Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Adəm peyğəmbər olubmu?

Şübhə: 1 – Nə üçün Quranda Adəmin peyğəmbər olması yazılmayıb? 2 – Adəm insan olmayan dünyada kimə peyğəmbər olaraq göndərildi? 3 – Adəm 7.000 il öncə gəlibsə, 13.000 il öncə "Göbəklitəpədə" olanlar kimlər idi?
Birinci şübhəyə cavab: Quranda Adəmin (əleyhissalam) peyğəmbər olmasına açıq-aydın işarə edilib. Buna az sonra toxunacağıq. Hətta Quranda yazılmasa belə mötəbər hədislər bunu təsdiqləyir və bir müsəlman üçün bu kifayət edir. Amma Quranda Adəm əleyhissalam haqqında gələn ayə belədir: "Həqiqətən də Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmran ailəsini seçib aləmlərdən üstün etdi".(1). Digər peyğəmbərlərlə birgə Adəmin seçilməsi və üstün edilməsinin yalnız bir izahı var: o bir peyğəmbər idi.
İkinci şübhəyə cavab: deyilir ki, Adəm insan olmayan dünyada kimə peyğəmbər göndərildi? Cavab odur ki, Adəm öz nəslinə və övladlarına doğru yolu göstərən bir peyğəmbər idi. Amma onun peyğəmbər olması üçün yer üzündə Həvvadan başqa insanın olmadığı zaman kəsimi şərt deyil. Muhəmməd Peyğəmbər ömrünün yarıdan çoxunu yaşadıqdan sonra peyğəmbər olduğu kimi ömrü ən uzun insanlardan olan Adəm əleyhissalam da nəslinin çoxaldığı bir vaxtda peyğəmbər funksiyasını öz nəsli üçün yerinə yetirmişdi. Amma doğru olan odur ki, Adəmin üstünlüyü, Allah ilə danışması onun nəslinin çoxalmadığı vaxtda da olmuşdur. Allahın onu ucaltması üçün yer üzündə çoxlu insanların olması da bir şərt deyildir.
Onu da qeyd edək ki, Adəm ilk peyğəmbər olub, amma ilk rəsul olmayıb. Nəbi ilə rəsulun fərqini bilməyənlər bu gün bu şübhəni gətirirlər. Hədislərdə gəlir ki "İnsanlar Nuhun yanına gedir və sən Allahın yer üzünə göndərdiyi ilk rəsulsan" (2) deyib onun şəfaətini istəyirlər. Peyğəmbər (nəbi) olmaq öz nəslinə doğru yolu göstərən rəhbər olaraq Adəmə kifayət edirdi. Onun peyğəmbər olmasını təsdiqləyən rəvayətlərdən biri də İbn Hibbanın "Səhih" əsərində etdiyi nəqldir; Peyğəmbərdən (Sallallahu aleyhi və səlləm) soruşurlar ki, Adəm bir peyğəmbər olubmu? Deyir: "Bəli, Allahın özüylə danışdığı bir peyğəmbərdir".(3).
Üçüncü şübhəyə cavab: Deyirlər ki, əgər Adəm 7.000 il öncə gəlibsə, 13.000 il öncə "Göbəklitəpədə" olanlar kimlər idi? Cavabında deyirik: Adəmin 7.000 il öncə yaşadığını təsdqiləyən heç bir mötəbər mənbə yoxdur. Bu say barədə müxtəlif rəqəmlər və israiliyyat rəvayətləri qəbilindən olan rəvayətlər var. Bu say məsələsinə biz bundan öncəki şübhələr cavablarımızda ətraflı şəkildə toxunmuşuq. Daha ətraflı oxumaq üçün "İslam dini Şumerlərdən götürülüb?" (4) adlı məqaləmizi internet üzərindən oxuya bilərsiniz. Qaldı ki, "Göbəklitəpə" sakinlərinin neçə min il öncə mövcud olmasına bunun özü də arxeoloqlar tərəfindən irəli sürülən ehtimaldır. Hətta qeyd olunan tarixin doğru və ya doğruya yaxın olmasını fərz etsək, o zaman bunun əksini deyən dini mənbə olmadığı üçün belə gülünc iddialarla dini "səhv çıxarmağa" girişməyin sadəcə savadsızlıq olduğu anlaşılar.


İstifadə olunmuş ədəbiyyat:
1 – Ali İmran surəsi. 33-cü ayə.
2 – Səhihul-Buxari. 4712; Səhihu Muslim. 194. Şəfaət hədisi.
3 – Səhih ibn Hibban. 2085; "Səhih Hədislər Toplusu". Albani. 6/358.
4 – Bax: "İslam dini Şumerlərdən götürülüb?" adlı araşdırma. Sunna.az saytı.


Yazdı: Sahib Əsədov