Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fitrə sədəqəsini pul ilə çıxarmaq olarmı?

Fitrə zəkatını pul ilə çıxarmaq məsələsi alimlər arasında ixtilaflıdır. Bu məsələ ictihadi məsələlərdəndir (yəni alimlərin fərqli rəyə gələ bildiyi mövzulardandır).
Bu səbəbdən, ən ehtiyatlı və daha düzgün yol – şübhəsiz ki – cümhur alimlərin (əksər alimlərin) rəyinə uyğun davranmaqdır. Yəni:
Fitrəni pul ilə çıxarmamaqdır.

Alimlərin bu mövzudakı rəylərinin xülasəsi isə üçdür:

1. Pul ilə fitrə zakatını çıxarmaq icazəlidir. Bu, Əbu Hənifənin, Sourinin məzhəbidir. Habelə bu imam Buxarinin də üstün gördüyü rəydir. İbn Rüşdd demişdir: "Buxari, hənəfilərlə bir çox məsələdə ixtilaf etməsinə baxmayaraq, bu məsələdə onlarla razılaşmışdır". Nəvəvi demişdir:
Fitrəni pul ilə çıxarmağı caiz görənlər belə dəlil gətirirlər: Muaz (رضي الله عنه) – Peyğəmbər ﷺ onu Yəmənə zəkat toplamaq üçün göndərdikdə – Yəmən əhlinə demişdir: “Zəkat olaraq mənə arpa və qarğıdalı əvəzinə xamis və ya libis (paltar növləri) gətirin. Bu, sizin üçün daha asandır və Mədinədə Peyğəmbərin ﷺ səhabələri üçün daha xeyirlidir.” Bu rəvayəti Buxari öz “Səhih”ində mualləq olaraq, yəni sənədsiz, lakin cəzmlə, yəni qəti şəkildə qeyd etmişdir. Deməli, bir cinsdən başqa cinsə keçmək icazəlidir (yəni malın özünü yox, onun dəyərini vermək).

2. Pul ilə fitrəni verməyi qadağan edənlər isə alimlərin əksəriyyətidir (cümhur) – yəni maliki, şafii və hənbəli məzhəbləri. Onlar Peyğəmbərin ﷺ bu sözünü dəlil gətirmişdir: “Fitrə zəkatı bir sa (dörd ovuc) xurma və ya bir sa arpadır...” və s. Burada puldan (dəyərdən) heç bəhs edilməmişdir. Əgər caiz olsaydı, Peyğəmbər ﷺ bunu açıqlayardı. Çünki o zaman da pul vahidi - dinar, dirhəm var idi. Bu məsələdə əsas dəlil budur ki, zəkat Allah üçün edilən bir ibadətdir. Belə ibadətlərdə isə əsas qayda – yalnız Allahın əmr etdiyi şəkildə yerinə yetirməkdir (özündən dəyişiklik etmək olmaz).

3. Bu məsələdə üçüncü rəy isə təfsilatlı (şərtli) yanaşmadır: Ehtiyac və ya daha üstün bir məsləhət (fayda) olduqda zəkatı pul (dəyər) ilə vermək caizdir. Amma belə bir ehtiyac və ya məsləhət yoxdursa, caiz deyil. Bu rəy Şeyxülislam İbn Teymiyyənin (رحمه الله) görüşüdür. Məsələn: Dəvə zəkatında bir qoyun vermək vacibdir, amma onun yanında qoyun yoxdursa, bu halda pul ilə zəkatı çıxara bilir. Bəli, malın özünü verməyi vacib edən dəlillər daha güclüdür və əsas götürüləsi olan da elə budur. Lakin məlumdur ki, bəzən:
malın özünü verməkdə olan məsləhətə qarşı, pul verməkdə daha üstün bir məsləhət ortaya çıxa bilər və ya malın özünü verməkdə şəriətin qəbul etmədiyi bir çətinlik (məşəqqət) yarana bilər. Belə hallarda isə zəkatı şəriətin təyin etdiyi mal, yaxud məhsul ilə deyil pul ilə vermək daha uyğun olur.

Əbu Davud demişdir: imam Əhmədə deyildi: “Mən fitrə sədəqəsini dirhəmlə (pul ilə) verirəm”. İmam isə belə dedi: “Qorxuram ki, bu kifayət etməsin (yəni qəbul olunmasın). Çünki bu, Peyğəmbərin ﷺ sünnəsinə ziddir”. Əbu Talib demişdir: İmam Əhməd belə dedi: “Onun (fitrə məhsullarının) dəyərini (pulunu) verməsin!” Ona belə deyildi: “Bəzi insanlar deyirlər ki, Ömər ibn Əbdüləziz pul ilə qəbul edərdi.” İmam belə cavab verdi: “Onlar Peyğəmbərin ﷺ sözünü tərk edib ‘filankəs belə dedi’ deyirlər?”