Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmanın 6 şərtinin səmərələri hansılardır?

ALLAHA İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
Allaha iman gətirmək qəlbləri rahat edir. Heç bir məxluqun Allahın qəza-qədərindən kənara çıxa bilmədiyini dəqiq bilən insan qəlbən tək olan Allaha bağlanar, dua edib Ondan istəyər, ehtiyacını yalnız Ona bildirər, həyatının hər anında ancaq Ona etimad edər, ömrü dəyişkən işlərində səbatlı və qərarlı olar. Çünki belə insan dərk edir ki, məxluqatı öz hikməti ilə idarə edən və onları yaradan Odur, Allahdan başqa hamı yaradılmışdır və hamı yaradanına möhtacdır, bütün işlər Onun əlindədir, Ondan başqa yaradan və ruzi verən yoxdur, Ondan başqa kainatı idarə edən yoxdur, heç bir zərrə Onun icazəsi olmadan hərəkət etmir, heç nə Onun əmri olmadan qərar tutmur. Bu etiqad insanın qəlbini yalnız Allaha bağlıyar, həyatı boyu bütün işlərində yalnız Allaha sığınıb Ondan istəməyi təmin edər. Həyatında istədiyini əldə etmək üçün səbəblərdən istifadə edib Allaha dua edən insan üzərinə düşəni etmiş sayılır. Belə insanın nəfsi qənaətcil olar və başqalarının mal-mülkünə göz dikməz. Həqiqətən də bütün işlər Allahın əlindədir, istədiyini seçər və yaradar.


ALLAHIN AD VƏ SİFƏTLƏRİNƏ İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
1. Uca Allahı tanımaq. Allahın ad və sifətlərinə iman gətirən şəxs Allahı daha yaxşı tanıyar, nəticədə Allaha olan imanı möhkəmlənər və Allahın təkliyinə daha çox güvənər. Allahın ad və sifətlərini bilən insanın qəlbi nöqsansız Allahı təzim edər, sevgi və itaət hissləri ilə dolub-daşar.
2. Allahın ad və sifətləri ilə Onu tərifləmək. Bu əməl zikr etməyin ən yaxşı növüdür. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (Əhzab surəsi 41)
3. Allahın ad və sifətləri ilə Ona dua edib istəmək. Uca Allah buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin”. (Əraf surəsi 180) Məsələn, qulun Rəbbinə “Ey Rəzzaq (ruzi verən), məni ruziləndir!”, “Ey Təvvab (tövbələri qəbul edən), tövbəmi qəbul et!”, “Ey Rəhim (mərhəmətli olan), mənə rəhm et!” – ifadələri ilə dua etməsi həm onun duasının qəbul olmasına səbəbdir, həm də qulun qəlbinə çox böyük rahatlıq bəxş edər.

MƏLƏKLƏRƏ İMAN ETMƏYİN SƏMƏRƏSİ
Mələklərə iman etmək möminin həyatına çox böyük səmərələr verməkdədir. Onlardan bəzilərini sadalaya bilərik:
Allahın əzəmətinin, gücünün və kamil qüdrətinin dərk edilməsi. Belə ki, hər hansı məxluqun əzəmətli yaradılışı onu yaradanın əzəmətinə dəlalət edir. Bunu dərk edən mömin Allahı daha çox təqdir və təqdis edir. Nurdan qanadlı mələkləri yaradan Allah nə qədər ucadır, qüdrətlidir!
Allaha itaətdə sabitqədəm olmaq. Bütün əməllərinin mələklər tərəfindən yazıldığına iman gətirən kimsə Allahdan qorxar. Nə aşkarda, nə də gizlində ona asilik etməz.
Mömin bu kainatda özü ilə bərabər Allaha ən gözəl və ən ləyaqətli şəkildə itaət edən minlərlə mələklərin olduğunu hiss edəndə Rəbbinə etdiyi itaətində səbirli olar, mərhəmət və rahatlıq hissləri ilə yaşayar.
İnsanları qorumaq və himayə etmək məsuliyyəti ilə yüklənmiş mələklərin varlığını düşünəndə insan Allahın adəm övladına göstərdiyi yüksək qayğıya görə Ona şükr edər.

KİTABLARA İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
Uca Allahın Öz bəndələrinin qayğısına qaldığını və onlara kamil mərhmət göstərdiyini bilmək. Belə ki, uca Allah hər xalqa onları doğru yola aparan, dünya və axirət xoşbəxtliyinə qovuşduran kitab göndərmişdir.
Uca Allahın göndərdiyi şəri əhkamlardakı hikmətləri bilmək. Çünki O, hər qövmə vəziyyətlərinə uyğun, şəxsiyyətlərinə münasib qanunlar qoymuşdur. Uca Allah buyurur: “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”. (Maidə surəsi 48)
Bu kitabları nazil etdiyinə görə Uca Allahın nemətlərinə şükür etmək. Bu kitablar dünya və axirətdə nur və hidayətdir. Belə böyük nemətə qarşılıq olaraq Allaha şükür etmək lazımdır.

PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
Peyğəmbərlərə iman etməyin böyük səmərələri vardır. Onlardan aşağıdakıları sadalamaq olar:
Uca Allahın bəndələrinə olan böyük mərhəmət və qayğısını anlamaq. Belə ki, O, bəndələrini doğru yola yönəltmək və Allaha necə ibadət etməli olduqlarını bildirmək üçün elçilər göndərmişdir. Çünki bəşər düşüncəsi bunu öz-özünə dərk etmək qabiliyyətində deyildir. Uca Allah peyğəmbərimiz Muhəmməd ﷺ haqqında belə deyir: “Səni də aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (Ənbiya surəsi 107)
Belə böyük nemətə görə Uca Allaha şükür etmək.
Peyğəmbərləri sevmək, ehtiram etmək, layiq olduqları tərzdə tərifləmək. Çünki onlar Allaha layiqincə ibadət etmiş, onun dinini çatdırmış və bəndələrə öz tövsiyələrini vermişlər.
Allah tərəfindən bütün peyğəmbərlərə əmr olunan “Heç bir şəriki olmayan tək Allaha ibadət edin və onun şəriətinə tabe olun!” əmrinə boyun əymək. Bu əmrə itaət edən möminlər hər iki həyatda xeyirə, hidayətə və səadətə nail olarlar.
Uca Allah buyurur: “Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq”. (Taha surəsi 123-124)

AXİRƏT GÜNÜNƏ İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
Axirət gününə iman etməyin müsəlmanın xeyirli əməllərə davamlı olaraq yönəlməsində, Allah qorxusunu hiss etməsində və riyakarlıqdan uzaq olmasında çox böyük təsiri vardır. Ona görə də çox vaxt yaxşı işlər görməklə Axirətə iman etmək arasında rabitə olur. Uca Allah buyurur:
“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abadlaşdırar.” (Tövbə surəsi 18)
“Axirətə iman gətirənlər ona (Qurana) da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar)”. (Ənam surəsi 92)
Dünya həyatına başı qarışıb qəflət yuxusunda olan qafillərə Allaha yaxınlaşmaq üçün yaxşı işlər görməyi, itaətdə bir-biri ilə ötüşməyi, dünyanın həqiqətini və qısa müddətli olması, axirətin isə əbədi yurd olduğu barədə xəbərdarlıq edir.
Uca Allah Qurani-Kərimdə Peyğəmbərləri və onların etdikləri yaxşı əməlləri tərifləyərkən onları bu yaxşı işlərə təşviq edən əsas amilin bu olduğunu demişdir: “Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik.” (Sad surəsi 46)
Yəni onların etdikləri o gözəl işlərin səbəbi daim Axirət gününü xatırlamaları olmuşdur. Onların bu xatırlaması daim yaxşı işlər görmələrinə təkan olmuşdur.
Bəzi müsəlmanlar Allahın və Rəsulunun əmrlərinə könülsüz yanaşdıqda uca Allah onlara xatırlatma olaraq belə buyurdu: “Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı Axirət yanında (Axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!” (Tövbə surəsi 38)
İnsan axirət gününə iman etdikdə dünya nemətinin axirət neməti ilə müqayisəedilməz olduğunu dərk edir və hansısa dünya işinə görə bir an da olsun axirət əzabına məhkum olmamağa çalışır. Bu dünyada Allah yolunda çəkilən əzab-əziyyət axirətdə çəkiləcək əzab ilə müqayisəedilməzdir. Dünyada Allah yolunda çəkilən əzab-əziyyət axirətdə veriləcək naz-nemətlərlə müqayisədə də çox az bir şeydir.
İnsanın layiq olduğu mükafatı alacağına əmin olması. Hər hansı dünya nemətindən məhrum olan insan heç də kədərlənməli, peşman olub intihar etməli deyil. Əksinə, o çalışmalı və qəti şəkildə inanmalıdır ki, Allah heç vaxt yaxşı əməl sahibini mükafatsız qoyan deyildir. Əgər onun zərrə qədər haqqını zülm və ya fırıldaqla mənimsəyiblərsə, qiyamət günü şiddətli ehtiyac anında həmin haqqını geri alacaqdır. Ən sıxıntılı və gərəkli anlarda haqqının qaytarılacağını dərk edən insan necə kədərlənə bilər?! Hakimlik edənin hikmət sahibi Allah olduğunu dərk edən insan necə kədərlənə bilər?!

QƏDƏRƏ İMAN ETMƏYİN SƏMƏRƏLƏRİ
Müsəlman üçün qəza və qədərin xeyir və şərrinə iman etməyin səmərələri hədsiz dərəcədə önəmlidir. Onlardan aşağıdakıları sadalamaq olar:
Qədər insanı bu həyatda Allahı razı salan əməllərə və fəaliyyətə təşviq edən böyük amildir. Möminlərə Allaha təvəkkül etməklə yanaşı səbəblərdən istifadə etmək də əmr olunur. Mömin iman edir ki, Allahın izni olmadan səbəblər heç bir nəticə verə bilməz. Çünki həm səbəbləri, həm də nəticələri yaradan Allahdır. Peyğəmbər ﷺ demişdir: “Sənə fayda verən işlərə həris ol, Allahdan kömək dilə və aciz olma. Başına bir iş gəldikdə: “Əgər belə etsəydim belə belə olardı!” – demə. De ki: “Allahın qədəridir və O, istədiyini etdi”. Çünki (ümidsizlik, acizlik hissi ilə) “əgər” demək şeytan əməli üçün qapı açır.” (Muslim 2664)
Qədərə iman edən insan təkəbbürlük və yekəxanalıq etmir. Çünki o qədərini və gələcəkdə nə baş verəcəyini bilməkdə acizdir. İnsan özünün acizliyini dərk edəndə daim Allaha möhtac olduğunu anlayır. İnsan xoş anında təkəbbürlük və yekəxanalıq edir. Pis anında isə kədər və qüssə içində olur. İnsanı xoş anlarda təkəbbürdən və yekəxanalıqdan, pis vəziyyətdə kədər və qüssədən qoruyan yeganə amil qədərə iman gətirməkdir. Çünki bu halda insan baş verənlərin qədərlə, Allahın əzəli elmi ilə baş verdiyini dərk edir.
Qədər insanı həsəd kimi səviyyəsiz əməldən qoruyur. Mömin Allahın insanlara bəxş etdiyi lütfə görə həsəd aparmaz. Çünki o dərk edir ki, onların ruzisini verən və onu qədərlərinə yazan Allahdır. Mömin dərk edir ki, həsəd edən insan Allahın qəza-qədərinə etiraz etmiş sayılır.
Qədərə iman etmək qəlbi çətinliklər qarşısında şücaətli və əzmkar edir. Çünki belə qəlb dərk edir ki, əcəl və ruzi qəza-qədərdə yazılmışdır və hər kəs öz payına düşənə nail olacaqdır.
Qədərə iman etmək möminin qəlbində imanın müxtəlif həqiqətlərini əkir. Mömin daim Allahdan kömək istəyər, Allaha bel bağlayar, səbəblərdən istifadə etməklə Ona təvəkkül edər, daim Rəbbinə möhtac olduğunu dərk edər və ondan sabitqədəm olmağı istəyər.
Qədərə iman etmək nəfsi rahat edər. Mömin bilir ki, başına gələcək iş ondan yan keçən deyildi. Ondan yan keçən iş isə onun başına gələn deyildi.
Qədərə iman etmək müsibət anında qulu səbrli edər. Qul başına gələn müsibətin Allah tərəfindən olmasını qəbul edərsə, müsibətə səbr və təmkinlə yanaşar və Allahın qədərinə səbrlə boyun əyər.

Əslinda imanın səmərə və faydaları olduqca çoxdur, biz çalışdıq ən önəmlilərini zikr edək. Uca Allahdan hər birimizə imanın səmərələrini dərk etməyi və imanın şirinliyini dadmağı nəsib etməsini diləyirik. Bizi izləməkdə davam edin. Daha faydalı mövzularla görüşmək ümidi ilə Allaha əmanət olun.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.