Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İnsan ən gözəl biçimdə yaranıbsa, niyə tələskən yaradılıb?

Şübhə belədir: İnsan ən gözəl biçimdə yaranıbsa, bəs niyə Qurani-Kərimdə onun tələskən olaraq yaradıldığı bildirilib? ət-Tin surəsinin 4-cü ayəsində "Biz insanı ən gözəl surətdə yaratdıq" deyilir. Başqa bir ayədə isə "İnsan tələskən yaradılmışdır" (Ənbiya. 37) deyilir. Bu iki ayəni necə cəm etmək olar və ya necə anlamaq lazımdır?

Cavab: Bu suala ümumi şəkildə cavab verib, sonra isə aşağıdakı iki aspektdən bir qədər təfsilatla cavab vermək mümkündür:

1 – İnsanın ən gözəl biçimdə yaranması dedikdə uca Allah nəyi qəsd etmişdir?
2 – Tələskənliyin mahiyyəti nədir və insanda onun yaradılması dinə qarşı bir arqument sayıla bilərmi?

Ümumi cavab: İlk öncə bilmək lazımdır ki, uca Allahın "Biz insanı ən gözəl biçimdə yaratdıq" (ət-Tin. 4) deyə buyurduğu ayədə insanın fizioloji yaradılışı qəsd edilir. Məlumdur ki, insan bədən və ruhdan ibarət bir varlıqdır. Ayədə insanın fizioloji baxımdan digər məxluqatlardan daha yaxşı, daha üstün yaradılmasından söhbət gedir. Qeyd olunan ayədə insanın ayaq üstə gəzən, digər canlılara nisbətdə qaməti düz, daha çox ağıla sahib olması qəsd olunur. Bəzi canlılarda da nisbi ağıl var və ya onlar əhilləşdirilə bilirlər. Deməli insan digər məxluqlara, heyvanlara nisbətdə daha ağıllıdır və bu cəhətlərilə digər məxluqlardan üstündür. Məsələn; qarğa, tutuquşu, siçan, şimpanze, fil, balina və s. heyvanlarda müxtəlif ağıllı hərəkətlər müşahidə olunur. Lakin onların ağıllı hərəkətləri insandakı kimi onları kamilliyə doğru apara bilmir, bu ağıllı hərəkətlər nisbi ağıllı hərəkətlər hesab olunur. İnsandakı "tələskənlik" isə fizioloji olmaqdan daha çox insanın ruhu, mənəviyyatı ilə bağlı bir durumdur. Bu vəsf, bu tələskənlik xisləti (maddi bədən prizmasından) fizioloji anlama daxil deyil.

• Habelə, insanda nəfs var və bu nəfsin nöqsanlarından biri xə onu tələskən olmasıdır. Lakin insan tələskənliyini cilovlamaqla, onu idarə etməklə, hislərinə sahib çıxmaq yoluyla tələskənliyini təmkinlə, səbirlə əvəz edir, zamanla öz tələskənliyinə qalib gəlməyi, tələsməməyi öyrənir. Deməli, insanda tələskənliyin olmasının faydalarından biri də tələsməyin onu hərəkət etməyə vadar etməsidir. Çünki tələsməyin əsli, təməli hərəkətlə bağlıdır. İnsanın hərəkətli olması fizioloji cəhətdən faydalıdır. Bununla yanaşı, insan tələsməyin zərərlərindən özünü qoruyub işlərini tənzimləyə bildiyi üçün tələsərək etdiyi xətalar da onun öz seçimi ilə olur. Bu mənada insanın nəfsində olan şeylərlə insanın sınanması onun imtahan olunmasıdır. Əgər insan bu kimi şeylərdən (qəzəb, şəhvət, tamah bəyənilməyən tələskənlik və s.) nəfsini təmizləyərsə, nicat tapar, yox əgər nəfsini təmizləməz və onu günaha salarsa ziyana düşər. Uca Allahın buyurduğu kimi: "Nəfsini təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır". (Şəms. 9-10).

• "Tələskənlik" həmişə pis mənada işlənmir. Qarşıda buna misallar veriləcək. Həmçinin insana şəhvət də verilib, insan şəhvəti ilə ucala da bilir, alçala da bilir. Deməli bu, onun öz şəhvət hissini cilovlamasından aslıdır. Odur ki, insan istər tələsməyinə görə, istər də şəhvətlərini idarə etməyə görə şəxsən özü məsuliyyət daşıyır. Tələsmək də cilovlanan, idarə olunan bir durumdur. Allahın insanda onu yaratması onu hər əməldə tələsməyə məcbur etməsi anlamında deyil. Bir misalla fikrimizi izah edək bilərik; İki uşaq imtahana hazırlaşarkən biri tələsərək başdan sovdu oxuyur, digəri isə tələsmədən yaxşı oxuyursa, nəticə etibarı ilə hər iki halda da insanın özü burada öz seçiminin məsuliyyətini daşımış olur.

İndi isə keçək digər iki məsələnin şəri izahına:

1 – İnsanın ən gözəl biçimdə yaranması dedikdə uca Allah nəyi qəsd etmişdir?
Bu haqda ən gözəl izahı iki təfsir kitabından sitatla ifadə etmək yerinə düşərdi;
Böyük təfsir alimi ibn Cərir ət-Təbəri (Allah ona rəhmət etsin) bu ayənin mənası barədə demişdir: "Ayədə and içilən də elə budur. Allah insanı ən yaxşı surətdə və ən yaxşı quruluşda yaratmışdır. (digər canlılarla müqayisədə) qaməti dikəldilmiş, əzaları mötədil və daha yaxşıdır(1)".
Həmçinin imam Bəğavi (Allah ona rəhmət etsin) də bu mənanı öz təfsirində təsdiqləmişdir. O belə demişdir: "Biz insanı ən gözəl biçimdə yaratdıq", yəni: Qaməti daha düzdür və ən yaxşı şəkildədir. Bu ona görədir ki, hər bir heyvan üzü üstə yeriyən olaraq yaradılmışdır, yalnız insan qaməti düz şəkildə yaradılmışdır, öz qidasını əli ilə qəbul edir, ağıl və (yaxşını pisdən) fərqləndirmək qabiliyyəti ilə bəzədilmişdir(2)".

2 – Tələskənliyin mahiyyəti nədir və insanda onun yaradılması dinə qarşı bir arqument sayıla bilərmi?

Artıq qeyd olundu ki, tələskənlik insanda bir vəsf olaraq mövcuddur və bu vəsf yaradılışdan insanda var. Lakin insanın tələskən olmayıb təmkinli olması, öz hislərini cilovlaması onun öz əlindədir. O, dini izaha görə tələskən olmağa məcbur edilmir. İnsanın fizioloji yaradılışında tələskənlik ola bilər, necə ki insan bu vəsfdə yaranmışdır. Mühüm bir qeyd də budur ki, insan fizioloji baxımdan çox hərəkət etdikcə sağlam olur, hərəkətlilik və dünyəvi məsələlərdə tələsmək normal bir hal kimi də qəbul edilə bilər. Təfsir kitablarında da birinci qeyd olunan ayənin mənası barədə məhz insanın dünyəvi məsələlərdə tələsməsi izahı verilmişdir. Məsələn, İbn Kəsir də təfsirində bu mənaya işarə edir. Yəni insanın öz işlərində tələsməsini bildirir(3). Bura isə həm dini, həm də dünyəvi məsələlər daxildir. Dünyəvi işlərində insanın məsləhət-məşvərət etmədən, araşdırmadan, təmkinlə gözləmədən gördüyü işlər olduğu kimi, dini məsələlərdə də nəyi sorğulamaq olar, nəyi yox, nəyin hikmətini öyrənə bilər, nəyin yox?! Bu kimi məsələlərdə insan tələsir və hər hər məsələnin cavabını dərhal öyrənmək istəyir. Bu tələskənlikdəndir ki insan araşdırmada təmkinli ola bilmir, nəticə və qərara gəlməkdə tələsir, bununla da yanlışa yol verir. İnsanın öz seçimi ilə baş verən bu yanlışlar dinə qarşı arqument ola bilməz.

Sonda onu da qeyd edək ki, uca Allah Qurani-Kərimdə tələsmək haqqında olan ayələrdən birində belə buyurur: "Doğrusu, insan tələsəndir". (əl-İsra. 11). Bu ayənin əvvəli(4) də ona dəlalət edir ki, tələsməyin fəsadı insanın özünə aiddir. Çünki din insana səbirli olmağı əmr edir və Qurani-Kərimdə haqqında ən çox danışılan mövzulardan biri də elə səbirli olmaq, təmkinli olmaq haqqındadır. Bunun kimi dinimizdə tələsmək Quran ayələri və səhih hədislərdə məzəmmət olunmuşdur. Bəzi azsaylı durumlarda tələsmək isə xeyir hasil etdiyi üçün şəriətdə icazəli görülmüşdür. Bu durumlardan cənazəni dəfn etmək, tövbə etmək, borcu qaytarmaq, qonağa yemək vermək, subayları evləndirmək, başına müsibət gələnlərə yardım etməkdə və s. kimi əməllərdə tələsmək kimi dində bəyənilən işləri misal çəkmək olar.

Qeydlər və istinadlar:

1 – Bax: İbn Cərir ət-Təbərinin "Təfsiri". Tin surəsi, 4-cü ayə.
2 – Bax: "Məalimut-Tənzil". Bəğavi. Tin surəsi, 4-cü ayənin təfsiri.
3 – Bax: "Təfsirul-Quranil-Azim". İbn Kəsir. Eyni ayənin təfsirinə.
4 – Ayənin əvvəli belədir: "İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir". (əl-İsra. 11).

Yazdı: Sahib Əsədov