Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dəfn və dəfn sonrası görüləcək işlər

1. Kafir olsa belə, ölən kəs mütləq basdırılmalıdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) atası öldükdə Peyğəmbərə ﷺ belə demişdir: “Əmin vəfat edib, onu kim dəfn edəcək?” Peyğəmbər ﷺ dedi: “Get onu dəfn et!” Əli “Axı o müşrik olaraq ölüb”, – dedikdə Peyğəmbər ﷺ belə cavab verdi: “Get onu dəfn et!” Əli (Allah ondan razı olsun) deyir ki, mən onu basdırdım.(1)
2. Müsəlman kafirlə birlikdə, kafir də müsəlmanla bərabər basdırılmaz. Peyğəmbərin ﷺ zamanında müsəlmanlar öz qəbiristanlıqlarında, kafirlər də öz qəbiristanlıqlarında basdırılardı. Əbul-Xasasiyyənin (Allah ondan razı olsun) rəvayəti də buna dəlalət edir. O nəql edir ki, Peyğəmbər ﷺ müşriklərin qəbirlərinin yanından keçdikdə: “Bunlar çoxsaylı xeyirləri əldən verdilər”, – dedi. Müsəlmanların qəbirlərinin yanından keçdikdə isə: “Bunlar çoxsaylı xeyirləri əldə etdilər”, – dedi.(2)
3. Öləni qəbiristanlıqda dəfn etmək sünnədir. İki növ insan bundan istisnadır:
Birincisi, peyğəmbərlər. Çünki Peyğəmbər ﷺ demişdir: “Peyğəmbərlər vəfat etdikləri yerdə dəfn olunmalıdırlar”.(3)
İkincisi, şəhidlər. Şəhidlər şəhid olduqları yerdə dəfn olunurlar. Çünki Peyğəmbər ﷺ əshabına şəhid olanları şəhid olduqları yerdə basdırmalarını əmr etmişdir.(4)
4. Cənazə namazı qılınması qadağan olunan üç vaxtda, habelə gecə vaxtı cənazəni dəfn etmək düzgün deyil. Gecə vaxtı cənazəni dəfn etməyin bəyənilməməsinin səbəbi gündüzə nisbətdə gecə vaxtı cənazə namazı qılacaq müsəlmanların sayının az olmasıdır. Çünki çoxsaylı müsəlmanların ölən şəxs üçün səmimi şəkildə etdikləri dualarının qəbul olunacağına ümid edilir. Lakin bütün bunlara rəğmən, gecə vaxtı cənazəni dəfn etmək icazəlidir, çünki Peyğəmbər ﷺ də belə etmişdir.
5. Qəbrin daha dərin, geniş və gözəl şəkildə qazılması müstəhəbdir. Çünki səhabələr Uhud şəhidləri üçün qəbir qazdıqda Peyğəmbər ﷺ onlara belə demişdir: “Dərin və gözəl şəkildə qazın, iki-üç nəfəri bir qəbirdə basdırın, Qurandan daha çox biləni önə çəkin”.(5) Hədisdən də anlaşıldığı kimi, bir qəbirdə iki-üç nəfəri basdırmaq icazəlidir.
6. Qəbri həm “ləhd” (6), həm də “şəq” (7) formasında qazmaq icazəlidir. Lakin ləhd daha əfzəldir. Çünki Peyğəmbərin ﷺ zamanında qəbirlər, əsasən, ləhd formasında qazılardı. Hətta Peyğəmbər ﷺ demişdir: “Ləhd bizim üçün, şəq isə qeyriləri üçündür”.(8)
7. Meyit sağ tərəfi üzərində, üzü qibləyə uzadılır. Onun başı və ayaqları qiblənin sağ və sol tərəflərinə düşür. Meyiti ləhdə qoyan bu sözləri deyir: “Bismilləh və alə milləti rəsulilləh”. Peyğəmbər ﷺ demişdir: “Meyit qəbrə qoyularkən onu qəbrə endirənlər meyiti ləhdə qoyduqda belə desinlər: Bismilləh və alə milləti rəsulilləh (Allahın adı ilə və Peyğəmbərin milləti – sünnəti üzrə)”.(9)
8. Qəbrin bilinməsi və daha sonra ailəsindən vəfat edənlərin də onun yanında basdırılması üçün dəfn işi tamamlandıqdan sonra qəbri azacıq – bir qarış hündür etmək və üzərinə bir əlamət – daş, yaxud başqa bir şey qoymaq sünnədir. Belə ki, Osman ibn Məzun (Allah ondan razı olsun) vəfat etdikdə Peyğəmbər ﷺ onun qəbri üstünə bir daş qoymuş və belə demişdir: “Mən bununla qardaşımın qəbrinin yerini bilmək və ailəmdən vəfat edənləri onun yanında basdırmaq istəyirəm”.(10)
9. Qəbirlərin üzərinə qızılgüllərin və bənzər bitkilərin qoyulması şəriətdə varid olmamışdır. Peyğəmbərin ﷺ içində cənazənin əzab gördüyü iki qəbrin üstünə xurma ağacının yarpaqlarını qoyması isə bir çox insanın anladığı kimi deyil, tamamilə başqa səbəbdən dolayı idi. Belə ki, o ﷺ, yarpaqları qoyduqdan sonra belə demişdir: “Ümid edirəm ki, bu yarpaqlar quruyana qədər onların qəbir əzabı yüngülləşər”.(11) Bu onu göstərir ki, Uca Allah Peyğəmbərin ﷺ o iki cənazə üçün etdiyi şəfaətini qəbul etmişdir. Lakin Uca Allahın o iki qəbir sahibi üçün Peyğəmbərinə ﷺ bəxş etdiyi şəfaətinin müddəti də məhdud idi və yarpağın qurumasına qədər davam edirdi. Yoxsa, bunun səbəbi o yarpaqların quruyana qədər Allahı zikr etmələri deyildir. Əksinə, yer üzündə quru və yaş, nə varsa, hər şey Uca Allahı zikr edir. Həmçinin bu əməl məhz Peyğəmbərə ﷺ xas olan bir əməl idi, qəbir üstünə gül, yarpaq qoyan hər kəsə aid deyildir. Bunu dəstəkləyən dəlillərdən biri də Cabirin (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ nəql etdiyi bu rəvayətdir: “Mən əzab edilən iki qəbrin yanından keçdim. Ümid etdim ki, bu iki budaq quruyana qədər şəfaətim onlardan yan keçməyəcəkdir”.(12) Hədisdən də aydın olduğu kimi, onların qəbir əzabının yüngülləşməsi Peyğəmbərin ﷺ şəfaətinə görə idi, ağac yarpağına görə deyildi. Bunu alimlərdən Xattabi və digərləri də qeyd etmişdir.
10. Cənazəni dəfn etdikdən sonra təlqin etmək, yəni meyitə kəlmeyi-şəhadəti eşitdirmək icazəli deyildir. Çünki bu barədə varid olmuş hədis səhih deyildir. Onu da qeyd edək ki, cənazənin sorğu-sual əsnasında sabitqədəm olması təlqinə deyil, onun bu dünyadakı əməllərinə və Uca Allahın yardımına bağlıdır. Uca Allah buyurur: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları azdırar. Allah istədiyini edər”.(13)
Peyğəmbərin sünnəsində varid olan dəfndən sonra cənazə üçün Allahdan bağışlanma və sabitqədəmlik diləməkdir. Belə ki, Peyğəmbər ﷺ dəfn işi tamamlandıqdan sonra qəbrin yanında duraraq belə deyərdi: “Allahdan qardaşınızın bağışlanmasını və sabitqədəm olmasını diləyin. Həqiqətən, o, hal-hazırda sorğu-sual olunur”.(14) Peyğəmbərin ﷺ ölənə təlqin etməsi ilə əlaqədar səhih bir məlumat varid olmamışdır.

(1) Hədis səhihdir. Əhməd 1/97, Əbu Davud, 3214.
(2) Əhməd 5/83, Hakim (1/373) hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.
(3) Hədis səhihdir. Tirmizi, 1018.
(4) Hədis səhihdir. Əhməd 3/397.
(5) Əbu Davud, 3215, Tirmizi (1713) demişdir: Hədis həsən səhihdir.
(6) Ləhd – cənazənin qoyulduğu yeri qəbrin divar hissəsində qazmaqdır.
(7) Şəq – cənazənin qoyulduğu yeri qəbrin orta hissəsində qazmaqdır.
(8) Hədis səhihdir. Əbu Davud, 3208, Nəsai 1/283, Beyhəqi 3/408, Əhməd 4/357. Bax: “Əhkəmul-cənaiz” 145.
(9) Əhməd 2/27, Beyhəqi 4/55, Hakim (1/366) hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.
(10) Hədis həsəndir. Əbu Davud, 3206, Beyhəqi 3/412. Bax: “Əhkəmul-cənaiz” 155.
(11) Buxari və Müslim.
(12) Müslim, 3012.
(13) İbrahim, 27.
(14) Əbu Davud, 3221, Beyhəqi, Hakim (1/370) hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.