Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Gecə namazının qılınma şəkilləri

Birinci forma: On üç rükətdən ibarətdir və xəfif iki rükətlə başlanılır. Bu iki rükət isə öncəki səhifələrdə də qeyd etdiyimiz kimi, ya İşa namazının son sünnətidir, ya da ki, gecə namazlarından qabaq qılınan məxsusi iki rükətlik namazdır. Bu iki rükətdən sonra gecə namazına başlanılır və son dərəcə uzun olan iki rükət qılınır. Sonra yenə iki rükət qılınır. Daha sonra iki rükət olmaqla üç dəfə namaz qılınır və sonda bir rükət ilə gecə namazı tamamlanır.(1)

İkinci forma: Ümumən on üç rükət namaz qılır. Onun ilk səkkiz rükətini hər iki rükət arasında salam verərək qılır. Daha sonra beş rükətlik Vitri tək bir salamla qılır və rükətlər arasında nə oturmur, nə də salam vermir.(2)

Üçüncü forma: On bir rükətdən ibarətdir. Hər iki rükət arasında salam verilir və sonda bir rükətlik Vitr ilə namaz tamamlanır.(3)

Dördüncü forma: On bir rükətdən ibarətdir. Onun dörd rükəti bir salamla qılınır. Sonra yenə dörd rükəti bir salamla qılınır və üç rükətlik Vitr ilə namaz tamamlanır.(4) Həmin dörd rükətlər və ya üç rükətlik Vitr qılınanda ikinci rükətdə təşəhhüdə oturulmalıdır yoxsa yox - bu barədə qaneedici dolğun bir cavab tapa bilmədim. Lakin onu dəqiq deyə bilərəm ki, üç rükətlik Vitr qılınanda ikinci rükətdə oturmaq icazəli deyil.

Beşinci forma: Ümumən on bir rükət namaz qılır. Onun ilk səkkiz rükətini təşəhhüdə oturmadan birbaşa qılır, səkkizinci rükətdə təşəhhüdə oturaraq təşəhhüd duasını oxuyur, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat deyir, sonra salam vermədən doqquzuncu rükətə qalxır və doqquzuncu rükətin sonunda salam verərək namazdan çıxır. Daha sonra oturaq halda iki rükət qılır.(5)

Altıncı forma: Doqquz rükət namaz qılır. Onun altı rükətini təşəhhüdə oturmadan birbaşa qılır, altıncı rükətdə təşəhhüdə oturaraq təşəhhüd duasını oxuyur, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat deyir, sonra isə beşinci formada qeyd edilən şəkildə davam edir.(6)

Gecə namazının qılınma şəkli ilə əlaqəli Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) əməli olaraq sabit olan məhz bu formalardır. Bunlara başqa növləri də əlavə etmək olar. Misal üçün, yuxarıda qeyd edilən hər növdən istənilən sayda rükət azaldaraq gecə namazını bir rükətə qədər endirmək olar ki, bununla da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözünə əməl edilmiş olar: “İstəyən kəs Vitr namazını beş rükət, istəyən üç rükət, istəyən də bir rükət qılsın!” (7)
İstəyən kəs yuxarıda ikinci formada qeyd edildiyi kimi, bu üç və ya beş rükətli gecə namazını tək oturuşla və bir salamla qıla bilər, istəyən isə, üçüncü formada qeyd edildiyi kimi, ikinci rükətdən sonra salam verərək qıla bilər ki, ən əfzəl olan forma da məhz elə budur. Lakin beş və ya üç rükətli gecə namazını hər iki rükətdən bir təşəhhüdə oturaraq, salam vermədən qılmağa gəldikdə isə, bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olan hər hansısa bir hədisin şahidi olmadıq. Əsli etibarı ilə bu cür etmək icazəlidir. Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) Vitr namazını arada salam vermədən üç rükət qılmağı qadağan etmiş və bunun səbəbini belə açıqlamışdır: “Vitr namazını Məğrib namazına bənzətməyin”.(8) Buna görə Vitr namazını üç rükət qılan kəs bu bənzərlikdən uzaq durması üçün üç rükətli Vitri iki formadan biri ilə qılmalıdır:
- İkinci rükətdən sonra salam verib, üçüncü rükəti tək qılmaq. Ən güclü və əfzəl olan məhz budur.
- İkinci rükətin sonunda təşəhhüd üçün oturmamaq, namazı bir salamla qılmaq. Ən doğrusunu bilən Uca Allahdır.

[1] Yəni xəfif 2 rükət + uzun 2 rükət + 2 + 2 + 2 + 2 + 1 = 13 rükət.
[2] Yəni 2 + 2 + 2 + 2 + 5 = 13 rükət.
[3] Yəni 2 + 2 + 2 + 2 + 2 + 1 = 11 rükət.
[4] Yəni 4 + 4 + 3 = 11 rükət.
[5] Yəni 9 (yalnız səkkizinci rükətdə təşəhhüdə oturulur) + 2 (oturaq halda qılınır) = 11 rükət. Nafilə namazları (ələlxüsus gecə namazlarını) oturaq vəziyyətdə qılmaq olar. Çünki qiyam (yəni namazı ayaq üstə qılmaq) yalnız fərz namazları üçün rükndür. Gücü çatana oturub qıldığı nafilə namazına görə ayaq üstə qılınan namazın savabının yarısı yazılır.
[6] Yəni 7 (yalnız altıncı rükətdə təşəhhüdə oturulur) + 2 (oturaq halda qılınır) = 9 rükət.
[7] Hədisi Təhavi, Hakim və digər hədis imamları rəvayət etmişdir. Bir çox hədis imamının da qeyd etdiyi kimi, hədis səhih sənədli bir hədisdir. Bu məsələni “Salətut-Təravih” (səh. 99-100) kitabında açıqlamışam.
[8] Hədisi Təhavi, Dəraqutni və digər hədis imamları rəvayət etmişdir. “Salətut-Təravih” (səh. 99 və 110) kitabına bax!

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.