Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
İslam dini şumerlərdən götürülüb?
Təqribən bir il öncə elektron ünvanıma sual göndərildi. Oxucu qeyd etmişdi ki, ünvanladığı sual deistlərin şübhəsidir. Müəyyən araşdırmalardan sonra sualda qeyd olunan şübhənin həm deistlərin, həm də İslamı qəbul etməyən aqnostik və ateistlərin şübhəsi olduğu ortaya çıxdı.
Sual belə idi: “Bəzi aqnostiklər, deistlər və ateistlər: “Şumerlər haqqında qədim yazılar oxunduqdan sonra İslam dininin guya Şumerlərdən gəldiyinin məlum olduğunu” deyirlər. Bu nə dərəcədə doğrudur? Onlar həmçinin yerin yaşı və peyğəmbərlərin yer üzündə yaşadığı müddət barədə şübhələr gətirməyə çalışır və şumerləri, babilliləri və digər xalqları yer üzündə ilk sivilizasiya kimi təqdim etməyə çalışırlar. Peyğəmbərlər və İslam barədə isə iddia edirlər ki, guya şumerlərin qədim yazılarında dini biliklər barədə eyni məlumatlar yer alır. Nəticə etibarilə demək istəyirlər ki, İslam dini bu qədim sivilizasiyaların dini etiqadlarından götürülüb. Buna nə cavab verə bilərsiniz?
Cavab: Bu deyilənlər yalnışdır və həqiqəti əks etdirmir. Bu cür iddiaları yalnız dindən anlayışı olmayanlar irəli sürə bilər. Qədim “Şumer” yazıları oxunduqdan sonra onların dini görüşləri və ayinləri barədə dolğun məlumatlar əldə edilmişdir. Bu dini bilgilərin araşdırılması zamanı qəribə faktlar meydana çıxmışdır. Din barədə cüzi də olsa məlumatı olan insan bu bilgilərlə tanış olarsa, irəli sürülən iddiaların yalnış olduğunu anlayar. Bu yazılarda Nuh Peyğəmbərin dövründə baş vermiş tufandan, dünyann suya qərq olmasından danışılır. Ən qəribəsi isə, şumerlərin və babillilərin çoxilahlıq (politeist) inancına sahib olduğu qeyd olunur. Bunu bilənlər buna rəğmən yenə də təkilahlıq (monoteist) dini olan İslama qarşı əsassız iddialar irəli sürməkdə davam edirlər.
Digər iddiaları da irəlidəki səhifələrdə cavablandıracaq və Nuh peyğəmbərin dövründə baş vermiş tufan haqqında daha ətraflı bəhs edəcəyik inşəAllah.
Əsassız iddialara ən əsas cavabımız isə odur ki, İslami mənbələrdə yer üzündə bütpərsətlik meydana gəlməzdən on əsr əvvəl təkilahlıq dövrünün hökm sürdüyü qeyd olunur. Bu məlumatlar təfsir kitablarında da yer alır.
Məsələn, İbn Abbasdan rəvayət olunan hədisdə peyğəmbər Adəmlə Nuhun peyğəmbərliyi arasında nə qədər vaxt keçdiyini xəbər verərək deyir: “Adəmlə Nuh arasında on qərn (əsr və ya nəsil) olmuşdur. Onların hamısı haqq şəriət üzərində olmuşdular. Bundan sonra onlar (insanlar) ixtilaf etdilər. Beləcə, Allah müjdəçi və qorxudan peyğəmbərlər göndərdi”(1).
Yəni, Adəm peyğəmbərlə Nuh peyğəmbərin dövrü arasında “on qərn (əsr) keçmişdir” . Bəzi tədqiqatçılar hədisdə “qərn” sözünü "əsr" deyil, "nəsil" kimi başa düşmüşlər - yəni on nəsil. Adəmin dövründən Nuhun dövrünə qədər insanların ömrü təxminən min il olurdu. Əgər on nəsil müddəti bu amil nəzərə alınaraq hesablanarsa, o zaman bu müddət çox uzun olardı. Uzun sözün qısası, bu müddətdə insanlar yalnız Allaha ibadət etmiş və ona şərik qoşmayaraq bütpərəstlikdən uzaq olmuşlar. Haqqında danışdığımız zaman dilimi Şumerlərdən əvvəlki zaman dilimidir. Şumerlər isə bütpərəstlik inancında olmuş və bütlərə sitayiş etmişlər. Odur ki, mötəbər İslami mənbələrə əsasən əminliklə deyə bilərik ki, Şumerlər Nuh peyğəmbərdən sonra yaşayıb. Yəni Nuh peyğəmbərin zamanında yaşayan yalnız onların əcdadları ola bilərdi. Çünki İslami mənbələr bizə Nuh Peyğəmbərin dövrünə qədər yer üzündə bütpərəstliyin olmadığını xəbər verir. İki peyğəmbərin dövrü arasında ötən müddət barədə dəqiq rəqəmlərə gəldikdə isə, bununla bağlı mötəbər bir İslami mənbə olmadığına şahidlik edirik. Yəni apardığımız elmi araşdırmalar zamanı belə bir mötəbər mənbə ilə rastlaşmadıq.
Bəs Şumerlər kimlərdir? Hansı dövrdə yaşayıblar? Mühüm bir girişdən sonra bu suala cavab verəcəyik inşəAllah.
Əldə etdiyimiz məlumatlara əsasən Şumerlər b.e.ə. VIII minillikdə yaşayıblar. Təbii ki, bu, dünyəvi alimlərin dəqiqliklə deyil, təxmini olaraq hesabladıqları bir rəqəmdir. Bu rəqəm dörd min, beş min, on min və bundan daha artıq ola bilər. Sözümüz bunda deyil. Məsələ burasındadır ki, mütəxəssislər arasında daim çaşqınlığa səbəb olan iki məsələ mövcuddur: o da yerin yaşı ilə, ən qədim insanın yaşıdır. İslami mənbələrə müraciət etdikdə insanın yerin yaranışından sonra yarandığına dəlil olduğunu görürük. Bu iki hadisə arasındakı müddət isə bizə məlum deyil.
Əgər Adəm peyğəmbərlə Muhəmməd ﷺ peyğəmbərin yaşadığı dövr arasında zaman dilimini hesablamaq alimlər üçün qəliz bir məsələdirsə, o zaman düşünün ki, yerin yaşını hesablamaq nə dərəcədə çətindir. Bu haqda irəli sürülən ehtimallar həqiqətə yaxın ehtimallar kimi görünmür. Bu müddəti dəqiq və yəqinliklə hesablamaqdan isə söhbət belə gedə bilməz. Çünki yerin yaranmasından günümüzə qədər olan müddət barədə də dünyəvi alimlər müxtəlif fərziyyələr irəli sürürlər; onlardan bəziləri yerin yaşının “üç milyon” il, bəziləri isə “dörd milyon yarım” il olduğunu deyir. Bəziləri isə daha da irəli gedərək yerin yaşının 13 milyondan çox olduğunu deyirlər. Təbii ki, bütün bu təxmini rəqəmlər fərziyyədən başqa bir şey deyil. Eləcə də insanın yaranması və bəşər övladının yaşı barədə məlumatlar də bu qəbildən olan təxminlər və fərziyyələrdir.
Bəşər övladının yer üzündəki mövcudluğunun neçə il davam etdiyi məsələsinə gəldikdə isə, bəzi kitablarda 7000, bəzilərində 4300, bəzilərində isə 5000-dən yuxarı müxtəlif rəqəmlər qeyd olunmuşdur. Bəzi tədqiqatçılar müxtəlif metodlarla hesablamalar apararaq bəşər övladının bu dünyada mövcudluq müddəti barədə müxtəlif rəqəmlər irəli sürmüşlər: bəziləri bu rəqəmin 10.000-ə yaxın, bəziləri 19000, bəziləri isə 100.000 olduğunu demişdir. Lakin İslam alimləri bu rəqəmlərdən heç birini mötəbər hesab etməyiblər. Bu rəqəmlərdən hər biri müxtəlif hesablama metodları və üslublarının tətbiqi ilə əldə edilib. Həqiqət isə odur ki, insanın yer üzündə həyat sürdüyü müddət qeybi bir məsələdir. Bu müddəti bizə bəyan edən aydın və mötəbər heç bir dəlil mövcud deyil. Bizə məlum olan isə odur ki, Nuh peyğəmbər Şumer və Babilistan əhlindən daha əvvəl yaşamışdır. Bunu deməyə bizə əsas verən(2) səbəb isə Adəm peyğəmbərdən sonra on əsr boyunca təkilahlıq dininin mövcud olmasıdır. Bu zaman kəsimindən sonra isə ilk dəfə olaraq Nuh peyğəmbərin dövründə bütpərəstlik meydana gəlmişdir. İnsanlar yollarını azdıqda, Allah onlara Nuh peyğəmbəri elçi göndərmişdir.
Babil və Şumer tayfaları arasında bütpərəstliyin yayılması üçün isə xeyli vaxt tələb olunurdu. Yəni, babillilər və Şumerlərdə bütpərəstlik çox geniş vüsət almışdı və bunun Nuh peyğəmbərin zamanında baş verməsi mümkün deyildi. Çünki arada uzun zaman fərqi var idi. Şirk - Allaha ibadətdə ortaq qoşmaq Nuh peyğəmbərin dövründə həddən artıq yayılsa da, babillilərə və şumerlərə çatacaq səviyyədə deyildi. Çünki Nuha qədər yer üzündə insanlar tövhid (təkilahlıq dini) üzərində olmuş bir müddət sonra yenidən bütpərəstliyə qayıtmışlar.
Nuhun tufanı barədə məlumatlar ilk olaraq onlardan sonra yaşamış şumerlərin mənbələrində yer alır. Odur ki, Şumer mənbələrində Nuhun tufanı barədə keçdiyi iddia olunan xəbərlər təkcə dini məlumat kimi deyil, həm də bəşər tarixinə dair çox mühüm bilgilər kimi dəyərləndirilər və isbatlanarsa, Qurandakı məlumatların həqiqəti inkar etmədiyi, əksinə, təsdiqlədiyi məlum olacaq. Heç bir tarixi mənbədə ətraflı şəkildə təsvir olunmayan Nuh tufanı Qurani-Kərimdə ən xırda detallarına qədər, təfsilatı ilə bizə vəsf etmişdir. Qurani-Kərim hətta digər səmavi kitablarda yer alan yanlışları, təhrifləri düzəldərək bizə çoxsaylı tarixi hadisələr barədə dəqiq məlumatlar vermişdir. Yəni Qurani-Kərimin bu və digər bir çox mövzularda Tövrat və İncildəki(3) təhrifləri bəyan etməsi onun ilahi bir kitab olduğunu bir daha sübut edir.
Onu da qeyd edək ki, Nuhun tufanı barədə məlumatlara yalnız qədim dini kitablarda və şumer yazılarında yox, bir sıra digər tarixi mənbələrdə də rast gəlmək mümkündür. Bu isə bir neçə anlama gəlir:
Birincisi: bəşər tarixi üçün böyük önəm daşıyan bir hadisənin bir çox mənbələrdə qeyd olunması normal bir haldır. Bu adətən həmin hadisənin gerçəkliyinin təsdiqlənməsi anlamına gəlir.
İkincisi: Qədimdə baş vermiş bir hadisənin bir deyil bir çox mənbələrdə yer alması, xüsusən də sonrakı mənbələrdə daha geniş və daha dəqiq şəkildə izah olunması və digər mənbələrdəki təhrifləri vurğulaması isə yalnız həmin mənbənin nüfuzuna və mötəbərliyinə dəlalət edir.
Üçüncüsü: Şumer yazılarında Nuhun tufanı barədə məlumatların yer alması təbii bir haldır. Çünki hadisələr baş verdikcə tarixə həkk olunur. Heç bir hadisə baş verməzdən əvvəl tarixə çevrilmir. Tarixi bilgilərin mövcudluğu Qurandakı xəbərləri inkar etmir, əksinə, təsdiqləyir.
Qayıdaq mövzumuza; Şumerlər kimlərdir? Hansı dövrdə yaşayıblar? Şumerlilərin inancı olan bütpərsətlik və dünyada yaşadıqları zaman dilimi ilə bağlı dünyəvi alimlərin hesabladığı müddət (b.e.ə. VIII minillik) barədə artıq məlumat verdik.
Mesopotamiya dini isə qədim zamanlarda, Xristianlıq və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq regionunda yayılmış dini inanclardan ibarət idi. Bu inanclar o dövrdə həmin ərazidə yaşayan bütün xalqlar arasında geniş yayılmışdı. Şumerlərin dini görüşlərindən qaynaqlanan bu inanclar daha sonra digər xalqlar arasında yayılmışdır.
Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısı “Mesopotamiya dininə” əsaslanır.
“Mesopotamiyanın digər ərazilərində olduğu kimi, Babil dini də çoxtanrılı (politeist) din olmuşdur. Babildə də Şumer-Akkad tanrılarılarına ibadət edirdilər, lakin orada bu inanclar bir qədər mürəkkəbləşdirilmişdi. Eyni zamanda Babil əhalisi öz məhəllə, tayfa, ailə, şəhər, milli tanrı və tanrıcıqlarına ibadət etmişlər”(4).
Bu dinləri bir araya gətirən amil isə şəkk yoxdur ki, bütpərəstlik faktorudur. Şumerlilər bütpərəstlik inancında idilər, yəni onlar müsəlmanlar kimi bir Allaha deyil, onlarla, yüzlərlə tanrıya ibadət edirdilər.
Bütpərəst (politeist) bir inancı təkilahlıq prinsipinə əsaslanan dinlə müqayisə edib eyniləşdirmək nə məntiq, nə də ədalət çərçivəsinə sığmaz. Lakin, bu iddiaları dəlil kimi irəli sürənlər çəkinmədən imanla şirki, küfrü bir arada cəm etmək istəyirlər. Tək olan Allaha ibadətə çağıran İslam dini ilə yüzlərlə tanrılara iman gətirməyi məqbul görən dinlərin eyni kökə malik olduğunu dilə gətirmək bəlkə də tarixdə irəli sürülən ən gülünc iddiadır. Təbii ki, bu iddia məntiqdən uzaq, əsassız və batildir. Çünki, yer üzünə təyin edilən bütün peyğəmbərlər məhz bütpərəstlik əleyhinə mübarizə aparmış və tövhid – təkilahlıq missiyası daşımışlar. Qurani-Kərim də bunu ifadə edir: “Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”(5)(6). Xülasə odur ki, təkilahlıq dini ilə bütpərəstlik qətiyyən eyniləşdirilə bilməz. Ona görə də deyirik ki, şumerlərin, babilistan əhlinin və ümumilikdə mesapatomiyadakı bütpərəst dinləri şübhəsiz ki, İslam dinindən uzaqdırlar.
Qədim Şumer yazılarında mövcud olan rəmzlərdən biri “üstəgəl” işarəsidir. Bu cür simvollara digər qədim yazılarda da rast gəlinir. Misir yazılarında da yer alan bənzəri işarələrin xaç simvolu ilə əlaqəli olub-olmadığını demək çətindir. Çünki qədim xalqların yazıda istifadə etdikləri işarələrdən görünüşcə oxşar olub fərqli mənalar verən simvolların sayı az deyil. Elə günümüzdə rast gəlinən bir simvola dair misal deyək: “Chevrolet” markalı avtomobillərin loqotipi olan “üstəgəl” işarəsinə bənzər işarəni kimlərsə xaça da bənzədə bilər. Lakin şirkət rəsmilərinə müraciət etdikdə, bu işarənin xaç deyil, fərqli məna daşıyan bir simvol olduğu məlum olur.
Digər bir versiya isə şumerlərdə "çarmıxa çəkmək" adətinin qədim cəza növü olması versiyasıdır. Çarmıx xaç simvolunun mahiyyətini daşısa da, bu o demək deyil ki, şumerlərdəki çarmıxın xristianlıqla bir əlaqəsi var. Bu sadəcə bir ehtimaldır və dəlil hesab olunmur. Şumer yazılarında xaçabənzər simvolların olması müsəlmanlar üçün heç bir əhəmiyyət daşımır. Çünki, qədim xalqlarda çarmıxa çəkmək məşhur bir cəza növü olmuşdur. Odur ki, bu simvol onlar üçün tamamilə fərqli bir məna daşıya və ya sadəcə əlifbada yer alan bir hərf ola bilərdi.
Şumerlərin inancında mühüm yerə malik məsələlərdən biri də "cadugərlik və sehrbazlıq" idi. Hətta Quranda keçən və sehr barədə bəhs edilən ayədə “Babil” sözü keçir və məhz həmin ayədə sehr və cadu pislənir. Ayə belə başlayır:
“Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular”(7).
Çoxlarına məlumdur ki, cadugərlik və sehrbazlıq İslam dinində qadağan və haram hesab edilən əməllərdəndir. İslamdan xəbəri olmayanlar isə əslində İslama zidd olan mövzuları, İslamın qadağan etdiyi məsələləri sırf müsəlman balalarını dinlərində şəkk-şübhəyə salmaq üçün şübhə kimi ortaya atırlar. Şumer və Babil əhalisi haqqında doğma dilimizdə olan mənbələrdə də qədim sivilizasiyaların İslam dini ilə yersiz şəkildə əlaqələndirilməsinin dəfələrlə şahidi olmuşuq. Baxmayaraq ki, şumerlərin bütpərəstlik inancında olmaları bu şübhəni alt-üst etməyə kifayətdir.
Babillilər və şumerlər arasında cadugərliyin yayılması və təşviq edilməsi bizə çox mühüm bir ipucu verir - bu da sehrbazlığın, cadugərliyin Süleyman peyğəmbərdən sonra vüsət alması həqiqətini ortaya qoyur. Çünki Qurani-Kərim sehrbazlığın Süleymanın səltənətində yayıldığını bizə xəbər verir. Süleyman peyğəmbər isə Nuh peyğəmbərdən çox-çox sonralar yaşamışdır. Onlar arasındakı müddətin neçə yüz və ya min il olması bizə məlum olmasa da, bu bir daha sübut edir ki, Nuhun tufanını xatırladan hadisə barədə şumerlərin mənbələrində olan məlumatlar onların mövcudluğundan əvvəl baş vermiş tarixi həqiqətləri göstərir. Bu da Nuh peyğəmbərin şumerlərdən əvvəl yaşadığına dəlalət edir.
Yuxarıda qeyd olunmuş ayəni oxuyan hər kəs Quranın cadugərliyi açıq-aydın şəkildə pislədiyinin və sehri qadağan etdiyinin şahidi olur. Lakin istər bu məlumatlar, istərsə də İbrahim peyğəmbərin bütpərəstliyə qarşı mübarizəsi doğma dilimizdə olan Vikipediyada təhrif edilərək oxuculara təqdim olunur. Belə ki, adı çəkilən mənbədə tövhidin (təkilahlığın) təbliğatçısı olan peyğəmbərlərin zamanında bütpərəstliyin yayıldığı barədə məlumat verilsə də, onların bütpərəstlik əleyhinə mübarizəsi barədə məlumat verilmir. Məqalədə hadisələrin dini cəhətdən izahının və təfsilatlarının verilməməsi oxucuda yalnış təsəvvürlər oyadır və oxucuya elə çatdırılır ki, sanki səmavi dinlər qədim mədəniyyətlərin məhsuludur.
Hətta həmin yazıda şumerlərin istifadə etdiyi bəzi rəqəmlər barədə bilgilər verilir və 12 rəqəmindən bəhs edərkən, yəhudilikdə və yəhudilikdən təsirlənən şiəlikdə 12 rəqəqminin önəmi (12 imam) vurğulanır və 12 rəqəmi İslami bir rəqəm kimi qələmə verilir. Bütün bunlar məqalə sahibinin İslamdan xəbərsiz olduğunun göstəricisidir. Halbuki, bu əsassız əlaqələndirmə əvəzinə, şumerlərin istifadə etdiyi bu rəqəmin məsələn ilin 12 ayı ilə əlaqəli olduğunu qeyd etmək olardı.
Vikipediyanın azərbaycandilli versiyasında Babil barədə verilmiş məlumatlar əslində çox məkrli bir məqsədə xidmət edərək yığılmışdır. Son cümləsinə qədər qərəzli bu məqalənin sonunda bu cümlə yer alır: “Yəni, bu yəhudi mətnlərinin məzmunu Quranla üst-üstə düşür”. İslamı gah şumerlər, gah babillilər, gah da yəhudi və xristianlarla əlaqələndirmək məqsədi güdən bu tipli məqalələr yalnız dindən xəbəri olmayan insanları çaş-baş sala bilər. Çünki həmin məqalədə İslam dini yəhudilik və xristanlıqla əlaqələndirilir, lakin bu dinlər arasında olan böyük fərqlər qeyd olunmur. Şumer və Babil barədə də eyni qəribə metodun şahidi oluruq: onların bütpərəst olmasına baxmayaraq, oxucuya eyni qəribə üslubda, şüuraltı şəkildə yalnış bilgilər yeridilir. Bunları deməkdə məqsədimiz odur ki, sualı bizə ünvanlayan şəxsin bu məlumatları əldə etdiyi məqaləni oxuduq və həmin yazının elmi əmanətə zərbə vuran qərəzli bir yazı olduğunun şahidi olduq. Bütün bunları göz önündə tutaraq bu qənaətə gəldik ki, Vikipediya və bir sıra digər mənbələrdə babillilər və şumerlərlə bağlı verilən məlumatlar yenidən işlənməlidir. Bu işi isə dindən anlayışı olan mütəxəssislərin köməyi ilə etmək məqsədəuyğundur.
Müəllif: Sahib Əsədov
(1) “Silsilətus-sahihə”, Nasiruddin əl-Albani, 7/854, hədis səhihdir.
(2) Qeyd: bu barədə yuxarıda da mötəbər rəvayət qeyd edilmişdir.
(3) Qeyd: istər Nuhun tufanı, istər Musa və İsa peyğəmbərlər barədə, istərsə də digər mövzularda.
(4) Bax: Aydın Əlizadə, “Qədim Babil dini” adlı məqalə, ikinci abzas. www.alizadeh.narod.ru saytı. Məqalənin linki: http://alizadeh.narod.ru/meqaleler/12.html Daxil olma tarixi: 2020.07.25.
(5) “Əraf” surəsi, 59
(6) Eyni sözləri Hud peyğəmbər də “Əraf” surəsi, 65, Saleh peyğəmbər də “Əraf” surəsi, 73, Şueyb peyğəmbər də “Əraf” surəsi, 85. Öz qövmünə xitabında dilə gətirmişdir. Bütün digər peyğəmbərlər də yalnız və yalnız insanları təkAllahlığa dəvət etmişlər.
(7) “əl-Bəqərə” surəsi, 102
SON ƏLAVƏLƏR