Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Valideyinlərə yaxşılığın incə məqamları

Valideynlərinə yaxşılıq etməyə çalışan bir çox qardaşlar, bəzi incə və sadə məsələlərdə valideynlərə yaxşılıq (birr) fəqhinə diqqət yetirmirlər. Bu incəliklər vərdiş səbəbilə çoxlarının ağlına gəlmir.

1-ci məqam:
Sələflər valideynlə mübahisə edib onu dəlil ilə susdurmağı qadağan etmişdir. İbn Cəvzi “Birrul-validəyn” kitabında yazır: Yezid ibn Əbi Həbib dedi:
“Valideynin üstünə dəlil gətirmək – onlara qarşı çıxmaqdır.”
Yəni, söz ilə onlara qalib gəlmək onlara qarşı çıxmaqdan sayılir. Eləcə də onlar ilə başqaları kimi mübahisə edib öz dəlilini onların dəlilindən üstün tutmağa can atmaq yaxşılıqdan deyil.
( Burada söhbət şəri məsələlər üzərində mubahisə etməkdən gedir )

2-ci məqam:
Həsəndən soruşuldu: Bir adamın anası ona “orucu aç” desə, o orucu açsınmı?
O dedi: Orucunu açsın və ona qəza lazım deyil. Ona həm orucun, həm də anasına yaxşılıq etməyin savabı yazılar.
(Burada söhbət nafilə orucdan gedir.)


3-cü məqam:
Övlad valideyninin ehtiyaclarını onlar istəmədən anlayıb yerinə yetirməyə çalışmalıdır. Bu, həm daha təsirli olar, həm də onlara minnət yükü düşməz. Məsələn, onlara hədiyyə verib, onların da başqalarına sədəqə və hədiyyə etməsinə imkan yaratmaq kimi.

4-cü məqam:
Əgər Allah səni valideynlərinə xidmət etmək üçün seçibsə, şeytanın “bəs qardaşlarım haradadır ?” deyə ürəyinə vəsvəsə salmasına imkan vermə.

5-ci məqam:
Həsənul Bəsri bir kişiyə belə demişdir: “Ananla oturub axşam yeməyi yeyib, ona yoldaşlıq etməyin və üzünü sevindirməyin mənim üçün nafilə həccdən daha sevimlidir.”

6-cı məqam:
Əgər valideynlərin söz və ya əməl ilə səni incitsə, onlara qarşı qeyzlənmə, əsəbinə qalib gəl. Ürəyin qırılsa belə, bil ki, onlar tez peşman olar. Sənin kədərin isə onların qəlbini iki dəfə qırar.

7-ci məqam:
Valideynlər qarşısında qardaş və bacıların haqqında gözəl danışmaq, onların qüsurlarını gizlətmək və yaxşılıqlarını göstərmək – onları sevindirər.

8-ci məqam:
Üzücü hal odur ki, ağlı başında və böyük yaşlarda bir neçə övladı olan ata ehtiyac vaxtı onların yanında görmür, əksinə dostu, xəstəxana işçisi, məsciddə və yaxud hər hansısa munasibəti olan biri ilə sohbət edir. Halbuki, sənin onunla söhbət etməyin, bu həm ona izzət, həm sənə böyük savabdır. Axirətdən əvvəl dünyada övladlarından da eyni qarşılığı görərcəksən və mükafatını da alacaqsan.

9-cu məqam:
Telefon və cihazların valideynlərlə fiziki və sözlü ünsiyyətinə mane olmaması lazımdır. Yanlarında olub onlardan üz döndərmək – günah və hörmətsizlikdir. Çünki bu onlara qarşı diqqətsizlikdir.

10-cu məqam:
Allaha elm üzərində ibadət etmələri üçün valideynlərinə bilmədikləri dini məsələləri öyrətmək lazımdır, lakin bunu nəzakətli sözlərlə və ağıllı şəkildə etmək gərəkir.

11-ci məqam:
Onlara öz istədiyini yox, onların xoşuna gələcək mövzuları danış. Onlara sevgi və xidmət etməkdən məmnun olduğunu hiss etdir.

12-ci məqam:
Valideynlərinə qardaşlarının onlara qarşı biganə olduğunu hiss etdirərək, onlara yaxşılıq edənin tək sən olduğunu götərmə. Əksinə, onlara bütün övladlarının onları sevdiyini bildir. Hər hansısa birində biganəlik görsən belə bu halın başqa bir işlə bağli olduğunu de.

13-cü məqam:
Allaha ixlasla ibadət et, hərdən isə bu ibadətin bir qismini atana və anana göstər. Çünki övladlarının saleh olduğunu görmək, onlar üçün ən böyük sevincdir.

14-cü məqam:
Qardaşlarınla valideynlərinin yanında mübahisə etmə, səslərinizi yüksəltməyin. Bu, onların rahatını pozar və onlara qarşı hörmətsizlikdir.

15-ci məqam:
Bizlərdən hər kəs bilməlidir ki, valideyin yaşlandıqda səbrləri azalır, istəkləri artır, narahatlıqları çoxalır. Ona görə də “Onlara ‘uff’ belə demə”

16-cı məqam:
Allaha çox dua et ki, səni valideynlərinə yaxşılıq etməyə müvəffəq etsin.

17-ci məqam:
Valideynlər vəfat etdikdən sonra da onlara yaxşılıq etmək: Onlar üçün dua və istiğfar etmək, vəsiyyətlərini yerinə yetirmək, dostlarını hörmətlə qarşılamaq və yalnız onlar vasitəsilə əlaqəli olan qohumlarla münasibətləri davam etdirmək.

Peyğəmbər ﷺ buyurdu:
“ Valideyin vəfat etdikdən sonra onlara edilən ən gözəl yaxşılıq: Onlara dua etmək, istiğfar etmək, vəsiyyətlərini yerinə yetirmək, dostlarını hörmətlə qarşılamaq və yalnız onlar vasitəsilə olan qohumlarla əlaqəni davam etdirməkdir.”
(ət-Təbərani, həsən isnadlıdır – Əlbani)

~~~~~~~~~~~~~~~~~
“Allahım, valideynlərimizin haqqı bizim üzərimizə böyükdür, biz isə azını edə bilirik. Bizim qüsurumuzu bağışla, bizi onlara ən gözəl şəkildə yaxşılıq edənlərdən et.

Ey Rəbbim! Məni, valideynlərimi və möminləri Qiyamət günü bağışla.”

Tərcümə etdi: Sahib Xasayev.