Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Yəhudilər daha çox Nobel mükafatı alıb, bəs müsəlmanlar?!
Şübhə belədir: Yəhudilər indiyə kimi 114 Nobel mükafatı alıblar. Amma müsəlmanlar cəmi iki-üç Nobel mükafatı alıblar. Bu amil müsəlmanların elmdə nə qədər geri qaldığını göstərmirmi?
Cavab: bu şübhəyə cavabımız iki aspektdən ibarət olacaqdır:
Birincisi: Nobel mükafatının təsis edilmə hədəfi və eyibləri, haqqında edilən tənqidlər.
İkincisi: Müsəlmanların elmdəki həqiqi yerinin bəyanı və yanlış müqayisə.
Birinci aspektə gəldikdə: Müsəlmanlardan Nobel mükafatı almış iki-üç nəfər yox, on iki nəfər var. Təbii ki bu rəqəm mükafatı təsis edənlərin üstünlük verdikləri milliyyətlərlə müqayisə edildikdə az bir rəqəm ola bilər. Amma, sualda qeyd edildiyi kimi iki-üç sayda deyil və bu rəqəmdən yaxşıdır.
"Nobel" mükafatının təsis edilməsinin səbəbi də qəribə bir faktla bağlıdır. Mənbələrdə qeyd olunur ki, Alfred Nobel özü haqqında qəzetlərdən birində "Ölüm taciri vəfat etdi. Dünən gecə Alfred Nobel vəfat etmişdir. O, qısa müddət ərzində çoxlu insanları qətl etməyi təmin edən kəşfinə görə çox böyük var-dövlət qazanmışdı" başlıqlı bir yazını oxuyur. Hansı ki, bu yazı onunla vəfat etmiş qardaşını səhv salanlar tərəfindən yazılmışdı və (dinamiti kəşf edən şəxs olması və 90 silah zavodunun sahibi olmasından dolayı) gələcək nəsillərin onu bəşəriyyətə ölüm gətirən pis bir şəxsiyyət olaraq xatırlamaması üçün qərara gəlir ki, var-dövlətinin böyük bir qismini bəşəriyyətə faydalı olacaq bir mükafatı təsis etməyə həsr etsin(1).
Sonra isə qeyd edək ki, Nobel mükafatı Kimya, Fizika, Tibb, Ədəbiyyat və Beynəlxalq Sülh kimi sahələri əhatə edir. Mükafatın əhatə etdiyi sahələr belə beynəlxalq ictimaiyyət tərəfindən tənqidə məruz qalmışdır. Məsələn, riyaziyyat kimi ciddi bir elmi sahə bu mükafatda nəzərə alınmamışdır. Çünki mükafatı vəsiyyət edən Alfred Nobel riyaziyyat elmini ciddi praktiki (təcrübi) elmlərdən hesab etmirdi(2). Elmin digər bir çox sahələri də bu mükafatda nəzərə alınmamışdır. Onilliklər sonra iqtisadiyyat elmi üzrə də (1969-cu ildə) Nobel mükafatı təsis edilmişdir. Mükafatın tənqid edildiyi məsələlərdən biri də onun siyasi çalarlar daşıması, siyasi məqsədlər üçün istifadə edilməsidir. Sülh mükafatı alan rəsmilər arasında əli ya öz xalqının, ya da başqa xalqların qanına batmış şəxslər də var. Azərbaycan xalqına qarşı qanlı yanvar qətliamını törətmiş Mixail Qorbaçov (1931-2022) da Nobel mükafatçısıdır. Misirin keçmiş prezidentlərindən olan Ənvər Sədət (1918-1981) də bu mükafata layiq görülmüşdür. O, İsraillə münasibətləri normallaşdırdığı, sülh əldə etdiyi, həqiqətdə isə ərəblərin və müsəlmanların bəzi mühüm maraqlarından əl çəkdiyi üçün bu mükafata layiq görülmüşdü. İsrailin keçmiş prezidentlərindən olan, əlləri Fələstin xalqının qanına bulaşmış Şimon Peres (1923-2016) də "Nobel Sülh" mükafatına layiq görülmüş şəxslərdəndir. Bunda da təəccüblü bir şey yoxdur. Nobel Sülh mükafatı almış şəxslərdən biri də dünyada neçə-neçə müharibələrdə, iğtişaş və fitnələrdə əli olan keçmiş ABŞ prezidenti Barak Obamadır(3). Nobel sülh mükafatı verilmiş şəxslərdən biri də böyük xristian təbliğatçısı Tereza Anadır (1910-1997) . O, Hindistan və başqa yerlər bütün ömrünü müsəlmanların xristianlaşdırılması prossesinə həsr etmiş və "insani çalışmalar" adı altında öz təbliğat fəaliyyətini davam etdirmişdir(4).
Çox uzağa getməyək, elə türk yazıçısı Orhan Pamukun 2006-cı ildə Nobel mükafatına layiq görülməsini onun səsləndirdiyi siyasi fikirlərlə bağlı olduğunu düşünənlər kifayət qədərdir(5).
Mükafatın ilk təsis olunduğu zamandan bəri böyük ədiblərə bu mükafatın verilməməsi bu mükafatın mütləq bir meyar olmadığını göstərir. Müsəlman ərəb dünyasında isə çoxsaylı böyük ədiblər olmasına baxmayaraq, Qərbin maraqlarına və planlarına xidmət edən, qərbçilik ideologiyasını Şərqdə yayan Nəcib Məhfuz (1911-2006) kimi yazılarında Qərb mədəniyyətini ağız dolusu öyən, əxlaqi dəyərləri heçə sayan, gənclərin tərbiyəsini pozan yazıları əxlaqsız filmlər üçün arxivə çevrilən bir adamın Ədəbiyyat üzrə Nobel mükafatı alması sizcə təsadüfi bir haldırmı?(6) Halbuki, müsəlman dünyasında daha həyalı, tərbiyəli, dəyərlərinə sadiq olan böyük yazıçılar olmuşdur. Onlara isə bu mükafat verilməmişdir. Bu aspektdən deyə bilərik ki, yer üzündə fəsadın yayılmasına xidmət edənlər tərəfindən (nisbi də olsa) çoxlu sayda Nobel mükafatının əldə edilməsi heç də qəribə bir hal deyil! Nobel mükafatının bir evdən bir neçə nəfərə verilməsi halı olduğu kimi, eyni şəxsə iki dəfə verilməsi kimi hallar da baş vermişdir. Nobel mükafatı nə həqiqət etalonu deyil, nə də həqiqət meyarı deyil!
Məşhur rus yazıçısı Lev Tolstoy (1828-1910) "Nobel" mükafatından imtina etmiş şəxslərdəndir.
Onu da qeyd edək ki, bu mükafat Qərbdə yarandığı və təsis edildiyi üçün ilkin dövrlərdə Qərbdə məşhur olmuşdur. Bundan dolayı da Qərbdə olan elmi dairələrlə əlaqəsi olanların bu mükafata daha çox əli çatmışdır. Elmi olsa belə Qərbin elmi dairələrilə bağlılığı olmayan şərqlilərin bu mükafatdan məhrum olma halları da az olmamışdır. Bu mükafatdan imtina edənlərin də ayrıca siyahıları sosial şəbəkələrdə paylaşılmışdır! Bu mükafatdan imtina edənlər arasında bu mükafatı ciddiyə almayan Bernard Şou (1856-1950) da var. Mənbələrdə qeyd olunur ki, o bu mükafatın əsl həqiqətini bildiyi üçün o, Nobel mükafatını almaqdan imtina etmişdi. Amerika yazıçısı Bernard Şou yumşaq desək, “Nobel”ə nifrət edib. Hətta onun fikrincə, Nobel mükafatı bəşəriyyət üçün elə həmin Nobelin kəşf etdiyi barıtdan da pisdir. Çünki o, insanların beynini, zehnini əsir alıb.
1925-ci ildə Nobel komitəsi Bernard Şounu “yaradıcılığında yer alan idealizm və humanizmə, poetik gözəlliklə çulğanmış parlaq satiraya görə” Nobel mükafatına layiq görsə də, o, mükafatdan birmənalı şəkildə imtina edib(7).
Nobel mükafatının verilməsində başqa bir ağlasığmaz tərəf də budur ki, mükafatın münsifləri ömürlük seçiliblər. Yəni yeni bir münsifin qəbul olması üçün üzvlərdən biri vəfat eləməlidir. Əks halda, heyət dəyişə bilməz. Burda xırda psixoloji nüanslar var. Məsələn, necə olur ki, bu beş nəfərin ədəbi zövqü, həyata baxışı bütün dövrlərə uyğunlaşa bilir? Bu uyğunsuzluq artıq illər öncə yaşandı. 2004-cü ildə Elfrida Yelinkenə Nobel verilməsi akademiyanın daxilində fikir ayrılıqlarına səbəb oldu. Akademik Knut Ahnlund xanım yazarın əsərlərini pornoqrafiya kimi qiymətləndirdi və mükafatın onun qazanmasını İsveç Akademiyasının nüfuzuna ciddi zərbə vuracağını dedi. Hətta öz etirazını qətiləşdirmək üçün üzvlükdən imtina etdi. Lakin İsveç Akademiyasında istefa mexanizmi olmadığı üçün onun bu addımı qəbul olunmadı. Hazırda Knut Ahnlund akademiyanın üzvü olsa da, iclaslarda iştirak etmir.(8).
Nobel mükafatının qərbli mütəfəkkirlər tərəfindən tənqid olunan cəhətlərindən biri də odur ki, bu mükafat soyuq müharibə dövründə Qərbin Sovet İttifaqına qarşı istifadə etdiyi mədəni təzyiq metodu və media vasitəsilə edilən təsirlərdən biri idi(9).
Laxlayan sütunlar üzərində qurulmuş Nobel mükafatının təməlinə növbəti zərbə 1974-cü ildə vuruldu. Siyasi proseslərin davam etdiyi və "Uotorgeyt əhvalatı" adlı hadisənin baş verdiyi ildə bir saxtakarlıq da ədəbiyyatda baş verdi. İsveç Akademiyasının üzvləri mükafatı kartof biznesinin gəliri kimi öz aralarında böldülər. 1974-cü ilin oktyabrında İsveç Akademiyası Nobel mükafatı laureatlarını açıqladı. Qərara görə, akademiya üzvləri Eyvind Yunson və Harri Martinson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldülər. Bu rüsvayçılıq həm mükafatın, həm də tandem yazıçıların imicinə Bakı neftinin qara ləkəsi kimi yaxıldı. Onların özlərinə mükafat verməsi bütün dünya mədəniyyətində şok effekti yaratdı. Hətta münsiflərin mükafatı öz adamlarına deyil, sıradan bir futbolçuya verməsi belə bu qədər təəccüb və biabırçılıq doğurmazdı. Bunun nəticəsi kimi Eyvind Yunsonun yaradıcılığı və şəxsiyyəti ilə bağlı xoşagəlməz söz-söhbətlər gəzməyə başladı. Ağır mənəvi sarsıntılar keçirən yazıçı 1976-cı ildə Karolinska İnstitutunda intihar etdi.
Bundan başqa ədəbi dünyada elə də ciddi çəkisi olmayan İsveç ədəbiyyatının altı nümayəndəsinin bu mükafata layiq görülməsi Nobelin, onsuz da sarsılmış ciddiyyətini zədələdi. Mükafat lap əzəldən qohum-qardaşlıq prinsipləri əsasında verilirdi. Təsis olunduqdan sonrakı on il ərzində mükafatın ədəbiyyata elə də aidiyyəti olmayan alman müəlliflərə - tarixçi Teodor Mommzenə, filosof Rudolf Eykenə, yazıçı Paul Hayzenə və dramaturq Gerhard Hauptmana verilməsi heç də təsadüfü hal deyil. İsveç Akademiyasının katibi Karl Virsenin almansevər olmasının bu nəticə ilə bağlığı danılmazdır(10).
Bütün burada qeyd edilənlər bir daha bu mükafatın siyasi, mədəni və irqi ayrı-seçkiliklərə yol verdiyinin aşkar nümunəsidir. Belə bir vəziyyətdə yəhudinin, yoxsa müsəlmanın daha çox bu mükafatı əldə etməsinin elə də bir əhəmiyyəti qalmır.
İslam dünyasında "Nobel" mükafatını çoxsaylı elmi fakt və sübutlarla tənqid edən ən irihəcmli araşdırmalardan biri jurnalist yazar Məhəmməd Əbdüssəlamın "İrqçilikdən bir hissə" (شيء من العنصورية) adlı araşdırmasıdır. Araşdırmanın kitab formasını dükanlarda tapa bilmədim. Yəqin ki, kitab yarmarkalarında əldə etmək mümkün olar.
İkincisi: Müsəlmanların elmdəki həqiqi yerinin bəyanı və yanlış müqayisə.
Bu məsələyə bir neçə nahiyədən yanaşmaq mümkündür:
1 - Nobel mükafatı təxminən 20-ci əsrin əvvəllərindən verilməyə başlayıb. Bu illər müsəlmanların dünyəvi elmə diqqətinin kəskin azaldığı vaxtlar hesab edilir. Hətta Osmanlı xilafətinin dağılması da bu ərəfələrdə dünyəvi-elmi-texniki yeniliklərə az əhəmiyyət verildiyi bir zaman kəsiminə təsadüf edirdi. Əbəs yerə deyildi ki bu yenilikləri izləməyən Osmanlı xilafəti Nobel mükafatının təsis edilməsindən təxminən 22 il sonra dağılır.
2 - Müsəlmanların qazandığı Nobel mükafatlarının çoxusu son onilliklərə aiddir. Deməli - bu mükafat bizim üçün mütləq bir meyar olmasa da - vəziyyət nisbətən yüksələn şkala üzrə gedir. Osmanlının dağılmasından öncə və sonra müsəlman dünyasında baş verən sarsıntı bütün sahələrə təsir etdiyi kimi elm sahəsinə də təsirsiz ötüşməmişdi. Nəzərə alsaq ki, müsəlman ölkələri uzun illər boyu elm sahələri də daxil olmaqla böyük ölkələrin təzyiqi və təsiri altında yaşamalı olmuş və bir çox məhdudiyyətlərlə üzləşməli olmuşdular. Biz ayrıca bir məqalədə ola bilsin ki, son onilliklərdə dünyəvi elmdə böyük uğurlar əldə etmiş müsəlman alimlərin gizli və planlı şəkildə qətlə yetirilməsi haqqında məqalə hazırladıq. Çünki əlimizdə olan çoxsaylı faktlara əsasən bir çox müsəlman dünyəvi alimləri gizli və məxfi şəkildə qətlə yetrilmişlər. Görəsən, bu amil ortaya bu cür statistikaların çıxarılması məsələsində bir rol oynayırmı? Bu sual çox mühüm bir sualdır. Yazacağımız məqalədə həmin faktları mənbələri ilə birgə qeyd edəcəyik.
3 - Yəhudilərin dünyəvi elmdə öndə olmaq üçün xüsusi bir maraq və hədəfləri var. Bu maraqlar onların zəiflikdən qurtulmaq, dünyada hegemonluq etmək şövqündən qidalanan xüsusi bir maraqdır. Azsaylı xalq olmaları onların özlərini təhlükədə hiss etmələri, üstəlik də irsi qorunma refleksi olaraq onlarda dünyəvi elmə şiddətli maraq yaratmışdır. Müsəlmanlar da aşağıda bəhs edəcəyimiz kimi uzun əsrlər boyu dünyəvi elmə böyük töhfələr vermişlər. Bu amil isə nədənsə unudulur.
4 - Dünyəvi elmdə öndə olmaq və ya geridə olmaq, Allah qatında öndə olmaq və ya geridə olmaq, cənnəti və ya cəhənnəmi qazanmaq anlamında deyil. Ən əsası isə, dünyəvi elmdə öndə və ya geridə olmaq, sahibinin dininin haqq və ya batil olması anlamına gəlmir. Din elmi inkişafa bir maneə deyil. Nə də bu arqument dinsizlərin xeyrinə olan bir arqument də deyil. Çünki yəhudilərin özləri belə Allaha, Yaradana inanırlar. Hətta yəhudilər öz dinlərinə çox bağlı və mühafizəkardırlar. O zaman sual verilə bilər ki, bəs yəhudilərin dünyəvi elmə çox önəm vermələri onların dininin haqq olması anlamındadır? Cavab olaraq deyirik ki, xeyir. Dünyəvi elmə önəm vermək haqqın meyarı deyil. Bu gün dünyanın bir çox xalqları dünyəvi elmə önəm verirlər. Ateist Koreya kimi, dindar yəhudilər də elmə önəm verir. Bütpərəst hindistanlılar arasından da elmə önəm verən və hətta Nobel mükafatı alanlar var. Deməli, elmə önəm vermək və ya hansısa mükafatı almaq haqqın, həqiqətin meyarı deyil.
5 - Allah Rəsulunun صلى الله عليه وسلم zamanında belə yəhudilər elmə önəm verirdilər. Buna baxmayaraq, onlar əsrlər boyu yer üzündə sərgərdan vəziyyətdə qaldılar. Qurani-Kərim (Casiyə surəsinin 23-cü ayəsində) bizə elmli olduğu halda haqq yoldan sapan bir şəxs və ya qövm haqqında xəbər verir. Bu vəsf təfsirlərdə yəhudilərdən olan bir alimə də nisbət edilmişdir. Təfsir kitablarında həmin alim və qövm haqqında ətraflı bilgi verilmişdir. Bu ayədən məlum olur ki, dünyəvi elm həqiqətin, haqqın meyarı deyil. Dünyəvi elm insanda təkəbbür yaradan xislətlərdən birinə də çevrilə bilir. Bu gün elmi ilə öyünən bu qövm yer üzündə fəsad törətməkdə həddini aşmışdır. Bir vaxtlar nasist almaniyası, Sovet imperiyası da elmin batil qüruruna və təkəbbürünə bürünmüşdülər. Öz xalqını qırmaqla tarixə düşən Çin lideri Mao Tsi və Kamboca lideri Pol Pott və başqaları da elmin qüruruna, təkəbbürlüyünə qapılmışdılar.
6 - Müsəlmanlar 15-ci 16-cı əsrlərə kimi dünyəvi elmlərdə qərbdən öndə olublar. Əgər hesablasaq, ən azından səkkiz əsrlik bir zaman kəsimində müsəlmanlar dünyada öz elmləri ilə böyük bir güc sahibinə çevrilmiş, onlar tərəfindən hər dünyəvi sahədə kəşflər və ixtiralar bir-birinin ardınca gəlmiş, müsəlmanlar bir çox dünyəvi elmlərin təməlini qoymuşdular. Eyni vaxtda bu zaman kəsimində müsəlman alimlər bir çox elmlərin inkişafında müstəsna xidmətlər göstərmişdilər. Onda belə çıxır ki, əgər həmin səkkiz əsrdə elmə xüsusi xidmətə görə hansısa mükafat olsaydı, müsəlmanlar bütün dinlərdən - dinsizlikdən isə söhbət gedə bilməzdi - daha çox elmə görə mükafat əldə edəcəkdilər. Bu bəsit izah bizim üçün bu sualın düyünlərini çözür və bir daha bizlərə öyrədir ki, inkişaf din və ya dinsizliklə deyil, inkişaf məhz elmə verilən dəyəri aşılayan ideologiya ilə bağlıdır. İndi son bir əsrdə müsəlmanların dünyada təklənməsi və zəifləməsi nəticəsində elmdə zəiflədiyi bir əsri meyar olaraq götürək? Yoxsa azı səkkiz əsr dinə daha çox əməl etdikləri zaman səkkiz əsr boyunca dünyəvi elmdə irəlidə olduqları zamanlarımı meyar olaraq götürək? Bu müqayisəli sual çox mühüm və yerindədir. Diqqətlə bu sual barədə düşünməyimiz lazımdır. Bu haqda düşünsək bizə aydın olar ki, din elmə mane deyil. Əgər mane olsaydı, müsəlmanlar dinə əməl etdikləri ən yaxşı çağlarda dünəvi elmlərdə də öndə olmazdılar!
Qeydlər və istinadlar:
1 - Ərəbcə məqalə: جائزة.نوبل... وصية مخترع الديناميت. (Nobel mükafatı - Dinamiti ixtira edənin vəsiyyəti). Aljazeera.net saytı.
2 - Telegraf.az saytında yayımlanan "Niyə riyaziyyata Nobel verilmir?" Konsul və ekspertin mübahisəsi - adlı məqalə.
3 - Obamanın böyük siyasi xətaları haqqında bu yazıdan daha ətraflı oxumaq mümkündür:
https://qafqazinfo.az/news/detail/obamanin-qan-udduran-siyaseti-106145
Qafqazinfo.az saytında yayımlanan "Obamanın qan udduran siyasəti" başlıqlı yazı.
4 - Nobel Mükafatı - gizlini və aşkarı (ərəbcə məqalə: جائزة نوبل... الظاهر والخفي).
5 - news.milli.az saytında yayımlanmış məqalə. "Ən məşhur mükafatın rüsvayçılıqları". Keçid:
https://news.milli.az/interest/267260.html
6 - Nobel Mükafatı - gizlini və aşkarı (ərəbcə məqalə: جائزة نوبل... الظاهر والخفي).
7 - Moderator.az saytında yayımlanan "Nobel mükafatından imtina edən məşhur yazıçılar" adlı məqalə:
https://modern.az/nobel-mukafatindan-imtina-eden-meshur-yazicilar-maraqli/81850
8 - news.milli.az saytında yayımlanmış məqalə. "Ən məşhur mükafatın rüsvayçılıqları". Keçid:
https://news.milli.az/interest/267260.html
9 - bax: شيء من العنصورية məqaləsi. "İrqçilikdən bir hissə" adlı məqalə, Muhəmməd Abdus-Sələm adlı yazarın kitabından müxtəsər bilgi. Masrawy.com saytı.
أول دراسة عربية عن جائزة نوبل في معرض الكتب 2016.
10 - "Ən məşhur mükafatın rüsvayçılıqları" adlı məqalə. (ARAŞDIRMA). Bax: News.milli.az saytı.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR