Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Böyük mütəfəkkirlərin (filosoflar) Məhəmməd peyğəmbər haqda dedikləri

Peyğəmbərin (ﷺ) uca məqamını isbat etməyə ehtiyac yoxdur, bütün dünya buna şahiddir. Biz də məhz qərblilərin - özlərinin hörmət etdikləri mütəfəkkirlərin peyğəmbərimiz haqqında dedikləri sözləri paylaşmaqla o savadsız insanlara cavab vermiş oluruq.
Bu məqalədə sizə qeyri-müsəlman mütəfəkkirlərinin sonuncu peyğəmbər Muhəmməd (
) haqqında söylədikləri fikirləri təqdim edəcəyik.
1. Doktor Viliam Dreyker (“Avropanın İntellektual İnkişafı Tarixi” əsəri, London şəh. 569-cu il): “Yustinianın ölümündən dörd il sonra Ərəbistanın Məkkə şəhərində anadan olan, bütün insanlar arasında insan irqinə ən böyük təsir göstərən, bir çox imperiyaların dini rəhbəri, bəşər övladının üçdə bir hissəsini istiqamətləndirən şəxs Muhəmməd (s.ə.s), yəqin ki, Allahın elçisi tituluna layıqdır”.
2. Filip K. Xiti (“Ərəblərin Tarixi” əsəri): “Qısa dünya həyatında coğrafı anlamdan başqa heç bir məna kəsb etməyən, dövlət kimi bilinməyən bir toplumu önə çəkməyi Muhəmməd bacardı. O, geniş ərazilərdə xristianlığı və yəhudiliyi üstələyən bir din qurdu. Tezliklə, o dövrünün sivil dünyasında olan ən uzaq əyalətləri əhatə edən bir imperiyanın təməlini qoydu”.
3. Tomas Karlayl (“Qəhrəmanlar, Qəhrəman İbadəti və Tarixdə Qəhrəmanlıq” əsəri, London, 1841-ci il): “Bu şəxsin ətrafina məqsədyönlü şəkildə yığdığımız yalanlar bizim üçün sadəcə bir ayıbdır. Səssiz və böyük bir varlıq, ancaq ciddi ola bilən bir şəxs... Məqsədi dünyanı aydınlatmaq idi, çünki dünyanı Yaradan belə əmr etmişdi.”
4. Mahatma Qandi (Gənc Hindistan qəzeti, 1924-cü il): “Milyonlarla insanın qəlbində mübahisəsiz təsirə sahib olan bir insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu daha yaxşı anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, dostlarına və səhabələrinə sıx bağlılığı, təvazökarlığı, cəsarət və cömərdliyi Allaha və öz dəvətinə (missiyasına) mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi. Mən “Peyğəmbərin Həyatı” adlı kitabın ikinci cildini oxuyub bitirəndə çox təəssüfləndim ki, belə möhtəşəm insan haqda daha oxumağa bir şeyim qalmadı.”
5. Edvard Qibbon və Simon Okli (“Saracen İmperiyasının Tarixi” əsəri, London, 1870-ci il): “Burada bizim diqqətimizi cəlb edən məsələ Muhəmmədin dini yayması deyil, onun davamlı olmasıdır. Onun Məkkədə və Mədinədə həkk etdiyi eyni saflıq və mükəmməl təəssürat 12 əsr ərzində baş vermiş çevirilişlərdən sonra da İslamı qəbul etmiş hindistanlılar, afrikalılar və türklər tərəfindən qorunub saxlanılmışdır. Müsəlmanlar yekdil şəkildə dinlərini azaltmağa, insani hiss və təxəyüllərini əksiltməyə qarşı çıxdılar. “Mən Şəhadət gətirirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və Muhəmməd Allahın elçisidir” – İslamın bəyan etdiyi sadə və dəyişilməz ifadəsidir. Burada ilahın məntiqi obrazı heç bir zaman görünən büt anlayışı tərəfindən kiçildilməmişdir. Peyğəmbərə hörmət heç bir vaxt pozulmamışdır. Peyğəmbərin hörməti heç vaxt insan əxlaqının ölçülərini keçməmişdir və onun canlı nəsihətləri şagirdlərini (səhabələrini) şüur və dinin hüdudlarından çıxmamağa təhrik etmişdir.
6. Rahib Bosvart Smit (“Muhəmməd və Müsalmanlıq” əsəri, London, 1874-cü il): “O həm Sezar, həm də ki, Papa idi. Lakin, o papalıq iddiası olmayan papa, orduları olmayan Sezar kimi idi. Daimi ordusu, cangüdəni, sarayı və məvacibi olmayan birisi idi. Əgər kiminsə bir şəxs haqqında “o doğru ilahi qanunlarla idarə edib” demək hüququ olsaydı, sözsüz ki, o Muhəmməd olardı. Çünki, o lazımi vasitələr və dəstək olmadan həqiqi hakimiyyətə sahib idi. O, hakimiyyət hərisi deyildi. Onun şəxsi həyatının sadəliyi ictimai həyatı ilə vəhdət təşkil edirdi. Müsəlmançılıqda hər şey fərqlidir. Burada biz qaranlıq və gizliliyin əvəzinə daha çox əməli tarix görürük. Biz Muhəmmədin şəxsi tarixçəsini bilirik, o ki qaldı vəhy edildikdən sonra onun iç dünyasına, bizim əlimizdə tamamilə bənzərsiz bir kitab var. O kitab ki, onun vacib hökmləri haqqında hələ heç kəs şəkk-şübhə etməyə nail ola bilməmişdir.”
7. Qibbon (“Roma İmperiyasının Tənəzzülü və Çökməsi” əsəri, 1823-cü il): “Muhəmmədin ali dəyərlərindən biri təmtəraqlı zadəgan həyatına nifrət etməsidir. Allahın elçisi ailənin (kral ailəsinin) kasıb təbəqələrinə sanki təslim olmuşdu. Məsələn, o ocaq qalayardı, döşəməni süpürərdi, fiziki işlə məşğul olardı, öz əlləri ilə ayaqqabılarını və paltarlarını təmir edərdi. Tərki-dünyalığın tövbəsini və aclığını bəyənmədən, o özünə zülm etməmək şərti ilə sıravi bir ərəb kimi təvazökarcasına oruc tutardı”.
8. De Lacy O`Leary (“İslam Təfəkkürü və Onun Tarixdə Olan Yeri” əsəri, London, 1923-cü il): “Fəqət, tarixin özü dünyada fanatik müsəlmanların fəth edilmiş irqləri (millətləri) qılınc gücünə İslamı qəbul etmələrinə məcbur edilməsi əfsanəsini tarixçilər tərəfindən uydurulmuş ən cəfəng miflərdən biri olduğuna aydınlıq gətirir.”
9. Ser Corc Bernard Şou (“Həqiqi İslam” əsəri, cild 1. Nömrə 8, 1936-cı il): “Əgər hər hansı bir dinin növbəti yüz il ərzində İngiltərənin və ya Avropanın üzərində hökmranlıq etmək şansı olsaydı, onda bu İslam olardı. Mən Muhəmmədin dini haqqında onun möhtəşəm canlılığına görə həmişə yüksək fikirdə olmuşam. Mənə görə bu yeganə dindir ki, bəşəriyyətin dəyişən mərhələlərinə uyğunlaşmaq qabiliyyətinə malikdir, hansı ki, hər əsrdə özünə etimad qazana bilir. Mən onun (peyğəmbərin (s.ə.s)) həyatını araşdırmışam. O, gözəl insandır. Dinsiz bir insan kimi, mənim fikrimcə, ona bəşəriyyətin xilaskarı adını vermək lazımdır. İnanıram ki, əgər onun kimi bir insan müasir dünyanın hökmranlığını ələ alsaydı, dünyanın problemlərini həll etmək üçün, o çox ehtiyac duyduğumuz sülhə və xoşbəxtliyə müvəffəq olardı. Mən proqnozlar vermişəm ki, Muhəmmədin dini bugünki Avropada qebul edilməkdə olduğu kimi, sabahkı Avropada da məqbul olacaqdır.”
10. Maykl Hart (Michael Harte, “Dünyanın 100 Ən Nüfuzlu Şəxsiyyəti”, Nyu York, 1978-ci il): “Mənim Muhəmməd peyğəmbəri dünyanın ən görkəmli şəxsiyyətlərinin siyahısında birinci kimi seçməyim bir çox oxucuları təəccübləndirə bilər. Digərləri isə bunu sual altına alacaq. Lakin, o tarixdə həm dini, həm də dünyəvi cəhətdən inanılmaz uğurlar qazanmağı bacaran yeganə şəxs olmuşdur. Ehtimal edilir ki, Muhəmmədin İslam üzərində nisbi təsiri İsa ilə müqəddəs Pavelin xristianlığa birgə təsirindən daha böyükdür. Məhz, bu bir-birindən ayrılmaz dünyəvi və dini təsirə görə, zənn edirəm ki, Muhəmməd bəşər tarixində olan yeganə nüfuzlu şəxsiyyət titulunu daşımağa daha layiqdir”.
11. Viliam Montqomeri Vot. (“Məkkəli Muhəmməd” əsəri, Oksford şəh., 1953-cü il): “Öz inancına görə bütün təqiblərə hazır olması, ona inanan və bir rəhbər kimi ona güvənən insanların yüksək mənəviyyatı və onun son dərəcə yüksək nailiyyətlər əldə etməsi – bunların hamısı onun tam kamilliyini isbat edir. Onun yalançı olduğunu iddia etmək vəziyyəti daha da qəlizləşdirər. Üstəlik, tarixin böyük şəxsiyyətləri arasında heç kəs Muhəmməd qədər Qərbdə belə səhv dəyərləndirilməmişdir.” Beləliklə, əgər biz onu anlamaq istəyiriksə, sadəcə Muhəmmədin dürüstlüyünün və məqsədinin bütövlüyü ilə kifayətlənməməliyik. Keçmişdən bizə miras qalan səhvləri düzəltmək istəyiriksə, unutmamalıyıq ki, məntiqi nəticə üzrə olan sübutlara, doğrular kimi sırınmaq istənilən nağıllardan daha güclü ehtiyac vardır. Bu cür məsələlərdə bu nağılları sırımaq da çox çətindir”.
12. Vaşinqton İrvinq (“Muhəmməd və Onun Davamçıları” əsəri, 1849-cu il: “O, yemək-içməyinə diqqət yetirən, nəfsini saxlaya bilən idi və oruclarını qürurla tuturdu. O, təkəbbürün və dəbdəbəli geyinməyin əleyhinə idi. Onun sadəliyi geyiminə də öz təsirini göstərmişdir. O ayrı-seçkiliyə yol verməmiş və hər davranışında ədalətli olmuşdur. O dostlarına və yadlara, varlıya və kasıba, güclüyə və məzluma eyni tərzdə ədalətli münasibət göstərirdi. O, məzlumları qəbul etdiyinə və onların şikayətlərini səmimiyyətlə dinlədiyinə görə adi insanlar tərəfindən sevilirdi. Onun hərbi qələbələri şəxsi məqsədləri üçün olmadığına görə onda heç bir qürur və ya boş şöhrət oyatmamışdır. O, ən qüdrətli dövründə belə, çətin günlərində olduğu kimi, eyni sadəliyini və rəftarını qoruyub saxlamışdır. O, otağa girən şəxsin ona qeyri-adi münasibət göstərməsindən narahat olardı. Əgər o ümumbəşər hakimiyyəti hədəfə almışdırsa, bu yalnız iman hökmranlığı ilə bağlı idi. O ki qaldı peyğəmbərin müvəqqəti hökmdarlığına, o bunu riyakarlıq etmədən edirdi. Belə ki, o bu hakimiyyətini ailəsi içində əbədiləşdirmək üçün heç bir addım atmadı.”
13. Ceyms Miçener (“İslam: Səhv Başa Düşülmüş Din” əsəri, 1955-ci il, səh. 68-70): “Tarixdə İslam dinindən başqa heç bir din belə surətlə yayılmamışdır. Qərb daim bu dinin belə böyüməsinin yalnız qılınc gücünə mümkün olmasına inanmışdır. Lakin, heç bir müasir alim bu fikri dəstəkləmir. Quran da vicdan azadlığını açıq şəkildə dəstəkləyir. Özündən qabaq gələn bütün peyğəmbərlər kimi Muhəmməd də Allahın kəlamlarını yaymaq uğrunda mübarizə aparırdı və bu işdə təvazökarlıq nümayiş etdirirdi. Belə ki, Mələk (Cəbrail) ona “Oxu!” deyə əmr etdi. Amma bildiyimiz qədər Muhəmməd oxumağı və ya yazmağı bilmirdi. Lakin, o ona nazil olan ayələri insanlara təbliğ etməyə başladı. O ayələr ki, tezliklə dünyanın böyük bir hissəsində dönüş edəcəkdi. Təbii ki, Allah təkdir. Muhəmməd bütün əməllərinə məntiqi yanaşırdı. Məsələn, onun sevimli oğlu İbrahim vəfat edəndə ay tutulması baş verdi və ətrafda guya Allahın şəxsən hüzn keçirdiyi haqda şayələr yayılmağa başladı. Lakin, Muhəmməd bununla bağlı belə dedi: “Ay tutulması bir təbiət hadisəsidir. Belə şeyləri insan ölümü və ya doğulması ilə əlaqələndirmək olmaz.” Muhəmmədin öz ölümü zamanı onu ilahiləşdirməyə cəhdlər edildi. Lakin, onun varisi din tarixində olan ən mötəbər nitqlərdən birini söyləməklə bu isteriyanın qarşısını aldı: “Kim Muhəmmədə ibadət edirdisə, bilsin ki, artıq o vəfat
etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir.”
14. Lorens İ. Braun (“İslamın Perspektivləri” əsəri, 1944-cü il): “Yeri gəlmişkən, köklü faktlar xristian yazılarında belə geniş şəkildə yayılmışdır ki, guya müsəlmanları hər yerdə İslamı qılınc gücünə qəbul etməyə məcbur edirlər.”
15. Alfons De Lamartin (“Histoire de la Turquie” (Türkiyə Tarixi) əsəri, Paris, 1854-cü il): “Heç bir insan özü üçün istər könüllü olsun, istərsə də məcburi, belə bir ali məqsədi qarşısına qoymamışdır. O məqsəd ki, insan və onun Yaradıcısı arasında insanın Allaha və Allahın da insana yaxınlaşmasını təmin etsin. Bu fövqəlbəşər bir gücdür ki, xaos və bütpərəstlikdən əziyyət çəkən insanların içində əsl tanrı anlayışını bərpa edə bilirdi. Heç bir insan bu qədər az vasitələrlə insan gücündən kənar bir iş görməməşdir. Muhəmmədin bu kimi böyük ideyanı həyata keçirmək üçün özündən və səhranın bir kənarında yaşayan bir neçə kişidən başqa heç bir köməyi yox idi. Nəhayət, heç bir insan heç vaxt dünyada belə bir böyük və davamlı inqilab həyata keçirməmişdir. Belə ki, yaranmasından iki əsrdən də az müddət keçməsinə baxmayaraq, İslam inanc və ərazi baxımından bütün Ərəbistan, İran, Xorasan, Fransız Saksoniyası, Qərbi Hindistan, Suriya, Misir, Həbəşistan, Şimali Afrika qitəsinin tanınmış əraziləri, Aralıq Dənizinin çoxsaylı adaları, İspaniya və Körfəz ərazisinin bir çox hissəsinin üzərində hökmranlıq etdi.
Əgər məqsədin böyüklüyü, vasitələrin azlığı və nəticənin əzəməti insan dahiliyinin üç ölçüsüdürsə, müasir tarixin ən böyük şəxsiyyətlərini belə Muhəmmədlə müqayisə etməyə kim cəsarət edə bilər? Dünyanın ən məşhur adamları yalnız silahlar, qanunlar və səltənətlər qurdular. Onlar əslində öz gözlərinin önündə məhv olub gedən maddi qüvvələrdən başqa bir şey qura bilməmişdirlər. Bu insan (Muhəmməd (s.ə.s)) isə təkcə qoşunları, qanunları, imperiyaları, xalqları, sülalələri deyil, həm də o vaxtkı dünyanın üçdə birində milyonlarla insanı hərəkətə gətirdi. Bundan əlavə, o batil əhkamları, ilahları, dinləri və fikirləri, inancları və düşüncələri aradan qaldırdı. O hər bir hərfi qanun halına gələn Kitaba əsaslanaraq, istənilən dilə və irqə məxsus xalqları bir araya gətirərək milli yox, mənəvi bir mənsubiyyət yaratdı. O, bu müsəlman birliyinin heyrətamiz xislətini, yalançı ilahlara olan nifrəti və yalnız Allaha yönələn mənəvi bir istək qoyub getdi. Cənnətə girməyə mane ola bilən küfrə qarşı çıxmaq həvəsi Muhəmmədin ardıcıllarının fəzilətini təşkil etmişdir. İman uğrunda dünyanın üçdə birinin fəthi onun möcüzəsi idi. Ya da ki, daha çox bir insanın möcüzəsi deyil, bir ideyanın qələbəsi idi. O Allahın təkliyi ideyasını mənəvi cəhətdən çökmüş bir cəmiyyətin içində elan etdi. Bu çətinliklərin özü də möcüzə idi. Onun dilindən belə sözlərin çıxması bütün qədim bütləri məhv edib dünyanın üçdə birini ayağa qaldırdı. Onun həyatı, düşüncələri, ölkəsinin xurafatlarına qarşı qəhrəmanlıqları, cəsarəti, möhkəmliyi, Məkkədə 15 il davam edən mübarizəsi, camaat tərəfindən məruz qaldığı laqeyidlik və az qala qurbana çevirilməsi kimi müsibətləri qəbul etməsi ona həmyerliləri arasında davamçılar qazandırdı. Bu inanc Allahın təkliyinin olmasını və Allahın büt olmadığını açıqlamalı idi. Birinci dəlil Allahın necə olduğunu izah edir, ikincisi isə Allahın necə olmadığını söyləyir. Birincisi yalançı ilahları ifşa edir, ikincisi isə bu fikri sözlərlə izah etməyə başlayır. Filosof, natiq, elçi, hüquqşunas, düşüncələrin fatihi, məntiqi inancların qurucusu, 20 dünyəvi səltənətin və bir mənəvi səltənətin təsisçisi Muhəmməddir.
Ona görə onu insan böyüklüyünə görə qiymətləndirməli olsaq, biz özümüzə cəsarətlə bu sualı verə bilərik: Ondan daha qüdrətli bir şəxsiyyət varmı?

16. Avropa şairləri arasında ən məşhurlarından biri Volfqan Höte, alman ədəbiyyatının görkəmli şəxsiyyəti və eyni zamanda rəssam, humanist, alim və filosofdur. O, Muhəmməd peyğəmbər haqqında belə söyləyir: “O, peyğəmbərdir, şair deyildir. Məhz, buna görə onun bizlərə təqdim etdiyi Quran insan tərəfindən yazılmış tədris və ya əyləncə kitabi kimi deyil, ali qanunlar toplusu kimi qiymətləndirilməlidir.” (Noten Und Abhandhungen zum Vest-Ostlichen Divanç VA 1, 7, 32).

17. Divan Çand Şarma. “Şərqin Peyğəmbərləri” əsəri. Kalkutta şəh., 1935 il, səhifə 22. “Muhəmməd xeyirxahlıq təcəssümü idi, onun təsiri ətrafındakı səhabələri tərəfindən duyulurdu və heç vaxt unudulmurdu.”
18. Anni Besant. “Muhəmmədin (s.ə.s) Həyatı və Nəsihətləri” əsəri, Madras şəh., 1932 il. Səhifə 4. "Ərəb dünyasının böyük peyğəmbərinin həyatını və xarakterini öyrənən, onun necə öyrətdiyini və necə yaşadığını bilən bir şəxsin böyük peyğəmbərlərdən olan bu qüdrətli peyğəmbərə hörmət hissindən başqa bir hissinin olması mümkünsüzdür. Baxmayaraq ki, qeyd etdiyim şeylər çoxlarınıza tanış ola bilər, yenə də onları (peyğəmbərin öyrətdiklərini) oxuduğum zaman, mən yeni heyranedici üsul və bu qüdrətli ərəb müəllimə qarşı yeni bir ehtiram hissi duyuram.”
19. Professor Culis Maserman. Psixiatriya Qrupunun Lideri. Çikaqo şəhəri. “Pastor və Salk kimi insanlar birinci dərəcəli liderlərdir. Digər tərəfdən isə Qandi və Konfutsi, İskəndər, Sezar və Hitler kimi insanlar ikinci və ya bəlkə də üçüncü dərəcəli liderlərdir. İsa Məsih və Budda yalnız üçüncü kateqoriyaya aiddirlər. Bəlkə də bütün dövrlərin ən böyük lideri, özündə üç dərəcəyi birləşdirən Muhəmməd idi. Ondan daha az dərəcədə eyni şeyləri Musa etdi.”

Son olaraq, Muhamməd peyğəmbərin (ﷺ) həyatını anbaan bütün fraqmentləri ilə bizə nəql edən hədis elminə və hədis alimlərinə bu müstəsna xidmətlərinə görə təşəkkür edirik. Əgər onlar olmasaydı, biz Allahın "Həqiqətən də, Allahın elçisində sizin üçün gözəl örnək vardır" ayəsini layıqıncə dərk etməyəcəkdik. Həqiqətən, peyğəmbərin bu qısa missiyası dövründə həyat və nailiyyətləri, qəlbləri fəth etməsi bugün Qurana, İslama dil uzadanların qarşısında ən mühüm sipərlərdən biridir. Onun həyatı ilə doğru-düzgün tanış olan hər bir ağıl sahibi onun adi bir insan yox, aləmlərə rəhmət olaraq göndərilən peyğəmbər olmasına əmin ola bilər.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.