Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qədr gecəsi hansı gecədir?

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Kim Qədr gecəsini imanla və savabını Allahdan umaraq keçirərsə onun keçmiş günahları bağışlanar» (Buxari, Muslim).

Qədr gecəsi Ramazan ayında olur, çünki Allah təalə quranın o gecədə və o ayda nazil olduğunu bizə xəbər vermişdir, necə ki, Allah təalə buyurur: «Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!» (əl Qadr 1), digər ayədə isə belə buyurur: «İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir» (əl-Bəqara 185).
Bununla bizə aydın olur ki, Qədr gecəsi ramazan ayındadır.

Qədr gecəsi Ramazan ayının son on gecələrində baş verir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Qədr gecəsini Ramazan ayının son on gecəsində axtarın» (əl-Buxari, Muslim).
Qədr gecəsini ramazan ayının son on gecəsinin tək gecəsində olmaq ehtimalı daha çoxdur, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Qədr gecəsəni Ramazan ayının son on gününün tək gecələrində axtarın» (əl-Buxari).

Başqa rəvayətdə isə qeyd edilir ki, son yeddi gündə olmaq ehtimalı daha çoxdur. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sahəbələrindən bir neçəsi yuxuda qədr gecəsinin ramazanın son yeddi gecəsində olacağını gördülər, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Görürəm, son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir birinə uyğun gəlir, sizdən kim o gecəni axtararsa, onda onu son yeddi gecədə axtarsın» (əl-Buxari, Muslim).
Muslimdə keçən hədisdə isə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Qədr gecəsini son on gecədə axtarın, əgər sizdən biriniz zəifləsə ya da gücü çatmasa onda nə badə özünü qalan yeddi gündən məhrum etsin» (Muslim).

27-ci gecə də olması ehtimalı isə əksər alimlərin rəyidir:

• Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir:
«Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar».
(Səhih Muslim, 762).

• Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi:
- Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər.
Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«İyirmi yeddinci gecəni ibadətdə keçir».
(Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib)

• İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir :
«Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın».
Başqa bir rivayətdə buyurmuşdur:
«Onu iyirmi yeddinci gecədə axtarın»
(Müsnəd Əhməd, 4808, hədis səhihdir)

• Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir»
(Sünən Əbu Davud, 1386, Albani səhih deyib).

• İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
«Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyirmi yeddinci gecə olduğundan şəkk etməyiblər».
(Şərh Sahih Muslim)

• Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir:
«Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir».

• Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir:
«Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir.
Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu.
Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər».

• Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var.
Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm.
Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər.
İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər».

■ Lakin digər alimlərə görə isə Qədr gecəsi hər il müxtəlif gecə ola bilər. Onlar Qədr gecəsinin 27-ci gecədə olduğuna dəlalət edən hədisləri belə açıqlamışlar: Böyük ehtimalla, Qədr gecəsi məhz həmin il 27-ci gecəyə düşdüyünə görə Allah rəsulu da "27-ci gecə də axtarın!"- demişdir. Çünki digər gecələr ilə əlaqəli də hədis və əsərlər mövcuddur. Misal üçün, Buxari (2018) və Müslimin (1994) Əbu Səid əl-Xudridən rəvayət etdikləri hədisə əsasən Qədr gecəsini 21-ci gecə olduğunu demək mümkündür.

Digər rəvayətlər isə 23-cü gecə olduğuna dəlalət edir:
• Abdullah ibn Uneys Cuhəni (Allah ondan razı olsun) Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:
Ey Allahın Rəsulu, mənim evim çox uzaqdır (hər gecə namaza gələ bilmirəm), mənə bir gecə de, o gecə (namaz üçün) gəlim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi:
«Ramazanın iyrimi üçüncü gecəsi gələrsən».
(Muvatta, 872).

• Digər rəvayət də də Abdullah ibn Uneys həmin gecənin məhz 23-cü gecə olduğunu qeyd etmişdir (Müslim, 1168).

•Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki o,
«İyrimi üçüncü gecə ailəsini və yaxınlarını ibadət etmək üçün oyadardı».
(Musannəf Abdurrazzaq)

• Ona görə də tabiin imamlarından Məkhul (Allah ona rəhmət etsin)
"Qədr gecəsinin iyrimi üçüncü gecə olduğunu deyərdi" (Lətaif Məarif, 198).

Digər hədisdə isə Allah rəsulu məhz Ramazanın son gecəsinı işarə edərək belə demişdir: "Qədr gecəsini Ramazanın son gecəsində axtarın!" (İbn Nasr, "Qiyamul-leyl", s. 106, Bax: Albani, "Əs-silsilə əs-sahihə", 3/457).

Bu səbəbdən də doğru olan bir gecəyə bağlanmadan, habelə "tək-cüt" demədən Ramazanın gecələrini, ələlxüsus son 10 gecəni ibadətlə keçirmək lazımdır.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.