Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sütunlar arası səf tutmağın hökmü
Muaviyə ibn Qurra öz atasından rəvayət edir ki, o belə demişdir: “Peyğəmbər ﷺ zamanında sütunların arasında səf tutmaq bizə qadağan edilərdi və hətta oradan qovulardıq” (İbn Macə, 1002. İbn Xüzeymə, İbn Hibban, Hakim, Zəhəbi, Albani və digər hədis alimləri hədisin səhih olduğunu qeyd etmişlər).
İbn Xüzeymə bu hədis üçün belə bir bölüm açmışdır: "Sütunlar arasında səfə duranların oradan qovulmasına dair bölüm".
Əbdülhəmid ibn Mahmud demişdir: "Biz əmirlərdən birinin arxasında namaz qıldıq. İnsanların çoxluğuna görə məcbur qalıb iki sütunun arasında namaz qıldıq. Namazdan sonra Ənəs ibn Malik bizə belə dedi: "Biz Rəsulullah ﷺ dövründə bu əməldən çəkinərdik" (Tirmizi, 229, Əbu Davud, 673, Nəsai, 821. Tirmizi, İbn Xüzeymə, İbn Hibban, Hakim, İbn Həcər, Suyuti və Albani kimi alimlər hədisin etibarlı olduğunu vurğulamışlar).
İbn Hibban bu hədis üçün belə bir bölüm açmışdır: "Sütunlar arasında səf tutub camaat şəklində namaz qılmağın qadağan olmasına dair bölüm".
Qeyd: Bu əməlin icazəli olduğuna dair bəzi tabiinlərdən əsərlər varid olmuşdur ki, bu əsərlərin bir qismi ya sənəd yönündən zəifdir, ya da ki, fərdi namaz qılana aiddir, camaat namazına yox!
Sütunlar arasında namaza durmağın qadağan olması, səfi pozduğuna görə sırf camaat namazına aiddir. İbn Müflih demişdir: “Camaat namazında sütunların arasında durmaq məkruhdur, yəni bəyənilmir. Bu haqda Əhməd ibn Hənbəl belə demişdir: Çünki sütunlar səfi kəsir (pozur)” (əl-Furu, 2/39). Ona görə də imam Buxari "əs-Səhih" əsərində "Camaat namazından kənar sütunlar arasında namaza durmağa dair bölüm" açmış və bununla da qeyd etmək istəmişdir ki, bu qadağa səfi kəsdiyinə görə məhz camaat namazına aiddir, tək namaz qılana yox!" (Bax! İbn Həcər "Fəth əl-Bəri" 1/578).
Lakin namaz qılanların çoxluğu və məscidin dar olması səbəbilə sütunlar arasında səf tutmağa ehtiyac yaranarsa, bu halda şəriətin "الكراهة تزول عند الحاجة" - "ehtiyac halında kərahət hökmü qüvvədən düşər" və "المشقة تجلب التيسير" - "məşəqqət özü ilə asanlıq gətirər" qaydalarına əsasən qadağa aradan qalxar. Bu haqda imam Malik demişdir: "Əgər məscid dar olarsa, o halda, sütunlar arasında namaz qılmağda bir problem yoxdur" (əl-Mudəvvənə 1/106).
Yazıma Allah rəsulunun ﷺ bu mübarək kəlamı ilə son verirəm:
"Səfləri düzəldin, çiyin-çiyinə düzülün, boşluqları doldurun, (səfləri düzəltdikdə) qardaşlarınızla yumşaq (mehriban) davranın, şeytan üçün boşluqlar buraxmayın. Kim bir səfi birləşdirsə, Allah da onu (öz mərhəməti ilə) birləşdirər. Kim bir səfi kəssə, Allah da onu (mərhəmətindən) kəsər!" (Əbu Davud 666. Albani hədisin səhih, Nəvəvi də həsən olduğunu qeyd etmişdir. Bax! "əl-Məcmu" 4/227).
Müəllif: Əbu Zeyd Həbibli
SON ƏLAVƏLƏR