Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Təziyə (başsağlığı vermək)
Ölənin ailəsini təsəlli edəcək, qəmini azaldacaq şəkildə başsağlığı vermək müstəhəbdir. Peyğəmbərin ﷺ başsağlığı verərkən istifadə etdiyi ibarələr özündə dərin mənalar ifadə edərdi. O ﷺ, başsağlığı verməsi ilə ölənin yaxınlarını Allahın qədər-qəzası ilə razılaşmağa səsləyər, bunun böyük əcr və savab olduğunu, habelə hər kəsin ölümü dadacağını bəyan edərdi. Həqiqətən də, bu əməl səbr ediləcəyi təqdirdə, böyük əcrə nail olmaqdan ötrü böyük bir fürsətdir.
Peyğəmbərin ﷺ başsağlığı verərkən istifadə etdiyi ifadələrdən biri də budur: “Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. Səbr etsin və Allahdan savab umsun!”.(1)
Ölənin ailəsinə təsəlli və kömək baxımından qohum-qonşunun onlar üçün yemək hazırlamaları sünnədir. Çünki başları öz müsibətlərinə qarışdığına görə onlar yemək barədə fikirləşməzlər. Belə ki, Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ölüm xəbəri gəldikdə Peyğəmbər ﷺ belə demişdir: “Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir”.(2)
Həmçinin yetim qalan uşağın başına sığal çəkib ona ikram etmək də müstəhəbdir. Cəfər (Allah ondan razı olsun) şəhid edildikdə Peyğəmbər ﷺ onun övladlarının başına sığal çəkmişdir. Peyğəmbər ﷺ “bunu mənə tərəf qaldırın” dedikdə Abdullah ibn Cəfəri onun miniyinə mindirdilər və başına üç dəfə sığal çəkdi.(3)
(1) Buxari və Müslim.
(2) Əbu Davud, 3132, Tirmizi (998) hədisin həsən olduğunu demişdir.
(3) Əhməd 1/205, Hakim (1/372) hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır. Bax: “Əhkəmul-cənaiz” 168.
SON ƏLAVƏLƏR