Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Kasıbların və varlıların həcci haqda şübhəyə cavab
Şübhə belədir: Sosial şəbəkələrdə belə bir video paylaşılıb; kasıbların həcci ilə varlıların həccinin fərqli olmasını göstərməyə çalışırlar. Varlı bəzi ayinləri oteldə edir və ya həccin mühüm günləri daha çox kamfortda olur, amma kasıb günün altında və ayinləri daha çox çətinlik üzərində edir. Bununla da həccin mahiyyətinə kölgə salmağa çalışırlar. Belə videolara necə yanaşmalıyıq?
Cavab belədir: bu şübhəyə bir neçə aspektdən cavab verəcəyik:
1 - İbadətin növləri ilə tanışlıq. Həcc mal və bədən ilə olan ibadətdir.
2 - Həcc varlılara vacibdir.
3 - Ömründə bir dəfə vacib olan həcci edən kimsə başqa yollarla da həcc savabı qazana bilirmi?
4 - Həccə gələn kimsə ibadətini asanlaşdıran vasitələrdən istifadə edə bilərmi?
5 - Çətinliyin nisbətinə görə kimsə daha çox savab qazanırmı?
Birincisi: İbadətin növləri ilə tanışlıq; Həcc mal və bədən ilə olan ibadətdir; ibadətin növləri fərqlidir:
1. Bəzi ibadətlər yalnız bədənlədir, namaz, dua və zikr kimi.
2. Bəzi ibadətlər mal-mülk ilə, pul ilədir. Zəkat ibadəti kimi. Çünki varlı olanlar zəkat çıxarmalıdırlar. Kasıba zəkat vermək onsuz da vacib deyil.
3. Bəzi ibadətlər isə həm bədənlə, həm də mal-mülk, pul ilədir; həcc və ümrə ibadəti kimi. Bədəni sağlam olub həcc etməyə maddi imkanı çatmayana həcc etmək vacib olmur.
İkincisi: Buradan belə anlaşılır ki, həcc varlılara vacibdir. Bəli, bu məsələni anlamayanlar məhz belə şübhələrə aldanırlar. Ümumiyyətlə, əgər həcc ibadəti kasıba vacib deyilsə, o zaman dinsizlər necə deyə bilərlər ki, kasıbların həcci və varlıların həcci? Hər bir müsəlman bilir ki, həcc ibadəti bir müsəlmana ömründə bir dəfə həcc etməyə gücü çatdığı zaman vacib olur. Bundan sonra imkanı da olsa ona yenə həcc etmək vacib deyil.
Mühüm bir qeyd də odur ki, həccə getməyə gücü çatanlar arasında şəriətdə heç bir fərq yoxdur. Yaxud da "kasıbın həcci" və ya "varlının həcci" deyilən bir şey şəriətdə yoxdur. Bu fərqi bəzi asanlaşdırmalara (otel və bəzi azsaylı xidmətlər) baxaraq göstərməyə çalışanlar var. Əslində isə ilk öncə şəriətdə bu fərq yoxdursa, bu fərqi süni formada göstərməyə çalışmaq doğru deyil. Lakin bu məqamda Peyğəmbərimiz Muhəmmədin (Allahın ona salavatı və salamı olsun) bir hədisi yerinə düşür. Bir hədisdə də gəlib ki, kasıb səhabələr Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib ona belə deyirlər: "Varlılar öz mal-mülkü ilə, əllərindəki davamlı nemətlər sayəsində (savab qazanmaqda) ən yüksək dərəcələri qazanmaqda bizi ötüb keçdilər. Onlar bizim namaz qıldığımız kimi namaz qılır, oruc tutduğumuz kimi oruc tutur. Onların artıq pulu-parası var deyə bununla həcc edir, ümrə edir, cihad edir və sədəqə verirlər. Peyğəmbər buyurur ki, sizə elə bir şey öyrədimmi ki ona əməl etsəniz, sizi ötənlərə çatasınız, onlar da bunun mislində sizin etdiyinizi etmədikcə sizə çata bilməzlər və siz onların arasında ən xeyirli kəslər olarsınız. O zaman hər (fərz) namazın ardınca 33 dəfə subhənallah, 33 dəfə əlhəmdulilləh, 33 dəfə Allahu əkbər deyin".(1).
Bu hədisdən çıxan faydalardan biri də odur ki, ibadətin mahiyyətində Allahın razılığı, xalis niyyət və səmimiyyət durur. Komfortlu şərait kimi Allahın hüzurunda ucaltmır. Necə ki ibadətin bu gözəl mahiyyətinə az öncə qeyd olunan hədisdə işarə edildiyini görürük.
İkinci cəhətdən isə, ola bilər ki, həcc vaxtı bəzi komfort şəraitlərdən istifadə edənlərdən daha varlı olanları daha çətin bir şəraitdə həcc ayinini yerinə yetirsinlər. Bu zaman həcc ayinini yerinə yetirən minlərlə varlı insan kasıblarla birgə, heç bir fərq olmadan həccini edir, lakin onlardan daha kasıbları daha komfort şəraitdə həccini edir. Bunda da bir problem yoxdur. Çünki həccə Ömründə bir dəfə gələn insan bunun üçün pul tədarükü edir və öz komfortu üçün də əlavə pul xərcləmək istəyə bilər. Bu amil dünyanın hər yerində var. Məsələn, insan ola bilər ki, Ərəfada və ya Minada səhhəti ilə əlaqədar saatlarla dayana bilmir və (ibadət üçün təyin olunmuş ərazini tərk etməmək şərtilə) yaxında yerləşən otellərdə birinə yollanır və orada öz ibadətini edir. Yaxud da oradakı komfort şəraitdən yüksək rütbəli qonaqlar da istifadə edə bilər.
Yəni, bununla demək istəyirik ki, - istər komfort şəraitə meyilli zənginlər olsun, istər də səhhəti imkan verməyən adamlar olsun - ibadət üçün təyin olunmuş ərazini tərk etmədən şəraitli, komfortlu bir yerdə olmaqda problem yoxdur. Amma bu komfort mövzusuna fokuslananlar unudurlar ki, həcc ayinində minlərlə, milyonlarla insan iştirak edir. Onsuz da böyük əksəriyyət üçün komfortlu bir şəraiti təmin etmək mümkün deyil.
Onu da əlavə edək ki, həccin keçmişindən, tarixindən xəbəri olmayanlar əvvəllər insanların qat-qat daha böyük çətinliklər içində həcc ibadətini etdiklərini, günlərlə piyada və ya minik üzərində yol gəldiklərini, istidən daha çox əziyyət çəkdiklərini, bu günkü kasıb kateqoriyasına salınanların rahat şəraitdə etdiyi həcci heç keçmişdəki varlıların belə edə bilmədiyini unudurlar. Hər bir halda bu günkü bəsit fərqlərə fokuslanıb insanları həccin əzəmətli mahiyyətindən, həcc ayininin əsl ruhundan uzaq bir şəkildə göstərmək və ya təqdim etmək istəyənlər böyük bir yanlışa yol verirlər.
Üçüncüsü: Ömründə bir dəfə vacib olan həcci edən kimsə başqa yollarla da həcc savabı qazana bilirmi? Cavab odur ki, bəli! Ömründə həcc etmiş bir kimsə həccə getmədən də həcc etməyin savanını qazana bilir. Ənəs ibn Malik Peyğəmbərdən rəvayət edir ki, o belə buyurdu: "Hər kim fəcri camaatla qılarsa, sonra oturub günəş çıxana kimi Allahı zikr edərsə, (günəş çıxdıqdan) sonra iki rükət namaz qılarsa, o kimsə tam həcc və ümrə savabı qazanar".(2).
Bundan başqa əməllərin də həcc və ya ümrə savabı qazandırması hədislərdə varid olub. Bu əməllərdən gözəl şəkildə dəstəmaz alıb məsciddə camaatla namaz qılmaq, duha namazını qılmaq, Ramazan ayında ümrə etmək, valideynə yaxşılıq etmək və s. əməlləri qeyd etmək olar.
Dördüncüsü: Həccə gedən kimsə ibadətini asanlaşdıran vasitələrdən istifadə edə bilərmi? Cavab budur ki, əlbəttə istifadə edə bilər. Ömründə bir dəfə vacib olan həcci edən kimsə orada komfort olaraq yaradılmış istənilən şəraitlərdən istifadə edə bilər. Bu şəxslərin öz seçiminə qayıdır. Ola bilsin ki, daha varlı kimsə komfortlu ərazilərdən və şəraitlərdən istifadə etməsin. Orta bir şəraitlə kifayətlənsin. Ola bilər ki, ondan daha kasıb kimsə həcc turuna ödədiyi məbləğə görə nisbi olaraq daha komfortlu bir şəraitdə olsun. Bu zaman zahirdə həmin kasıb kimsə varlıdan daha komfortlu ərazidə görünə bilər. Bu isə həqiqəti dəyişmir. Yaxud da varlı nisbi bir komfortlu ərazidə ola bilər. Bu da din əleyhinə arqument ola bilməz. Onsuz da orada hər kəsin məqsədi Allaha ibadətdir. Hər kəs müəyyən müddətdə orada qalmalı və ayinləri yerinə yetirməlidir.
Beşincisi: İbadətlərdə daha çox çətinlik çəkən kimsə daha çox savab qazanırmı?
Elm əhli buyururlar ki, nəfsə qəsdli şəkildə əziyyət verməklə deyil, insan hansısa ibadəti o ibadətin özündə olan çətinlikdən dolayı olduğu kimi yerinə yetirərsə, o insan buna görə daha çox savab qazanır. Odur ki, bəzi ibadətlər məşəqqətli olduğu üçün insana daha çox savab qazandırır. Həcc, oruc və s. ibadətlər də bu tipli çətin və savabı böyük olan ibadətlərdən sayılır. Dində olmayan şeylərdə isə insanın daha çox savab qazanması niyyəti ilə özünə əziyyət verməsi isə qadağandır. Məsələn, vacib (fərz) namazlar gündə beş dəfə qılınmalı olduğu halda insanın onu gündə on beş vaxtda daha çox savab qazanmaq üçün qılmaqla özünü məşəqqətə salması nəinki savabdır, əksinə dində arzuolunmaz yenilik olduğu üçün bidət əməldir, yəni nəticəsi günahdır. Amma həcc kimi bir ibadətin ayinləri şəriətə uyğun olduğu üçün onun məşəqqətinə dözən kimsə daha çox savab qazanır. Hətta hədisdə varid olub ki, "Hər kim ki, Kəbə evinə gəlib cinsi münasibətdən uzaq olar və fasiqlik (günah əməllər) etməzsə, anası onu dünyaya gətirdiyi halındakı kimi günahsız olar" (3).
Bu məqamda unutmayaq ki, belə bir həcci etmək asan bir iş deyil. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) başqa bir hədisində də buyurub ki: "Bilirsinizmi müflis kimdir? Dedilər: Ey Allahın elçisi! Bizim aramızda malı-mülkü, pulu olmayan müflisdir. Dedi: Mənim ümmətimdən müflis olan o kimsə olacaq ki, o Qiyamət günü namazla, orucla, zəkatla gələcək, amma birini söyüb, birini vurub, bir başqasının malını (haqsız yerə) əlindən alıb. Sonra belə birinin yaxşı əməlləri əlindən alınar, yaxşı əməlləri qurtardığı zaman (haqqına girdiyi) o kəslərin pis əməllərindən götürülüb onun üzərinə atılar, sonra isə o (müflis) kimsə cəhənnəmə atılar"(4). Deməli, buradan aydın olur ki, həcc və başqa ibadət əməlləri edib digər əməlləri doğru olmayan, xüsusən də qul haqqına girənlər özlərini böyük bir yükün altına salıblar.
Nəticə: Bu mövzunun sonunda aydın olur ki, ibadətlər Allah üçün olan əməllərdir. İbadəti qəbul edən də Allahdır və yersiz müqayisələr edərək ibadətləri gözdən salmaq istəyənlər doğru məqsədlərə xidmət etmirlər. Yaxşı olardı ki, bu kimi şübhələri yayanlar bu cür əməlləri tərk edib özlərinin ehtiyacları olan ibadətlərə yönəlsinlər. İnsanların haradan və necə qazanc əldə etməsi onların dərdi olmasın. "Əgər din doğrudursa, o zaman bizim halımız necə olacaq?" sualı barədə düşünsün. Bu kimi şübhələrin dinin təməlinə heç bir zərəri yoxdur, nə də din əleyhinə arqument ola bilməz. Çünki, insanların etdikləri ilə dinin tələb etdiyi əməlləri qarışdırıb ayırd edə bilməyənlərin məntiqi dini başa düşməyə maneədir.
Qeydlər və istinadlar:
1 – Səhih əl-Buxari. 843; Səhih Müslim. 595.
2 - Albani. Səhih əl-Cami. 6346. (qeyd: hədisin orijinalında üç dəfə "tam" sözü keçir).
3 – Səhih əl-Buxari. 1521; Səhih Müslim. 1350.
4 – Səhih Müslim. 2581.
Yazdı: Sahib Əsədov.
SON ƏLAVƏLƏR