Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Hədis alimləri siyasi təsirlərə düşüb özlərindən hədis yazıblar? (1-ci hissə)
Şübhə belədir: Hədis alimləri tarix boyu Əməvilərin və başqa siyasi elitanın rəğbətini qazanmaq üçün özlərindən hədislər icad edib kitaba yazıblar. Bu haqda bir çox arqumentlər var. Əgər dinin bu şeylərə ehtiyacı var idisə, biz nə üçün hədislərə inanmalıyıq?!
Şübhənin cavabı: bu şübhəyə cavabımız bir neçə aspektdən olacaqdır:
1 - Mövzunun düzgün təsəvvürü üçün hədis elmi və hədis alimlərinin məqamı ilə tanışlığa ehtiyac var.
2 - Alimlərin siyasi rəhbərliklərlə münasibətlərinin növlərinə baxış.
3 - Siyasi rəhbərliklərin hədis alimləri ilə tarixi əlaqələrinə baxış.
4 - Rəvayətlərdə siyasi izlər varmı?
Birincisi: "Hədis elmi" və hədis alimləri ilə qısa tanışlıq; Hədis elmi Allah elçisinin (Allahın ona salavatı və salamı olsun) söz, hal və hərəkətlərini sənədi, mətni və rəvayətçilərilə birgə öyrənən böyük bir elmdir. Bu elm səhlənkarlığı, yalanı, tərəddüdü qəbul etmir. Bu elm çox dəqiq elmdir. Bu elm o qədər dəqiqlik tələb edir ki, rəvayətlərin qəbulu üçün, rəvayətçilərin etibarlığı üçün xüsusi, ağır şərtlər qoyulmuşdur. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) adından yalan danışmaq və səhlənkarlıq etmək bu elmdə qəsdli şəkildə çətinləşdirilmişdir ki, bu elə əhli olmayan, saxtakar insanlar yönəlməsinlər. Bəzilərinin düşündüyü kimi kiminsə özündən hədis uydurması elə də asan bir iş deyil. Kimsə bunu etsə belə o rəvayət hədis alimlərinin sınağından keçməmiş qəbul olunmaz. Odur ki, hədislərin illələrini, problemlərini öyrənən "iləlul-hədis" elmi ərsəyə gəlmişdir. Bu elm o qədər dəqiq bir elmdir ki, rəvayətçisi etibarlı olsa belə hədisdəki gizli məqamları və problemləri öyrənib ortaya çıxarmağa rəvac verir.
Həmçinin hədis alimləri hədis deyən şəxsdən onu qəbul etmək üçün isnad şərtini qoymuşlar. İsnadın tələb edilməsi də saxtakarlığa qarşı mübarizə yollarından biridir.
Hədisin isnadında saxtakarlığa qarşı mübarizə yollarına gəldikdə isə:
1 - hədisin gəlmə yollarını cəm etmək və bütün isnadları bir araya toplamaq.
2 - bu yollardan biri də rəvayətçinin ədalətli olmasına mane olan qüsurların ortaya çıxarılmasıdır.
3 - bu yollardan biri də rəvayətçinin hədisi qoruyub saxlamasının öyrənilməsidir. Yəni yaddaşı zəif, tez-tez qarışdıran, özündən nə isə uyduran adamların adları hədis alimlərinin cildlərlə yazdıqları kitablarında qeyd edilmişdir və məlumdur.
4 - buraya rəvayətçinin rəvayəti yaddaşında, yoxsa yazıda saxlaması, onun üslubu, metodu öyrənilir. Alimlərin onun etibarlılıq dərəcəsi haqqında sözlərinə baxılır.
5 - rəvayətin sənədinin tənqidində sənəddə açıq-aşkar bir qırıqlığın olmasına da baxılır. Bu zaman bir-biri ilə əslində görüşməyən adamların, eyni əsrdə yaşamamış adamların adındann uydurulan rəvayətlər ifşa edilir. Bu işi də məhz mütəxəssis hədis alimləri ediblər.
6 - hədisin sənədindəki gizli (xafi) qırıqlığı isə hər alim bilmir. Daha tanınmış, böyük hədis alimləri, bu işin mütəxəssisləri, hədislərin gəlmə yollarını, problemlərini bilən şəriət alimləri bunu bilirlər. Onlar bunları bilməklə kifayətlənməmiş və həmin hədislərin etibarlılıq dərəcəsini öz yazdıqları kitablarda bəyan etmişlər.
Hədisin mətninin tənqidində hədis alimlərinin ən bariz metodları isə bunlardır:
1 - Hədis alimlərinin qaydalarına, təməl prinsiplərinə müxalif hədislərin tənqid edilməsi; Buna hədisin mətninin Qurana müxalif olması, yaxud başqa bir mətnə müxalif olması, yaxud Quran və sünnədə üzərində icma olunmuş bir məsələyə müxalif olması, yaxud tarixdən bilinən çox mötəbər bir hadisəyə müxalif olması, yaxud peyğəmbərin kəlamına bənzəməyən zəif cümlələrdən ibarət olması, rəvayətçinin sözünün və ya felinin rəvayətə müxalif olması kimi hallar zamanı da o cür mətnlər hədis alimləri tərəfindən tənqid olunur.
2 - Hədisin mətnlərində ziddiyyətin görünməsi səbəbilə mətnin tənqidi.
3 - Hədisin mətninin hədis elminə görə (münkər) qeyri məqbulluğa və ya (şaz) daha üstün olan yollardan fərqli bir yolla nəql edilməsinə görə tənqidi.
4 - Hədisin mətninin Peyğəmbərin sözü olmayan (daxil edilmiş) hansısa bir kəlməyə görə tənqidi, o söz ki o, Peyğəmbərin sözü sayılmır.(1)
Bu qədər ağır şərtləri olan bir elmin nümayəndələrini asanlıqla siyasi hakimiyyətlərin mənfəəti üçün hədis uydurmaqda ittiham etmək çox ağır bir iddiadır. Hədis alimləri ən çox yalandan qorxublar. Bu haqda Peyğəmbərin əzəmətli bir hədisi də var. O hədisdə belə buyurur: "Kim mənim adından qəsdli olaraq yalan uydurarsa, qoy o kimsə Cəhənnəmdəki yerini hazır bilsin" (2). Hədis elmində hədislərin mötəbərlik dərəcəsi xüsusi elmi terminlər vasitəsilə ifadə olunur.
Hədis alimlərinin peyğəmbərin mirasının, onun sünnəsinin (hədislərinin) günümüzə çatmasında böyük rolu var. Onlar hədisləri rəvayət edən şəxslər haqqında cildlərlə kitablar yazıb həmin rəvayətçilərin həyatını öyrənmiş, hər birinin etibarlılıq dərəcələri haqqında fikirlərini bildirmişlər.
İmam Zəhəbinin "Təzkiratul-Huffaz" əsəri (4 cilddə), yenə onun "Siyər Əaləmin-Nubələ" əsəri, nəşriyyatından aslı olaraq cildlərinin sayı 20 və 30 cild arasında dəyişir, İbn Sədin "Tabaqatul-Kubra" əsərinin cildlərinin sayı nəşriyyatından aslı olaraq 6 cilddən 11 cildə kimi dəyişir, İbnul Əsirin "Əsədul-Ğabə" əsəri 8 cilddir, ibn Salahın "Müqəddiməsi", Xətib əl-Bağdadinin "Tarixu Bağdad" əsəri (14 cilddən ibarətdir), və yenə Xətib əl-Bağdadinin "əl-Kifayətu fi ilmir-Rivayət" əsəri, İbn Asəkirin "Tarixu Dəməşq" əsəri (37 cilddən başlayır, bəzi nəşr evləri 53 cilddə nəşr etmiş, bəzi nəşr evləri kitabın içini olduğu kimi saxlamaqla cildlərin sayını 80 cildə kimi çatdırmışlar).
Bax bu cür kitablardan onlarla, yüzlərlə yazılıb və İslam dininə belə böyük alimlər xidmət etmişlər. Bu elmə xidmət edən müasir kitablardan Amir əl-Hüseyninin "əl-Kəmilu fi Ruvat əl-Hədis ən-Nəbəvi" və Avvad ər-Ruveysinin "Ruvat əl-Hədis" və s. kitablarını da misal göstərmək olar.
Hədis alimləri rəvayətçilərin etibarlılıq dərəcəsini xüsusi terminlərlə ifadə etmişlər(3), Onlar Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) yalan uyduranları xüsusi qaydalarla ifşa etməyə həris olmuşlar. Hədis alimlərinin peyğəmbərdən gələn hədis rəvayətlərinin, həmçinin səhabələrin sözləri olan rəvayətlərin sənədi və mətninin tənqidində öz xüsusi elmi metodları olmuşdur. Belə ki, bu metodlar elmi meyar və qaydalar üzərində olmuşdur. Onların bu işi görərkən izlədikləri, etimad etdikləri metod bütün rəvayətləri toplamaq və onlara dəqiqliklə nəzər yetirmək, sənədi (xəbəri) nəql edən şəxsin kimliyini araşdırmaq, mətnin özü barədə diqqətli olmaq idi. Onlara kimi bu metodu heç kim tətbiq etməmişdi. Ona görə də onların əldə etdikləri nəticələr doğru və dəqiq olurdu. Bu da uca Allahın bu ümmətin dinini qorumasından idi ki, bu əzəmətli iş üçün onların arasından fəxr ediləsi alimlər çıxarmışdır. Bu alimlərin gördüyü işlər digər qövmləri arxada qoymuşdu. Həmin alimlər elmdə mövzulara uyğunluğu, dəqiq araşdırmaları ilə seçilirdilər.
İngilis şərqşünası David Margelius (1858-1940) belə demişdi: "Müsəlmanlar hədis elmi barədə istədikləri kimi fəxr edə bilərlər. " (4)
Bu gün hədis elminin necə əzəmətli bir elm olmasını bilməyənlərimizə müsəlman olmayanların bu elmin necə böyük elm olması barədə etirafları da kifayət etmirsə, onlara başqa nə demək olar axı? Bu elmi daşıyan alimlərin isə ümmətdə necə böyük dəyərinin olması, onların necə böyük xidmətlər etdiklərini bilməmək də bu mövzuda yanlışlara düşməyin səbəblərindəndir.
İkincisi: Alimlərin siyasi rəhbərliklərlə münasibətlərinin növlərinə baxış:
Alimlərin tarix boyu siyasət əhlinə yanaşması həssas mövzulardan olmuşdur. Alimlər peyğəmbərlərin varisləridirlər. Onlar təqvası ilə seçilən şəxslərdirlər və uca Allah Qurani-Kərimdə onları tərifləyərək demişdir: "Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar". (Fatir. 28). Deməli, Allahın təriflədiyi bu zümrəni nədəsə ittiham etmək asan bir məsələ deyil.
Bu ittihamların ən təhlükəli olanlarından biri isə dini siyasi məqsədlər üçün təhrif etməkdir. Əksinə, biz deyə bilərik ki həqiqi alimlərin tarix boyu dinin təhrifə uğramasına qarşı böyük bir mübarizəsi olmuşdur. Belə insanları siyasi təsirlərdə ittiham etmək çox ağır bir ittiham hesab edilir. Xüsusilə hədis alimlərinin siyasi rəhbərliklərə qarşı yanaşması tarixin bütün dönəmlərində eyni olmasa da əhli sünnənin rəhbərlər barədə ittifaq etdiyi qaydalar var. Müsəlman hakimlərə itaət etmək, qarşı çıxmamaq, onlara qarşı insanları təhrik etməmək kimi onlarla məsələlər əhli sünnədə sabit mövzular hesab etdilir.
Hədis alimlərinin siyasətə və əhlinə yanaşmasına ayrıca baxılmalı, siyasət və hökm əhlinin isə hədis əhlinə yanaşması ayrıca incələnməlidir.
Birinciyə gəldikdə, hədis alimlərinin tarix boyunca siyasi rəhbərliklərə qarşı davranış tutumunu bir neçə aspektdən ələ almaq mümkündür:
1 - Ümmətin ümumi məsləhətləri üçün yardımlaşma əlaqəsi. Bura qazilik, məzalim (haqların, hüquqların təmin edilməsi), hisbə (əxlaq polisi), müftilik (fətva vermək işi), məscidlərdə imamlıq, əzan vermək, hədis uyduranlara qarşı hakimiyyətin dəstəyini tələb etmək, insanların problemlərinin həlli üçün hakimiyyətin vasitəçiliyindən yararlanmaq və s. kimi məsələlər daxildir.
2 - Siyasi rəhbərliklərdən uzaqlaşma metodu; bu da hədis əhlindən bir qisminin rəyi olmuşdur. Onlar hakimiyyətdən uzaq olmağı, onların yanına getməməyi, onların məclislərində görünməməyi üstün hesab edirdilər. Bu qəbildən daha uyğun gördükləri də onlara aid heç bir vəzifəni öhdəliklərinə götürmürdülər.
3 - Rəhbərlərə nəsihət etmək və onların pis əməllərini (şəriətə uyğun bir şəkildə) inkar etmək; Hakimin heybətini qorumaq fitrətlərdə olan bir durumdur. Ona görə də hakimin qarşısında ona nəsihət edən olaraq görünmək asan bir iş deyil. Bu cür şərəfli bir addıma müvəffəq olan kəs daha çox imanında və səbrində yüksək dərəcələrə çatmış biri ola bilərdi. Bu üzdən də hədis alimlərindən bir qismi bu yol üzərində olmuşdular.
4 - Hədiyyə və vəzifələri qəbul etməmək; bu əməl həmin alimlərin nəfsində olan izzəti göstərir. bu cür cəsarətli mövqeyi olan alimləri necə hakimiyyətin siyasətində istifadə edilməsini iddia etmək olar?
Bu davranış sərgiləmələrinin hər biri hədis alimləri tərəfindən baş vermişdir. Bu haqda misallar gətirib mövzunu uzatmağa lüzum görmürəm. Deməli, heç də alimlər bəzilərinin iddia etdiyi kimi siyasi əlaqələrdə elə də yumşaq mövqeləri ilə tanınmayıblar. Nə də onların mövqeləri dini təhrif etməyə açıq bir mövqe olmamışdır. Elə götürək bəzilərinin bu məqamda verə biləcəyi sualı. Onlar deyirlər ki, hədis alimlərindən rəhbərə qarşı çıxmaq yolunu seçənlər heç olmayıbmı? Deyirik ki, bəli olub. Lakin onlar hədis alimlərinin əksəriyyətinin, böyük çoxluğunun yoluna müxalif olublar, tarixdəki bəzi zalım hakimlərə qarşı təvil edərək, yozaraq qarşı çıxıblar ki, onlar buna görə üzürlü sayılırlar. Bu arqumentin özü belə hədis alimlərinin şənini aşağı salmır, əksinə, yuxarıda çəkdiyimiz (hədis alimlərinin siyasi rəhbərliklərə qarşı münasibətinə aid dörd) misalla birgə bir daha hədis alimlərinin heç də bəzilərinin düşündüyü kimi dünyəvi maraqları önə çəkmədiklərini göstərir.
Üçüncüsü: Siyasi rəhbərliklərin hədis alimləri ilə tarixi əlaqələrinə baxış.
Bu əlaqələr əsasən iki aspektdən olmuşdur.
Birincisi: Hədis alimlərini hakimiyyətlə uzlaşdırma və idarəetmədə onlardan yardım istəmə metodu.
İkincisi: Qarşı çıxma və mübarizə metodu.
Bu mövzuya girgiş kimi demək olar ki, bəzi siyasi təfsirə meyilli olanlar bu mövzuda Əməvi və Abbasi hakimiyyətlərini pisləmək, onları İslami mənalardan yoxsun buraxmaq və onların öz hakimiyyətlərini guya dindən istifadə edib insanları özlərinə tabe etdirmək istəyiblər. Bununla da guya öz genişlənmə planlarına çatmaq istəyiblər(5). Bu iddiadan sonra onlara qarşı ittihamları qaldırmaq daha anlaşılan və daha tez qəbul edilən olur. Bu qısa yazıda bu geniş mövzunu ələ almaq mümkün olmasa da insaf naminə bunları deyə bilərik: Əməvi və Abbasi hakimiyyətlərində salehlər də olub, adil kimsələr də olub, zalımlar da olub.
Ona görə də bu hakimiyyətləri ifrat dərəcədə pisləyərək onları imanında, dinində ittiham etmək tarixçilərin yazdıqlarına və müasir mötəbər, böyük alimlərin onlar haqqında etdikləri şahidliklərə, dedikləri sözlərə qarşı ziddiyyət təşkil edir. Bu iki dövlət haqqında ən kiçik araşdırma belə bunun isbatı üçün kifayətdir.
Bununla yanaşı bu iki dövlətin zamanında baş vermiş xoşagəlməz siyasi hadisələri incələmək bir araşdırmaçı üçün elə də çətin bir iş deyil. Lakin, ədalətdən və insafdan deyil ki, çoxsaylı xeyirlər görməzdən gəlinərək bu qədər böyük bir tarixi ancaq baş vermiş bəzi xoşagəlməz hadisələrlə məhdudlaşdırıb dar bir kontekstdən yanaşma edilsin.
Əməvi və Abbasi dövlətləri zamanı bəzi rəhbərlərin zamanında etiqadi sapmalar, zülmlər və eqoizm halları olsa da, lakin dinin hakimiyyəti ayaqda idi, şəriətə qayıtmaq önə çəkilirdi, İslamın xeyrinə dünyada cihad bayrağı qaldırılmışdı, İslami fəthlər davam edirdi, cümə namazları qılınırdı, həccə xüsusi diqqət yetirilirdi, dinin ayinlərinə açıq-aşkar riayət edilirdi. Qısa zamanlar istisna olmaqla - elmə və onun yazılmasına diqqət göstərilməsilə birgə yaxşılığı əmr etməyin, pisliyi qadağan etməyin öz əhli var idi. Məscidlərə, fətvaların nizamlı şəkildə verilməsinə, sünnənin aşkar olmasına, bidətlərin aradan götürülməsinə xüsusi diqqət var idi. Ən böyük İslami fəthlər Əməvilərin zamanına təsadüf edir. Abbasilərin zamanında bu fəthlər davam etsə də, Əməvilərin zamanındakı kimi geniş vüsət almamışdı. Onların səhvlərinin olması da labüddür. Şeyxulislam ibn Teymiyyə demişdir: "İnsanların Bəni Ümeyyəyə (yəni Əməvilərə) qarşı kin-küdurəti əsas iki məsələyə görə olmuşdu: biri: Əli (Allah ondan razı olsun) haqqında danışmaları, ikincisi isə namazı (ilk) vaxtından gec qılmaları idi" (6). Şəkk yoxdur ki, bu mövqe haqdan sapmaq və dəlillərə müxalif olmaqdır. Ancaq bu müxaliflik onlardan iman vəfsini aradan qaldırmır. Ona görə də hədis, fiqh və xeyir əhlinin bu rejimlərin siyasi hakimiyyətlərində yardım etmələri ona dəlalət edir ki, bu hakimiyyətlər özlərinin İslami kimliyini, varlığını qoruyurdu. Baxmayaraq ki, bəzi əsrlərdə onların qüsurlu davranışları və ya xətaları olmuşdu.
Bu hakimiyyətləri İslami, imani kimlikdən çıxarmaq üçün yəqinlik üzərində olan dəlillərə və qəti isbatlara ehtiyac var. Bu isə ancaq iki yolla mümkündür: ya həmin haqqında danışılan siyasətçilərin öz sözlərindən, ya da həmin dövrdə yaşayan hədis əhlinin, elm və ədalət əhlinin sözlərindən... Məlumdur ki, hər əsrdə yaşayanların özləri öz reallıqlarını daha yaxşı bilirlər.
Aşağılayıcı rəvayətlərə qarşı elmi yanaşma "təsəbbüt"dür, yəni dəqiqləşdirmədir. Həqiqətən də iki vəhyin dəlilləri ilə təmizə çıxarılmış səhabə nəslinin tarixi belə aşağılanmadan salamat qalmamışdır. Ona görə də elm, mərifət və təhqiq əhli səhabələri pisləyən rəvayətləri dəqiqləşdirməyə çalışıblar. Eynilə də onlardan sonra gələnlər haqqında deyilən tənələr və ittihamlar məsələsində də bu söz deyilir. Bu cür pisləyici rəvayətləri mütləq incələmək lazımdır. Çünki Əməvi və Abbasi dövlətlərinin tarixi haqqında rəvayətləri bu dövlətlərin düşmənləri rəvayət etmişlər. Bu, çox mühüm bir amildir.
Ardı var... (ikinci hissədə)....
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR