Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslamda dini mövzuların sorğulanması qadağandırmı?

Cavab: Dində bir çox məsələlər var ki, əslində soruşulması icazəlidir. Amma konkret olaraq soruşulması qadağan olunan məsələlər var ki, o mövzularda sual vermək icazəli deyil. Xüsusən də bəzi etiqadi və qeybi məsələlər var ki, o mövzuda elmimiz olmadığı üçün sual vermək doğru deyil; Bu mövzunu bir neçə aspektdən ələ ala bilərik:
Birincisi: Elmsiz mühakimə yürütmək problemi; Əlbəttə ki, dindən anlayışı olmayan kəslərin, ancaq bu mövzulara maddi nəzərlə yanaşan insanların bu məsələləri başa düşməsi çətindir. Çünki bu zaman sən özünü bir vadidə, o isə başqa bir vadidə hiss edəcək. Sən bir prizmadan yanaşacaqsan, o isə başqa düşmədiyi mövzuya başqa bir pizmadan yanaşmış olacaq. Ümumiyyətlə qeybi məsələlərə rasional yanaşmaq mümkün deyil. Çünki sənin qeybi məsələlər haqqında kifayət qədər təsəvvürün yoxdursa, sənin o mövzularda mühakimə yürütməyin doğru deyil. Xüsusən də ortastatistik, ağlı yerində olan hər bir insan bilir ki, hər kəs öz ixtisasından danışmalıdır. Hər kəs öz bildiyi məsələləri müzakirə etməlidir. Bəzən edilən irad, mühakimə məntiqi görünə bilir, amma yerində olmur. Bu da məlum bir məsələdir. Ona görə deyilib ki, kim öz ixtisası olmayan bir mövzudan danışarsa, səhvlərə yol verər. Səhvə deyil, səhvlərə yol verər. Maşın sürmək üçün yol hərəkəti qaydalarını öyrənirsən, yoxsa necə gəldi sürsən, qəza törədəcəksən. Hansısa elmi yaxşı bilmək istəyirsənsə, onu mütəxəssislərindən öyrənməlisən. Təsəvvür edin, adi bir iş yerinə gedib işləmək istəyirsən, səndən CV-lər istəyirlər, təcrübə istəyirlər. Nə üçün hər kəsi qəbul etmirlər? Cavab sadədir, o sahədə bacarıqlı, bilikli mütəxəssis istəyirlər, amma dinə gələndə, nədənsə hər kəs danışır. Ona görə də biz deyirik ki, dindən savadsız danışanların özlərini sorğulamaq lazımdır ki, sən hansı əsasla bilmədiyin mövzulardan danışırsan? Uca Allah buyurur: ولا تَقْفُ ما ليس لك به علم "Haqqında elmin olmadığı bir şeyin dalınca getmə!" (İsra.36).
İkincisi: Sualların növləri var; Elə suallar var ki, yersiz sualdır. Hətta dünyəvi məsələlərdə belə uyğun olmayan yersiz suallar var. Məsələn, inşaat mühəndisinə desən ki, sən prezident olsan dünyada müharibələri necə dayandırardın? Bu sual əslində siyasətdən başı çıxmayan biri üçün çox ağır sualdır, hətta yersiz sualdır. Yaxud da kimsə şimaldakı bir məktəb direktoruna desə ki, cənubdakı uşaqlar sizin ucbatınızdan dərs oxuya bilmirlər, elə deyil? O bu suala cavab verməyə də bilər. İstəsə gülüb keçər. Çünki o bilir ki ona böhtan atılır və o şimalda olduğu halda cənubdan məsul deyil.
Həmçinin, kimsə desə ki, cənnətdə afrikalılar suyu nədə içəcəklər? Deyəcəyik ki bu sual yersiz sualdır. Yaxud da kimsə desə ki, cənnətdə qızıl oyuncaqlar olacaqmı? Deyəcəyik ki, mümkün ola bilər, amma sual faydasız sualdır. Yaxud kimsə desə ki, cənnət mars planetində olacaq? Deyəcəyik ki Allah bilir harada olacaq, bu suala cavab verə bilmərik. Yaxud kimsə desə ki, özünü zinadan qoruyanlar cənnətdə qızıldan yoxsa gümüşdən olan taxtlarda oturacaqlar? Deyəcəyik ki, bu sual da mənasız sualdır. Bunun kimi misalları çoxalda bilərik.
Deməli, yersiz suallar həm dində, həm də dünyəvi məsələlərdə mövcuddur. Bu həqiqət anlaşıldısa, deməli, qeybi məsələlərdə və bəzi etiqadi mövzularda da yersiz suallar ola bilər. Yersiz suala isə bəzn gülüb keçir, çox vaxt isə cavab verməmək normal bir hal hesab olunur. Bəs necə ola bilər ki, yersiz bir dini suala cavab verməmək qəribə qarşılansın?! Görünür ki, məsələ əqli olmaqdan daha çox emosional yanaşma ilə üzbəüzdür.
Üçüncüsü: Dini hökmlərin hikməti haqda sual vermək olar; Öncə də qeyd etdiyimiz kimi bir insanın dindəki hökmlərin hikmətini soruşmasında bir problem yoxdur. Əksinə, bunun bəzi faydaları var. Amma qeybi məsələlər haqqında verilən sualları ələlxüsus da dinsizlər verirsə, onlar bu məsələlərə dini elm aspektindən deyil, maddi elm aspektindən yanaşırlar. Bu zaman isə həmin suallardan fayda deyil, zərər hasil olur. Çünki nə o verilmiş suallar doğru deyil, nə də o suallar düzgün məqsədlə verilməmişdir. Amma dini hökmlərin hikmətləri ilə bağlı verilən sualların faydaları olur. Məsələn; dini başa düşməkdə ona kömək olur, imanı artır, qəlbindəki yəqinliyi güclənir, əhkamları başa düşüb bu hökmlər barədə şübhələri dəf etməkdə köməkçi olur. Peyğəmbər (ﷺ) də səhabələrinə hökmlərin hikmətlərini bəyan edirdi, onlar özləri də peyğəmbərdən bu barədə soruşurdular və o da onlara bu hikmətləri öyrədirdi.
Dördüncüsü: Şər probleminə dini yanaşmanı öyrənmək; Əgər bir insan dində "şərr problemi" ilə bağlı məsələni anlayarsa, o kimsə artıq din haqqında verilən sual və şübhələrin yarıdan çoxunun cavabını elə öz beynində tapmış olacaqdır. Mən bunu çox böyük əminliklə deyirəm! Bu da çox mühüm bir məsələdir. Bizim də bu haqda "Ateizmdə şər probleminə münasibət" adlı məqaləmiz var. Tövsiyə edərdim ki, həmin yazını internet üzərindən endirib oxusunlar! Bu suaların yaranmasında ən böyük amillərdən biri Şər problemini başa düşməməkdir. Görüntülü istəsələr Youtube üzərindən "Ateizmdə Şər problemi" adlı videomuza da baxa bilərlər.
Beşincisi: Allahın feli haqqında sual icazəli deyil; Dində sorğulamağın mütləq şəkildə qadağan olduğunu irəli sürənlər Qurani-Kərimdəki bu ayəni misal çəkirlər: لا يُسْألُ عمَّا يَفْعَلُ وهم يُسْألُون Yəni: "Allah gördüyü işlər barəsindəsə soruşulmaz; onlar isə soruşulacaqlar". (Ənbiya. 23). Allahın feli haqqında sual iki aspektdən icazəli deyil:
a) Yaradanın ucalığına və əzəmətinə, mülkünün qüdrətinin genişliyinə və məxluqatı üzərində böyük bir haqqının olmasına görə bu cür sualların verilməsi icazəli deyil.
b) Yaradanın hikmətinin, elminin və ədalətinin kamilliyinə görə; Bu da onu gərəkli edir ki, bunu bilək, onun bütün felləri kamillik üzərindədir. Ona görə də nə sınamaq üçün, nə də şəkk olaraq sual verilməli deyil. Burada biz deyəndə ki, onun feli barədə sual verilməz, bunu onun gücü-qüdrəti və bizi nəyəsə məcbur etməsi kimi yox, bunu onun hikmətinin, rəhmətinin və ədalətinin kamilliyi baxımından başa düşməliyik(1). Yəni sanki sual verilir ki, sən özünü Allahdan daha hikmətli, daha ədalətli və daha mərhəmətlimi hesab edirsən? Bəlkə sən Allahın fellərini düzgün başa düşmürsən? Allahın felləri barədə sual vermək olmaz dedikdə, bu o demək deyil ki, burada bir hikmət yoxdur və ya qüsurlu bir hikmət var və ya Allahın fellərinin bir səbəbi yoxdur. Əksinə bu o deməkdir ki o hər şeyin sahibidir və onun hökmü rədd olunmaz. Rəbbi qarşısında zəif bir qulun belə bir üslubda Rəbbinin felləri barədə sual verməsindən daha ucadır onun rəbbi, bu sual bu aspektdən yerində deyil. Halbuki bu fellərin hikməti ortadadır, izləri görünür və ağıl bu hikmətlərin bir çoxunu anlayır. Əksinə, Allah Özü qullarını sorğulayacaq, imtahana tabe edəcəkdir. Çünki o hər şeyin yaradanıdır. Allahın bütün fellərinin bir hikməti, səbəbi var, lakin qullar bunun hamısını anlaya bilmir. İnsan ağlı məhdud olduğu üçün bütün hikmətləri anlamır, anlamırsa, hikmətləri inkar etməli deyil. Sonra bir ağıllı bir insan etiraf edir ki, onun öz elmi Allahın elmini əhatə edə bilmir. Bəs necə ola bilər ki, o Allahın bütün fellərinin hikmətini bilmək istəyir? Ona görə də mələklərə uca Allahın Adəmi nə üçün yaratmasının hikməti gizli qalmışdı və onlar belə demişdilər: "Biz səni həmdü-səna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda, Sən Orada fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?" Allah isə onlara demişdi ki: "Şübhəsiz ki Mən sizin bilmədiklərinizi bilirəm". (Bəqərə. 30). Beləcə, uca Allah onlara bu məsələdə bilmədikləri əzəmətli hikmətlərin olduğuna işarə etmişdir. Deməli, Bu məsələni başa düşmək bizə belə məsələlərdə çox böyük bir təməli öyrətmiş olur. Hansı ki bu təməl vasitəsilə biz bir çox şübhələrdən qorunmuş ola bilərik.
İstifadə edilmiş ədəbiyyat:
1 - əl-Avasim əl-Məqulət-Əddaminət minəl İnhirafət əl-Fikriyyə əl-Muasırah. Dr. Fəhd əl-Aclən. səh. 112.

Yazdı: Sahib Əsədov