Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Azanla əlaqəli şəriət hökmləri

Azan – namaz vaxtının daxil olduğunun elanıdır.

Azanın fəziləti

Azanın fəziləti barədə Peyğəmbərimizdən ﷺ rəvayət olunmuş hədislərdən bəziləri bunlardır:
“Müəzzin üçün səsinin çatdığı məsafə qədər bağışlama vardır. Quru və yaş nə varsa, onun üçün şahidlik edər”.(1)
• “Müəzzinə onunla birgə namaz qılanların savabı qədər savab verilər”.(2)
• “Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar”.(3)
• “Kim on iki il azan verərsə, Cənnət ona vacib olar. Gündəlik verdiyi azan üçün ona altmış, iqamə üçün otuz savab yazılar”.(4)

Azanın ilk dəfə verilməsi

Peyğəmbərin ﷺ zamanında müsəlmanlar namaza azansız, yəni heç bir çağırış olmadan toplaşırdılar. Daha sonra onları namaza səsləyəcək bir carçıya ehtiyacları olduğunu hiss etdilər. Onlardan bəziləri xristianların zəngi kimi bir zəngdən, bəziləri isə yəhudilərin suru kimi bir surdan istifadə etməyi təklif etdi. Bu hadisə İslam tarixində azanın qanuniləşməyinin ilk səbəbi idi.
Abdullah ibn Əbdi-Rabbihi  deyir ki: “Peyğəmbər ﷺ camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün Peyğəmbər  bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əlində zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu neynirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracağıq. O dedi: Mən sənə bundan daha xeyirlisini öyrədimmi? Mən dedim: Əlbəttə. O dedi: Bax belə deyirsən:
Allahu əkbər, Allahu əkbər.
Allahu əkbər, Allahu əkbər.
Əşhədu əllə iləhə illəllah.
Əşhədu əllə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsulullah.
Əşhədu ənnə Muhəmmədən rəsulullah.
Həyyə aləs-salət.
Həyyə aləs-salət.
Həyyə aləl fələh.
Həyyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah”.
Sonra bir az aralandı və dedi: “Namaza durduqda isə belə deyirsən:
Allahu əkbər, Allahu əkbər.
Əşhədu əllə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs-salət.
Həyyə aləl fələh.
Qad qamətis-salət. Qad qamətis-salət.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah”.
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi  deyir: Səhər açılanda Peyğəmbərin ﷺ yanına gəldim və gördüklərimi ona danışdım. O isə dedi: “İnşəallah, bu, haqq yuxudur. Bilal ilə qalx və gördüklərini ona öyrət! Qoy o azan versin! Çünki onun səsi səninkindən daha gurdur”. Azanı evində eşidən Ömər (Allah ondan razı olsun) ridasını arxasınca çəkə-çəkə tez çölə çıxdı və: “Ey Allahın elçisi, səni haqla göndərən Allaha and olsun ki, onun gördüyünü mən də görmüşəm”, – dedi. Peyğəmbər ﷺ cavabında: “Allaha həmd olsun!” – deyə buyurdu.(5)


Azanı eşitdikdə edilməsi müstəhəb olan əməllər

1. Müəzzinin bütün dediklərini təkrarlamaq. Lakin müəzzin “həyyə aləs-salət, həyyə aləl fələh” dedikdə onu eşidən kəs həmin cümlələri təkrarlamır, onun əvəzinə “lə həvlə və lə qüvvətə illə billəh” (mənası: Güc və qüvvət yalnız Allaha məxsusdur) deyir. Daha sonra müəzzin azanın sonunda “lə iləhə illəllah” deyənə qədər onun dediklərini təkrarlamaq lazımdır. Hədisdə qeyd olunub ki, kim müəzzinlə birlikdə “lə iləhə illəllah” dedikdə ürəkdən “lə iləhə illəllah” desə, cənnətə daxil olar.(6)
Başqa bir hədisdə qeyd olunur ki, “lə həvlə və lə qüvvətə illə billəh” zikri Cənnət xəzinələrindən bir xəzinədir.(7)
2. Azandan sonra Peyğəmbər ﷺ üçün dua etmək – salavat demək. Peyğəmbər ﷺ demişdir: “Müəzzini eşitdikdə onun dediklərini təkrar edin, sonra mənə salavat deyin – dua edin. Həqiqətən, kim mənə bir dəfə dua edərsə, onun əvəzində Allah ona on dəfə xeyir-bərəkət verər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən “vəsilə” Cənnətin elə bir məqamıdır ki, o yalnız Allah bəndələrindən birinə nəsib olar. Allahdan diləyirəm ki, o məqama layiq olan bəndə elə mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə, mənim şəfaətimə nail olar”.(8)
Peyğəmbərimiz ﷺ özü üçün ediləcək duanın formasını bizə öyrətmişdir. Hədisdə belə deyilir: “Hər kim azanı eşitdikdə: “Allahummə Rabbə həzihid-dəvətit-təmmə vəs-salətil qaimə, əti Muhəmmədən əl-vasilətə vəl-fadilətə, vəbəshu məqamən məhmudənilləzi vaədtəh(9) (Bu mükəmməl dəvətin (azanın) və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə Cənnətin ən yüksək məqamı olan vəsiləni və fəzilət məqamını bəxş et! Onu vəd etdiyin “Məqamul-məhmud”a – “təriflənən məqam”a çatdır)” deyərsə, Qiyamət günü şəfaətim ona halal olar”.
3. Azanla iqamə arasında dua etmək. Peyğəmbər ﷺ demişdir: “Azanla iqamə arasında edilən dua rədd olunmaz”; “İki vaxt vardır ki, həmin anda səmanın qapıları açılar və o vaxtlarda dua edənin duası nadir hallarda geri qaytarılar (qəbul olunmaz): Namaz üçün azan verildikdə və Allah yolunda – cihad meydanında səff tutduqda”.

 Azan ilə əlaqəli məsələlər

1. Önəmli bir səbəb olmadıqca azan verildikdən sonra məsciddən çıxmamaq lazımdır. Bir nəfərin azan verildikdən sonra məsciddən çıxdığını görən səhabə Əbu Hureyrə (Allah ondan razı olsun) belə demişdir: “Bu insan Əbul-Qasimə (yəni peyğəmbərimiz Muhəmmədə ﷺ) asi olmuşdur”.
2. Gərək azana onun tərkib hissəsindən olmayan bir şey əlavə edilməsin. Çünki azan öz-özlüyündə ibadət sayılır və ibadətlər də məhz Qurana və səhih hədislərə uyğun olmalıdır. Dinə nə isə əlavə etmək ondan nə isə əskiltmək kimidir. Azana edilən yersiz əlavələrdən biri “həyyə aləl xeyril əməl” əlavəsidir. Azana bu və bu kimi sonradan uydurulmuş bir şeyi əlavə etmək yolverilməzdir. Əgər azana insanların kefinə uyğun əlavələr etməli olsaq, o zaman gərək çoxsaylı əlavələr edək. Elə isə bütün bunları bir kənara qoyaraq heç bir əlavəsi olmayan və məhz hədislərdə qeyd olunduğu formada azan verməliyik.
İmam Əhməd Sübh azanı ilə əlaqəli Bilalın  qissəsini rəvayət edərkən qissənin sonunda “əs-salətu xayrun minən-noum” (namaz yatmaqdan daha xeyirlidir) əlavəsini də qeyd etmişdir.
İbn Xüzeymə də Ənəsin  belə dediyini rəvayət etmişdir: “Müəzzinin Sübh azanında “həyyə aləl fələh” ibarəsindən sonra “əs-salətu xayrun minən-noum” deməsi sünnədəndir”.


(1) Əbu Davud, 515, Əhməd 4/284, Nəsai 2/13. İbn Hibban (292) hədisin səhih olduğunu qeyd etmişdir.
(2) Hədisdəki bu əlavə Nəsainin “Sünən” (2/13) əsərindədir.
(3) Müslim, 387.
(4) Hədis səhihdir. İbn Macə, 728, Hakim 1/204, Beyhəqi 1/433.
(5) Hədis səhihdir. Əbu Davud, 499, Tirmizi, 189.
(6) Müslim, 385, Əbu Davud, 527.
(7) Buxari və Müslim.
(8) Müslim, 384, Əbu Davud, 523.
(9) Duanın ərəbcə mətni:
اللهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلَاةِ الْقَائِمَةِ، آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي أَنْتَ وَعَدْتَهُ
(10) Hədisi imam Buxari “Dua” və “Təfsir” fəsillərində rəvayət etmişdir (612).
(11) Hədis səhihdir. Tirmiz, 212, Əhməd 3/155. Bax: İrvaul-ğalil, 263.
(12) Hədisi imam Malik (1/70) mouquf – səhabənin sözü olaraq rəvayət etmişdir. Həmçinin hədisi Hakim rəvayət etmiş və səhih olduğunu vurğulamışdır. Bax: Səhih ət-Tərğib 1/180.
(13) Müslim, 655, Tirmizi, 204.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.