Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Allah rəsulunun ﷺ sünnətində vitr namazı

Vitr namazının üç rükətində Quran qiraəti:

Birinci rükətdə (əl-Fatihə surəsindən sonra) əl-Əla, ikinci rükətdə əl-Kəfirun, üçüncü rükətdə isə əl-İxlas surələrini oxumaq sünnətdəndir. Bəzən əl-İxlas surəsi ilə birlikdə əl-Fələq və ən-Nəs surələri də oxunar. Həmçinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) etibarlı sənədlə varid olmuşdur ki, bir dəfə o, Vitr namazının bir rükətində ən-Nisə surəsindən yüz ayə oxumuşdur (Nəsai və Əhməd səhih sənədlə rəvayət etmişdir).


QUNUT DUASI:
Bəzən qiraətdən sonra və rukudan qabaq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsi Həsən ibn Əliyə (Allah ondan razı olsun!) öyrətdiyi qunut duası oxunar. Həmin dua belədir:
"اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنِي فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ، فَإِنَّكَ تَقْضِي وَلا يُقْضَى عَلَيْكَ, وَ إِنَّهُ لا يَذِلُّ مَنْ وَالَيْتَ, وَلا يَعِزُّ مَنْ عَادَيْتَ, تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ, لا مَنْجَا مِنْكَ إِلا إِلَيْكَ"
Oxunuş forması: [Allahumməhdini fimən hədeytə, və afini fimən afeytə, və təvəlləni fimən təvəlleytə, və bərik li fi mə ateytə, və qıni şərra mə qadeytə, fəinnəkə təqdi və lə yuqda aleykə, və innəhu lə yəzillu mən vəleytə, və lə yəizzu mən ateytə, təbəraktə Rabbənə və təaleytə, lə məncə minkə illə ileykə]
Tərcüməsi: “Allahım! Hidayət verdiyin kəslər arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kəslər arasında mənə də salamatlıq bəxş et! Dost tutduğun kəslər arasında məni də Özünə dost qəbul et! Mənə əta etdiklərini bərəkətləndir! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə hökm verən Sənsən, Sənə qarşı hökm verilməz. Dost tutduğun kimsə heç vaxt zəlil olmaz. Düşmənçilik etdiyin kəs isə heç vaxt izzətli ola bilməz. Ey Rəbbimiz! Sən xeyirxah və ucasan! Səndən (yəni, əzabından, qəzəbindən) elə yalnız Sənə (yəni, rəhmətinə, məğfirətinə) sığınılar” (Hədisi Əbu Davud, Nəsai və digər imamlar səhih sənədlə rəvayət etmişdir. “Sifətus-saləh” (səh. 95-96) kitabına bax!)
Aşağıda qeyd edildiyi kimi, bəzən bu dua ilə birlikdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat da oxuna bilər. Bu barədə geniş məlumat üçün “Fadlus-saləh alən-Nəbiy” (səh. 33) və “Təlxisu sifəti salətin-Nəbiy” (səh. 45) kitablarına müraciət et!
Qunut duasını rukudan sonra oxumaq da olar. Həmçinin yuxarıda qeyd edilən dua ilə birlikdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxunmasında və əlavə olaraq Ramazanın ikinci yarısından sonrakı gecələrdə kafirlərə bəddua, müsəlmanlar üçün isə xoş dualar edilməsində heç bir problem yoxdur. Çünki bütün bunların hamısı Ömərin (Allah ondan razı olsun!) xilafəti dönəmində insanlara namaz qıldıran imamlardan varid olmuşdur. Belə ki, yuxarıda qeyd edilən Əbdürrəhman ibn Əbd əl-Qarinin rəvayətinin sonunda bu cür deyilir: “İmamlar Ramazanın ikinci yarısında kafirlərə bəddua edərək belə deyirdilər: “Allahım! Sənin haqq yoluna mane olan, peyğəmbərlərini təkzib edən və vədinə iman etməyən kafirləri öldür! Onların vəhdətini poz, qəlblərinə qorxu sal və üzərlərinə əzab göndər! Ey haqq olan İlah!” Daha sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxuyar və gücləri çatan qədər müsəlmanlar üçün xoş dualar edər və sonra Allahdan mömin qulların bağışlanmasını diləyərdilər.”
O, (yəni Əbdürrəhman ibn Əbd əl-Qari) sözünün davamında belə dedi: “O (yəni Ömər), kafirlərə bəddua edəndən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxuyandan, mömin kişi və qadınlar üçün Allahdan bağışlanma diləyəndən sonra bu cür dua edərdi:
"اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ، وَلَكَ نُصَلِّي وَنَسْجُدُ، وَإِلَيْكَ نَسْعَى وَنَحْفِدُ، وَنَرْجُو رَحْمَتَكَ رَبَّنَا، وَنَخَافُ عَذَابَكَ الْجِدَّ، إِنَّ عَذَابَكَ لِمَنْ عَادَيْتَ مُلْحِقٌ"
Oxunuş forması: [Allahummə iyyəkə nəbudu, və ləkə nusalli və nəscudu, və ileykə nəsa və nəhfidu, nərcu rahmətəkə Rabbənə, və nəxafu azəbəkəl-ciddə, innə azəbəkə limən ədeytə mulhiq]
Tərcüməsi: Allahım! Biz yalnız Sənə ibadət edirik! Sənin üçün namaz qılır və Sənə səcdə edirik. Sənə doğru can atır və qulluq etməyə tələsirik. Ey Rəbbimiz! Sənin rəhmətini diləyir və əzabından qorxuruq. Həqiqətən də, Sənin əzabın dilədiyin kəsə yetişəcəkdir.
Bu duadan sonra təkbir gətirərək səcdəyə qapanardı.” (İbn Xüzeymə 2/155-156, hədis: 1100).
Vitr namazında qunut duasını oxumağın hökmü barədə İbn Teymiyyə (Allah ona rəhmət etsin!) demişdir: “Vitrin qunutu barədə alimlərin üç rəyi var. Bəzi alimlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Vitr namazında heç vaxt qunut duasını oxumadığını əsas alaraq, qunut duasını müstəhəb görməyiblər. Digər alimlər isə bunun tam əksinə, bütün il boyunca Vitr namazında qunut duasını oxumağı müstəhəb sayıblar və buna dəlil olaraq da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsi Həsənə (Allah ondan razı olsun!) Vitr namazında oxuması üçün qunut duasını öyrətməsi hədisini əsas götürüblər. Bu rəy səhabə İbn Məsuddan (Allah ondan razı olsun!) və digərlərindən rəvayət olunmuşdur. Üçüncü qism alimlər isə Vitr namazında qunut duasınının məhz Ramazanın ikinci yarısından sonrakı gecələrdə oxunmasını müstəhəb saymışlar. Necə ki, Übey ibn Kəb (Allah ondan razı olsun!) belə edərdi. İşin həqiqəti budur ki, əslində, Vitrin qunutu namazda oxunması icazəli olan dua növlərindəndir - istəyən oxuyar, istəyən isə tərk edər və oxumaz... Xülasə, kim yalnız Ramazan ayında qunut duasını oxuyarsa, gözəl bir iş etmiş olar. Kim Ramazanın ikinci yarısından sonrakı gecələrdə oxuyarsa, o da gözəl bir iş etmiş olar. İlin heç bir vaxtında oxumayan kəs də gözəl bir iş etmiş olar.” (“Məcmuul-Fətəva” 22/271, müxtəsər şəkildə nəql etdim). Burada İbn Teymiyyənin sözünün mənası budur ki, bu məsələdə alimlər arasında olan ixtilaf ziddiyyətli yox, növlü ixtilafdır. Həmçinin qunut duasında əlləri qaldırmaq və imamın duasına camaatın “amin” deməsi də müstəhəbdir. Bu barədə səhabə və tabiinlərdən çoxsaylı əsərlər nəql olunmuşdur. (Bax: Beyhəqi “əs-Sünənul-kubra”, “babu rafil-yədeyni fil-qunut”, Nəvəvi “əl-Məcmu” 3/332, İbn Rəcəb “Fəthul-Bəri” 6/424, İbn Qudamə “əl-Muğni” 2/584).


Vitr namazının sonunda oxunan dua:
Vitr namazının sonunda salamlardan əvvəl və ya sonra bu duanı oxumaq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnətindəndir:
"اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، لا أُحْصِي ثَنَاءً عَلَيْكَ، أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ"
Oxunuş forması: [Allahummə inni əuzu biridakə min səxatikə, və bimuəfətikə min uqubətikə, və əuzu bikə minkə, lə uhsi sənaən aleykə, əntə kəmə əsneytə alə nəfsikə].
Tərcüməsi: “Allahım! Sənin qəzəbindən razılığına, cəzalandırmağından əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni layiqincə tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!”(“Səhih Əbi Davud” hədis: 1282, “əl-İrva” hədis: 430).

Vitr namazında salam verdikdən sonra üç dəfə bu dua oxunar:
"سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ"
Oxunuş forması: [Subhanəl-Məlikil-Quddus]
Tərcüməsi: “Müqəddəs Hökmdar pak və nöqsansızdır!”
Üçüncüdə səsini uzadaraq yüksəldər (“Səhih Əbi Davud” hədis: 1284).


Vitr namazından sonra iki rükət namaz qılmaq:
Vitr namazından sonra iki rükət namaz qıla bilər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü də Vitrdən sonra iki rükət namaz qılıb, hətta ümmətinə bu namazı əmr edərək belə buyurub: “Həqiqətən də, bu səfər çox çətin və ağır bir səfərdir. Sizlərdən kimsə Vitr namazını qılsa, ardınca iki rükət də qılsın. Əgər gecə namazına qalxa bilməsə, bu qıldığı iki rükət onu əvəz edər” (İbn Xuzeymə və Dəraqutni).

Vitrdən sonra qılınan bu iki rükətlik namazda birinci rükətdə əz-Zəlzələ, ikinci rükətdə isə əl-Kəfirun surələrini oxumaq sünnətdir (İbn Xüzeymə Aişə anamızdan və Ənəsdən (Allah onlardan razı olsun!) bir-birlərini qüvvətləndirən iki sənədlə rəvayət etmişdir. Bax: “əs-Səhih” hədis: 1104-1105).

Qeyd: Əksər fəqihlər Vitr namazından sonra iki rükət namaz qılmağı icazəli görmürlər və buna dəlil olaraq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “gecə namazlarınızın sonunu tək rükət edin!” – sözünü dəlil gətirirlər. Lakin İbn Qeyyimin də dediyi kimi, bu hədis Vitrdən sonra iki rükət namaz qılınmasına dəlalət edən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki Vitr namazı müstəqil bir ibadətdir və Məğrib namazından sonra iki rükət sünnət namazı qılındığı kimi Vitr namazından sonra da iki rükət namaz qılmaq sünnətdir. Yəni sanki bu iki rükətlik namaz Vitr namazının sünnəti və onun tamamlayıcısı sayılır. Deməli, qıldığı Vitr namazının sonunu tək rükətlə tamamlayan kəs Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “gecə namazlarınızın sonunu tək rükət edin!” – sözünə əməl etmiş, Vitrdən sonra iki rükət namaz qılması ilə də digər sünnəti həyata keçirmiş sayılır. Yuxarıda müəllifin qeyd etdiyi hədisə və digər əsərlərə əsasən Əvzai və Əhməd kimi hədis imamları bu namazı icazəli görmüşdür. İbn Teymiyyənin də dediyi kimi fəqihlərin əksəriyyətinin bu namazı icazəli görməməsinin səbəbi onların bunun icazəli olmasına dəlalət edən hədislərə vaqif olmamaları olmuşdur. (Bax: “Zədul-Məad” 1/321, Nəvəvi “Şərhu Müslim” 6/264, “Məcmuul-Fətava” 23/92-95).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.