Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Fatihə" surəsinin asan təfsiri. Quranın ecazkar mənaları #1

Dəyərli oxuyucular! Həmişə olduğu kimi növbəti faydalı və maraqlı layihə ilə sizinlə birlikdəyik. Bu layihəmizdə Qurani Kərim surələrini müxtəsər təfsir edəcəyik. Belə ki, hər bir müsəlman əvvəlcə Allahın kəlamını dərk etməli, Rəbbinin ondan nə istədiyini öyrənməlidir ki, Allahın həqiqi qulu, dəyərli bəndəsi olsun.

FATİHƏ (KİTABI AÇAN) SURƏSİ

Bu surə Qurani-Kərimin əvvəlində gəldiyinə görə ona “əl-Fatihə” (Kitabı açan) adı verilmişdir. Quranın yazılış və oxunuş tərtibatında ilk sırada gələn surədir. Amma bu surə ilk nazil olan surə deyil. Quranın ümumi mənalarını ifadə etdiyi üçün onun “Kitabın açarı”, “Kitabın anası”, “Yeddi səna”, “Həmd surəsi”, “Namaz surəsi”, “əl-Vaqiyə” və s. adları da vardır.

Bu surənin namazın əsaslarından sayılması onu başqa surələrdən fərqləndirir. Belə ki, namazda Fatihə surəsini oxumayanın namazı qəbul olunmaz. Günümüzdə bəzi insanlar dinimizin buyurmadığı əməlləri dinə aid edirlər. Onlar xutbə verdikdə, duanı xətm etdikdə, dini mərasimlərdə Fatihə surəsini oxuyurlar. Görürsən ki, mərasimi aparan dua edir, sonra yanında olanlara uca səslə deyir: “əl-Fatihə!” Yəni, onlara demək istəyir ki, siz də Fatihə surəsini oxuyun. Bu, doğru deyildir, çünki dini məsələlərdə Peyğəmbərimizin Elçisi (Ona Allahın salavatı və salamı olsun) buyurmadığı bir əməli yerinə yetirmək qadağandır. Buna İslamda bidət deyilir. Peyğəmbər demişdir: “Kim bizim dinimizə aid olmayan bir şeyi icad edərsə, o, qəbul olunmayacaq.” Həmçinin demişdir: "...Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəmlikdir."

FATİHƏ SURƏSİNİN FƏZİLƏTİ

Bu surənin fəziləti barədə bir çox hədislər rəvayət olunmuşdur. Belə hədislərin birində Peyğəmbər deyir: “Əlhəmdulilləhi rabbil aləmin – yeddi səna və mənə verilən əzəmətli Qurandır”.

Böyük İslam alimlərindən İbn Teymiyyə bu surəsi haqqında belə buyurur: “Fatihə surəsinin əvvəli təhmid, ortası tövhid, axırı isə duadır”. (Fətava 14/418)

Ubeyy ibn Kəb rəvayət edir ki, Allah Elçisi (Ona Allahın salavatı və salamı olsun) demişdir: Uca Allah buyurur: “Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Quranın əsasına) bənzər surə yoxdur. O, Səbul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir”. (İbn Hibban, 775)

Əbu Hureyra demişdir: “Mən Allah Elçisinin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!” (İbn Məcə, 3784, 3916)

Böyük İslam alimlərindən İbn Teymiyyə deyir ki, “Mən ən faydalı dua barəsində düşündüm, gördüm ki, ən faydalı dua Allahdan Onun razılığına çatmaq üçün sənə kömək etməsini istəməkdir. Sonda bu duanı Fatihə surəsində gördüm”. (Mədaricus-Salikin, 1/100)


FATİHƏ SURƏSİNİN TƏFSİRİ
1) “ər-Rəhman və ər-Rəhim Allahın adı ilə!” Bismillah Quran surələrinin əvvəlində ayə olaraq deyil, bir surəni digərindən ayıran bir cümlə olaraq işlədilmişdir. Bunu hər surənin əvvəlində oxumaq müstəhəbdir (bəyəniləndir). Yalnız Tövbə surəsinin əvvəlində oxumaq məkruhdur (bəyənilmir). “Allah” kəlməsi yalnız Allah təalaya məxsus olub Ondan başqasına verilməmişdir. Sözün kökü "İlah"-dan götürülmüşdür. Qeyri- müəyyənlik halında (yəni əl-ilah deyil, ilah kimi) işlədildikdə haqq və ya batil olan hər ilaha şamil olunurdu. Amma sonradan bu ad deyildikdə, yalnız haqq olan ilah nəzərdə tutuldu. “Rəhman və Rəhim” Bunlar "rəhmət"-dən düzəldilmiş sözlərdir. ər-Rəhman sözü ər-Rəhim sözündən daha çox mübaliğə edilmişdir. ər-Rəhman sözü Allahdan başqasına aid edilməmişdir.
2) “Həmd olsun Allaha” Həmd Allahın bəxş etdiyi gözəlliklərə dil ilə səna etməkdir. Həmd, yalnız söz ilə olur. Şükr isə, söz, qəlb və əzalarla olur. Şükr nemət müqabilində, həmd isə, həmd olunanın kamilliyinə və həmçinin Onun verdiyi nemətlərə görə də ola bilər. Həmd də, şükür də uca Allaha məxsusdur. “aləmlərin Rəbbinə” ər-Rəbb sözü uca Allahın adlarından biridir. Bu ad başqasına əlavə ilə deyilə bilər. Məsələn, bu kişi evin rəbbidir (yəni, sahibidir). Rəbb sözü sahib, ağa, islah edən, işləri yoluna qoyan və ibadət olunan deməkdir. “Aləmlər” sözü "aləm" sözünün cəmidir. Bu, Allahdan başqa, mövcud olan hər şeyə şamildir. Aləm sözü əqli olanlara şamil olunur. Bura dörd qism məxluq daxildir: İnsanlar, cinlər, mələklər və şeytanlar.
3) “Rəhman və Rəhim olana”. Uca Allahın aləmlərin rəbbi olaraq vəsf edilməsində bir qorxu nümayişi olduğu üçün bundan sonra, dərhal ümidləndirici “Rəhman və Rəhim” adları qeyd olunmuşdur. Beləliklə, uca Allah Öz sifətlərində Ondan qorxmağı və Ona rəğbət bəsləməyi cəm etmiş olur. Bu isə, məxluq üçün Allahın itaətinə dəstəkdir.
4) “Haqq-Hesab gününün sahibinə!” Sahib uca Allahın etdiyi felin sifətidir. Haqq-Hesab günü uca Allahın bəndələrinə əməllərinin qarşılığını verdiyi gündür. Qatadə deyir: Haqq-Hesab günü uca Allah tərəfindən bəndələrinə etdikləri əməllərə görə qarşılıq verdiyi, yəni cəzalandırdığı və ya mükafat verdiyi gündür.
5) “Biz, yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Biz, ibadəti və kömək diləməyi yalnız Sənə yönəldirik. Səndən başqasına ibadət etmir, başqasından kömək diləmirik. İbadət mütiliyin və itaətin ən ali məqamıdır. İbadət kəlməsi şəriət termini olaraq, kamil məhəbbət, mütilik, itaətkarlıq və qorxunu özündə cəm edir. İbadət kəlməsinin kömək sözündən öncə işlədilməsi birincinin ikinciyə vasitə olmasına görədir. İbn Abbas “yalnız Səndən kömək diləyirik!” ayəsi haqqında deyir: "Ey Rəbbimiz, tövhidi və qorxumuzu başqasına deyil, yalnız Sənə yönəldirik. İtaət və digər işlərimizdə başqasından deyil, yalnız Səndən kömək diləyirik."
6) “Bizi doğru yola yönəlt!” Yönəltmək (Hidayət) iki növdür.
Birincisi: müvəffəqiyyət hidayətidir. Bu növ hidayət, yalnız Allaha məxsusdur. Uca Allah buyurur: “Ya Rəsulum! Şübhəsiz ki, sən, istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar”. (Qəsəs 56)
İkincisi: yol göstərmə və yönəltmə hidayətidir. Bu isə, peyğəmbərlərə, onların davamçıları olan alimlərə və dəvətçilərə aiddir. Uca Allah buyurur: “Sən düz yola yönəldirsən”. (Şura 52) Haqqında danışılan ayə hər iki növü əhatə edir. Çünki xeyirə yönəldən və Onun yolunu bizə göstərən peyğəmbərləri göndərən də uca Allahdır. "Doğru yol" sözü ilə əyriliyi olmayan düz yol nəzərdə tutulur. Sözün ayədəki mənası isə İslam yoludur.
7) “Nemət verdiyin kəslərin yoluna!” Nemət verilənlər uca Allahın bu ayəsində qeyd olunur: “Allaha və peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa 69)
“Qəzəbə düçar olmuşların...” Yəni bəzi yəhudilərin. Çünki onlar haqqı bildikləri halda onu tərk etmiş, ondan üz çevirmiş və buna görə Allahın qəzəbinə layiq olmuşdular. Əhməd və İbn Macə Peyğəmbərdən belə bir hədis rəvayət edirlər: "Yəhudilər sizin salam və amin deməyinizə həsəd etdikləri kimi başqa şeyə həsəd aparmırlar".
“və azmışların yoluna yox!” Yəni bəzi xaçpərəstlərin. Çünki onlar cahillikləri ucbatından haqdan azmışdılar. Onlar İsa barəsində açıq-aşkar şəkildə yollarını azmışdılar. Amin sözünün mənası "Allahım dualarımızı qəbul et" – deməkdir.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.