Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dünya öküzün və ya balinanın üzərində dayanıb?

Sual: Ateistlər deyirlər ki, siz nağıllara inanırsınız. Dünyanın bir öküzün və ya balinanın üzərində dayandığını deyən rəvayətləriniz var. Buna cavabımız necə olmalıdır?

Cavab: bu haqda nə bir Quran ayəsi, nə də Peyğəmbərimizdən (salləllahu aleyhi va səlləm) heç bir səhih rəvayət yoxdur. Bu xəbərlər yəhudilərdən gələn qəribə xəbərlərdəndir. İslam dini yəhudilərdən gələn xəbərləri doğru olduğu halda təsdiqləməyi, doğru olmadığı halda inkar etməyi öyrədir. Əbu Davud (3644) və Əhmədin (16774) rəvayət etdiyi hədisdə peyğəmbər (salləllahu aleyi va səlləm) buyurmuşdur: "(Yəhudilərdən gələn xəbərlər) əgər batil olarsa, təsdiqləməyin. Əgər doğru olarsa, inkar etməyin". (Albani "əs-Sahiha" əsərində "səhih" hesab edib). Əgər hansısa təfsirçi yəhudilərdən gələn bir qəribə xəbəri nəql edərsə, bunu Peyğəmbərin sözü və ya Quran ayəsi kimi götürmək doğru deyil. Dünyanın balinanın beli üzərində olması haqda söz İbn Abbasdan rəvayət olunub və bu ona məxsus söz kimi qeyd olunub, peyğəmbərlə bir əlaqəsi olmayan sözdür. İbn Abbas isə bu cür xəbərləri ya Kəb əl-Əhbardan, ya da Bəni İsrailin kitablarından götürüb. Təfsirçi Bəğavinin yəhudilərdən rəvayət etdiyi başqa bir uzun rəvayətdə də dünyanın ərşin altından Allahın göndərdiyi bir mələkin yerin yeddi qatını öz çiyinləri üzərinə qoyması, eyni rəvayətdə öküzün beli üzərinə böyük məxluqlardan birinin qoyulması, öküzün buynuzunun yerin ərazisindən kənara çıxması qeyd olunub, bir başqa rəvayət də yenə Kəb əl-Əhbara məxsus olan söz olub yerin Balinanın üzərində dayanması haqdadır. (Qeyd: Kəb əl-Əhbər yəmənli yəhudilərdən olub, Peyğəmbərin vəfatından bir neçə il sonra İslamı qəbul edib Mədinəyə gəlmişdi) . (Məalimut-Tənzil. 8/186). Bu rəvayətə bənzər söz Qurtubidə də var, Təfsirul-Qurtubi. (29/442). Kəb əl-Əhbarın sözünü isə Əbu Nueym "Hilyətul-Əvliyə" (8/6) əsərində rəvayət edib. Qurtubinin təfsirini təhqiq edən tədqiqatçılardan Dr. Abdullah ibn Abdul-Muhsin ət-Turki və Muhəmməd Ridvan demişlər: "Bu heç bir əsası olmayan İsrailiyyat (yəhudilərdən gələn) xəbərlərdir. Kitabın müəllifi gərək belə əsası olmayan rəvayətlərdən uzaq durardı. Böyük İslam alimi İbn Kəsir (Allah ona rəhmət etsin) özünün "əl-Bidayə vən-Nihayə" (1/15) əsərində bu cür qəribə rəvayətlərdən bəzilərini qeyd etdikdən sonra bu rəvayətlərin israiliyyatlardan (yəhudi xəbərlərindən) olduğunu bildirərək demişdir:" bu isnadı gətirən Süddinin rəvayətində çoxlu qəribə, əcaib şeylər qeyd olunub. Sanki o bunların çoxusunu israiliyyatdan (yəhudi xəbərlərindən) götürüb".

İbn Ömərdən rəvayət olunan uydurma hədis isə peyğəmbərə nisbət olunub, həmin rəvayətdə isə "Yerin su üzərində olması, suyun bir qaya üzərində olması, qayanın isə bir balinanın üzərində olması..." vəsf edilmişdir ki, bu rəvayətin isnadının uydurma olmasını alimlər bəyan etmişlər. Şeyx Albani "Silsilətud-Daifə. no: 294" əsərində bu rəvayətin "uydurma" olduğunu bəyan etmişdir.

Deməli, bu cür rəvayətlərdən heç biri nə Quranda yoxdur, nə səhih sünnədə varid olmayıb və araşdırma nəticəsində yəhudilərdən gəlmə uydurma xəbərlərdən olması anlaşılır. Yəhudilərdən gələn xəbərlər haqda isə Allah Elçisinin (Səllallahu aleyi və səlləm) bu hədisini hər birimiz yəqin ki, bilirik: "(Yəhudilərdən gələn xəbərlər) əgər batil olarsa, təsdiqləməyin. Əgər doğru olarsa, inkar etməyin".
(Əbu Davud. 3644; Əhməd. 16774; Şeyx Albani "əs-Sahiha" əsərində bu hədisi "səhih" hesab edib).

Hədis elmi və bu elmlə məşğul olan alimlər tarix boyu uydurma rəvayətləri bəyan edərək dinin düzgün mənbələrlə müsəlmanlara çatdırılmasına xidmət etmişlər. Bəzi din düşmənləri elə bilirlər ki, nə isə bir yenilik tapıblar, halbuki, bu cür rəvayətlərin tarix boyu hədis alimləri nəzdində heç bir dəyəri olmamışdır.

Beləcə, din düşmənlərinin müsəlmanları çaşdırmaq istədikləri daha bir şübhə darmadağın olur.

Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Sahib Əsədov