Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Deistin qəzavü-qədər haqda bəzi şübhələrinə cavab

Qəzavü-qədərə iman İslam dinində imanın 6 şərtindən biridir. Deistlər bu məsələdə çaşqınlığa düşür: bəziləri etdikləri günahlara öz talelərini bəhanə gətirərək “Allah mənim bunu etməyimi istəyib deyə mən belə edirəm. Elə isə mən niyə günahkar sayılmalıyam ki?” deyir. Bəziləri isə “Mən bu taleni yaşamağa məcburamsa, deməli bu həyatı mən yaşamıram” kimi absurd iddialar irəli sürür. Beləliklə ortaya atılan 2 şübhənin şahidi olduq. Gəlin bu şübhələrə bir-bir cavab verək:

Deist deyir ki: “Allah mənim bunu etməyimi istəyib deyə mən belə edirəm” - ilk öncə bu şübhəyə cavab verək:

Birindən soruşduqda ki, “Niyə siqaret çəkirsən?”
Deyir: - “Allah belə istəyib”.
Deyirsən: - “Niyə narkotikə qurşanmısan”?
Deyir: - Allah belə istəyib”.
Deyirsən: - “Niyə zina edirsən?”
Deyir: - “Allah belə istəyib”.
Deyirsən: - “Niyə namaz qılmırsan?”
Deyir: - “Allah istəsə məni hidayət edər”.
Bu cür düşünmək doğru deyil və alimlərin yekdil rəyinə görə bu cür düşünmək və bu sözləri dilə gətirmək günah və haram bir əməldir. Üstəlik bu, Yaradan Allaha iftira atmaqdır. Allah öz qullarının itaətini sevir, itaətdən razı qalır, çünki O, insanlara məhz itaəti əmr etmişdir və Ona ibadət edilməsini sevir. Həmçinin Allah öz dinində itaəti qanun etmişdir. Kimsə Allahın hər hansı bir insanın taleyinə pis əməlləri yazıb, xeyir əməlləri yazmadığını iddia edərsə, bu, yalnış olar. Çünki qədər, tale mövzusu insanlara gizli qalan bir sirdir. İnsanlar hadisələr baş verdikcə, həyat yaşandıqca öz qədərlərinin, talelərinin şahidi olurlar. Lakin hər baş verən hadisə məcburi olmur. Əslində insan həyatının mühüm seçimlərini özü seçir. Məsələn, Uca Allah buyurur: “De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)”(1).

Yəni hadisələr baş verdikdən sonra tale bəlli olur. İnsanın bir işi görmək iradəsi və istəyi onun feili görməsini üstələyir. Bu səbəbdən də insanın iradəsi Allahın taleləri bilməsi, qəzavü-qədər haqda elmini üstələyə bilməz, bu elmin fövqünə keçə bilməz. Odur ki, bu iddia rədd olunur və bu mövzuda höcətləşmək batildir. Çünki əks halda bu, qeyb elmini bildiyini iddia etməkdir. Qeybi (gələcəkdə baş verəcək hadisələr və ya gözlə görülməyən aləm) bilən isə yalnız Allahdır.

“Şərhu Aqidətut-Tahaviyyə” kitabında deyilir: “Bəndə öz feilini həqiqətən özü edir. Onun bunu etməyə həqiqi gücü var. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir” (“əl-Bəqərə”, 215). “Elə isə onların etdikləri əməllərə görə kədərlənmə”(2).

İnsanın öz hərəkətlərin həqiqi səbəbkarı olmasını aydınlaşdırdıq. Bundan sonra isə qeyd etmək lazımdır ki, insanın feilləri iki növdür:
a) Onun gücü və iradəsinə bağlı olmadan ona nisbət olan növ. Bu halda həmin feil onun üçün feil deyil, sifət olur; məsələn, titrəmə hərəkətləri kimi.
b) O növ ki, onun gücünü və ixtiyarını (seçimini) meydana gətirmək baxımından ona nisbət olur. Bu isə onun sifəti, feili və qazancı olaraq onda vəsf edilir. Buna ixtiyari hərəkətləri misal çəkmək olar. İnsana öz fellərini seçərək etmək qabiliyyətini də Allah verib. Allah bunu etməyə Qadirdir. Ona görə də İslam alimləri “insanın öz hərəkətlərini etməkdə məcbur olması" fikrini inkar ediblər. Çünki məcburi hərəkət yalnız aciz qalan və təhlükəyə məruz qoyularaq nəyəsə vadar edilən insan tərəfindən edilə bilər(3).
Valideynlərin ağlı kəsməyən, anlamayan uşağa etdikləri yaxşılıqlar kiməsə görə məcburi səciyyə daşıya bilər. Lakin uşaq yemək yeməsə zəifləyəcək, yeməkdən imtina etsə öləcək, iynəni sevməsə də şiddətli xəstəlik zamanı ona iynə vurdurmaq və ya dərman içməyə məcbur etmək onun xeyrinədir. Bu misallar böyük insanlara da aiddir. Şəfası bir dərmanda olan insanın o dərmanı sevmədən və ya məcburi şəkildə qəbul etməsi onun həyatda qalması üçün yeganə yol olarsa, bu məcburiyyət onun üçün faydalı olmuş olur. Bu kəlam məhz bu səbəbdən deyilib: “Dərmanın acısına dözməyən kimsə şəfanın şirinliyini dada bilməz”(4).

İntihar etmək istəyən insanı məcburi şəkildə xilas etmək də həmin şəxsin xeyrinə olur. Çünki, həmin vəziyyətdə o insan başqa yol görə, öz xeyrini və zərərini düşünə bilmədiyi üçün çıxış yolunu intiharda görür. Odur ki, "məcburiyyət" hesab edilən hallar əslində heç də məcburiyyət deyil.

Allah insanı öz ixtiyarı ilə etdiyi əmələ görə cəzalandırır; Məcburi edilən əmələ görə insana günah yazılmır. Məsələn: insan bir günahı və ya pis əməli təhdid altında işləyərsə və bu təhdid onun həyatı üçün ciddi təhlükə yaradarsa, o insanın bu əməli məcburi etməsinə görə ona əzab düşmür. Lakin insan bu əməli etdikdə ona nifrət bəsləməli və qəlbində onu inkar etməlidir.

Sual verilsə ki: əməli cəzası ilə bərabər yaratmaq zülm deyilmi?! Cavab verilir ki: Allahın şər əməlin varlığına icazə verməsi, Onun həmin əməli sevib razı qalmasına dəlalət etmir. “Əməli yaratdıqda onun cəzasını da əməllə birgə yaratmaq zülm deyilmi?” demək, eynilə bu sözləri deməyə bənzəyir: "Zəhər yeməyi yaratmaq, sonra isə zəhər yeməyin ölümlə nəticələnməsi zülmdür!” Necə ki, zəhər yemək ölümə səbəb olur, pis əməl də cəzaya səbəb olur. Bu iki məsələdə zülm yoxdur. Çünki, Allah zəhər içməyi əmr etmir, insanlar özü zəhəri içir. Əksinə, Allah bədənə zərər verməyi, həyatı təhlükəyə atmağı qadağan edib.

Bununla da aydın olur ki, insanın bir əməli işləməsi özünün seçimi ilə baş verən bir həqiqətdir. Ona görə də pis əməllər əsla Allaha nisbət olunmaz. Allahın dünyadakı yaxşı və pis hallara icazə verməsi şərin Allaha nisbət edilməsinə səbəb ola bilməz. Şər olmasa xeyirin qədri bilinməz, çirkinlik olmasa gözəlliyin qədri bilinməz, mənfi olmasa müsbətin qədri bilinməz, acı olmasa şirin və beləcə onlarla misal çəkmək olar ki, dünyada hər şey qarşılıqlı, nizamlı, böyük hikmətləri özündə cəm edərək yaradılıb.

Müəllif: Sahib Əsədov

(1) “əl-Kəhf” surəsi, 29.
(2) “Hud” surəsi, 36.
(3) “Şərhu Aqidətut-Tahaviyyə”, İbn Əbil-İzz, səh 650.
(4) İbn Qeyyim, "Tibbun-Nəbəvi" (“Peyğəmbər təbabəti”) kitabı.