Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazə namazının imamlığı ilə əlaqəli məsələlər

1. Həmin diyarın rəhbəri, yaxud onun təyin etdiyi kəs imam durmağa daha layiqdir. Əgər o, camaat namazına gəlməsə, bu halda hətta uşaq olsa belə, Quranı daha düzgün oxuyan kəs imamlığa layiqdir. Amr ibn Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, onun qövmü Peyğəmbərə : “Bizə kim imamlıq etsin?” – deyə sual verdikdə Allah rəsulu belə demişdir: “Quranı daha çox bilən”. Amr deyir ki, həmin vaxt qövmüm içində məndən çox Quran bilən biri yox idi. Mən uşaq olduğum halda, məni önə çəkdilər. Belə ki, mən olduğum yerdə daima onlara namazları mən qıldırardım. Hətta bu günə qədər onların cənazə namazlarını mən qıldırıram.(1)
2. Cənazə namazında camaatın ən azı üç səf halında düzülməsi və səflərin düz olması müstəhəbdir. Çünki Peyğəmbər
belə demişdir: “Hər hansı bir insan ölər və onun üçün üç səf müsəlman cənazə namazı qılarsa, bağışlanması mütləqdir”.(2) Bu hədisin ravilərindən olan Malik ibn Hubeyra bu hədisə əsasən, cənazə namazında camaatı üç səfə bölərdi”.
3. Əgər imamdan savayı yalnız bir nəfər varsa, o, adi namazlarda olduğu kimi imamın yanında deyil, arxasında durmalıdır. Peyğəmbər
bir dəfə cənazə namazı qıldıqda arxasında Əbu Talha, onun da arxasında Ummu Suleym durmuşdu və həmin vaxt namazda onlardan başqa heç kəs yox idi.
4. Əgər birdən çox cənazə gətirilərsə, onların hamısı üçün bir cənazə namazı qılmaq icazəlidir, ayrı-ayrılıqda da qılmaq olar. Hamısı üçün bir cənazə namazı qılınacağı təqdirdə, böyük və ya kiçik olsun, fərq etməz, kişi xeylağı imama yaxın, qadınlar isə qibləyə yaxın qoyulmalıdır. Belə ki, İbn Ömər (Allah ondan razı olsun) doqquz cənazə üçün birdən namaz qılmış, kişi xeylaqlarını imamın önündə, qadınları isə qibləyə yaxın qoymuşdur. Həmin vaxt namaz qılanların içində Əbu Hureyrə, İbn Abbas, Əbu Səid, Əbu Qətadə (Allah ondan razı olsun) kimi səhabələr var idi. Onlara bu haqda sual verildikdə “Bu cür etmək sünnədir”, – dedilər.(3)
5. İmam kişi cənazəsinin baş tərəfində, qadının isə tam ortasında durmalıdır. Səmura ibn Cundəb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər
Kəbin (Allah ondan razı olsun) anasına cənazə namazı qıldıqda onun ortasında durmuşdu.(4) Ənəs ibn Malikə (Allah ondan razı olsun) bir kişinin cənazəsi gətirildi, namazı baş tərəfində duraraq qıldı. Daha sonra bir qadının cənazəsi gətirildi, namazı ortasında duraraq qıldı. Ona belə sual verildi: “Peyğəmbər də sənin kimi kişinin və qadının cənazəsi üzərində belə fərqli yerlərdə dayanardı?” Ənəs: “Bəli”, – deyərək cavab verdi.(5)
6. Məsciddə cənazə namazı qılmaq icazəlidir. Ən yaxşısı isə məscidin çölündə qılmaqdır. Çünki Peyğəmbər
, adətən, cənazə namazlarını məscidin daxilində deyil, xaricində qılardı. Peyğəmbər zövcələri Səd ibn Əbu Vaqqasın cənazə namazını məscidin içində qıldıqda camaat bunu qəribsəyərək: “Bu, bidətdir”, – dedilər. Aişə anamız bunu eşitdikdə belə dedi: “Onlar cənazəni məscidə daxil etməyi bizə ayıb edirlər! Amma Peyğəmbər Suheyl ibn Bəyda və onun qardaşı üçün yalnız məscidin daxilində namaz qılmışdı”.(6)

(1) Hədis səhihdir. Əbu Davud, 585, Beyhəqi 3/125. Bax: “Əhkəmul-cənaiz” 102.
(2) Əbu Davud, 3166, Əhməd 4/79, İbn Macə, Tirmizi, 1029.
(3) Nəsai hədisi Buxari və Müslimin şərtlərinə əsasən səhih sənədlə rəvayət etmişdir. Bax: “Əhkəmul-cənaiz” 103.
(4) Buxari və Müslim.
(5) Hədis həsəndir. Əbu Davud, 3194, Tirmizi, 1034, Beyhəqi 4/33, Əhməd 3/118.
(6) Müslim, 973, Əbu Davud, 3189, Malik 1/229.