Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hər şey qədərimizdə qeyd edilibsə, niyə əməl etməliyik?

Deist yenə soruşur: əgər hər şey artıq yazılıbsa, onda niyə əməl edirik?

Diqqət yetirin ki, deistlər özlərinin də yaxşı əməllər etdiklərini tez-tez dilə gətirirlər. Çox gözəl. Dinimiz bizə xəbər verir ki, insan etdiyi yaxşılıqların əvəzini bu dünyada alacaq. Lakin bu halda axirətdə bir payınız olmayacaq! Axirətə inanmırsınızsa, nə qədər yaxşılıq etsəniz də, bu yaxşı əməllərə görə axirətdə bir payınız olmaz!(1).

İndi isə keçək əsas məsələyə…deyirsiniz ki, "Əgər əməllərimiz də, günahlarımız da artıq yazılıbsa, onda əməl etməyin nə mənası var ki? Belə çıxır ki, yaşayan biz deyilik?"

Cavabında deyirik ki: deist bu dünyada yaxşılığı özünün etdiyini etiraf edir, yəni yaxşılığı özünə nisbət edir və üstəlik qarşılığında ona bu dünyada təşəkkür edildikdə sevinir. Fərz edin ki, deistə deyilir: “Etdiyin yaxşılıqlara görə səni mükafatlandıracağıq!” Həəə…bəs görəsən, o buna nə deyəcək!? "Bu yaxşı əməli Allah edib” deyəcək, yoxsa özünə nisbət edərək “mən özüm etmişəm?" deyəcək? Əlbəttə ki, yaxşı əməli özünün etdiyini iddia edəcək! Yəni əslində irəli sürdüyü iddiaya özü inanmır və bunu sadəcə olaraq müsəlmanlara bir şübhə kimi atmaq istəyir. Yaxşı, bu incə məqamda belə bir sual yaranır: Bəs niyə ateist etdiyi yaxşılığı özünə nisbət edir və "Bu yaxşılığı onsuz da Allah əvvəlcədən yazıb” demir? Niyə yaxşılığı öz adına yazır? Bəs günaha, pis əmələ gəldikdə niyə onları Allaha nisbət edir? Onlardan “Məgər günah etdikdə, üzərinizdə kiminsə təzyiqini hiss edirsiniz?”, “Bunu etməyə sizi kimsə məcbur edir?” deyə soruşsaq – “xeyr” cavabını alacağıq. Onda fikir verin, bu şəhvani şübhə və şeytani söz oyunu ilə şeytan onları necə aldadıb!

Deməli, “onsuz da mənim taleyim artıq yazılıb, əməl etməyin nə faydası” deyən insan böyük bir yalnışa yol verir və bir neçə məsələdən qafil qalır:

Birincisi: O qafildir ki, Allah o qədər əzəmətli və qüdrətlidir ki, onun əvvəlcədən edəcəyi əməlləri bilir və bunu yazıb. Uca Allah buyurub: “Həqiqətən də, Allah hər şeyi bilir”(2).
“Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”(3).

İkincisi: Allah onu hansısa əməli etməyə məcbur etmir.

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır”(4).

Həyatda əksər şeylər insanın öz ixtiyarındadır. İnsanın nəyi yeyib nəyi içəcəyi, nəyi geyinəcəyi, hara gedəcəyi, kiminlə oturub-duracağı, nəyi oxuyacağı, nəyi dinləyəcəyi, nə vaxt yatacağı və s. kimi bir çox gündəlik işlər öz ixtiyarındadır. Bəzi şeylər isə insanın ixtiyarında deyil. Məsələn, insanın doğulması və ölməsi. İnsan istədiyi vaxt dünyaya gəlmədiyi kimi, öləcəyi vaxtı da bilmir.

Üçüncüsü: Allah hər şeyi qədərlə yaratmışdır və bu qəzavü-qədərə iman gətirmək imanın şərtlərindən biridir. İnsan bu dünyada sınaq imtahanındadır və bu dünya əməl dünyasıdır. Allahın bizə əməl etməyə fürsət verməsi də dəlalət edir ki, insan öz xoşbəxtliyinə və bədbəxtliyinə aparan yolları özü seçir və Allah insanı hər hansı bir yolu seçməyə məcbur etmir. Amma necə olur ki, Allah hər şeyi əvvəlcədən bilir və yazıb? İnsan baş verən hadisələri və ətraf-aləmi öz dərrakəsi çərçivəsində qavrayır. Allah isə hər şeyə Qadirdir. Bu kainatı Yaradan, hər şeyə qadir olan bir qüvvə olmalıdır. Məntiq də bunu təsdiqləyir. İnsan beyni çox şeyi qavramaqda acizdir. Allahı insanla müqayisə etmək olmaz. İnsan zəifdir, Allah isə hər şeyə Qadirdir. Allahın hər şeyi əvvəlcədən bilməsi və yazması da yalnız Ona xas keyfiyyətdir. Məhz bu səbəbdən Yaradanla yaradılan müqayisə oluna bilməz. Məxluqla (yaradılanla) məxluq (yaradılan) müayisə oluna bilər. Allah isə misli-bərabəri olmayan Xaliqdir (Yaradandır). Allah bu barədə Quranda buyurmuşdur: “Onun heç bir bənzəri yoxdur”(5).
Allahın bənzəri yoxdursa, Onun hər şeyi əvvəlcədən bilməsində də bənzəri yoxdur. Onun hər şeyi bilməsi sonsuz Qüdrəti və Əzəmətinə layiqdir. Bənzərsiz, tayı-bərabəri olmayan Allah hər şeyi əvvəlcədən bilməklə kiminsə həyatdakı ixtiyarını və seçim hüququnu əlindən almır.

Müəllif: Sahib Əsədov

(1) Qeyd: “Biz də yaxşılıq edirik, yaxşı insan olmaq üçün dindar olmağa ehtiyac yoxdur” deyən deistlərə və qeyrilərinə kitabın sonlarında ətraflı cavab verilmişdir.
(2) “Ənfal” surəsi, 75.
(3) “Loğman” surəsi, 34.
(4) “Şura” surəsi, 30.
(5) “Şura” surəsi, 11