Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fitrə zəkatı

Hörmətli oxuyucu! Ramazan ayında oruc tutmaqla, namaz qılmaqla bərabər bizə vacib olan fitrə zəkatı da vardır ki, bunu hər bir oruc tutan müsəlman verməlidir.
Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir.

FİTRƏ ZƏKATI

Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür.
Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.
Həmçinin, fitrə zəkatını qeyri-müsəlmanlara vermək olmaz. Çünki, fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.

FİTRƏ ZƏKATININ HÖKMÜ NƏDİR?

Ramazanın sonunda fitrə zəkatı çıxartmaq hər bir kişi və qadına, qoca və uşağa vacibdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ Ramazanda fitrə zəkatını müsəlmanlardan olan hər kişi və qadına, uşaq və qocaya çıxartmağı vacib etmişdir. (Buxari və Muslim)

FİTRƏ ZƏKATINI ÇIXARTMAQDA HİKMƏT NƏDİR?

Fitrə zəkatı oruclu üçün onun oruc vaxtı etdiyi naqisliklərdən, pis sözlərdən təmizlik, kasıblar üçün isə bayramda yemək deməkdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər fitrə zəkatını oruclu üçün pis, naqis, boş-boş sözlərdən təmizlik və kasıblar üçün yemək olaraq fərz etdi. Kim onu bayram namazından öncə ödəyərsə, o məqbul olan bir zəkat olar. Kim onu bayram namazından sonra ödəyərsə, o, sadəcə sədəqələrdən bir sədəqə sayılar. (Abu Davud və İbn Macə)

FİTRƏ ZƏKATI KİMLƏRDƏN ÇIXARDILIR?

Fitrə zəkatı qeyd etdiyimiz hədisə görə, müsəlmanlardan olan kişi və qadına, qoca və uşağa vacibdir. Səhih rəy odur ki, hər kəsə fitrə zəkatı özü-özlüyündə vacibdir. Lakin, əgər uşaq həddi buluğa çatmamışsa və onun fitrə zəkatını çıxartmağa malı olmazsa, o zaman onun fitrə zəkatını çıxartmaq atasının üzərinə vacib olur. Hər bir halda, insan öz ailəsinin, yoldaşının, atasının, anasının, qardaş və bacısının, övladlarının adından zəkat çıxararsa, onların da adından çıxarılmış zəkat Allahın izni ilə məqbul sayılır.

FİTRƏ ZƏKATI KİMLƏRƏ VERİLİR?

Fitrə zəkatı müsəlman və miskin olan şəxslərə verilir. Miskin - öz ehtiyacını qarşılayacaq qədər mal tapmayan, işlə təmin olunsa belə ailəsi, külfəti böyük olduğu üçün onların ilkin ehtiyaclarını ödəmək iqtidarında olmayan şəxslərə deyilir. Məhz bu kimi insanlar miskin sayılır və fitrə zəkatı məhz bu kimi insanlara verilir. Buradan da bu nəticəyə gəlinir ki, fitrə zəkatı kafirə və varlıya verilmir. Əlbəttə, üstün olan odur ki, insan fitrə zəkatını yaşadığı ölkənin kasıb, ehtiyaclı təbəqəsinə versin. Lakin, yaşadığı ölkədə zəkatını çıxartmağa kasıb tapmazsa və yaxud qeyri-müsəlman ölkəsində yaşadığı üçün zəkatı çıxartmağa müsəlman tapmazsa, o zaman zəkatını ehtiyacı olan hər hansı bir müsəlman ölkəsinə göndərə bilər.

FİTRƏ ZƏKATI NƏDƏN ÇIXARILIR?

Fitrə zəkatı 1 Sa ölçü vahidi miqdarında olmaqla ərzaqdan və ən çox taxıl bitkilərindən çıxardılır. Yəni, fitrə zəkatı ərzaq, yeyinti məhsulu olması ilə yanaşı həcmcə ölçülə bilən ərzaqlardan olmalıdır. Abu Said Əl-Xudri buyurur ki, o zaman bizim yeməyimiz arpadan, kişmişdən, süzülmüş quru pendirdən və xurmadan ibarət idi.
Fitrə zəkatını nəğd pul kimi, paltarla, əşya, heyvan yemləri ilə çıxartmaq icazəli deyil. Çünki bu, Peyğəmbərin sünnəsinə və səhabələrin etdiyinə müxalifdir. Peyğəmbərimiz buyurmuşdur: “Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar, qəbul olunmaz”. (Muslim)
Lakin, insan özündən başqasına pul verib ona vəkalət verməklə də, fitrə zəkatını çıxara bilər. Yaxşı olar ki, fitrə zəkatı ölkədə ən çox istifadə edilən ərzaq məhsullarından çıxarılsın. Eyni ilə səhabənin ‘’O zaman bizim yeməyimiz arpadan, kişmişdən, qurudulmuş süzmə pendirdən və xurmadan ibarət idi’’ dediyi kimi, biz də ölkəmizdə ən çox istifadə olunan ərzaqlardan – düyü, makaron, un, mərcimək və buna bənzər ərzaq məhsullarını paylamaqla fitrə zəkatını çıxartmış oluruq.

FİTRƏ ZƏKATININ MİQDARI NƏ QƏDƏRDİR?

Fitrə zəkatı Peyğəmbərin zamanında ölçü vahidi olan "Sa"-dan 1 sa olaraq çıxardılardı. İbn Ömər (Allah ondan razı olsun) buyurur ki, Peyğəmbər ﷺ fitrə zəkatını arpadan və ya xurmadan 1 Sa olaraq fərz etdi. (Buxari və Muslim)
Abu Said Əl Xudri buyurur ki, biz Peyğəmbərin zamanında fitrə zəkatını yeməkdən 1 sa olaraq çıxardardıq. Sa – ölçü, həcm vahididir. Bu gördüyünüz qab Sa-dır. Bu, Peyğəmbərin vaxtında olan həmən qab deyil. Beləki bu, plastik materialdan hazırlanmış qabdır. Lakin, bunun həcmi, tutumu, inşəAllah ki, Peyğəmbərin vaxtında olan Sa-nın tutumuna bərabərdir.
İndi isə, gəlin fitrə zəkatı üçün nəzərdə tutulmuş məhsulların bir Sa qarşılığı çəkisinə nəzər salaq.
Düyü – 2.5 kq
Un – 1.5-2 kq
Makaron 2 kq
Mərcimək – 2.2 kq
Bulqur – 2.5 kq
Qreçka – 2.2 kq
Qeyd edək ki, göstərilən rəqəmlər təxmini götürülmüşdür. Əgər zəkat tələb olunan çəkidən artıq olarsa həmən artıq hissə sizin üçün Allahın izni ilə sədəqə kimi yazılacaqdır.

FİTRƏ ZƏKATI NƏ ZAMAN ÇIXARILIR?

Fitrə zəkatını bayram namazından qabaq çıxartmaq vacibdir. Əgər insan fitrə zəkatını bayram namazından sonra çıxardarsa, onun zəkatı zəkat sayılmaz. Peyğəmbər buyurmuşdur: “Kim fitrə zəkatını bayram namazından qabaq verərsə, o qəbul olunan zəkat olar. Kim onu bayram namazından sonra verərsə, o sədəqələrdən bir sədəqə olar”. (Abu Davud və İbn Macə)
Buradan da bu nəticəyə gəlmək olur ki, zəkatın əfzəl vaxtı onun bayram günü bayram namazından qabaq çıxarılmasıdır. Lakin, əgər insan zəkatını bayramdan 1 və ya 2 gün əvvəl çıxardarsa bu halda da onun zəkatı məqbul sayılar. Yox əgər bayramdan 5 gün və ya 1 həftə əvvəl çıxartmaq istərsə, bilmək lazımdır ki, bu icazəli deyil. Həmçinin, əgər insan bayram olduğunu bayram namazından sonra bilərsə və zəkatını çıxarmağa miskin tapmazsa, yaxud elə bir ölkədə ola bilər ki, bayram namazına qədər miskin tapmasın, o zaman həmən insan zəkatını miskin tapdığı zaman çıxartsın. Alimlər bu halla qarşılaşan insanların zəkatı bu formada çıxarmalarını icazəli görüblər və bildiriblər ki, bu halda olan insanın zəkatı Allahın izni ilə qəbul sayılar.
Uca Allahdan bu Ramazanda etdiyimiz ibadətləri bizlərdən qəbul etməsini diləyirik!

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.