Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Qərbə köçən müsəlmanlar özlərindən beziblərmi? (Ateist şübhəsinə cavab)
Şübhə belədir: Bütün müsəlmanlar xristian ölkələrinə köçürlər. Niyə? Çünki qadın, insan haqları, sağlamlıq, gözəl ekonomiya, təmiz şəhərlər, gözəl yaşayış şəraitləri var. Köçkün (immiqrant) müsəlmanlar gedib elə ölkələri məhv edirlər. Hələ etdikləri cinayətləri, uşaq və qoca evliliyi, qadın zorakılığını demirəm.
Cavab belədir: Bu sualın qoyuluşunu olduğunu kimi saxlasaydıq, kiçik bir sualda onlarla hərf səhvlərini, hər cümlənin səhv quruluşunu görüb bəziləri sualdan baş açmaya bilərdi. Amma yazılan suala xeyli düzəliş edib onu oxunulası bir hala gətirdik. Təbii ki, sualın yazılışı bu halda ikən sualın qərəzli qoyuluşu da nəzərimizdən yayınmadı.
Maraqlıdır ki, sualı qoyan şəxs müsəlmanlar Qərb ölkələrinə deyil, "xristian ölkələrinə köçürlər" deyə fikrinə başlayır. Nəzərə alsaq ki, "xristian" dediyi bəzi ölkələrdə xristianlıqdan bir əsər əlamət qalmayıb, eyni cümlədə ikinci təzad ortaya çıxır. O da "bütün müsəlmanlar" sözüdür. Sualdakı hərf səhvləri və mübtəda, xəbər yerdəyişiklikləri və digər səhvləri düzəldərkən ümumiləşdirmə edilib "bütün müsalmanlar" sözünün yazılmasına bir müdaxilə etməyimiz doğru olmazdı. Aydındır ki, "bütün müsalmanlar" Qərb ölkələrinə getmir, nə də ora getməyi xəyal belə etmirlər. Deməli, bu yanlış fikirdir.
Sualın növbəti hissəsində deyilir: "Niyə? Çünki qadın, insan haqları, sağlamlıq, gözəl ekonomiya, təmiz şəhərlər, gözəl yaşayış şəraitləri var". Çox gözəl. Belə şəraitlər bəzi müsəlman ölkələrində də var. Artıq müsəlman ölkələri inkişafda və bu qeyd olunan cəhətlərdə belə bir-birindən fərqlənir. Elə müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələr var ki, o xalqlar birmənalı şəkildə dünyanın ən varlı xalqlarından hesab olunurlar. Məsələn, Bruney sultanlığı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliyi... Onlardan bir qədər sonrakı sıralarda isə Malaziya, İndoneziya və Türkiyəni və s misal çəkmək olar. Əhalisi xristianların üstünlük təşkil etdiyi, lakin iqtisadiyyatı və ictimai durumu bir çox müsəlman ölkələrindən daha bərbad olan ölkələr də var. Məsələn, Burundi, Demokratik Konqo cumhuriyyəti, Malavi, Zambiya, Orta Afrika cumhuriyyəti, Bosniya və Herseqovina, Latviya və s. kimi iqtisadiyyatı çox aşağı olan xristian ölkələrində yaşamaq üçün kimsə öz müsəlman ölkəsindən köçüb getmək barədə xəyal belə etmir, nə də öz ölkəsindən bezməyib ki, bu yerlərə getsin. Deməli, bu iddialar nisbi sözlərdir.
Təkcə Malaziyada beş elm şəhəri var. Universitetlər demirik, elm şəhərləri deyirik. Buna baxmayaraq deyirik ki, həqiqətin və dəyərin meyarı elmi-təcrübi güc və ya iqtisadi güc deyildir. Bu meyar batil və uğursuz bir meyardır. Ağıl sahibləri üçün bu həqiqət meyarı sayılmır.
Deməli, dəyər, həqiqət və ibrət varlı-pullu olmaqda, dünyəvi elmin yayılmasında və s. deyil. Əslində tarix boyu bu arqumenti iman gətirməyənlər inananlara qarşı istifadə etməyə çalışıblar. Qurani-Kərim də bu haqda bizə xəbər verir: "Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?" (Məryəm. 73). Göründüyü kimi qədim zamanlarda da bu cür insanlar imana çağrıldıqları zaman kimin daha çox pul, sərvət və rahatlıq sahibi olduğu haqqında sual verməyə çalışırdılar.
Elə isə varlı-pullu olmağın, maddi inkişafın həqiqət və ya batil meyarı olması arasındakı əlaqə nədir elə? Qurani-Kərimdə bizə maddi inkişafı olub Allahdan uzaq olan neçə qövmlər haqqında xəbər verilir. Uca Allah bu haqda buyurur: "Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar". (ər-Rum. 9). Başqa bir ayədə isə uca Allah buyurur: "Peyğəmbərləri onlara açıq-aydın ayələr gətirdikdə, özlərindəki biliyə sevindilər". (Ğafir. 83). Aydın olur ki, keçmiş ümmətlərdən də özlərinin elmi inkişafına sevinənlər və bunu həqiqət meyarı hesab edənlər var idi.
Əslində isə inkişaf etmək nə əsl etibarilə təriflənən, nə də məzəmmət olunan bir hal deyil. Elmi inkişaf ilahi vəhyin təmizə çıxardığı nisbətdə təriflənir. Elmi inkişaf dini yaşatdığı və Allaha itaətə səslədiyi miqdarda təriflənir(1). Uca Allah Qurani-Kərimdə buyurur: "Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir". (əl-Həcc. 41).
Deməli, ilahi vəhylə təmizə çıxmayan elmi inkişaf bəşəriyyəti hər an çılğın addımlara sövq edə bilər. Necə ki, bəşər tarixində sayca baş vermiş ən böyük insan qətli ikinci dünya müharibəsində baş vermişdi. Həmin müharibədəki bütün ölənlərin sayı statistikalarda 50 milyon ilə 85 milyon arasında dəyişir. Hansı ki, bu müharibəni əsas idarə edənlər dövrün ən inkişaf etmiş ölkələri idi. Deməli, ilahi vəhyə bağlılığın itdiyi zaman bəşər övladı böyük bir dəlilik üzərində olan hansısa təhlükəli addım atmağa daim hazır vəziyyətdə olacaqdır.
Elə isə bunları bilməklə yanaşı, tarix boyu İslamın ilahi vəhylə təmizlənmiş durumda nə qədər böyük mədəniyyətləri ortaya çıxarmasına nəzər yetirməyimiz kifayətdir. İslam dini təkbaşına çoxlu mədəniyyətlər ortaya çıxardığı halda, başqa dinləri isə digər mədəniyyətlər himayə etmişdir. Tarix boyu müsəlmanların qurduğu dövlətlər, dünyəvi elmdəki nəaliyyətləri, ən qədim universitetlər, çoxsaylı kəşflər və ixtiralar, Avropa kimi bir məntəqəyə kimi gedib çıxan Əndəlüsdə (İspaniyada) qurduqları möhtəşəm mədəniyyət və daha nələr haqqında danışsaq, mövzumuz çox uzanar. Sonra sual verilsə ki, bəs niyə bu gün müsəlmanlar bəzi ölkələrdən inkişafda geridə qaldılar? Cavab odur ki, müsəlmanlar onları vaxtilə izzətli edən İslama və İslam mədəniyyətinə riayət etməyi tərk etmişlər. Əsas səbəb budur. Müsəlmanlar yenə öz dinlərinə qayıtsalar, dinlərinə əməl etsələr, İslamın həqiqət çırağı yenidən müsəlmanların yoluna işıq tutacaq və onları dünya miqyasında və bütün inkişaf perspektivləri olan sahələrdə izzətləndirəcəkdir. Bu barədə şəkkiniz olmasın.
Mühüm məsələlərdən biri də odur ki, tarix boyu bəşər övladının qurduğu sivilizasiyalar arasında qarşılıqlı ictimai, iqtisadi və siyasi dayanışma, yardımlaşma mövcud olmuşdur. Bu yardımlaşmanı müsəlmanlar da siyasi hökmranlıqlarının üstün olduğu zamanlar heç vaxt Qərb dünyasından əsirgəməmişlər. Qərblilər müsəlmanların elmi mərkəzlərində dövrün müxtəlif elmlərini öyrənmək üçün gəlirdilər. Eyni zamanda onlar müsəlmanların irəlidə olduqları sahələrlə maraqlanır və müsəlmanların müxtəlif sahələrdəki uğurlarından faydalanırdılar. Bu məsələni bilmək üçün geniş bir mütaliəyə də ehtiyac yoxdur.
Sualın son hissəsində isə belə deyilir: "Köçkün (immiqrant) müsəlmanlar gedib elə ölkələri məhv edirlər. Hələ etdikləri cinayətləri, uşaq və qoca evliliyi, qadın zorakılığını demirəm". Bu cümlələr doğrudan da savadsız bir yanaşmadır və Qərb dünyasına məftunluqdan, kortəbii vurğunluqdan, yaxud islamofobiya təzahürlərindən başqa bir şey deyildir. Bu cümlələri "dini dözümsüzlük" də adlandırmaq olar. Bu məsələyə bir neçə aspektdən cavab vermək olar:
Birincisi, müsəlmanlara nisbət edilən bu cür xoşagəlməz halları araşdıran xüsusi bir araşdırmalar, statistikalar ortada yoxdur. Baş verən azsaylı xoşagəlməz halları qabartmaq isə insafdan və vicdanlı yanaşmadan sayılmır. Qərblilərin özlərinin Qərbi fəsada salması halı daha qabarıq görünür. Bunu istər ictimai pozuntular, mənəvi deqradasiya aspektindən, istər də digər aspektlərdən sübut etmək mümkündür.
İkincisi, Qərb sivilizasiyasını nələrin dağıdacağı haqqında xüsusi araşdırmalar və proqnozlar var. Bu proqnozlar İslamın və müsəlmanların deyil, qərblilərin özlərinin səhvlərinə köklənib. Məsələn, Britaniyalı tarixçi Arnold Toynbi (1889-1975) sivilizasiyaları geniş şəkildə araşdırmış, sivilizasiyaları əmələ gətirən və dağıdan oxşar amilləri qeyd etmiş, 21 sivilizasiya haqqında heç kəsin indiyə kimi etmədiyi geniş bir araşdırma etmişdir. O, mədəniyyətlərin çöküşü barədə şəxsi araşdırmalarından birində Qərb dünyasını içki və narkotikin məhv edəcəyi barədə öz proqnozunu vermişdir(2).
Üçüncüsü isə, müsəlmanların müxtəlif ictimai təbəqələrə bölündüyünü nəzərə alsaq, müsəlmanların Qərb ölkələrində daha çox cəmiyyətə faydalı fəaliyyətlər üzərində olmasını qabartmaq mümkündür.
Məlumdur ki, bu gün müsəlmanlar Qərb dünyasının ictimai həyatında çox önəmli bir yeri tuturlar. Müsəlmanların elmi uğurları nəinki Qərb dünyasında elmi-texniki inkişafa təkan verən amillərdən sayılır, hətta bu gün də müsəlmanlar Qərb dünyasının ictimai həyatında (elmi, iqtisadi, ictimai, siyasi və s. bir çox sahələrdə) çox mühüm işlər görməkdədirlər. İmmiqrant müsəlmanlar xüsusən də ikinci dünya müharibəsindən sonra Avropa iqtisadiyyatının, ictimai həyatın yenidən dirçəlməsində böyük rola malik olmuşdular. Müsəlmanların elmi irsi, müsəlman alimlərin müxtəlif elmi sahələrdə yazdıqları kitablar Qərb dillərinə tərcümə edilmiş və onların universitetlərində tədris edilərək Qərb elminin inkişafında əsas rolu oynamışdır. Habelə müsəlmanlar Qərb dünyasında mənəvi və əxlaqi dəyərlərin yayılması və insani münasibətlərin inkişafına da böyük töhfələr vermişlər və bu gün də bu tendensiya davam edir. Tədqiqatçıların fikrincə, 2050-ci ildə Avropa əhalisinin 20 faizi müsəlman olacaq(3). İslam dəyərləri artıq Avropa əhalisinin müəyyən bir hissəsinin azad seçimidir. Lakin təəssüflər olsun ki, Qərb dünyasında İslamın parlaq gələcəyinin indidən görünməsi Qərbin siyasi dairələrini narahat edir və onlar İslama qarşı əsasən dörd aspektdən hücumlar edirlər:
1 - İslam dünyagörüşü və ənənələri haqqında təsəvvürlərin təhrif edilməsi.
2 - İslamın radikal cərəyan və qruplaşmalarla əlaqələri.
3 - İslamın Qərb cəmiyyəti üçün təhlükə olması barədə fikrin formalaşdırılması.
4 - Müsəlmanlara qarşı aqressiya və dözümsüzlüyün əsaslandırılması(4). İstər bu sualı ünvanlayan şəxsə, istər də bu məqaləni oxuyan şəxslərə Qərb dünyasındakı İslamofobiya haqqında yazdığımız iki hissədən ibarət olan məqaləmizi oxumağı tövsiyə edirəm(5).(6). Sonda aydın olur ki, bu kimi şübhələr əsassızdır və müsəlmanlar Qərb dünyası üçün sadəcə bir rəhmətdirlər.
İstifadə edilmiş ədəbiyyat:
1 - "Bəsair". Heysəm Talat. 2/691.
2 - Müjdələr, gələcək kimindir? adlı ərəbcə məqalədən.
3 - "Strateji təhlil" jurnalı. Sivilizasiyalararası münasibətlərdə miqrasiya geosiyasətinin təzahürü. Fətəli Abdullayev. səh. 196.
4 - Öncəki mənbə. səh. 187.
5 - Qərbin İslam düşmənçiliyinin təzahürü: (1-ci hissə) https://sunna.az/content?cid=633
6 - Qərbin İslam düşmənçiliyinin təzahürü: (2-ci hissə) https://sunna.az/content?cid=634
SON ƏLAVƏLƏR