Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Təkamül nəzəriyyəsində 10 çözülməz ziddiyyət
Ateistlər və deistlər “təkamül” anlayışını sanki Allahı, dini və inandığımız hər şeyi əzən sehrli bir çəkic kimi irəli sürməyi sevirlər. Onlar deyirlər: “Təkamül sübut edir ki, həyat kor təsadüfdən yaranıb - nə Allah, nə dizayn, nə də din gərəkdir.” Lakin həqiqət budur ki, onların güvəndiyi nəzəriyyənin özündə ziddiyyətlər, cavabsız suallar və elə kor-koranə inam sıçrayışları var. Bu isə həmin nəzəriyyəni elmdən çox dinə bənzədir. Bu gün sizə təkamülün necə iflasa uğradığını göstərən ziddiyyətləri bir-bir göstərəcəyik.
1. Ziddiyyət 1: İlk hüceyrədəki “sadəlik” illüziyası.
Ateistlər deyir: “Həyat sadə başladı, sadəcə bir hüceyrədən ibarət idi və oradan inkişaf etdi.” Amma doğrudanmı bir hüceyrə “sadədir”? Əlbəttə ki, bu, cahillikdir. Çünki tək bir hüceyrə enerji təminatı sistemi, rabitə şəbəkəsi, təmir mexanizmi və kodlaşdırılmış təlimatlarla dolu - elə ilk gündən qüsursuz işləyən tam avtomatlaşdırılmış bir zavod kimidir.
O hüceyrə lego deyil. Daha çox mikro-şəhərə bənzəyir. Hətta Riçard Dokins belə hüceyrənin dizayn edilmiş kimi göründüyünü etiraf edib:
“Biologiya bir məqsəd üçün dizayn edilmiş kimi görünən mürəkkəb şeylərin öyrənilməsidir.” The Blind Watchmaker (London: Penguin, 1986), səhifə 1.
Brus Alberts (1998) belə demişdir: “Doğrudan da, bütün hüceyrəni mürəkkəb, bir-birinə bağlı istehsal xətləri şəbəkəsini özündə cəmləyən bir zavod kimi görmək olar ki, onların hər biri böyük zülal maşınlarından ibarətdir.” “Hüceyrə zülal maşınlarının bir toplusu kimi / The Cell as a Collection of Protein Machines,” Cell 92(3): 291–294 (Feb 6, 1998).
Bəs deyin görək, bu qədər mürəkkəb quruluş “bir-birinə dəyən təsadüfi molekullardan” necə əmələ gəlir? Əgər iddia edirsinizsə ki, o hüceyrə təsadüfən birdən-birə meydana gəlib, deməli siz artıq möcüzəyə inanırsınız. Əgər möcüzələr varsa, onda Allah məsələsi təkrar gündəmə gəlir.
2. Ziddiyyət 2: Xammal haradan gəldi?
Ateistlər ən önəmli sualı ötüb keçməyi sevirlər: maddə, enerji və təbiət qanunları haradan gəlib? Böyük Partlayış sizə kainat verdi, yaxşı - bəs o partlayışı nə doğurdu?
Onu idarə edən qanunlar haradan gəldi? Fizika qanunları “təkamül” edə bilməz. Proton və elektronlar da təkamüllə yaranmır. Əgər təkamül ancaq maddə mövcud olduqdan sonra işləyirsə, onda varlığın özünü izah etmir. Bunu yalnız Allah izah edir.
3. Ziddiyyət 3: DNT bir koddur və hər bir kod ağıldan qaynaqlanır.
Gəlin DNT-dən danışaq. Təkamülçülər onu sadəcə kimya kimi götürürlər. Halbuki, DNT təkcə kimyəvi maddələrdən ibarət deyil, informasiyadır. O, sintaksisə, qrammatikaya və səhv düzəltmə mexanizmlərinə malik dörd hərfli rəqəmsal koddur. Kimya dili bunu izah edə bilməz.
Riçard Daukins demişdir (1995): “Genlərin özləri də xırda daxili quruluşlarında xalis rəqəmsal məlumat zəncirləridir. Onlar həqiqətən rəqəmsaldır - tam və əsaslı mənada kompüterlərdə və kompakt disklərdə olduğu kimi.” River Out of Eden (New York: Basic Books, 1995), bölmə. 1.
Bil Qeyts demişdir (1995): “İnsan DNT-si kompüter proqramına bənzəyir, amma indiyədək yaradılmış istənilən proqram təminatından qat-qat çox inkişaf etmişdir.” The Road Ahead (New York: Viking, 1995), səhifə. 228.
Mürəkkəb və kağız kitabı izah etmir, əksinə müəllif kitabı izah edir. Eləcə də molekullar həyatın proqramını izah etmir. Bu, birbaşa Proqramçıya işarə edir. Deməli, ateistlər kainatın ən qabaqcıl kod sisteminin öz-özünə yazıldığına inanmalıdırlar. Bu isə elm deyil - kor inancdır.
4. Ziddiyyət 4: Təsadüfi mutasiyalar yeni sistemlər qurmaz.
Bizə deyirlər ki, mutasiyalar və təbii seçmə bakteriyadan Bethovenə qədər hər şeyi “qurub”. Amma mutasiyalar köçürmə xətalarıdır. Xətalar isə sistemləri pozur - yaratmır. Bəli, kiçik dəyişikliklər mümkündür: antibiotikə davamlılıq, ispinozların dimdiklərindəki fərqliliklər və s. Amma mənə tam yeni bir orqanı, tam yeni bir sistemi quran mutasiya göstərin. Mikro-adaptasiyalar yox – innovasiya! Elm mutasiyaların mürəkkəb yeni quruluşlar ixtira etdiyini heç vaxt müşahidə etməyib. Niyə? Çünki nizamsızlıq nizam ixtira etmir. Kitabdakı hərfləri qarışdırsan daha yaxşı kitab əldə edə bilməzsən, əksinə cəfəngiyyat olar.
Moto Kimura demişdir (1983): “Etiraf edilməlidir ki, kodlaşdırıcı bölgələrdəki mutasiyaların əksəriyyəti zərərlidir.” The Neutral Theory of Molecular Evolution (Cambridge: Cambridge University Press, 1983), səhifə. 136.
Lin Marqulis demişdir (2011): “Təbii seçmə (zərərli şeyləri) aradan qaldırır, bəlkə də (müəyyən xüsusiyyətləri) qoruyur, amma (özü yeni bir şey) yaratmır.” Interview with John Horgan, Discover Magazine (April 2011).
François Jakob demişdir (1977): “Təbii seçmə mühəndisin işlədiyi kimi işləmir. O, daha çox bir xırda təmirçi kimi işləyir - nə yaradacağını dəqiq bilməyən, amma ətrafında tapdığı şeyləri - istər ip parçaları, istər taxta qırıqları, istərsə də köhnə kartonları - istifadə edən bir təmirçi kimi.” “Evolution and Tinkering,” Science 196(4295): 1161–1166 (June 10, 1977).
5. Ziddiyyət 5: Tapılmış Fosil qalıqları təkamülü dəstəkləmir.
Darvin özü qəbul etmişdi: əgər nəzəriyyəsi doğru olsaydı, fosil tapıntıları saysız-hesabsız keçid formalarını - mərhələ-mərhələ digərinə çevrilən canlıları - göstərməli idi. Bəs onlar haradadır?
Dəqiq sitat belədir: “Geologiya şübhəsiz ki, belə incə dərəcədə mərhələli orqanik zəncirini üzə çıxarmır; və bu, bəlkə də nəzəriyyəmə qarşı irəli sürülə bilən ən açıq və ciddi etirazdır.” On the Origin of Species (London: John Murray, 1872), ch. 10.
Stefen Jey Gould demişdir (1977): “Fosil tapıntılarında keçid formalarının son dərəcə nadir olması paleontologiya elminin (daşlaşmış qalıqlar elmi) peşə sirri olaraq qalır.” “Evolution’s Erratic Pace,” Natural History 86(5): 12–16 (May 1977)
Bu məntiqə görə sanki heçdən öz-özünə əcdadsız tam formalaşmış, mürəkkəb canlılar peyda olur. Mürəkkəb gözlü trilobitlər (nəsli kəsilmiş dəniz canlıları) ilk gündən tam formadadır. Qanadlı quşlar. Pulcuqlu balıqlar. Təkamül nəzəriyyəsi həyatın pillə-pillə, yavaş-yavaş inkişaf etdiyini iddia edirdi. Amma fosil qeydləri bunun əksinə olaraq, canlıların qəfil və tam formalaşmış şəkildə ortaya çıxdığını göstərir. Bu, kor təkamülə yox, yaradılışa uyğundur.
6. Ziddiyyət 6: Azaldıla bilməyən mürəkkəblik.
Məsələn, bakterial qamçını götürək - rotor, stator, halqa və ötürücü mildən ibarət mikroskopik bir motor. Bu hissələrdən birini çıxarın, bütün sistem dayanar. Yarım motoru necə “təkamülləşdirirsiniz”? Yarım qanad? Yarım göz? Bu sistemlər ancaq bütün hissələr birlikdə olduqda işləyir. Darvin demişdi ki, əgər elə bir orqan tapılsa ki, “saysız-hesabsız ardıcıl xırda modifikasiyalarla” yarana bilməsin, nəzəriyyəsi çökər. Bax, biz belə saysız nümunələr tapmışıq (göz, qulaq, beyin, qəlb və s). Onun nəzəriyyəsi çökməlidir.
Sitat (1859): “Əgər elə bir mürəkkəb orqan mövcud olduğu sübut edilsə ki, bu, saysız-hesabsız, ardıcıl, xırda dəyişikliklər nəticəsində yarana bilməz, mənim nəzəriyyəm tamamilə çökər.” On the Origin of Species (London: John Murray, 1859), bölmə. 6.
Maykl Behe demişdir (1996): “Mən “azaldıla bilməyəcək qədər mürəkkəb” deyərkən bir-birilə ahəngdarlıq yaradan və qarşılıqlı əlaqədə olan bir neçə hissədən ibarət vahid bir sistemi nəzərdə tuturam ki, bu hissələr əsas funksiyaya xidmət edir. Hissələrdən hər hansı birinin çıxarılması isə sistemin faktiki olaraq fəaliyyətini dayandırmasına səbəb olur.” Darwin’s Black Box (New York: Free Press, 1996), s. 39.
7. Ziddiyyət 7: Təkamül dizayndan oğurlayır.
Hətta bir adaptasiya nümunəsi göstərsəniz belə, yenə yaradılmış düzəndən - dizayndan borc alırsınız. Niyə? Çünki təbii seçmə yalnız artıq mövcud olanla işləyə bilər. Yaratmır. Redaktə edir. Kompüter kod sətrlərini silə bilər, amma özü-özünə yeni proqram yaza bilməz. Eynilə, idda edilən təkamül kəsir və dəyişdirir, amma ilkin məlumat əvvəldən olmalıdır. O ilkin məlumatı kim yazdı? Kor təsadüf? Yoxsa Ağıllı Yaradan?
8. Ziddiyyət 8: Təkamül şüuru, əxlaqı və mənanı izah etmir.
Gəlin, ateistlərin iddia etdiyi bütün bioloji mexanizmləri qəbul etdiyimizi fərz edək. Yenə də dərin reallıqlar cavabsız qalır. Niyə insanlarda şüur var? Niyə həqiqət, gözəllik, ədalət haqqında düşünürük? Niyə Allah barədə suallar veririk? Məhəbbəti sağ qalma instinktinə endirə bilməzsiniz. Mənəvi öhdəliyi beyində atəşlənən kimyəvi siqnallara endirə bilməzsiniz. Təkamül bəlkə instinktləri izah edir. Ruhları izah etmir.
Stefen Jey Gould demişdir (1997): “Elm sahəsi empirik (müşahidə edilə bilən) aləmi əhatə edir: nədən ibarət olduğunu (fakt) və niyə bu şəkildə işlədiyini (nəzəriyyə) araşdırır. Din isə insanın mənəvi anlam və dəyərlərlə bağlı suallarını cavablandırır.” “Nonoverlapping Magisteria,” Natural History 106: 16–22 (March 1997).
9. Ziddiyyət 9: İnamdakı ikili standart.
Ateistlər möminləri imanda suçlayırlar. Amma onların bütün sistemi də inam üzərində qurulub - həyatın cansızdan doğulduğuna inam, təsadüfi mutasiyaların mürəkkəbliyi yaratdığına inam, əskik fosillərin bir gün tapılacağına inam. Onlar möcüzələrlə istehza edirlər, amma nəzəriyyələri Möcüzə Yaradan olmadan ard-arda möcüzələr tələb edir. Heç olmasa biz möcüzələrin arxasında hər şeyə qadir, sonsuz elm sahibi olan Allahın dayandığını etiraf edirik. Onlar isə Allahın gücünü “təsadüf” etiketi altında gizlincə içəri daxil edirlər.
10. Ziddiyyət 10: Təkamül Allah və ya dini təkzib edə bilməz.
Son və öldürücü zərbə budur. Tutaq ki, təkamül həqiqətdir - biologiyanın hər mərhələsi təbii proseslərlə açılır. Bu belə olsa da, bu, Allahı təkzib etmir. Ən yaxşı halda təkamül həyatın necə inkişaf etdiyini təsvir edər, niyə var olduğunu yox. Çörəyin mayaya görə qalxdığını deməyim çörəkçini təkzib etmir. Ateistlər təkamülü Allaha qarşı çəkic kimi qaldırırlar, amma o çəkic özlərinə dəyir. Çünki təkamül həqiqidirsə belə, yenə də qanunlar, informasiya, nizam və məqsəd tələb edir - kor təsadüfün təmin edə bilmədiyi şeylər.
Yekun (Ateistlərə/Deistlərə çağırış)
Çağırışım budur: ateistlər, deistlər - təkamülü Allaha qarşı silah kimi təqdim etməyi dayandırın. Bu nəzəriyyə boşluqlarla doludur, fərziyyələr üzərində qurulub və elmi dəlillərdən çox inanca bənzəyir. Siz deyirsiniz ki, möminlər izah kimi Allaha sarılır. Amma siz də “təsadüfü” ilahlaşdıraraq ona sarılırsınız - kor, şüursuz, amma guya həyatı, şüuru, əxlaqı və mənanı yarada bilən bir qüvvə kimi. Bu, elm deyil. Bu, sizin inancınızdır, dininizdir. Və qaça bilməyəcəyiniz həqiqət budur: nəzəriyyənizdəki hər qüsur xaosa yox, dizayna; təsadüfə yox, məqsədə; ateizmə yox, Allaha işarə edir. Əgər doğrudan da məntiqə, dürüstlüyə və dəlilə inanırsınızsa - qaçmağı dayandırın. Dəlillərlə üzləşin. Təkamül Allahı inkar edə bilmir. Təkamül doğru olsaydı belə, yenə birbaşa Ona - Allaha işarə edərdi.
SON ƏLAVƏLƏR