Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli-Sünnətin etiqadında Qədəru-qəza

Əhli-sünnətin əetiqadına əsasən, qədərin xeyrinə və şərinə, acısına və şirininə iman etmək vacibdir. Qədərə iman etmək imanın altı əsasından biridir. Bütün bunları Rəbbimiz olan Allah təqdir etmişdir. Bütün işlərin qədəri – ölçüsü Allahın əlindədir və Onun əzəli hökmünə bağlıdır. O hər şeyi var olmamışdan öncə bilirdi və hər bir şey Onun təqdir etdiyi ölçüdə də baş verdi. Bəndələrin dedikləri elə bir söz və ya etdikləri elə bir əməl yoxdur ki, Allah onu əzəldən bilməsin və təqdir etməsin. “Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, öz yaratdığından bixəbər olsun?” (əl-Mülk: 14). O, istədiyi kəsi azdırar və Öz ədaləti ilə onu rəzil edər. İstədiyi kimsəni də doğru yola yönəldər və Öz lütfü ilə onu xeyirə müvəffəq edər. Bir sözlə, hər kəs Onun izni və müvəffəqiyyəti ilə xoşbəxt və ya bədbəxt olacağına dair özü üçün öncədən təqdir edilmiş şeyə müyəssər olar. O, mülkündə Onun istəmədiyi bir şeyin baş verməsindən və ya kiminsə Ona ehtiyacsız olmasından bəridir və Ucadır. Hər şeyin Yaradıcısı Odur. O həm bəndələrin, həm də onların əməllərinin Rəbbidir. Onların hərəkətlərini və əcəllərini təqdir edən də Odur.

Qədərə imanın dörd rüknü və ya dörd mərhələsi, yaxud dörd mərtəbəsi vardır:
1. Elm: Uca Allahın hal-hazırda var olan və gələcəkdə var olacaq hər şeyi var olmamışdan öncə, yaxud var olması mümkün olmayan, yaxud mümkün olub da var olmayan şeyləri hər bir xırdalığınacan bilməsinə iman etmək. Yəni Uca Allahın elmindən kənar heç bir şey yoxdur. Hər şey Onun elmi daxilindədir. O hər şeyi var olmamışdan öncə bilirdi. Bəndələrin dedikləri elə bir söz və ya etdikləri elə bir əməl yoxdur ki, Allah onu əzəldən bilməsin. Uca Allah buyurur: “Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, öz yaratdığından bixəbər olsun?”(1); “O, məxluqatın gələcəyini və keçmişini bilir”(2) “Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz”(3) ; “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”(4) ; “O, elm ilə hər şeyi əhatə edir”. (5)
2. Yazı: Qiyamət gününəcən var olacaq hər şeyin Lövhi-məhfuzda yazılmasına iman etmək. Yəni bəndələrin dedikləri elə bir söz və ya etdikləri elə bir əməl yoxdur ki, Allah onu əzəldən bilməsin və təqdir etməsin. Uca Allah buyurur: “Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır”(6); “Onun xəbəri olmadan bir yarpaq belə yerə düşməz. Yerin qaranlıqlarında elə bir toxum, yaş və quru elə bir şey yoxdur ki, aydın bir Kitabda (Lövhi-məhfuzda) olmasın”.(7); “De: Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz”.(8) Peyğəmbər
demişdir: “Allah məxluqatın qədərini – taleyini göyləri və yeri yaratmadan əlli min il önçə yazmışdır”(9); “Allah Qələmi ilk yaratdıqda ona «yaz!» deyə əmr etdi. O da «nəyi yazım, ey Rəbbim?» deyə soruşduqda, Allah buyurdu: «Qiyamət gününəcən olacaq hər şeyin qədərini yaz! »” (10) Abdullah ibn Abbas (radıyallahu anhu) deyir ki, bir gün (minik üzərində) Peyğəmbərin arxasında idim. O dedi: “Ey oğul, sənə bir neçə kəlimə öyrədəcəm: Allahı qoru ki,(11) Allah da səni qorusun. Allahı qoru ki, Onu daima öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə, Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar belə, Allahın sənin üçün əzəldən təqdir etdiyindən başqa sənə heç bir xeyir verə bilməzlər. Əgər sənə zərər vermək üçün bir yerə toplansalar, yenə də Allahın sənin üçün əzəldən təqdir etdiyindən savayı sənə heç bir zərər toxundura bilməzlər. Çünki artıq qələmlər qaldırılmış və səhifələrin mürəkkəbi qurumuşdur”.(12)
3. İradə: Varlıq aləmində baş verən hər şey, o cümlədən də bəndələrin əməlləri Uca Allahın istəyinə bağlıdır. Allahın mülkündə Onun istədiyindən başqası olmadığı kimi, Onun istəmədiyi bir şeyin olması da mümkün deyildir. Çünki Uca Allah mülkündə Onun istəmədiyi bir şeyin baş verməsindən və ya kiminsə Ona ehtiyacsız olmasından bəridir və Ucadır. Uca Allah buyurur: “O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. Eləcə də sizlərdən doğru yolda olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi Allah istəməyincə, siz (bunu) istəyə bilməzsiniz!”(13); “Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə, siz də istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! O, istədiyini Öz mərhəmətinə nail edər”(14) ;“Xeyr! Bu Quran bir nəsihətdir. İstəyən ondan öyüd alar. Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər.”(15)
Uca Allahın iradəsi iki qismə bölünür:
- Kövni iradə: Allahın istəyi mənasında olan kövni – qədəri iradə Onun sevib-sevmədiyi, razı qalıb-qalmadığı hər şeyi ehtiva edir və həyata keçməsi də mütləqdir. Misal olaraq, “günəş Allahın istəyi ilə doğar və batar”, “Onun istəyi olmadan ağacdan bir yarpaq belə yerə düşməz” ifadələrində olduğu kimi. Yəni Uca Allah günəşin doğmasını və batmasını istədiyi halda, onun doğub-batmaması mümkün deyil. Uca Allah buyurur: “Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz”.(16)
- Şəri iradə: Allahın məhəbbəti mənasında olan şəri iradə Onun sevdiyi və razı qaldığı şeylərə aiddir və həyata keçməsi də mütləq deyildir. Misal olaraq, “Allah bəndələrinin Özünə ibadət etməsini istəyir” ifadəsində olduğu kimi. Uca Allah istəsə də, lakin insanların əksəriyyəti Ona ibadət etmir. Deməli, bu iradənin baş tutması vacib deyil. Çünki bu iradə Allahın məhəbbəti mənasında olan bir iradədir. Uca Allah buyurur: “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”.(17)
4. Yaratma: Göylərdə və yerdə – varlıq aləmində var olan canlı-cansız hər şeyi xəlq edən Allahdır. İnsanları və onların əməllərini də yaradan Allahdır. Bu aləmdə Uca Allahdan başqa Xaliq yoxdur. Ondan qeyri var olan hər şey isə Onun yaratdıqlarıdır. Uca Allah buyurur: “Allah hər şeyin Xaliqidir”(18) ;“Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır"(19) ; “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (Lövhi-məhfuzda) olmasın”.(20) Sual olunsa ki, “bəndənin əməlini Allah yaratdığı halda, necə olur ki, o əməlin sahibi insan sayılır və o əməl insanın özünə nisbət edilir?” cavabımız belə olar: İnsanın hər bir əməli iki əsas üzərində qurulur. Yəni insan hər hansısa bir əməli edərkən bu iki əsas ilə etmiş olur: İnsanın iradəsi və qüdrəti. Belə ki, insan iradəsi və qüdrəti sayəsində danışır, gəzir, durur, oturur və s. Məsələn, insanın danışmağa qüdrəti olmasa, istəsə də, danışa bilməz. Yaxud danışmağa gücü yetdiyi halda, danışmaq istəməsə, danışmaz. Beləcə, feil üçün hər iki amilin də bir arada olması labüddür. Bu yerdə sual olunur: İnsanın əməlinin əsası olan iradəni və qüdrəti ona bəxş edən və yaradan kimdir? Əlbəttə, Allah. Deməli, insanın əməlinin yaradıcısı da Allahdır. Çünki həmin əməlin əsaslarını onda xəlq edən Odur.
Xülasə, qədərə iman bu dörd rükn üzərində qurulub. Yəni qədərin dörd rüknünə iman etməyənin qədərə imanı kamil sayılmaz. Deməli, hər bir müsəlman iman etməlidir ki, Uca Allah hər şeyi var olmamışdan öncə əzəli elmi ilə bilirdi və bütün məxluqatın qədərini, Qiyamətəcən olacaq hər şeyi göyləri və yeri yaratmamışdan öncə Lövhi-məhfuzda yazdı. Var olan hər şey Uca Allahın istəyi və yaratması ilə olur. Onun mülkündə Onun istəmədiyi və yaratmadığı bir şey ola bilməz. Hər şey aləmlərin Rəbbi olan Allahın elmi, yazısı, iradəsi və yaratması çərçivəsində baş verir. Onun elmindən, iradəsindən və qüdrətindən kənarda bir zərrə belə yoxdur. Var olan hər şey Ona bağlıdır. O hər şeyin Xaliqi, hər şey Onun məxluqudur. O hər şeyin Rəbbi, hər şey Onun quludur.

Ümumiyyətlə, qədər mövzusu çox geniş bir mövzudur. Bu mövzu ilə əlaqədar olan məsələlərdən biri də “hidayət və zəlalət” mövzusudur. Əhli-sünnətin etiqadına görə, hidayət verən və azdıran məhz aləmlərin Rəbbi olan Uca Allahdır. “Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər”.(21) Var olan hər şey, o cümlədən də bəndələrin iradə və əməlləri Uca Allahın elminə, iradəsinə və qüdrətinə bağlı olduğu halda, necə ola bilər ki, onların azmaları və ya doğru yol üzərində olmaları Allahın istəyinə və qüdrətinə bağlı olmasın?! Uca Allah bəndələri üçün haqq və zəlalət yollarını göstərmiş, xoşbəxtlik və bədbəxtlik cığırlarını bir-birindən ayırmışdır. Bəndələrinə haqqı batildən, əyrini düzdən və ağı qaradan ayırd edə biləcək ağıl, iradə və qüdrət bəxş etmişdir. Kim səadət yolunu seçərsə, bu yol onu xoşbəxtliyə aparar. Səadət yolunu seçməsi isə bəndənin iradəsi ilə baş verər ki, onun iradəsi də Uca Allahın iradəsinə bağlıdır. “O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. Eləcə də sizlərdən doğru yolda olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi Allah istəməyincə, siz (bunu) istəyə bilməzsiniz!”(22) Bu, Allahın Öz bəndəsini lütfü ilə xeyirə müvəffəq etməsidir. Kim də zəlalət yolunu seçərsə, bu yol onu bədbəxtliyə aparar. Zəlalət yolunu seçməsi isə bəndənin öz iradəsi ilə baş verər ki, onun iradəsi də Uca Allahın iradəsinə bağlıdır. Bu isə Allahın Öz bəndəsini ədaləti ilə rəzil etməsi sayılır.
Burada əlavə olaraq onu da qeyd edək ki, hidayət iki növdür:
- “Doğru yolu göstərmək, haqqa çağırmaq” mənasında olan hidayət: Bu mənada olan hidayət mömin, yaxud kafir olsun fərq etməz, hər kəsə aiddir. Yəni Uca Allah peyğəmbərləri vasitəsi ilə hər kəsə doğru yolu göstərmişdir.“(Ey Peyğəmbər!) Həqiqətən, sən onları hidayət edirsən – doğru yola yönəldirsən”.(23)
- “Haqqa müvəffəq etmək” mənasında olan hidayət: Bu mənada olan hidayət yalnız Allaha məxsusdur və məhz O istədiyi bəndəsini haqqa müvəffəq edər. “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir”(24) ; “Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır”.(25) “Haqqa müvəffəq etmək” mənasında olan hidayəti Qədəriyyə firqəsi(26) inkar etmişdir. Onlara görə, insan özü özünü hidayət edir. Bu isə yuxarıda qeyd etdiyimiz Quran dəlilləri ilə tam bir ziddiyyət təşkil edir. Uca Allah buyurur: “Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir”.(27) Fikir verin, Uca Allah bu ayədə hidayətin hər iki növünü də qeyd etmişdir. Ayənin “Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır” hissəsi “haqqa çağırmaq” mənasında olan hidayət növünə işarədir. Çünki Uca Allah bütün insanları haqqa və Cənnətə aparan yola dəvət edir. Ayənin “və istədiyini doğru yola yönəldir” hissəsi isə “haqqa müvəffəq etmək” mənasında olan hidayət növünə işarədir.

“Bəndələrin hərəkətlərini və əcəllərini təqdir edən də Allahdır”.
Onu qeyd edək ki, bəndənin əməlləri ilə hərəkətlərini bir-birindən fərqli olan anlayışlardır. Belə ki, əməl bəndənin öz seçiminə və iradəsinə bağlıdır. Məsələn, “Zeyd namaz qılır, oruc tutur, yeyir, içir” deyərkən burada Zeydin öz ixtiyarı ilə baş tutan əməllərindən söhbət gedir. Lakin “Zeyd xəstələndi, Zeydin əli əsdi, titrədi” deyərkən burada Zeydin əməllərindən deyil, ixtiyarı xaricində baş verən hərəkətlərindən söhbət gedir. Yəni demək istəyirik ki, fərq etməz, istər bəndənin ixtiyarı ilə baş verən əməlləri olsun, istərsə də digər hərəkətləri, hamısını xəlq edən Allahdır.

“Bəndələrin hərəkətlərini və əcəllərini təqdir edən də Allahdır”.
Əhli-sünnətin etiqadına görə, bəndənin ölməsi və ya öldürülməsi məhz onun üçün təyin edilmiş əcəl vaxtının gəlib yetişməsi ilə olur. Yəni bu məsələdə ölən ilə öldürülən arasında bir fərq yoxdur. Hər kəs öz əcəli ilə ölür. Bu səbəbdən də “filankəsi öldürüblər, o öz əcəli ilə ölmədi” kimi ifadələrdən çəkinmək lazımdır. Məgər başqası tərəfindən öldürülən öz əcəli ilə ölmüş sayılmır?! Bu məsələdə Mötəzilə firqəsi haqqa müxalif olmuşdur. Onlara görə, öldürülən insanın əcəli həmin qətl sayəsində tamamlanmış olur. Lakin əgər o öldürülməsəydi, onun üçün təyin olunmuş ilkin əcəlinə qədər yaşayacaqdı. Yəni sanki onun iki əcəli vardır. Mötəzilələrin sözünə əsasən, sanki insan kiminsə əcəlinin yubadılmasına və ya tezləşdirilməsinə qadirdir. Yəni bəndənin əcəli onun əlindədir. Heç şübhəsiz ki, bu etiqad küfrdür. Uca Allah belə buyurur: “Onların əcəlinin çatdığı vaxt nə bircə saat yubanar, nə də tezləşə bilər”(28) ; “Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür”.(29); “De:"Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan təyin edilmiş kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər".”(30)

Müəllif: Əbu Zeyd Həbibli


(1) Əl-Mülk: 14
(2) Əl-Bəqərə: 255
(3) Yunus: 61
(4) Əl-Ənam: 59
(5) Ta ha: 98
(6) Əl-Həcc: 70
(7) Əl-Ənam: 59
(8) Ət-Tövbə: 51
(9) Müslim (2653)
(10) Əbu Davud (4700), Əlbani “Səhihul-cəmi” (2018)
(11) Burada “Allahı qoru” ifadəsi “Allahın əmr və qadağanları qoru” mənasındadır.
(12) Tirmizi (2516), Əlbani “Səhihul-cəmi” (7834)
(13) Ət-Təkvir: 27-29
(14) Əl-İnsan: 29-31
(15) Əl-Muddəssir: 54-56
(16) Hud: 34
(17) Əl-Maidə: 6
(18) Əz-Zumər: 62
(19) Əs-Saffat: 96
(20) Əl-Hədid: 22
(21) Əl-Ənam: 39
(22) Ət-Təkvir: 27-29
(23) Əş-Şura: 52
(24) Əl-Qasas: 56
(25) Əl-Hucurat: 7
(26) Qədəri inkar edənlər.
(27) Yunus: 25
(28) Ən-Nəhl: 61
(29) Əli İmran: 145
(30) Əli İmran: 154