Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bürclərin insanın xarakterinə təsiri varmı?

Hörmətli oxuyucu! Artıq birinci hissədə Münəccimliyin, Astrologiyanın, fala baxmağın islama zidd olmasını, habelə, bu işi görən astroloqların, ekstrasenslərin yalan danışmalarını, qeybdən heç bir xəbərlərinin olmamalarını dəlillərlə isbat etdik. Bu cür fala baxanların, qeybdən xəbər verənlərin və həmçinin, onlara inananların İslam dinindən çıxmasını izah etdik.
Burada isə ulduzların, bürclərin insan təbiətinə, gündəlik həyatlarına, xoşbəxt və ya bədbəxt olmalarına heç bir təsirinin olmamasını, ulduz fallarının yalan, xurafat olmasını isbat edəcəyik. Bu cür şeylərə inanmağın küfr olduğunu bildikdən sonra İslam dininə görə “musəlman kimə və nəyə etimad etməlidir” sualına cavab axtaracağıq.
Bürclərin insanın xarakterinə və təbiətinə təsirinə gəlincə, hamıya məlumdur ki, eyni saatda minlərlə insan doğulur və onların həm fiziki göstəriciləri, həm də xasiyyətləri bir-birindən olduqca fərqlidir, harda qala eyni gündə, eyni ayda və ya eyni ildə doğulan insanlar.
Bunun batil olmasına dəlillərdən biri də müxtəlif ölkələrin münəccimlərinin bürclərin adlarında, saylarında, müddətlərində və xasiyyətə təsirində ixtilaf etmələridir. Müxtəlif qəzet və jurnallarda, saytlarda tamamilə fərqli məlumatlara rast gəlinir.
Əsasən, onların üsulları fərqli olduğuna görə Çin və Yunan bürclərinin təsirində aşağıdakı fərqlər vardır.
1. Ərəblərdə, Misirlilərdə və Yunanlarda formasına görə 12 bürc adı vardır və adları bunlardır: Qoç, öküz (buğa), əkizlər, xərçəng, şir, qız, tərəzi, əqrəb, oxatan, oğlaq, dolça, balıq bürcləri. Çinlilərdə isə siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun (keçi), meymun, xoruz, it və donuz bürcləridir.
2. Adlar fərqli olduğuna görə, onların doğulanlara təsirləri də bürcə verilən heyvan adına uyğun olaraq müxtəlif olur.
Məsələn, Yunan bürclərinə görə ilk bürc qoç bürcüdür. Münəccimlərdən biri bu bürcdə doğulanın əsmər, ucaboy, yekəbaş, ağır xarakterli, tez qəzəblənən, razı qalmayan, tez-tez yer dəyişən, haqqı deyib batili sevməyən, başqalarına qulaq asmayıb öz bildiyini edən olduğunu deyir.


Çin təqvimini izləyən münəccimlərə görə isə siçan bürcündə doğulanın fitnə və düşmənçilik ilində doğulduğunu, ilk baxışda sakit, şən, əslində isə ehtiyatlı biri olduğunu söyləyirlər. Guya bu yumşaq xarakterli insanın daxilində narahatçılıq olur və düşmənçilik hisslərini saxlayır. Ehtiyatlı və işlərin sonunu düşünən biridir. Guya çox hallarda əsəbi olmurlar. Xülasə, insanın xasiyyəti adlandırdıqları heyvanın xasiyyətinə uyğunlaşdırılır.
Fərqi görürsünüzmü? Tamamilə zidd iki bürc. İnsan isə çinlilərə görə siçan bürcündə və yunanlara görə qoç bürcündə eyni vaxtda doğulur....
3. Bürcün təsir müddətinin nə olması barədə yekdil fikirdə deyillər. Bildiyiniz kimi əslində bürclərin formaları gün, hətta saata görə müəyyən qədər dəyişir. Bəs bu bürclər aylar, illər boyu necə olacaqdır? Təbii ki, öz məntiqlərinə görə təsir də kəskin fərqli olmalıydı.
Çinlilərin bürclərinin təsiri il boyunca, Yunanların bürclərinin təsiri isə ay boyunca davam edir. Çinlilərə görə yunanların 12 bürcündə doğulanların hamısı cəmi bir bürcə daxil olur. Yəni, bir il ərzində doğulanlar eyni xasiyyətli olmali idilər.
Siçan xasiyyətli qoçu təsəvvür edə bilirsiniz?! Yaxud siçan xasiyyətli əjdahanı? Bütün bunlar bu elmin batil olmasını isbat edir.


İslama görə xasiyyətə nə təsir edir?
İslama görə isə, insanın xasiyyətinə doğulduğu və oturub durduğu mühit, aldığı tərbiyə, gördüyü həyat tərzi və yaşadığı təcrübələr, xüsusən də, Allahın insanları bir-biriləri ilə imtahan etməsi üçün onlara qoyduğu fitrət və qabiliyyət təsir edir. Üstəlik, bu xasiyyət ildən-ilə və aldığı tərbiyənin, aldığı elmin təsiri ilə dəyişən bir şeydir. Uca Allah insanların əxlaqlarının gözəlləşməsi üçün Peyğəmbərlər və Kitablar göndərmişdir.
“Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.” (Ali İmran, 164)
Doğru düşünən bir kəsin islamdan başqa bir yolu izləməsi mümkün deyildir. Həm mənasız, faydasız bir şeylə məşğul olmaq, həmçinin, bu cür batillərə inanmaqla küfr edərək Allahın qəzəbini qazanan kəs, doğrudan da, özünü bədbəxt edir. Məhz buna görə islam dini bu cür batil xurafatları qadağan etmişdir.


Göylərdə və yerdə Allahın izni olmadan heç nə baş vermir


Qəza və Qədərə iman
Bilmək lazımdır ki, səmalarda və yerlərdə Allahın izni olmadan heç bir şey baş vermir. Allah hər bir şeyi məxluqatı yaratmazdan 50 min il öncə yazmış, təqdir etmişdir. Yazdığı isə yaratdıqları üçün qeybdir, heç kim bunu bilmir və açarları məhz Allahın əlindədir.
“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam, 59)
Başımıza gələn bütün xeyir işlər Allahdandır. Başımıza gələn bütün pis işlər isə öz əllərimizlə qazandığımız günahlara görədir. Uca Allah bunu Qurani Kərimdə belə bildirmişdir:
“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir.” (Nisa, 79)
“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər." (Şura, 30)
Hər bir müsəlman Qəza və Qədərin olmasına iman gətirməlidir. Qəza və Qədər Allahın sirridir. İnsanların onlar üçün yazılmış qədərlərini bilməsində heç bir xeyir yoxdur, mümkün də deyildir. Bilmələri mümkün olsaydı, onların öyrəndiklərinə taqəti çatmazdı, həyatlarında müsibətlər olardı. İnsana verilən azad iradə ilə o, yazılana can atır, göstərdiyi cəhdlərə, etdiyi əməllərə görə günah və ya savab qazanır. Başına yaxşı iş gəldikdə təkəbbürlənmir. Bilir ki, bu Allahın lütfü və təqdiri ilə baş verdi, buna görə şükür edir. Başına müsibət gəldikdə isə səbr edir və bilir ki, bu onsuz da olmalı idi və bununla təsəlli tapır, imtahan edilmək üçün yaradıldığını anlayır və Allaha etimad edir, Ona tam təslim olur. Günahları ucbatından müsibətin baş verə biləcəyindən qorxur, tövbə edir, Allaha qayıdır.
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.”
(Hədid 22, 23)
Allahın Qəza və qədərinə inanan kəs daha qüvvətli olur və Allaha təvəkkül edir, Allahdan başqa heç kimdən qorxmur, heç bir çətinlik onu sarsıtmır və bilir ki, xeyir və şər yalnız Allahın istəyi ilə baş verir. Yorulmur, usanmır, onun üçün yazılan xeyirə can atır. Ancaq Allahdan istəyir və Onu bütün ibadətlərdə təkləşdirir. Nə aydan, nə ulduzdan qorxmur, onlara inanmır, etimad etmir, bel bağlamır və təvəkkül etmir. Ekstrasenslərin, falçıların, xurafatçıların qurbanı olmur. Buna görə də Peyğəmbər elə bir nəsihət etmişdir ki, mömin insan bu nəsihəti izləməklə bütün dünya və axirət xeyirlərinə nail ola bilər. O ﷺ, əmisi oğluna müraciət edərək deyir:
“Ey oğlum, sənə bəzi şeylər öyrədəcəyəm. Allahın haqqlarını qoru ki, O da səni qorusun. Allahın haqqlarını qorusan, Onu özünə doğru taparsan. Bir şey istəyəndə yalnız Allahdan istə, ancaq Ona dua et, kömək istəyəndə də ancaq Allahdan istə. Bil ki, əgər bütün ümmət sənə xeyir vermək üçün toplaşsa, Allahın sənə yazdığı xeyirdən başqa bir xeyir verə bilməzlər. Yenə bütün ümmət sənə zərər vermək üçün toplaşsa, Allahın yazdığından zərrə qədər də artıq zərər verə bilməzlər. Səhifələr qurumuş, qələmlər qaldırılmışdır." (Tirmizi, Əhməd)
Allaha rahat vaxtı özünü ibadətlərlə tanıt ki, O da səni çətin vaxtlarında tanısın (səni yalnız buraxmasın). Bil və agah ol ki, sənin başına gələcək bir şey mütləq başına gəlməliydi, səndən yan keçəcək şey isə mütləq səndən yan keçməliydi. (Həkim)
Bütün bunları bildikdən sonra bizə vacib olan şey ancaq Allaha üz tutmaq, Onun haqqlarını qorumaq, yəni haramlarından uzaq durmaq və əmrlərini yerinə yetirmək, heç bir ölünü və ya dirini, ulduzu, ayı, canlı və cansızı Ona şərik qoşmamaq, ancaq Ondan qorxmaq və ancaq Ona ümid etmək, ancaq Ona dua etmək, xeyiri ancaq Ondan istəmək və şərlərdən ancaq Ona sığınmaqdır.
Məhz bütün bunlar Quranın açarı olan Fatihə sürəsindəki ən önəmli ayənin tələbidir:
Biz ancaq Sənə ibadət edirik və ancaq Səndən kömək istəyirik. (Fatihə, 5)
Xalqımıza bütün batililərdən və xurafatlardan uzaq olmağı, İslama sarılmağı, ibadətdə, qorxuda, ümiddə Allahı təkləşdirmələrini və ancaq Ona təvəkkül etmələrini nəsihət edir, xurafat və batil əhlindən uzaq durmağa çağırırıq.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.