Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bayram təkbirləri nə vaxtdan başlayır?

Bayram təkbirlərinin başlanğıc vaxtında alimlər ixtilaf etmişdir. Daha doğru olan görüşə görə təkbirlərin vaxtı bayram axşamından deyil, namazına gedəndən başlayır. Bu islam alimlərinin əksəriyyətinin görüşüdür və sələfilərin əməli də buna dəlalət edir.
Bu haqda sələfilərdən gələn bəzi əsərləri zikr edək:
1- Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun)
"Bayram günü musalləyə gedəndə təkbirlər gətirərdi"
(Firyabinin "Əhkəmul iydeyn" kitabı, 39).

2- İmam Zuhridən (Allah ona rəhmət etsin) belə nəql olunur:
«İnsanlar evlərindən bayram namazına çıxandan təkbir gətirməyə başlayardılar».
(Firyabinin "Əhkəmul iydeyn" kitabı, 59).

3- Tabiin imamlarından Abdurrahman İbn Zeyd (Allah ona rəhmət etsin) demişdir:
«Bizə görə camaat musalləyə gedən andan təkbirə başlayırlar».
(Təfsir Tabəri, 3/479).

4- İbn Munzir (Allah ona rəhmət etsin) demişdir:
«Əksər rəvayətlər göstərir ki, onlar təkbirləri bayram günü namaza gedəndə başlayardılar. Bunu edənlərdən biri İbn Ömər (Allah ondan razı olsun) olmuşdur. Həmçinin bu rəy Əli ibn Əbu Talibdən, Əbu Uməmə əl Bəhilidən, Əbu Ruhmdan (Allah hamısından razı olsun) rəvayət edilmişdir.
Bu əməli tabiinlərdən İbrahim Nəxai, Səid ibn Cubeyr, Abdurrahman İbn Əbu Leylə, Əbu Zinəd (Allah hamısına rəhmət etsin) etmişlər. Eyni zamanda bu, Ömər ibn AbdulƏzizin, Əbən İbn Osmanın, Əbu Bəkr ibn Muhammədin, Həkəm ibn Həmmədin, İmam Malik ibn Ənəsin, İmam Əhmədin, İshaq ibn Rahaveyin və Əbu Sövrun (Allah hamısına rəhmət etsin) rəyidir».
(İbn Munzirin, "Əvsat" kitabı, 4/249).

İbn Munzir "İşraf" kitabında (3/159) isə bu əməlin əksər alimlərin rəyi olduğunu bildirmişdir.

Hazırladı: Emin Hacıyev