Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazın önəmi
Namaz dini ayaqda tutan dirəkdir. Dirək olmasa, ona dayanan da yıxılar. O, Allahın əmr etdiyi ilk və ən böyük bədəni ibadətdir. Aciz qulun Uca Rəbbi ilə qurduğu rabitədir. Bəndə Uca və Əziz olan Rəbbinin qarşısında nə qədər zəlil və alçaq duruşlu olsa, Rəbbi onu o qədər ucaltmış olar. Bax, ibadət də budur. O ibadət ki, qul onunla şərəflənər və izzət qazanar. Kim bu şərəfdən (yəni islamdan) başqa bir şərəf axtararsa, o zaman Allah onu şərəfsizlər zümrəsinə qatar. İmam Şafii nə gözəl demiş: «Ey Adəm oğlu! Sən dünyaya gələndə ağlayırdın, yaxınların isə ətrafında sevinirdilər. Sən elə yaşa və elə həyat sür ki, bir gün sən öləndə, ətrafındakılar ağlayanda sən isə sevinsən». Bax, budur şərəf. Budur İslam şərəfi ilə izzətlənən həyat. Bəs bunsuz (yəni İslamsız) həyat nədir?
Cavabını şərəfli səhabə İbn Ömərdən dinləyək. O deyir: Rəsulullahdan (ﷺ) eşitdim ki, o dedi: «Şübhəsiz namazın dindəki yeri, başın bədəndəki yeri kimidir» (Təbərani, «Əvsat» III/154, «Sağır» I/60,61). Ey qardaş! Bax, həqiqət budur: Başı olmayan bədənin aqibəti nədirsə, ibadətsiz həyatın da aqibəti odur. Namaz hər bir xeyrin açarıdır. Qəlbə rahatlıq, ruha sevinc və hüzur verir. Bədəni isə çalışqan və canlı edər.
Həmçinin bilmək lazımdır ki, Allah insanı özünə ibadət üçün yaratdı. Uca Allah buyurur: «Mən cinləri və insanları mənə ibadət etməkdən başqa bir şey üçün yaratmadım». (əz-Zariyat surəsi, ayə 56) Qurani-Kərimdə də ən çox əmr edilən məhz namazdır. Hətta qiyamət günü Cəhənnəm əhlinə sual ediləcək ki: «Sizi Saqara (yəni cəhənnəmə) nə saldı!?» Deyərlər ki: Biz namaz qılanlardan deyildik!» (Müddəssir surəsi, ayə 42-43) Rəsulullah (ﷺ) buyurur ki: «Qiyamət günü qulun hesaba çəkiləcəyi ilk şey namazdır. Əgər o düzgün çıxarsa, digər əmələri də ona uyğun düzgün çıxar. Əgər o yerində olmazsa, digər əmələri də boşa gedər» (Heysəmi «Məcməuz-Zəvaid» I/291-292) Elə bu səbəbdəndir ki, Allah Taala: «Mömin qullarıma söylə, namaz qılsınlar...» (İbrahim surəsi, ayə 31) Rəsulullahın son vəsiyyətlərindən biri də bu oldu: «Namazlarınıza diqqət edin!....» (Əhməd «Müsnəd» I/290)
Amma Allahın bu əmrindən üz çevirən və Rəsulullahın tövsiyəsinə məhəl qoymayanlara gəldikdə isə Allah belələri barədə belə buyurur: «Bunlardan sonra namazı tərk edən və arzularına, nəfsərinə uyan bir qövm gəldi. Bax onlar qay ilə qarşılaşacaqlar». (Məryəm surəsi, ayə 59). İbn Məsud deyir ki: «Qay cəhənnəmin dibində, dadı çox pis olan bir çaydır (yəni irin)» (Hakim «Müstədrək» II/374).
Hətta peyğəmbərimiz namazı tərk etməyin təhlükəsini belə anladır: «Kişi ilə şirk və küfr arasında namazı tərk etmək var.» (Müslim I/88, hədis №82).
Unutma ki: «Şəraitim yaxşılaşandan sonra namaz qılaram» – deyən kəsin şəraiti daha da ağırlaşa və «sabah namaza başlayaram» – deyən kəsin də sabahı açılmaya bilər. Bax bu səbəbdən sən namazını şəraitinə görə deyil, şəraitini namazına görə uyğunlaşdır və Allaha ibadətini tərk etmə! Allah, özünə ibadəti tərk edənləri tərk edər. O kəs də həyatda tənha və yardımsız qalar. Təbii ki, güc-qüdrəti mal-mülkdə görənlər bir gün iflasa uğrayarlar. Amma ibadətdən güc alanların o güc mənbəyi isə heç vaxt tükənməz. Çünki o mənbəyin sahibi tək olan Allahdır.
Əbu Zeyd Həbiblinin qələmi ilə (2005-ci il)
SON ƏLAVƏLƏR