Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Din elmə mane olurmu? (2-ci hissə)
Dördüncüsü: Qərbli alimlər də dinin elmə zidd olmadığını təsdiqləyirlər!
Bu məqamda elmlə dinin bir-birinə zidd olmaması barədə bəzi qərbli elm adamlarının sözlərini oxumaq yerinə düşər:
Sir Con Fridrik Vilyam Herşel demişdir: "Görünür ki, bəşər övladının bütün kəşfləri yalnız səmadan gələn həqiqətləri daha qüvvətli bir şəkildə təsdiqləmək üçün edilmişdir. Bu müqəddəs kitablarda da qorunmuşdur"(25).
Francis Collins demişdir: "Elm Allahın əsrarəngiz, möhtəşəm yaratmasını kəşf etdikdən sonra elmin ibadətə aparan bir yol olması mümükündür" (26).
Max Planck demişdir: "Heç təsadüfi deyildir ki, bütün əsrlər boyunca böyük mütəfəkkirlər çox dərindən dindar olmuşlar, baxmayaraq ki, onlar öz hislərini aşkardan ortaya çıxarmamışlar" (27).
Robert A. Naumann demişdir: "Elm və dinin bir-birinə zidd olduğunu hesab etmirəm. Onlardan hər biri imanın fellərindən qaynaqlanır. Şiddətlə dəstəkləyirəm ki, hazırkı suallar kainat elmindən və ilkin Fizika cismlərindən başlayır, bakteriyalar elminin isə aydın bir qeybi və ya dini ehtivası var" (28).
Con G. Filips demişdir: "Elm və din arasında heç bir ziddiyyət görmürəm. Hər biri müxtəlif suallar verir. Elm "necə" sualını soruşur, din isə "nə üçün" sualını soruşur" (29).
Charles H. Townes demişdir: "Elm Kainatın mexanizmini öyrənmək istəyir. Dinin isə buna cavabı var. Ona görə də bu ikisini bir-birindən ayırmaq olmaz" (30).
Vera Kistiakovski demişdir: "Hesab edirəm ki, elm və din müxtəlif və iki yaxın şeylərdir. Heç birinin öyrəndiyi sahələr tamamilə bir-birinə aid deyil" (31).
Artur H. Compton demişdir: "Elm və din arasında heç bir köklü ziddiyyət yoxdur. Elm bilgini öyrənmək üçün olan etibarlı bir yoldur. Din isə həyatın təməlini qaydasına salmaq üçün bir araşdırmadır" (32).
Joseph Taylor demişdir: "elmi kəşf həm də dini kəşf deməkdir. O baxımdan ki, elmlə din arasında bir ziddiyyət yoxdur. Hər bir elmi kəşf edildiyi zaman Allahı daha yaxşı tanımış oluruq" (33).
Werner Heisenberg demişdir: "Təsdiqləməyim vacibdir ki, elm və din arasında edilən bu ayrı-seçkilik mənə heç də xoş deyil! Bəşər övladının cəmiyyətlərində bilgi və iman arasında kəskin ayrı-seçkilik olduğu halda yaşayışın ola bilməsinə şübhə edirəm!" (34).
İsidor İsaac Rabi demişdir: "Fizika məni ehtiram ilə doldurmuş və məni orjinal səbəblərlə təmas qurmağa yönəltmişdir. Fizika məni Allaha yaxınlaşdırmışdır" (35).
Beşincisi: Din və elmin uyğunluğu haqqında bəzi suallara cavablar:
Sual (1): İnsan dünyəvi elm öyrənməklə də savab qazanırmı? Cavab: Bəli. İnsan dünyəvi elm öyrənməklə də savab qazanır. Bu onun niyyətinə qayıdan bir məsələdir. Dünyəvi elmi öyrənib öz ixtisası üzrə xalqına, insanlara faydalı olmaq istəyən kimsə buna görə savab qazanır.
Sual (2): Bəs nə üçün müsəlmanlar dünyəvi elmdə qeyri-müsəlmanlardan geri qaldılar?! Cavab: Bunun bir çox səbəbləri var. Bu səbəblərdən:
1 – Əksər müsəlman ölkələrinin qeyri-müsəlmanlar tərəfindən amansız işğala məruz qalması və müstəmləkəyə çevrilməsi. Bu da öz növbəsində onların inkişafdan geri qalmasının başlıca amillərindən olmuşdur.
2 – Müsəlman ölkələrinin işğalından sonra onların bir daha dirçələ bilməməsi, inkişaf edə bilməməsi üçün onlar arasında "parçala, hökm et" siyasətinin qurulması.
3 – "Qeyd etməsək olmaz" deyilə biləcək səbəblərdən - əsas səbəb olmasa da – bəzi müsəlmanların tamamilə tərki-dünyalıq edib peyğəmbərin gətirdiyi əzəmətli ideologiyadan uzaq düşməsi, təriqət təəssübkeşliyi çəkib dünyəvi elmlərə dırnaqarası baxması. Bu amil ilk qeyd etdiyimiz amildən sonra gəlsə də müsəlmanların dünyəvi elmə yanaşmasında təsiri var.
4 – Dünyəvi elm və müasir texnologiya sürətlə inkişaf edir; Müasir dünyəvi elm sahələri və texnologiya o qədər sürətlə inkişaf edir ki, - çətinliklərə və maneələrə baxmayaraq – müsəlmanların bir sıra elm sahələrində əldə etdikləri uğurlar bəzi insanlara görünmür(36). Bir sıra müsəlman ölkələri təkcə son əlli ildə o qədər yüksək inkişaf ediblər ki, müstəmləkə durumuna düşdükləri dövrlərdə inkişaf paradiqmasından geri qalmaları və elmi inkişaf meydanında rəqabətin yüksək olmasına görə o ölkələrin inkişafına lazımi dəyər verilmir.
Sual (3): Bəziləri deyirlər ki, müsəlmanlar son beş əsrə kimi dünyəvi elmlərdə öndə olsalar da, sonrakı əsrlərdə bu öncüllüyü Qərb ölkələri ələ keçiriblər. Son beş əsrdə müsəlman alimlərin elə də böyük elmi uğurları olmayıb. Bu nə dərəcədə doğrudur?
Birincisi: Bu sual və ya şübhə heç bir vəhclə dinin elmə mane olması anlamına gələ bilməz. Biz əvvəldə İslam dininin iki qaynağı olan Quran və hədislərdən dünyəvi elmə işıq tutacaq bəzi dəlilləri qeyd etmişdik. Deməli, bu cür prosseslərin dinlə bir əlaqəsi yoxdur.
İkincisi: Sualda açıq şəkildə etiraf edilir ki, son beş əsrdə müsəlmanlar zəifləyib və ya geri qalıb. O zaman belə bir məsələ ortaya çıxır. Bəs on dörd əsrlik tarixi olan bir dinin mənsubları bu din göndəriləndən bəri doqquz əsr ərzində necə dünyəvi elmlərdə və dünya hakimliyində öndə olublar? Əgər bir ideologiya elmə qarşıdırsa, o ideologiya öz ümmətini doqquz əsr necə ən üstün sıralarda saxlaya bilir? Düşünürəm ki, bu sualın cavabı barədə düşünmək bizə kifayət etməlidir.
Sual (4): Axı biz orta əsrlərdə kilsənin dünyəvi elmə və bu elmi daşıyan alimlərə qarşı necə divan tutduğunu görmüşük. İslamda isə dinə qarşı danışanların cəzası verilirdi. Buna necə izah verə bilərsiniz?
Cavab: Kilsənin orta əsrlərdə dünyəvi elmin daşıyıcılarına divan tutması məşhur və məlum bir məsələdir. Nəzərə alsaq ki, İncil kitabı təhriflərə məruz qalmış, İncilə zidd olan dünyəvi fikirlərə qarşı şiddətli mübarizə aparılmış, din xadimləri xristianlığın nüfuzunu qorumaq üçün elm xadimlərinə, alimlərə çox əziyyət və işgəncələr vermişdilər. Amma İslamın dünyəvi elmlərə və elm xadimlərinə qarşı yanaşması belə olmamışdır. Müsəlmanların tarix boyu ən sərt mövqe göstərdikləri şəxslər insanların əqidəsini korlayan, dinsizliyi təbliğ edən zındıqlar, mülhidlər olmuşlar. Dünyəvi elmləri öyrənən və öyrədən İbn Sina, əl-Xəvarəzmi, İbn Xaldun, ibnil-Heysəm və s. yüzlərlə alimlərə heç bir cəza verilməmiş, əksinə onlara müsəlmanların ölkəsində rəsmi səviyyədə yüksək dəyər verilmişdir. Hətta onlardan bir çoxlarının etiqadi məsələlərdə ciddi xətaları olsa da onlar ağır cəzalara tuş gəlməmiş, Avropadakı dünyəvi elm adamlarının ağır aqibətini yaşamaq əvəzinə, hələ dövlət tərəfindən rəsmi dəstək də almışdılar.
Sual (5): Dünyəvi elmlərin hamısı eyni hökmdədir?
Cavab: Qeyd etdik ki, dünyəvi elmlər cəmiyyətə nə qədər faydalı olar və millətin problemlərinin aradan qalxmasına, ehtiyacların ödənməsinə xidmət edərsə, o qədər onun dindəki dəyəri də yüksək olar. Bəzi elm sahələri var ki, insanlar onu faydalı olmaq üçün deyil, sadəcə hobbi kimi öyrənirlər. Məsələn gözəllik və ya dizayn məsələlərini daha çox pul qazanmaq üçün öyrənənlər olur. Həmin ölkədə tibb elminə və ya daha çox elminin öyrənilməsinə ehtiyac olan sahələr ola bilər. Yaxud bir ölkədə yaxşı memarlara, yaxşı mühəndislərə, yaxşı həkimlərə ehtiyac olduğu halda insanların əyləncə tipli az elm tələb edən sahələrə yönəlməsi şəriətin məqsədinə müxalifdir. Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Ən xeyirliniz insanlar üçün ən faydalı olanınızdır" (37). Deməli, cəmiyyətdə daha çox ehtiyac olan dünyəvi elm sahələrini seçmək şəriətin məqsədinə daha uyğundur!
İstifadə edilmiş ədəbiyyat: (ikinci hissənin mənbələri)
Qeyd: 1-dən 24-ə kimi olan mənbələr məqalənin birinci hissəsində verildi.
25 – The Living Age. Eliakim. 5/383.
26 – əl-İman bil-Xaliq vəl-Elm. Dələil mərkəzinin tərcüməsi. səh. 41.
27 – Where it Science Going? Max Planck. 1977.
28 – əl-İman bil-Xaliq vəl-Elm. Dələil mərkəzinin tərcüməsi. səh. 49.
29 – Science asks what and how, while religion asks why. 1991.
30 – Elm və Allah. Lazer və Dua haqqında. (ingiliscə) 1997. 890-93 – 277.
31 – Kainat, həyat və tanrı. Henri Margenau. 1991. Səh. 51. (ingiliscə).
32 – The Cosmos of Artur Holly Compton. P. 374. Faynfar Buşun müqəddiməsi ilə. New York.
33 – əl-İman bil-Xaliq vəl-Elm. Dələil mərkəzinin tərcüməsi. səh. 57.
34 – Physics and Beyond. Werner Heisenberg. p. 82-83. 1971.
35 – Physics Today. Rabi İsidor İsaac. P. 38.1999.
36 – Müsəlman alimlərin müasir dövrdə əldə etdikləri elmi nəaliyyətlər haqqında keçiddə verilmiş videomuza baxmağı tövsiyə edirik: https://www.youtube.com/watch?v=i8iJhZBYSts
.
37 – Səhihul-Cami. Albani. 3289.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR