Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ölənin faydalandığı əməllər

Peyğəmbərin ﷺ də bəyan etdiyi kimi, ölən şəxsə vəfatından sonra bəzi əməllər fayda verir. Onlar aşağıdakılardır:

1. Müsəlmanın vəfat edən qardaşı üçün etdiyi dua. Peyğəmbər ﷺ demişdir: “Müsəlmanın müsəlman qardaşı üçün qiyabında etdiyi dua müstəcəbdir. Bu halda onun başı üstə təyin edilmiş bir mələk durar və o, müsəlman qardaşı üçün dua etdikcə mələk də: “Amin, sənin üçün də olsun!” – deyər (yəni qardaşın üçün etdiyin duanın eynisi sənin üçün də olsun!)”.(1)

2. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql edir: “Vəfatından sonra möminə elmindən və saleh əməllərindən fayda verəcək şeylər:
- öyrətdiyi və paylaşdığı elm;
- yaxud arxasında qoyduğu saleh övlad;
- yaxud miras qoyduğu müshəf (Quran kitabı);
- yaxud tikdirdiyi məscid;
- yaxud yolçular üçün tikdirdiyi ev;
- yaxud çəkdiyi su xətti;
yaxud sağlığında malından xərclədiyi sədəqələr. Bütün bunlar vəfatından sonra ona fayda verəcəkdir
”.(2)

(1) Müslim, 2733.
(2) İbn Macə 1/106, şeyx Əlbani “Əhkəmul-cənaiz” (177) əsərində hədisin həsən olduğunu qeyd edir.