Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Hədis alimləri siyasi təsirlərə düşüb özlərindən hədis yazıblar? (2-ci hissə).
Mövzunun davamı: Konkret mövzuya gəldikdə isə, "siyasətçilərin hədis alimləri ilə əlaqələrinin hakimiyyətlə uzlaşdırma və idarəetmədə onlardan yardım istəmə metodu" haqda qısa olaraq bunları demək olar:
Uzlaşma dedikdə hakimiyyətin onlara təzyiq göstərməsi deyil, əksinə, hədis alimlərinə fətva və ya məsləhət üçün müraciət etməsi, bəzən hədis alimlərindən faydalanmaq üçün onların dərslərində oturmaları və s. xeyirli mənalar qəsd edilir. Hətta bu mənaya hədis alimlərinin siyasi hakimiyyətin hansısa bir əməlinə qarşı çıxsa belə siyasi hakimiyyətin bu alimləri despotizmlə qarşılamaması da daxildir. Bu alimlər İslamın məsləhətindən bilərək, həmin şəxslərin zahirində xeyir görərək bəzi siyasi vəzifələrdə belə olmuşlar. Çünki dövlət hər kəsin dövləti idi, nüfuz müsəlmanlarda idi. Bu vəzifələrdən misal olaraq hansısa şəhərin idarəçiliyini, beytül-mala (dövlət büdcəsinə) nəzarəti, ordu rəhbərliyini, polis idarəçiliyini, xəraca nəzarəti və s. qeyd etmək olar.
Amma, siyasi hakimiyyətin bəzi hədis alimlərinə qarşı çıxması və mübarizə metodu ilə yanaşmasına gəldikdə, onu demək olar ki, raşidi xəlifələrdən sonra idarəçilik xilafətdən səltənət üsuluna keçdiyi və bəzi zülm halları baş verdiyi üçün zaman-zaman insanlarda narazılıqlar yaranırdı və hakimiyyəti qorumaq üçün bəzən gücdən və xoşagəlməz üsullardan istifadə olunurdu. Bu da ümmət arasında fitnələrin yayılmasına və digər problemlərə gətirib çıxarmışdı. Bu cür fitnələr bəzi hədis alimlərinin siyasi hakimiyyətlə üz-üzə gəlməsinə gətirib çıxarmışdı. Baxmayaraq ki, hədis alimlərinin insanlar arasında müəyyən bir nüfuzu var idi. Bu qarşıdurma çox hallarda siyasi hakimiyyətin sapma hallarında hədis alimlərinin elm və din qeyrətindən dolayı onlara güzəştə getməməsindən dolayı yaranırdı. Hədis alimləri iradə nümayiş etdirməyə çalışıb dində güzəştə getmək istəmirdilər. Əsasən də dini cəhətdən pozuntuların şahidi olduğu zaman bu pozuntulara qarşı susmayan bəzi hədis alimlərinin siyasi hakimiyyətlə qarşıdurması baş vermişdir. Bu qarşıdurmalar bəzən qətl, həbs və saxlanılma, izlənilmə, ölkədən çıxarılma, beytül-maldan (dövlət büdcəsindən) yardımın kəsilməsi kimi hallarla müşayiət olunurdu. Lakin, bütün hədis alimləri ilə belə davranılmayıb. Burada qeyd edilənlər tarixdə baş vermiş halların xatırlanması və təhlil edilməsi üçündür. Hətta bu halların özü belə dəlildir ki, hədis əhli siyasi hakimiyyətə ölkənin məsləhəti olan işlərdə yardım etsələr də, dini təhrif etməkdə yardım etməyib və bir çox sıxıntılarla üzləşiblər. Hədis alimləri bəsit batillərə göz yummadıqları halda necə ola bilər ki, siyasi hakimiyyətlərin xeyrinə Peyğəmbərin ﷺ adından yalanlar uydursunlar?!
- Sonra bilinməlidir ki, bu əlaqələrin əsli sağlam əlaqələr olmuşdur. Qarşıdurma halları isə istisna hallardır.
- Əsli sağlam əlaqələrdən sonra baş vermiş bəzi davamlı fitnələr də bu əlaqələrin korlanmasına və başqa məcraya gəlməsinə xidmət etmişdir.
- Fitnələr səbəbilə siyasi hakimiyyətlərlə hədis alimləri arasındakı əlaqələrdə baş vermiş dəyişikliklər bütün hədis alimlərini əhatə etməmiş, bu hal onların bəziləri arasında baş vermişdir. Bu o alimlərin ictihadları ilə baş vermişdir, hansı ki səhv və ga doğru olduğu halda bir və ya iki savab qazanırlar.
- Həmçinin, bəzi hədis alimlərinə qarşı yaxşı olmayan siyasi münasibətlər həmin dövlətin sabit bir metodu deyildi. Əksinə, bəzi rəhbərlərin mövqeyi olmuşdur. Nə şəri cəhətdən, nə də əqli cəhətdən icazəli deyil ki, siyasi hakimiyyətlərin xətaları bütün rəhbərlərə aid edilsin. Misal olaraq kifayət edir ki, Məmunun zamanında hədis əhli üçün çətin bir dövr idi, amma Məmundan sonra, əl-Mütəvəkkilin zamanında hədis əhli üçün, əhli sünnə üçün gözəl bir dövr başladı.
- Bu hadisələrin bəziləri iki tərəfin arasında baş verən hadisə və yanaşmanın nəticəsi idi. Bir tərəf bu münasibətləri dövlətin mənafeyinə, digər tərəf isə fərdin (alim münasibət qurmamağı öz) mənafeyinə uyğun görürdü; bəzi rəhbərlər qazilik vəzifəsinə gəlməyi qəbul etməyən (alimləri) cəzalandırmışdı. Sünnənin (hədislərin) rəvayətçilərindən bir qismi hakimiyyətə bu işdə razılıq verməmişdilər. Bunun qarşılığında onlar ya şallaq cəzası almış, ya da həbs olunmuşdular. Hakimiyyətin bu cür mövqe sərgiləməsi hakimimiyyətə görə deyil, ümmətin ehtiyacı olan mühüm bir (dini) vəzifəyə görə idi. Bu mühüm (dini) vəzifəni qəbul etməyən kimsələrin cəzalandırılması onlar tərəfindən təyin edilən insanların ümumi məsləhətinə görə idi. Bunun müqabilində bəzi hədis alimlərinin ehtiyat və vəra(7) nəticəsi olaraq vəzifələri qəbul etməməsi, rəhbərin hədiyyələrini qəbul etməməsi və rəhbərin hüzuruna daxil olmaqdan çəkinmək halları da var idi ki, bu həmin hədis alimlərinin müvəffəqiyyəti kimi də qiymətləndirilir.
- Bəzi hədis alimləri və rəhbərlərin çəkişmə və qarşıdurmasının səbəbi heç vaxt peyğəmbərin ﷺ adından hədis uydurmaq olmamışdır. Ümumiyyətlə, alimlərin siyasi hakimiyyət tərəfindən cəlb edilməsinin səbəbi hədis yazmaqla əlaqədar olmamışdır. Bu haqda bir tarixi fakt nəql edilməmişdir. Baxmayaraq ki, bu cür arqumentə ehtiyacı olanlar az olmayıb.
Əksinə, bəzi hakimiyyət adamlarının öz şəxsi mənfəətləri üçün tələbi olduqda alimlər tərəfindən şiddətli bir mövqe ilə qarşılaşıblar. Buna misal olaraq bir rəvayəti qeyd edək; Əbu Muaviyə əd-Darir demişdir: "Hişam ibn Əbdülməlik Aməşin yanına bir elçi göndərərək ondan özü üçün Osmanın hünərli hekayələri, Əlinin pis əməlləri haqda yazmasını istəyir. Bu durumda Aməş ona verilən vərəqi götürüb keçinin ağzına qoyur, o da həmin vərəqi çeynəyir. Sonra Hişamın elçisinə belə deyir: ona de ki, bu sənin cavabındır. Elçi belə deyir: Əgər mən sənin cavabını ona çatdırmasam, o məni öldürməyə niyyətlənib. Ona dedilər: ey Əbu Muhəmməd, onu ölümdən xilas et. O zaman ki, bir yazı yazmasına israr etdilər o belə bir yazı yazdı: "Mərhəmətli və Rəhimli Allahın adı ilə! Sonra: Ey Möminlərin əmiri, əgər Osmanın yer əhlinin hamısının hünəri qədər hünəri olsa, bunun sənə bir faydası olmaz. Əgər Əlinin yer əhlinin hamısının pislikləri qədər pisliyi olsa, bunun da sənə bir zərəri olmaz. Sənə öz şəxsi işin olan nəfsinlə (özünlə) məşğul olmağı tövsiyə edirəm. Vəssalam".(8)
Dördüncüsü: Rəvayətlərdə siyasi izlər varmı?
Bu mövzu da geniş araşdırma tələb edən mövzulardandır. Yazımız çox uzanmasın deyə maksimum sözü ixtisar etməyə çalışacağam. Hədis alimləri bu ümmətin tarixində baş vermiş bir çox siyasi ixtilafların, kəskin siyasi durumların, fitnələrin və ayrılıqların şahidi olmuşlar. Eyni zamanda hədis alimlərinin qarşısına din elminə (ələlxüsus hədis mətnlərinə) yalan qatmaq istəyənlər də çıxmışdır. Lakin onların bu cür yalançılara qarşı şiddətli, kəskin mövqeləri olmuşdur. Bu mövqe tamamilə elmi mövqe olmaqla yanaşı, Allah elçisinin ﷺ hədislərini qorumağa yönəlmiş metodlara əsaslanırdı. Bu metodların ilki isnadın tələb edilməsi idi. Belə olduğu halda kiminsə Allah elçisinin ﷺ adından yalan uydurması və bu yalanın alimlərə gizli qalması bir növ mümkünsüzləşirdi. Necə ki, İbn Sirin demişdir: "(Əvvəllər) isnad barəsində soruşmazdılar. Fitnə baş verdikdə isə (hədis alimləri) dedilər: (hədis silsiləsindəki) kişilərin adlarını bizə sadalayın. Beləcə, əhli sünnəyə baxılar, onların hədisləri götürülərdi. Bidət əhlinə də baxılar və onların hədisləri götürülməzdi" (9). Bundan sonra hədis alimləri elə isnada əsaslanaraq bir rəvayətin qəbulu üçün - rəvayətçinin özü və rəvayət etdiyi rəvayətin özünə baxmaq aspektindən - dəqiq elmi meyarlar təyin etdilər. Beləcə, onlar yalançı rəvayətçilərin halını bəyan etdilər, onların yaydığı hədislərin hökmünü bildirdilər. Uydurma hədisləri bəyan etmək məqsədilə hədis alimlərinin yazdığı kitablar uydurma hədislər və yalançı rəvayətçilərin adları ilə doludur. Alimlər tarixdə hədis uydurmağa səbəb olan müxtəlif amillərin olduğunu bildirmişlər. Bunlardan biri də siyasi məqsədlə hədis uydurmaqdır.
Bu məqamda bir sual yaranır: Görəsən siyasi məqsədlə hədis uydurmaq məsələsi dəqiq bir iddiadır? Yəni, bu cür uydurma halları yayqın bir hal olub ciddi bir problem həddində idi? Yoxsa, nadir hallarda baş verən keçici bir hal idi? Bu suallar haqqında düşündükdə görürük ki, tarixi faktlara söykənən bəzi hallar olub, həmin halların siyasətlə əlaqəsi olsa da, bu hallar hədis alimləri tərəfindən ifşa edilmiş və bəyan edilmişdir. Araşdırmaçılar bu hallara:
1 - hansısa siyasətçinin və ya müsəlman dövlətinin fəziləti haqqında uydurulmuş azsaylı zəif və uydurma sənədi olan rəvayətləri,
2 - bunun kimi hansısa siyasi rəhbərə yaltaqlıq etmək üçün uydurulduğu iddia edilən sənədi mötəbər olmayan azsaylı rəvayətləri aid ediblər. Heç biri mötəbər olmayan həmin rəvayətlər, əsərlər bizə belə deməyə əsas verir ki, siyasi maraqlar üçün bu qəbildən uydurma rəvayət hallarına misal göstərilən əsərlərin heç biri mötəbər olmadığı üçün bu cür hallar nadir hallarda baş verən keçici bir hal olmuşdur. Yəni, qlobal bir problem halında deyildi. Hətta daha mühüm bir fakt da odur ki, Abbasi və Əməvilərin fəzilətini göstərmək məqsədilə uydurulduğu irəli sürülən rəvayətlərin heç birinin siyasi təsirlə yazıldığı sübut edilməmişdir.
Habelə, rəvayətlərdə siyasi izlər olması məsələsinin ciddi, qlobal bir problem kimi göstərə bilməyənlər məcbur olub bəzi təxmin və iddialara baş vuraraq bir növ bu iddia olunan amili özlərinin əleyhinə çevirmişlər. Həmçinin, bu tipli rəvayətçiləri hədis alimləri ifşa edərək onlar haqqında kitablarda bilgi vermiş və hədis alimləri arasında o şəxslərin bir dəyəri qalmamışdır. Həmçinin, hansısa siyasi rəhbərliyi tərifləyən rəvayətləri ixtisas əhli olan alimlərin bildirməsi onu göstərir ki, elə rəvayətləri hamıdan öncə ixtisas əhli olan hədis alimləri aşkar etmişlər. Deməli, hədis alimləri bu cür uydurmalara qarşı ayıq-sayıq olmuş və bu halların fərqində olmuşlar.
Bu məqamda mühüm bir məsələyə toxunmaq yerinə düşərdi. Bu isə hansısa rəvayətçinin yalançı olması və onun adından uydurulmuş rəvayətlərin onunla bağlı olması anlamına gəlmir. Məsələn, Ğiyas ibn İbrahim adlı şəxs hədis alimlərinə görə yalançıdır(10). Lakin bu o demək deyil ki onun haqqında deyilmiş bütün rəvayətlər qəbul edilməlidir. Çünki bəzi rəvayətlər hökm vermək üzərində qurulub. Bir çox siyasi cəhətdən hədis uydurma iddiası edənlər həmin bu İbrahim adlı şəxsin xəlifə Mehdi yanında hədis uydurmasını misal çəkirlər ki, bu doğru deyil. Görünən budur ki, onun hədis alimlərinə görə yalançı hesab edilməsindən istifadə edilərək siyasi cəhətdən hədis uydurulmasını əsassız mənbələrə görə sübut etməyə çalışanlar olub.
Bu məqamda daha mühüm bir məsələyə toxunmaq yerinə düşərdi. Deməli, siyasi hakimiyyətin məsləhətinə görə konkret olaraq baş vermiş hadisələr zamanı baş vermiş yalançılıq iddiaları hansısa bir hədis alimi tərəfindən sağlam bir yolla təsdiqini tapmamışdır. Nə də hansısa valinin bunu etməsi və ya bunu əmr etməsi və ya belə bir hadisənin onun qarşısında baş verməsi öz təsdiqini tapmamışdır. Bu haqda olan bütün rəvayətlər zəif və ortaya atılmış iddialardır. Həmçinin hansısa siyasi rəhbərin fəziləti haqqında deyilmiş uydurmalar da bu qəbildəndir. Heç bir dəlil yoxdur ki, bunların uydurulmasında həmin siyasi hakimiyyətlərin rolu var. Bu sözü təsdiqləyən amillərdən biri odur ki, kitablarda gələn rəvayətlərdə - mötəbərlik dərəcəsinə nəzər yetirmədən - siyasi hakimiyyətlərin hədis uydurmaq məqsədilə hədis alimlərinə təzyiq göstərməsinə heç bir dəlil yoxdur. Bunu edənlər çox zaman öz qənaətlərinə görə, yaxud da şəhvət ya şübhənin idarə etdiyi meyillərə görə belə addımlar atmışlar.
Bunun müqabilində isə biz siyasi hakimiyyətlərə qarşı mübarizə məqsədilə ortaya çıxmış bəzi uydurma hədislərin şahidi ola bilərik. Məsələn, Abbasilərin və ya Əməvilərin guya peyğəmbərin ﷺ dilindən pislənilməsi kimi uydurma rəvayətlərin şahidi ola bilərik. Bu kimi rəvayətlərdə siyasi amil və siyasi hədəflər açıq-aşkar ortadadır. Sırf bu cür uydurmaları istifadə etmək məqsədilə siyasi izahlara baş vurmağa çalışıb hədis elminə tənə etmək istəyənlərin peyğəmbərin ﷺ sünnəsi ilə oyun oynanıldığını dediklərini müşahidə etmək olar. Bu cür uydurmaların da hədis alimləri nəzdində bir qiymətinin olmadığını görürük. Hədis alimləri bu tipli rəvayətlərin, xəbərlərin tənqidini hədis elminə aid sübutlarla ortaya qoymuş və əsassız olduğunu bəyan etmişlər. Onlar bunu edərkən ortada siyasi amil olduğunu vurğulamamışlar. Çünki bu bir ehtimaldır. Burada uydurmanın səbəbi siyasi və başqa amillər ola bilər. Amma bu dəqiqdir ki, siyasi hakimiyyətlərin əleyhinə uydurulmuş rəvayətlər mötəbər olsaydı, bunu da ən birinci hədis alimləri bəyan edərdilər.
Bir mühüm məsələ isə bu tipli uydurma rəvayətləri edənlərin cərh və tədil (hədis) alimləri nəzdində olan halıdır; bu tipli rəvayətlərin zəifliyini hədis elmi aspektindən hədis alimləri bəyan etmiş, sənəddə olan hansısa rəvayətçinin probleminə toxunmuşlar, hədis elmində buna "adələtur-ravi" deyilir. Bu şiddətli tənə hesab olunur. Bu da hədis alimlərinin yalan və yalanda ittiham olunmaq məsələsinə qətiyyən səhlənkar yanaşmadıqlarını göstərir. Elə bir hədis uyduran, yalan uyduran yoxdur ki, sonradan ondan hədis qəbul edilsin. Habelə, mötəbər hədis alimləri haqqında da – heç zaman – yalanın hansısa bir növünü danışmaları rəvayət olunmamışdır.
Belə olduğu halda, onlar hələ siyasi mövzuda mübarizə məqsədilə hansı yalanı uydura bilərdilər?! Deməli, ilk öncə siyasət əhlinə bu tipli yalan rəvayətlərlə düşmənçilik edənlər hədis əhlindən olmamışlar. İkincisi isə, hədis əhli də onları qəbul etməmişdir. Kimlər ki, siyasi məqsədlə hədislərin uydurulması fikrini ümumiləşdirərək bunu hədis alimlərinə də calamaq istəmiş, sonra da sabit və mötəbər hədisləri ittiham altında qoymağa cürət edirsə, o kimsədən hər rəvayətdə hədis uydurmaqla ittiham olunan rəvayətçiləri göstərmək tələb olunacaqdır. Həmçinin, ondan siyasi hakimiyyətə qarşı bu cür uydurma rəvayətlərdən istifadə edən hədis alimlərini faktlarla sadalamaq tələb olunacaqdır. Elə isə siyasi hakimiyyətlərə qarşı uydurmanın baş verməsi o demək deyil ki, mövzunu şişirdib elmi müstəvidən kənar formada buna qiymət verilsin, yaxud da mötəbər alimlər ittiham edilsin. Əksinə, vacib olan budur ki, ittiham yalançı şəxsin özünə qarşı edilsin və başqasına keçməsin. Bu mövzu ilə bağlı deyəcəklərimiz hələlik bunlardır. Əslində mövzu həddindən artıq geniş mövzudur. Bu məqamda bu qədəri ilə kifayətlənirik. Sonda Allahın elçisi ﷺ Muhəmmədə, onun səhabələrinə və əhli beytinə Allahın salavatı və salamı olsun.
Qeydlər və istinadlar:
1 - əl-Muhəddisunə vəs-Siyasə. Dr. Ibrahim əl-Aclən. Bax: səh. 27-42.
2 - Hədisin mənbəsi: Səhih əl-Buxari. 110. Müslim. 3.
3 - Bu terminlərdən "siqa", "saduq", "daif" və s. misal çəkmək olar. Siqa: etibarlı rəvayətçiləri ifadə edir. Saduq isə, ondan bir qədər aşağı rütbədə olan rəvayətçiləri ifadə edir, imam Zəhəbi onları belə vəsf edirdi: "Saduq, xətası çox olmayandır, lakin ola bilsin ki xəta etsin". Daif (zəyif) isə etibarlı rəvayətçi hesab edilməyib xətalara yol verəndir. Bu onun hədisi qoruması və ədalətində olan zəiflik kimi ifadə olunur.
4 - Bu nəqli əllamə Əbdür-Rəhman əl-Muallimi İbn Əbi Hatimin "əl-Cərh vət-Tədil" kitabına yazdığı müqəddiməsində ondan nəql etmişdir (1/2).
5 - Necə ki, şərqşünas Qoldziher "Muhəmməd haqqında araşdırmalar" əsərində. (2/50) bu məsələni qabardır. Həmçinin bax. "Ərəb siyasi düşüncəsi". Muhəmməd əl-Cabiri. səh. 252.
6 - Minhəcus-Sunnə. 8/171.
7 - Vəra sözünün mənası; lüğəvi cəhətdən: özünü uzaq tutmaq, imtina etmək, haramlardan uzaq durmaq və s. mənaları ehtiva edir. Şəri cəhətdən isə: Axirətdə zərər verə biləcək şeyləri tərk etməkki, bu haramları tərk etməkdir. Yaxud da şübhələri tərk etməkdir ki, bu cür şübhəli şeyləri tərk etmək daha üstün olan bir əməli buna görə tərk etməyi gərəkli etmir. (Movsuatul-Aqidəti vəl-Ədyən val-Firaq vəl-Məzəhib əl-Muasırah. 6/3096. الورع sözünün izahı).
8 - Şəzəratuz-Zəhəb. 1/221; Vəfəyatul-Əayən. 2/403).
9 - Səhih Müslimin "Müqəddimə"si. (1/15).
10 - "Cərh və Tədil". 5/57. "əl-Məcruhin". 2/200. Mizanul-Etidal. 3/338.
Digər mənbələr:
11 - Hirasətus-Sünnə Raddu Şubuhəti va Dalələti Munkiris-Sunnə. Muhəmməd Həsən Abdul-Həmid əş-Şeyx.
12 - əs-Sunnə Məkənətuhə fit-Təşri əl-İsləmi. Dr. Mustafa əs-Sibəi.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR