Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Xristianlıqda 3 ilah inancı və İncil (Bibliya)

Hörmətli oxuyucular! Bu maraqlı məqalələr silsiləsində sizə xristianlıq və İslam arasındakı əsas fərqlər haqqında danışacağıq. Habelə, isbat edəcəyik ki, Uca Allahın nazil etdiyi bütün dinlər və göndərdiyi bütün peyğəmbərlər məhz tövhidə, yəni Allahı ibadətdə təkləşdirməyə çağırmışdır.

Xristianlıqdakı 3 İlah etiqadı və İncil (Bibliya)
Xristianlıqdakı 3 üqnum – yəni üç ilah etiqadı, (diktor! Burda pauza ver, sonra davam et) 3 ilahın, yəni ata, oğul və müqəddəs ruhun bərabər və əbədi olması, onların yaradılmamaqda və müqəddəslikdə oxşar olmasıdır. Başqa sözlə desək, ekranda gördüyünüz qrafikdə izah olunduğu kimi, atanın, oğulun və müqəddəs ruhun ayrı-ayrı olmaları, lakin guya bir yerdə Allah olmaları etiqadıdır.

Xristianların əksəriyyətinin 3 ilah etiqadına inanmasına baxmayaraq, onların az bir qismi bu etiqada qarşı çıxmış və bu etiqadın İncilə sonradan əlavə edilməsini isbat etməyə çalışmışdırlar. Biz artıq bilirik ki, İncildən sonra endirilən və əsas məğzi Allahı ibadətdə təkləşdirməkdən ibarət olan Quran da İncilin və Tövratın təhrif edildiyini söyləməkdədir. Biz qarşıda İncilin kimlər tərəfindən təhrif edilməsi barədə tarixi faktlara da toxunacağıq. Bütün bu təhriflərə baxmayaraq İncili diqqətlə və qərəzsiz oxuyan hər bir xristian görə bilər ki, orada Allahın təkliyinə aid açıq-aydın ayələr var. Təəssüflər olsun ki, onlar bu açıq-aydın ayələrəi tərk edərək, təhrif olunmuş ayələrə üz tuturlar, hansı ki, Allahın o təhrif olunmuş ayələrdəki vəsfləri ağla və məntiqə ziddir. Tanınmış xristian din alimi Anthony Buzzard İncil üzərində araşdırmalar aparmış və bu nəticələrə gəlmişdir:
- Yeni Zavetdə (İncildə) 17 yerdə atanın tək Allah olması izah edilir. Amma oğulun – yəni İsanın Allah olması barədə bircə dənə də surə yoxdur.
- 320 yerdə ata uca tutularaq, müqəddəsləşdirilərək Allah adlandırılır, halbuki, oğul heç bir yərdə Allah adlandırılmamışdır.
- 105 yerdə ata uca adları və sifətləri ilə zikr edilərək Allah olaraq bildirilir. Oğul barədə belə bircə dənə də ayə yoxdur.
- 90 yerdə bütün ibadətlərin və təriflərin, həmd və təriflərin ancaq ataya (Allaha) yönəlməli olduğu bildirilir. Oğul (İsa) barədə bu cür bircə dənə də ayə yoxdur.
- 1300 yerdə keçən Allah kəliməsinin atadan (Allahdan) başqasını nəzərdə tutması heç cür anlaşılmır.
- Oğulu tərifləyən, onu təmiz sifətlərlə zikr edən 300-dən artıq yerdə oğulun atadan (Allahdan) icazə aldığı, ondan güc aldığı, bütün işləri ancaq onun istəyi ilə etdiyi bildirilir.
- İncildəki 31102 ayənin heç birində İlah sözü ilə bağlı 3-lük anlayışı keçmir. Allah İncildə 3 olduğunu heç yerdə demir. İncildəki 810677 sözdən heç birində ilah sözünün 3 ilah mənasında olmasına işarə yoxdur. Bəli, ata, oğul və ruh sözləri Yeni Zavetdə tez-tez yan-yana keçməkdədir, lakin Allahın 3 nəfər olmasını buradan nəticə olaraq çıxarmaq mümkün deyildir. Ata, oğul və ruh haqqında eyni vaxtda danışmaq bir şey, onların 3-nün bərabər ilahlar olmasını və 3-nün bir yerdə Allah olmasını demək isə tamam başqa şeydir. Belə ki, atanın möhtəşəmliyi və ucalığı, oğulun isə möhtaclığı İncilin sadə, təbii doktrinidir. 3 üqnum – yəni 3 ilah etiqadını isə cəmi bir neçə fəsilin təhrifindən və yozumundan sonra, çətin mistik nağıllarla bəzədərək isbat etməyə çalışırlar.
Biz bu materialda, İncildə Allahın tək olması barədə çoxlu ayələri inkar edərək, görməzdən gələrək, İsa Peyğəmbəri (Allahın salamı ona olsun) ilah kimi göstərənlərin hiylələrini ifşa edəcəyik. Bu məqaləni oxuyan hər bir xristiana da nəsihət edirik ki, bir az vaxt ayırsın, düşünsün, başa düşsün ki, o Allaha cavab verəcək, Ona dönəcək. Allaha dua etsin və Ondan qəlbini haqqa açmağı istəsin. Haqqı batildən ayırmaq üçün ağlını və qəlbini istifadə etsin.


İncildə tək Allah barəsindəki ayələr
Gəlin İncildən Allahın tək İlah olması barədə yüzlərlə açıq ayələrdən bəzilərinə nəzər salaq:
Allah deyir “Sən (İsa) Mənim şahidimsən, səni qul olaraq seçmişəm ki, məni tanıyasan, mənə inanasan və mənim Allah olduğumu biləsən. Məndən əvvəl heç bir haqq İlah olmayıb, Məndən sonra da olmayacaq”. (İsaiah 43:10)
“Mən Əvvələm, Mən Axıram. Məndən başqa haqq İlah yoxdur”. (İsaiah 44:6)
“Allah tək mənəm. Mən Allaham və Mənim tayım bərabərim yoxdur”. (İsaiah 46:9)
“Tək bir Allah var və Allahla insan arasında bir Peyğəmbər, bəşər olan İsa Məsih var”. (1 Tim. 2:5)
Belə ayələr çoxdur (İsaiah 44:8, 45:5, 14, 18, 21, 22, 47:8, John 17:3, 5:44, 6:27, 1 Cor. 8:5-6, Gal. 4:8-9 və s.)

Guya 3 ilaha işarə edən ayə
3 ilah doktrinini dəstəkləyən heç bir açıq-aydın ayə yoxdur. “Cənnətdə şahidlik edən Üçünə, Ata, Oğul və Müqəddəs Ruha gəlincə, onlar Üçü birdir” 1 John 5:7,8 ayəsinə gəlincə, bəzi versiyalarda bu ayəni dəyişdiriblər və belə keçməkdədir: “3 şahid vardır. Ruh, su və qan. Bu üçü bir-biri ilə razıdır”.
Bibliyanın yeni beynəlxalq versiyasında bu ayə barəsində belə qeyd vardır ki, 16-cı əsrdən öncəki Yunan əlyazmalarında bu ayə yoxdur. Professor Scofield belə söyləmişdir:
“Alimlər ittifaq ediblər ki, bu ayə heç bir əlyazmaya söykənmir, mötəbər deyildir və sonradan əlavə edilmişdir. Fundamental xristianlar bu təhrifi saxlamağa çalışsalar da, yenilənmiş standart versiya da daxil olmaqla bütün müasir tərcümələrdən bu uydurulmuş hissə çıxarılmışdır”. (Sitatın sonu)

Həm Tövrat, həm İncil əslində tək İlaha çağırırdı
Banqor Teoloji seminarın xristianlıq tarixi üzrə professoru L.L. Paine belə bir nəticəyə gəlmişdir:
Köhnə Zavet (Tövrat) qəti şəkildə tək ilahlılıqdan danışır. Allah tək bir ilahdır. Orada 3 üqnum – yəni 3 ilah iddiasına hətta qarışıq bir formada rast gəlmək isə köhnə tarixi olan, lakin əsassız bir iddiadır. Yəhudilər Tövrata əsaslanaraq çox ilahlılığa sərt formada qarşı çıxmışlar və bu günə qədər də tək ilahlılığa inanırlar. Ona görə də köhnə (Tövrat) və yeni zavet (İncil) arasında tək ilah etiqadında ixtilaf olmamalı idi. İsa da yəhudi idi və onun valideyni onu Tövrat təlimi ilə tərbiyə etmişdi. İsa eyni əsaslara çağırmağa gəlmişdi. O bildirmişdi ki, onun gəliş məqsədi Tövrat və öncəki yəhudi peyğəmbərlərin təlimini alt-üst etmək yox, onu tamamlamaqdır. Həmçinin o, yəhudilərin tək ilahlılığı təbliğ edən kitabının elə onun inancı olduğunu bildirmişdir: “Eşidin ey İsrail övladları, bizim Allahımız tək olan İlahdır”. Onun bu təlimi, Tövratın gələcək peyğəmbər barədə vədləri ilə də üst-üstə düşür. O, vəd edilmiş krallığın məsih peyğəmbəri, yəhudilərin ümidi olan insan övladı peyğəmbər idi. (A Critical History of the Evolution of Trinitarianism, 1900, səh. 4, 5)

Katolik və Protestant kilsələrinin İncilin bəzi ayələrini tərcümə edərkən İsanı ilah kimi göstərmə cəhdləri də çox qərəzlidir. Onların tərcümələrini qərəzsiz, tənqidi aspektdən analiz edən kəs, görəcək ki, ya işlətdikləri sözlər qərəzlidir və müxtəlif mənalara yozulmaq üçün seçilmişdir, ya da o ayələr ümumiyyətlə sonradan İncilə əlavə edilmişdir. Buna görə də professor doktor Anthony Buzzard kimi bir çox xristian 3 üqnum – yəni 3 ilah etiqadına inanmırlar və özlərini “Unitar xristian” adlandırılırlar.


İncil və Quranda Tək ilahlılıq (Tövhid)

Quranda və İncildə tövhid ayələri
Uca Allah Quranda Özünü tək olan, ibadətə layiq tək məbud və ilah kimi belə vəsf edir:
De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi 1-4)

“O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız”. (Qasas surəsi 70)

“Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir”. (Bəqərə surəsi 162)

Oxşar ayələr İncildə də mövcuddur:
“Mən Əvvələm, Mən Axıram. Məndən başqa haqq İlah yoxdur”. (İsaiah 44:6)
“Allah tək mənəm. Mən Allaham və Mənim tayım bərabərim yoxdur”. (İsaiah 46:9)

Quranda və İncildə peyğəmbərlərin çağırdığı qayə
Allahın son kitabı olan Quran bizə bildirir ki, bütün peyğəmbərlərin və kitabların göndərilmə qayəsi tək İlah və məbud olan Allahı ibadətdə təkləşdirməyə və Ona heç nəyi şərik qoşmamağa çağırmaq olmuşdur. Bu çağırış İslam dinində tövhid adlanır.

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – deyə, elçi göndərdik. (Nəhl surəsi 36)

Allahdan başqa ibadət olunan hər şey və hər bir kəs tağutdur.

Bütün peyğəmbərlərin, o cümlədən də yəhudilərin və xristianların özlərinə öndər saydıqları İbrahim Peyğəmbərin (Onlara Allahın salamı olsun) etiqadı da Tövhid olmuşdur.

Uca Allah Quranda belə deyir:
“İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif (ancaq Allaha üz tutan) bir müsəlman idi və müşriklərdən deyildi”. (Ali-İmran surəsi 67)

İbrahim peyğəmbər (Ona Allahın salamı olsun) belə demişdir:
“Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam surəsi 79)

Xristianların izlədikləri İsa və Musa peyğəmbərlər də məhz tövhidə, Allaha şərik qoşmamağa çağırmışdır.
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” – deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə surəsi 72)

Musa Peyğəmbər belə deyir:
“Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi 98)

Oxşar ayələr İncildə də mövcuddur:
İncildə Musa Peyğəmbər (Ona Allahın salamı olsun) belə demişdir:
“Ey İsrail oğulları eşidin: İlahımız tək İlah olan Allahdır”. (Deuteronomy 6:4)

İncildə İsa Peyğəmbər (Ona Allahın salamı olsun) belə demişdir:
“Ey İsrail oğulları eşidin: İlahımız tək İlah olan Allahdır”. (Mark 12:29)

Açıq-aydın ayələrdən üz döndərmə səbəbi
Beləliklə bəlli olur ki, bütün peyğəmbərlər eyni Tövhid inancına çağırmaq üçün göndərilib. Lakin sonradan insanlar bundan əvvəlki fəsildə izah edildiyi kimi əsil dinlərini təhrif edərək firqələrə bölünüblər. Bunun səbəbini bizə Quran belə izah edir.

“Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir”. (Möminlər surəsi 52-53)

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”. (Bəqərə surəsi 213)

Yəhudilər qəlblərindəki xəstəliyə görə İsa Peyğəmbəri (Ona Allahın salamı olsun) inkar etdilər. Yəhudi və xristianlar da eyni səbəblərdən öz kitablarındakı açıq-aydın dəlillərə baxmayaraq, tək Allaha çağıran Quranı və öz kitablarında vəsfi verilən Məhəmməd peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) inkar etdilər.

Üç üqnum etiqadının yaranma tarixi
Bundan əvvəlki fəsildə isbat edildiyi kimi, 3 ilah etiqadının söykəndiyi heç bir orijinal əlyazma nüsxəyə istinadı yoxdur. Bu etiqad miladdan sonra 4-cü əsrdə İncilə əlavə edilmişdir.
Yeni Katolik Ensiklopediyasında deyilir:
“Müqəddəs üçlük inancı Tövratda yoxdur. 3 nəfərdən ibarət olan bir ilah düsturu 4-cü əsrin sonlarına qədər hələ formalaşmamışdı”. (Sitatın sonu)

Enkarta Ensiklopediyasında deyilir:
“İncildə bu inanc yox idi. Orada Allah dedikdə ata nəzərdə tutulurdu. 3 ilah termini ilk dəfə ikinci əsrdə Latın teoloqu Tertullian tərəfindən ortaya atılır. İnanc isə Məsih barədə çoxlu debatlardan sonra 4-cü əsrdə formalaşır”. (Sitatın sonu)

Brittanica Ensisklopediyasında deyilir:
Yeni Zavetdə (yəni İncildə) 3 İlah inancına açıq dəlil yoxdur. Eləcə də İsa və onun tərəfdarları Köhnə Zavetdəki (yəni Tövratdakı) “Ey İsrail oğulları eşidin: İlahımız tək İlah olan Allahdır”. (Deuteronomy 6:4) ayəsinə müxalif olmamışlar.
Bu inanc bir çox ölkələri gəzərək və çoxlu debatlara movzu olaraq tədricən formalaşmışdır. 3 ilah inancı, 4-cü əsrin sonlarına yaxın Caesarea-lı Basil, Nyssa-lı Gregory və Nazinanzus-lu Gregory rəhbərliyi altında böyük ölçüdə formalaşdırılıb və bu cür davam edilmişdir”.

Anchor Bible Dictionary-də belə deyilir:
“İncildə ata, oğul və ruhun bərabər olaraq bir ilahı formalaşdırmasından ibarət ziddiyyətli 3 ilah inancını tapmaq mümkün deyildir”. (SS)

Nontrinitarianism – Üç üqnuma müxalif xristianlar
Qeyd edək ki, Nontrinitarianism – yəni, 3 üqnum - 3 ilah inancına müxaliflik daim olmuşdur. Onlar bu etiqadı - yəni 3 bərabər, əbədi şəxsin birgə olaraq bir vücüdda birləşib bir ilahı formalaşdırmasını inkar etmişlər.

Onların ata, oğul və müqəddəs ruh barəsindəki fikirləri tamamilə fərqlidir. 3 üqnum fəlsəfəsi Nicaea, Constantinople ve Ephesus bölgələrindəki müxtəlif yığıncaqlarda 325, 381 və 431-ci illərdə formalaşmışdır. Buna qədər isə bu inanca müxalif olan adoptionism, monarxianism və subordinasianizm kimi müxtəlif fəlsəfələr mövcud idi. Nontrinitarianism 11, 13, 18 və 19-cu əsrlərdə yenidən dirçəlmişdir. Xristianlığın əsas xətti olan 3 üqnum inancı, heç bir digər İbrahim dinlərində yoxdur. Bir çox dahi şəxslər bu inanca inanmamışlar. Onlardan İshaq Nyuton dostuna yazdığı məktubda bu inancı inkar etmişdir. Həmin məktub sənədləşdirilərək Oxford universitetinin kitabxanasında saxlanılmaqdadır. (Two Notable Corruptions of Scripture (part 1: ff. 1–41). Habelə o, özünün teologiya barəsindəki dəftərlərində İsaya Allah kimi ibadət etməyi bütpərəstlik adlandırmışdır.

Allah – Tək İlah
Allah sözü - ərəb dilində tək İlah mənasını verir. Milyonlarla ərəb xristian tərəfindən oxunan İncildə də İlah (Boq, God) sözü elə Allah kimi keçməkdədir. Tövratda da 70 yerdə “Elah” sözü keçir ki, bu da ərəb dilindəki Allah sözünə çox yaxındır. Göründüyü kimi, həm Tövrat, həm İncil, həm də Quranda Allah tək olan eyni İlahdır. Bu bir daha dəlalət edir ki, Xristianlıqdaki 3-dən ibarət bir ilah konsepti sonradan uydurulmuşdur.

Müqəddəs ruh kimdir?
İsa peyğəmbərin (ona Allahın salamı olsun) kim olması hamımıza məlumdur. Quranda İsa peyğəmbər və anası Məryəm barədə çoxlu ayələr, hətta müstəqil bir surə - Məryəm surəsi mövcuddur. Bütün Müsəlmanlar İsa peyğəmbəri sevir və onu ən əzəmətli 5 peyğəmbərdən biri kimi qəbul edirlər. Qurana görə o, elə Məhəmməd peyğəmbər kimi, Allahın qulu və elçisidir. O insanları tək ilahımız olan Allaha ibadətə və Ona duada, ibadətdə heç bir şərik qoşmamağa çağırmışdır. Bu aydındır. Bəs müqəddəs ruh kimdir?
Qurana görə müqəddəs ruh bütün peyğəmbərlərə vəhyi çatdıran Cəbrayıl (Gabriel) mələkdir. Quranda müqəddəs ruh sözü 4 yerdə keçməkdədir (2:87, 2:253, 5:110, 16:102)
“Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” (Bəqərə surəsi 87)
Cəbrayıl mələk Allah və peyğəmbərlər arasında bir elçi olaraq vəhyi çatdırmışdır. Bu çox sadə və qarışıq olmayan bir məsələdir.
Ey Xristian izləyicimiz! Biz bu mövzumuzu davam etdirəcəyik. Səndən xahişimiz bu materialda qeyd edilən məsələləri düşünməyin, Allahdan sənə doğru yolu göstərməsini diləməyin və illər boyu rast gəldiyin ziddiyyətli şeyləri tənqid edərək araşdırmağındır. Allahdan hamımızı ixtilaf etdiyimiz məsələlərdə doğru yola yönəltməsini diləyirik.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.