Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslamda bir şəriət hökmünün hikməti haqqında soruşmaq olarmı?

Cavab: Dində hansısa bir məsələdə şəriət hökmünün hikmətini soruşmaq qadağan deyil. Bəzi insanlar hökmlərin hikmətini soruşmaqla qeybi məsələlər haqqında sual verməyi qarışdırırlar. Yəqin ki qeybi məsələlər haqqında sual vermək barədə də danışarıq. Amma şəri hökmlərin hikmətlərinə gəldikdə, şəkk yoxdur ki biz bir müsəlman kimi etiqad etmişik ki, şəriət hökmlərinin mütləq bir hikməti var, o hikmət bizə ya aydın olur, ya gizli qalır. Bu məsələləri öyrənənlər, daha çox bilənlər isə insanlar arasında alimlərdir. Bu kimi mövzularda dini hökmlərin hikmətini öyrənmək insanın imanının artmasına, yəqinliyinin artmasına, insanın dini başa düşməsinə, hökmləri başa düşməklə yanaşı insanın bu mövzularda meydana çıxan şübhələri dəf etməsinə səbəb olur. Allahın elçisi Muhamməd ﷺ də səhabələrinə əhkamların hikmətini öyrədirdi, onlar soruşurdular, peyğəmbər də cavab verirdi. Burada problemli məsələ hökmlərin hikmətini araşdırmaqda olan problemli metoda qayıdır. Bu problemli metodların təzahürlərindən bəziləri bunlardır:
•Bir hökmün hikmətini başa düşmədikdə o hökmü qəbul etməmək.
• Hikməti axtarmaqda yol verilən xəta; oola bilsin ki kimsə desin ki bu hökmün hikməti filan cürdür, amma əslində elə deyil. Yaxud da elə bilsin ki, bir hökmün cəmi bir hikməti var, amma əslində həmin hökmün bir neçə hikməti olsun.
• Doğru olmayan hikmətləri şəriətə nisbət etmək; Bu da şəriətə Quran və sünnədən götürülməyən, nə də İslam fəqihlərinin sözlərindən yararlanmadan deyilən hikmətləri nisbət etmək yoluyla edilir. Hansı ki, hikmət olduğu iddia edilən izahları o dövründə yayıldığı üçün öz nəfsinin istəyinə görə seçmişdir.
• Bu məsələdə mühüm qayda odur ki, insan bir hökmün hikmətini başa düşmədikdə də tam bir təslimiyyətlə hökmə tabe olmalıdır. Uca Allah buyurur:
وَمَا كَانَ لِمُؤۡمِنࣲ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥۤ أَمۡرًا أَن یَكُونَ لَهُمُ ٱلۡخِیَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ
"Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər". (Əhzab. 36).
Amma hikməti axtarmaqda da deyildiyi kimi bir sıxıntı yoxdur. Çünki Allahın bütün hökmləri ya insanların dini və dünyası haqda hansısa bir məsləhəti yerinə yetirir, ya da hansısa bir zərəri aradan qaldırır.
Bu hikmətlərin isə üç halı olur:
Birinci hal: Hökmdə olan hikmətin mənası anlaşılan olur, açıq-aşkar bir şəkildə bilinir: Məsələn, oğurluğun haram olması, insanların mallarını haqsız yerə ələ keçirməyin haram olması kimi, valideynlərə yaxşılığın vacib olması kimi, yemək və içməyin mübah (icazəli) olması kimi. Bu kimi hikmətlər açıq aşkardır, heç kəsə gizlin deyil.
İkinci hal: Hökmdə olan hikmət ibadətlə bağlı olur: O mənadakı hökmdəki hikmət ibadətlə bağlıdır, mənası anlaşılmır. Yəni, ağıl müstəqil olaraq o hökmdəki mənanın təfsilatlarını anlaya bilmir. Baxmayaraq ki, ümumi bir şəkildə o hökmün səmərəsini başa düşür. İnsanın ağlı namazların müəyyən bir sayda olmasının və ya müəyyən bir vaxtlarda olmasının hikmətini müstəqil bir şəkildə anlaya bilmir. Lakin anlayır ki, bu məsələ insanın dini üçün uyğun bir məsələdir və bu məsələdə şəriətə tabeçiliklə o savab qazanır. Zəkatın nisab miqdarının təyini, nədən nə qədər zəkat çıxarılır, mirasın bölünmə qaydaları, nigahın hökmləri, boşanma qaydaları və s. Əgər bu hökmlərdə müəyyən məsələlər dəqiq təyin olunmasaydı, o zaman tətbiqdə xaos baş verərdi.


Yazdı: Sahib Əsədov