Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranı kamil şəkildə oxuyub bitirəndən (xətm etdikdən) sonra nə etməli?

Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Allahın salavatı və salamı Peyğəmbərimizin, onun səhabələrinin və əhli beytinin üzərinə olsun.
Bu mübarək Ramazan günlərində müsəlmanları maraqlandıran məsələlərdən biri də Quranı xətm etdikdən sonra dua etməyin icazəli olub-olmaması məsələsidir. İstədik ki, bu haqda sələfdən varid olan görüşləri bir araya toplayıb oxuculara təqdim edək:

Birincisi:
Bir müsəlman Quranı Ramazanda və ya başqa aylarda xətm etdikdə yaxşıdır ki, ailəsini, uşaqlarını və istədiyi hər kəsi toplayıb dua etsin və onlar da onun duasına "amin" desinlər. Bu haqda Ənəsdən (Allah ondan razı olsun) əsər gəlib ki, o, "Quranı xətm etdikdə övladlarını və əhli beytini cəm edib onlar üçün dua edərdi". ("Sünən Dərimi" 2/560, Nəvəvi, İbn Həcər və Albani əsərin səhih olduğunu bildirmişlər).
Həmçinin, bu əməlin müstəhəb olduğunu tabeinlərin imamlarından bir qismi də deyiblər. Dörd məzhəbin fəqihləri də bu əməlin müstəhəb olduğunu söyləyiblər.
— Əgər kimsə ailəsini, övladlarını cəm edə bilmirsə, o zaman tək halda özü və ailəsi üçün dua etsin.

İkincisi:
Bəzi tabein imamlardan bu əməlin müstəhəb olması barədə əsərlər varid olmuşdur. Mücahid (Allah ona rəhmət etsin) demişdir:
"Bizdən öncəkilər deyərdilər ki, Quranın xətmi zamanı edilən dualar qəbuldur və xətm edilərkən göydən rəhmət enər".
("Sünən Dərimi" 3525, İbn Həcər səhih olduğunu bildirmişdir).
Mücahid (Allah ona rəhmət etsin) başqa bir əsərdə belə demişdir:
"Bizdən öncəkilər (səhabələr) Quranın xətmi zamanı toplaşıb deyərdilər ki, göydən rəhmət enir".
(İbn Həcərin "Nətəic əfkər" kitabı, 2/174, İbn Həcər əsərin səhih olduğunu bildirib).

Tabein imamlardan Abdurrahman ibn Əsvəd (Allah ona rəhmət etsin) demişdir:
"Biz deyərdik ki, Quranı xətm edənə Mələklər dua edər".
(İbn Əbi Şeybə rəvayət etmişdir).

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
"Sələfdən varid olub ki, Quranın hər xətmi zamanı qəbul olunan dua vardır".
("Məcmu Fətava", 24/322).

İmam Əhmədin oğlu Saleh (Allah hər ikisinə rəhmət etsin) demişdir:
"Atam bir cümədən o biri cüməyə qədər Quranı xətm edərdi. Xətm etdikdə dua edərdi və biz də onun duasına "amin" deyərdik".

Üçüncüsü:
Quranı gündüz xətm edən üçün ən əfzəl vaxt günün əvvəli, yəni sübh daxil olduqdan sonra sübh namazına qədər olan vaxtdır.
Gecə xətm edən üçün isə ən əfzəl vaxt gecənin əvvəli, yəni məğribin azanından məğrib namazına qədər olan vaxtdır. Bu vaxtları seçməkdə hikmət odur ki, mələklərin həmin adam üçün dua müddəti daha uzun olsun.
Bu haqda tabein alimlərindən varid olmuşdur ki: "Kim gündüz vaxtı Quranı xətm edərsə, mələklər axşama qədər onun üçün dua edərlər. Kim gecə Quranı xətm edərsə, mələklər səhərə qədər onun üçün dua edərlər".
("Sünən Dərimi")

Tabeinlərdən olan İbrahim Teymi (Allah ona rəhmət etsin) demişdir:
"Bizdən öncə olanlar (səhabələr) deyərdilər:
Əgər bir kişi Quranı günün əvvəlində xətm edərsə, günün qalan vaxtı mələklər onun üçün dua edərlər. Əgər Quranı gecənin əvvəl vaxtında xətm edərsə, gecənin qalan vaxtında mələklər onun üçün dua edərlər. Ona görə də onlar Quranı ya günün əvvəlində, yaxud da gecənin əvvəlində xətm etməyi sevərdilər".
(Əbu Ubeyd rəvayət etmişdir, əsər səhihdir).

Dördüncüsü:
Quranı namazda xətm etdikdə xətm duası oxumaq barədə nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə onun səhabələrindən, nə də sələfdən səhih bir əsər gəlməmişdir. Bu əməl dində edilən bidətlərdəndir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
"Ramazan ayında təravih namazında və ya qiyamda Quranı xətm etdikdə, xətm duası oxumaq haqqında nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə səhabələrdən heç nə varid olmamışdır. Bu haqda gələn əsər Ənəsin (Allah ondan razı olsun) Quranı xətm etdikdən sonra ailəsini və uşaqlarını yığıb dua etməsi barədə olan əsərdir ki, bu da namaz xaricində olmuşdur".
("Fətava Ərkənil-İslam" 354)

Beşincisi:
Quranı xətm etdikdə ediləcək müəyyən bir dua varid olmamışdır. Bu haqda nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə də onun səhabələrindən səhih dəlil gəlməmişdir. Ona görə də Quranı xətm edən özü istədiyi duaları edir.

O ki qaldı bəzi mushafların (Quran kitablarının) sonunda olan "xətm duası" adı ilə olan duaya, bu haqda nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nə səhabələrdən, nə də sələfdən heç nə sabit olmamışdır. Bu duanın İbn Teymiyyəyə nisbət edilməsi də, doğru deyildir. Bu əməli etmək icazəli deyil, o duaları sünnədən bilib oxumaq da, bidətə daxil olur.

Sonda Allahın salamı və salavatı Allah Rəsulunun, onun əhli beytinin və onun səhabələrinin üzərinə olsun.

Hazırladı: Emin Hacıyev