təşkil edir. Çünki Kuleyninin rəvayət toplama metodu ciddi araşdırma və dəqiqləşdirməyə əsaslanmayan, həşəvi (qeyri professional) bir yanaşma idi. O, həm zəif, həm də etibarlı saydıqları şəxslərdən rəvayət edir, həmçinin sənəddə geniş şəkildə müsəmihə edir və mövcud kitabları araşdırmadan qəbul edirdi. Buna görə də sonrakı alimlər onun rəvayətlərinin böyük əksəriyyətini zəif hesab etmişlər.
Belə ki:
Buxaridə tənqid olunan və ya zəif sayılan rəvayətlərin faizi, təkrarsız hədislərin ümumi sayına nisbətdə 3%-dən azdır — bu çox kiçik bir rəqəmdir.
əl Kafidə isə zəif rəvayətlərin faizi 66%-dən çoxdur — bu isə son dərəcə yüksək bir nisbətdir.
Bu müqayisəyə əsasən görünür ki, sünni alimləri özlərini Buxarinin etdiyi kimi rəvayətləri araşdırmaq gücündə görməmişlər; bunun səbəbi zamanın çox keçməsi idi. Bu vəziyyət onları Buxarinin təvsiqinə (sənədi araşdırmasını) etibar etməyə və bunu etimad üçün kifayət hesab etməyə vadar etmişdir.
Şiə alimlərinin sonrakı nəsillərinə gəldikdə isə, onlar da özlərini Kuleyni və digər qədim alimlərin malik olduğu imkanlarla rəvayətləri araşdırmaq gücündə görməsələr də, onların çoxu Kuleyninin yolunu təqlid etməmiş və kor-koranə tabe olmamışlar. Əksinə, hər biri hədislərin sənədləşdirilməsi və səhihliyinin müəyyənləşdirilməsi sahəsində özləri ictihad etmişlər. Bunun nəticəsində təvsiq və təshih meyarlarında ciddi ixtilaflar meydana çıxmışdır. Hətta onların bir qismi, zamanın uzaqlığı və dəlillərin yoxluğu səbəbilə araşdırma aparmaqda aciz qaldıqlarını etiraf etmişlər.
Üçüncüsü:
Hədis məcmuələrinin müəlliflərinin ən çox etibar etdiyi ravi Əli ibn İbrahim və onun atası İbrahim ibn Haşim əl Qumi olmuşdur. Əli, Kuleyninin şeyxi idi və bir sıra son dövr imamların dövründə yaşamışdı. O, İmam Hadinin səhabələrindən sayılır, baxmayaraq ki, nə ondan, nə də digər imamlardan birbaşa rəvayət etdiyini sübut edən məlumat yoxdur(20).
Onun əl Kafidəki rəvayətləri təkcə bu kitabda yeddi min (7068) rəvayətdən çoxdur(21). Bunların içində altı min iki yüz on dörd (6214) rəvayət atasından — İbrahimdən nəql olunmuşdur(22). O, ümumilikdə yeddi min yüz qırx (7140) rəvayətin isnadında yer almışdır(23).
Qədim alimlərin nəzərində o, etibarlı şeyxlərdən sayılırdı. Nəccaşi onu belə tanıtmışdır: “Hədisdə siqədir, sabit və etibarlı, məzhəbi düzgün, çox eşidib və çox rəvayət edib. Kitablar yazmışdır və ömrünün ortalarında gözləri zəifləyib. Onun ‘Təfsir’, ‘Nəsix və Mənsux’, ‘Qurbul İsnad’, ‘Şərayiʿ’ və digər kitabları vardır.” (24)
Onun Qurana yazdığı təfsir bizə gəlib çatmışdır. Bu təfsir, İmam Sadiqdən rəvayətə əsaslanan bir təfsirdir. Kitabın müqəddiməsində o, təfsirdə öz şeyxləri və digər ravilər arasından etibarlı olanlardan rəvayət etdiyini və isnadın imamlara qədər uzandığını bildirmişdir. O belə deyir:
“Bizə çatan və şeyxlərimizin, etibarlı ravilərimizin Allahın itaətini vacib etdiyi, vilayətlərini fərz buyurduğu və əməl edilməsinin yalnız onlar vasitəsilə qəbul olunduğu şəxslərdən nəql etdiklərini zikr edəcək və xəbər verəcəyik.” (25)
Bir çox alimlər bu ifadəni, təfsirdəki rəvayətlərin İmam Sadiqdən düzgün şəkildə nəql olunduğuna dəlil hesab etmişlər. Hurr əl Amili bunu açıq şəkildə bildirmiş və Əllamə Xoyi də onunla razılaşmışdır. Xoyiyə görə, Əli ibn İbrahimin təfsirində isnadda adı keçən və rəvayətləri imamlarla əlaqələndirən hər bir ravi, bu şeyxin etibarlılıq şəhadətinə daxil olur.
Xoyi qeyd etmişdir ki, Əli ibn İbrahim bu sözləri ilə təfsirinin doğruluğunu isbat etmək istəmişdir; yəni rəvayətlərin sabit və məsumlardan gəlmiş olduğunu, ona isə bu rəvayətlərin şeyxlər və siqə ravilər vasitəsilə çatdığını göstərmək istəmişdir. Buna görə də, bəzilərinin iddia etdiyi kimi, bu təvsiqi yalnız birbaşa rəvayət etdiyi şeyxlərlə məhdudlaşdırmağa heç bir əsas yoxdur.
Eyni şəkildə, mühəqqiq Xoyi “Kamiluz Ziyarət” kitabının isnadında adı keçən bütün şeyxlərin də etibarlı olduqlarına hökm vermişdir(26).
Lakin təfsirin dərindən araşdırılması göstərir ki, Əli ibn İbrahimdən təfsiri rəvayət edən şəxs onun tələbəsi Əbu’l Fəzl Abbas ibn Məhəmməd ibn Qasım ibn Həmzə ibn Musa əl Kazim olmuşdur. O, təfsiri Əli ibn İbrahimin rəvayətlərindən nəql etməklə yanaşı, onu Əbu’l Carud vasitəsilə İmam Baqirdən gələn digər rəvayətlərlə də qarışdırmışdır. Alimlər qeyd etmişlər ki, Əbu’l Abbas rical kitablarında zikr olunmur, yalnız nəsəb kitablarında adına rast gəlinir.
Bəzi müasir tədqiqatçılar təfsirin müqəddiməsindəki təvsikin (etibarlılıq şahadətinin) doğruluğuna şübhə etmişlər. Bunun səbəbi, təfsirin həm Əli ibn İbrahim əl Qumiyə aid olan hissələrinin, həm də tələbəsinin öz isnadı ilə İmam Baqirə qədər uzanan rəvayətlərinin bir-birinə qarışmış olmasıdır. Həmçinin rəvayət mətnlərindəki qəriblik və uyğunsuzluqlar da bu şübhəni artırmışdır.
Hətta bəzi tədqiqatçılar bizə çatan təfsir nüsxəsinin özünün də düzgünlüyünə şübhə edirlər. Onlar bəzi alimlərin fikrinə əsaslanaraq bildirirlər ki, çap olunmuş nüsxə, digər kitablarda həmin təfsirdən nəql edilənlərlə uyğun gəlmir. Bu nəticə onları belə bir qənaətə gətirmişdir: nə sənəd, nə də mətn baxımından etibarlı şəkildə istinad edilə biləcək bir təvsiq mövcud deyil(27).
Bu təfsirdə ən diqqət çəkən məqamlardan biri Qurana irad tutulması və onun təhrif edildiyini iddia edən rəvayətlərə əsaslanmasıdır. Bu rəvayətlərdən bir çoxunu guya Əli ibn İbrahim İmam Sadiqdən nəql edir və bunlar Kuleyninin əl Kafidə gətirdiyi, təhrifə işarə edən rəvayətlərlə uyğunluq təşkil edir(28).
Məsələn, Əli ibn İbrahimin təfsirində belə nəql olunur:
Bəziləri Allah Taalanın bu ayəsini oxuduqda:
“Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz; yaxşılığı əmr edir, pislikdən çəkindirir və Allaha iman gətirirsiniz.”
İmam Sadiq bu ayəni oxuyan şəxsə belə dedi:
“‘Ən xeyirli ümmət? — Əmirəl möminini, Həsəni və Hüseyni öldürənlərmi?”
Ona dedilər: “Ey Allah Rəsulunun oğlu, bəs ayə necə nazil olmuşdur?”
Buyurdu:
“Ayə belə nazil olmuşdur: Siz insanlar üçün çıxarılmış ən xeyirli imamlar idiniz.”
Eyni şəkildə, bəziləri bu ayəni oxuduqda:
“Rəbbimiz! Bizə zövcələrimizdən və övladlarımızdan gözümüzün nuru bəxş et və bizi müttəqilərə imam et.”
İmam Sadiq buyurdu:
Onlar Allahdan çox böyük bir şey istəyirmişlər ki, Allah onları müttəqilərə imam etsin...
Ona dedilər: “Ey Allah Rəsulunun oğlu, ayə necə nazil olmuşdur?”
Buyurdu:
“Ayə belə nazil olmuşdur: …və bizə müttəqilərdən bir imam bəxş et.”
Həmçinin təfsirdə nəql olunur ki, İmam Sadiq Qurandakı bu ayəyə irad etmişdir:
“Onun önündən və arxasından onu Allahın əmri ilə qoruyan mələklər vardır.”
İmam buyurdu:
“Bir şeyi Allahın əmrindən necə qorumaq olar? Və ‘arxasından qoruyan’ necə ‘önündən’ ola bilər?”
Ona dedilər: “Bəs ayə necə nazil olmuşdur, ey Allah Rəsulunun oğlu?”
Buyurdu:
“Ayə belə nazil olmuşdur: ‘Onun arxasından qoruyucular, önündən isə bir nəzarətçi vardır; onlar onu Allahın əmri ilə qoruyurlar.’”
Bu üslubda təfsirdə təhrifə işarə edən başqa ayələr də verilmişdir. Məsələn:
“Lakin Allah sənə Öz elmini nazil etdiyi Əli barəsində nazil etdiyinə şahidlik edir…”
“Ey Peyğəmbər! Rəbbindən sənə Əli barəsində nazil ediləni çatdır; əgər bunu etməsən, risalətini çatdırmamısan.”
“Həqiqətən, kafir olub Məhəmməd Əhli Beytinin haqqını zülm edənləri Allah bağışlamayacaqdır.”
“Zülm edənlər və Məhəmməd Əhli Beytinin haqqını tapdalayanlar biləcəklər ki, Allah onları bağışlamayacaqdır.”
“Zülm edənlər — yəni Məhəmməd Əhli Beytinin haqqını tapdalayanlar — hansı aqibətə dönəcəklərini biləcəklər.”
“Kaş görəydin, Məhəmməd Əhli Beytinin haqqını tapdalayanlar ölümün çətinlikləri içində olarkən…” (29)
Bir az öncə qeyd olunan Əli ibn İbrahimin atası İbrahim ibn Haşim əl Qumi isə Kufə mənşəlidir. O, İmam Rza və İmam Cavadın dövrünə yetişmiş, İmam Cavaddan bir neçə rəvayət nəql etmişdir. Tusi və Nəccaşinin bildirdiyinə görə, Kufəlilərin hədislərini Qumda ilk dəfə yayan şəxs də o olmuşdur(30).
O, təxminən yüz altmış (160) şeyxdən rəvayət etmişdir və rəvayətlərinin sayı altı min dörd yüz on dörd (6414) rəvayətdən çoxdur. Rəvayət çoxluğu baxımından onun kimi bir ravi yoxdur(31). Təkcə Məhəmməd ibn Əbi Ümeyrdən təqribən üç min (2921) rəvayət nəql etmişdir(32).
Lakin problem ondadır ki, qədim alimlərdən heç biri onun etibarlılığı barədə açıq şəkildə fikir bildirməmişdir; nə tədil (etibarlı sayma), nə də cərh (tənqid və zəiflətmə) baxımından. Əllamə Hilli “Xülasə” əsərində onun haqqında belə deyir:
“Məzəmmət edən bir sözə də, açıq şəkildə tədil edən bir ifadəyə də rast gəlmədim. Halbuki ondan çoxlu rəvayətlər nəql olunmuşdur. Daha güclü ehtimal onun rəvayətlərinin qəbul edilməsidir.” (33)
Xoyi hesab etmişdir ki, onun etibarlılığına şübhə etməyə əsas yoxdur və bunu üç dəlillə əsaslandırmışdır(34). Bu dəlillər, Bəhrül Ulumun (tam adı: Seyyid Məhəmməd Mehdi Bəhrül Ulûm, 1742–1797) ricala dair faydalarında qeyd etdiklərinə çox yaxındır(35). Həmin dəlillərdən biri budur ki, İbn Tavus onun etibarlılığı barədə alimlər arasında ittifaq olduğunu iddia etmişdir. Lakin buna belə cavab verilmişdir ki, bu, sübuta ehtiyacı olan sadəcə bir iddiadır. Çünki İbn Tavusun dövrü Qumminin dövründən xeyli uzaqdır və bu cür iddia hissi müşahidəyə deyil, yalnız zənn və təxminə əsaslanır.

İkinci dəlil isə onun “Kufəlilərin hədislərini Qumda ilk dəfə yayan şəxs” olması barədə deyilənlər və Qum alimlərinin onun rəvayətlərinə etimad etməsidir. Halbuki onların arasında hədis məsələsində çox sərt və seçici olanlar vardı. Əgər onda hər hansı bir nöqsan və ya qınaq doğuracaq bir şey olsaydı, rəvayətlərini qəbul etməz, ən kiçik şübhədə belə başqalarına etdikləri kimi onu da tez bir zamanda tənqid edər, cərh edər, inkar edər və Qumdan uzaqlaşdırardılar. Hətta müasir alimlərdən bəziləri qədim alimlərin “Kufəlilərin hədislərini Qumda ilk dəfə yayan” ifadəsini tərif xarakterli bir söz kimi qəbul etmişlər. Məsələn, Dəmad bu ifadəni əhatəli bir söz” adlandırmış və “bütün ov quşun qarnındadır” misalı ilə onu yüksək qiymətləndirmişdir (36).
Lakin bu dəlil tam deyil. Çünki Qum alimlərinin ehtiyat etdiyi şey adətən imamlar barəsində ifratçılığa meyl edənlər və ya yalan danışmaqla, hədis uydurmaqla tanınan şəxslər idi. Onların tənqidləri də əsasən bu yöndən gəlirdi. Lakin bu meyardan başqa meyarlara görə onlarda hədisləri qəbul edib etməmək məsələsi çox açıq idi.
Bu, İbn əl-Ğazairinin Rical kitabında nəql etdiklərindən və ondan sonra gələn rical alimlərinin – məsələn, İbn Davud və başqalarının – ona istinad etməsindən aydın olur. O, Qum alimlərinin ifratçılıq, yüksəklik iddiası və məzhəbin pozulması ilə qınadıqları bir çox şəxsləri qeyd edir. Məsələn: Əhməd ibn Hüseyn ibn Səid, Əhməd ibn Məhəmməd ibn Siyyar, Üməyyə ibn Əli əl-Qeysî, Həsən ibn Əli ibn Əbi Osman, Hüseyn ibn Şaduyə əl-Qumî, Səhl ibn Ziyad ər-Razî, Qasım ibn Həsən ibn Əli ibn Yəqtin, Məhəmməd ibn Əhməd əl-Camurani, Məhəmməd ibn Əli ibn İbrahim (Əbu Səmine ləqəbli), Yusif ibn əs-Səxt, Məhəmməd ibn Urmə əl-Qumî və başqaları(37).
Məsələn, İbn Urmə əl-Qumî barəsində belə nəql olunur: Qum alimləri onu qınamış və ifratçılıqda ittiham etmişdilər. Hətta onu öldürmək üçün yanına adam göndərmişdilər. Lakin onu gecənin əvvəlindən sonuna qədər namaz qılarkən gördükdə bu ittihamdan çəkindilər.(38)
Əbu Səminə haqqında isə belə deyilmişdir: o, ifratçı və yalançı idi. Kufədə yalançılığı ilə məşhur olduqdan sonra Quma köçmüş, Əhməd ibn Məhəmməd ibn İsanın evində qalmışdı. Sonra ifratçılığı ilə tanındığı üçün Əhməd onu Qumdan çıxarmışdır(39).
Digər tərəfdən, elə ravilər də olmuşdur ki, Qumda yaşamış və barəsində “çox zəifdir, ona etina edilməz, məzhəbində ifrat var” deyilməsinə baxmayaraq Qum alimləri ondan rəvayət etmişlər. Məsələn, Əbdürrəhman ibn Əbi Hammad(40). Hətta deyilmişdir ki, qədim alimlər halal–haram məsələsinə aid olmayan mövzularda zəif və ya məchul şəxslərdən rəvayət etməkdən çəkinmirdilər. Bu cür şəxslərdən bəziləri Qum alimlərinin etimad etdiyi ravilər darasında idi(41).
Əhməd ibn Məhəmməd ibn Xalid əl-Bərqinin Qumdan uzaqlaşdırılması məsələsinə gəlincə, Qum alimlərinin başçısı Əhməd ibn Məhəmməd ibn İsa onu Qumdan çıxarmışdı. Bu uzaqlaşdırmanın səbəbi kimi onun zəif ravilərdən rəvayət etməsi və mürsəl hədislərə etimad etməsi göstərilir. Bu izahın mənbəyi İbn əl-Ğazairidir. O, əd-Duafa kitabında belə deyir: “Qum alimləri Bərqini tənqid etmişdilər. Tənqid ona görə deyildi, onun rəvayət etdiyi şəxslərə görə idi. Çünki o, əxbarilərin metoduna uyğun olaraq kimdən rəvayət etdiyinə əhəmiyyət vermirdi. Əhməd ibn Məhəmməd ibn İsa onu Qumdan çıxardı, sonra geri qaytardı və ondan üzr istədi” (42). Hətta deyilmişdir ki, Əhməd ibn Məhəmməd ibn İsa onun cənazəsində ayaqyalın və başıaçıq şəkildə yürümüş, ona atdığı ittihamdan uzaq olduğunu göstərmişdir(43).
Lakin onun Quma qaytarılması və Qum alimlərinin başçısının ondan üzr istəməsi İbn əl-Ğazairinin göstərdiyi səbəblə uyğun gəlmir. Əgər məsələ zəif ravilərdən rəvayət etməsi olsaydı, onu geri qaytarmazdılar. Deməli, məsələ başqa bir şeylə bağlı idi. Böyük ehtimalla bu, Qum alimlərinin sənədləşdirmədə ən çox diqqət etdikləri ifratçılıq məsələsi ilə bağlı idi. Bu başçı bir çox alimləri ifratçılıq və yalan rəvayət etmək ittihamı ilə Qumdan çıxarmışdı. Onların arasında Səhl ibn Ziyad və başqaları vardı. Hətta bəzi müasir alimlər belə demişlər: “Qum alimlərinin – xüsusilə İbn İsanın – tənqid və qınaqda, şübhə və ittihamla Qumdan çıxarmaqda tələskənliyi rical kitablarına baxan hər kəsə aydındır” (44). Başqa alimlər isə demişlər ki, Qum alimlərinin raviləri tənqid etməsinin səbəbi onların rəvayətlərində ifratçılıq, yüksəklik iddiası və qəribəliklər olmasıdır. Hətta bəzən Qum alimləri ravini ifratçılıqda ittiham etdikdən sonra onu yalançılıq və hədis uydurmaqla da günahlandırırdılar. Bu ittihamlar isə həmin ravinin rəvayətlərindəki məzmunlara əsaslanırdı(45).
Üçüncü dəlil isə budur ki, onun oğlu Əli (ibn İbrahim) təfsirinin müqəddiməsində öz şeyxlərinin etibarlı olduğunu açıq şəkildə bildirmişdir. Bu şeyxlərin başında isə atası İbrahim dayanırdı. Çünki o, təfsirindəki hədislərin böyük qismini atasından nəql etmişdir. Bu isə atasının onun nəzərində etibarlı olduğunu göstərir. Əks halda ondan bu qədər rəvayət etməzdi.
Lakin əgər oğulun verdiyi bu etibarı qəbul etsək, bu, təfsirin özünün də səhih olduğunu qəbul etmək deməkdir. Halbuki təfsirdə açıq şəkildə Quranda təhrif iddiasına dəlalət edən çoxlu rəvayətlər vardır. Bundan əlavə, orada əfsanə məzmunlu rəvayətlər də mövcuddur. Maraqlıdır ki, Əllamə Xoi Quranda təhrif iddiasını qəbul etmir – bunu öz əsərlərində açıq şəkildə bildirmişdir (46) – lakin bununla yanaşı, Əli ibn İbrahimin təfsirini müəllifinin müqəddimədə verdiyi etibara əsaslanaraq “səhih əsər” hesab edir. Bu isə onun öz mövqeyi ilə ziddiyyət təşkil edir. Çünki təfsiri səhih saymaq, oradakı təhrif məzmunlu rəvayətləri də qəbul etmək deməkdir.
Bu paraqrafda təqdim etdiyimiz bütün müzakirələrin nəticəsi budur: Biz iki seçim qarşısındayıq — ya Əli ibn İbrahimin rəvayətlərinə əsasən təfsirin imam Sadiqdən nəql edildiyini qəbul etməliyik, baxmayaraq ki, orada təhrif və əfsanəvi məzmunlar vardır; ya da təfsirin özündə şübhə etməli və bununla yanaşı İbrahim ibn Haşim əl-Quminin etibarlılığına və onun çoxsaylı rəvayətlərinə də şübhə ilə yanaşmalıyıq.

(1) Rauzətul Cənnət, cild 6, s. 218; və Nihəyətud Dirəyah, s. 470.
(2) əl Kafi, cild 1, “Kitabların və hədislərin rəvayət edilməsi” babı, hədis 15. Həmçinin bax: Məhəmməd Baqir Məclisi, Bihərul Ənvər, əl Kövsər elektron kitabxanası nəşri, cild 2, s. 167. Bəzi müasir tədqiqatçılara görə, bu hədis sənəd baxımından səhih olsa da, məzmun etibarilə yalandır; onlar məsuliyyəti bu hədisi təkbaşına nəql edən Əhməd ibn Məhəmməd ibn Xalid əl Bərqiyə aid edirlər (Mə'rifətul Hadis, s. 46).
(3) Mücəmu Ricalil Hadis, cild 1, s. 24–25.
(4) Mücəmu Ricalil Hadis, cild 1, s. 77–78.
(5) Nihəyətud Dirəyah, s. 568–569.
(6) Mücəmu Ricalil Hadis, cild 1, s. 78.