Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) namazda əllərini bağlayıbmı?

SUAL:
İmam Əli namazda əllərini bağlayıbmı? Əgər bağlayıbdısa, dəlili var mı? Diqqətiniz üçün təşəkkürlər.
CAVAB:

İlk öncə onu qeyd edək ki, bu sual əsli-etibarı ilə səhv sualdı. Çünki dinimizdə "görəsən imam Əli və ya imam Ömər, yaxud imam Osman namazda əllərini bağlayıbmı?" deyə bir sual yoxdur və olmamalıdır. Əks halda, bu sualı tərsinə də çevirmək və "Əli namazda əllərini açıbmı, əgər açıbsa, bunun dəlili hardadır?" formasında sual da vermək olar. Əslində sual belə qoyulmalıdır: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) namazı necə qılıb, namazda əllərini bağlayıb, ya yox?" Çünki bu dinin peyğəmbəri odur və bütün səhabələr, o cümlədən də Əli namazı və şəriətin digər əhkamlarını məhz ondan öyrənmişdir. Peyğəmbərin namazda əllərini bağladığına dair isə Əhli-sünnət kitabnlarında 10-dan çox hədis mövcuddur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Bizəpeyğəmbərlər zümrəsinə namazlarında sağ əllərini solun üzərinə qoymaq əmr olunmuşdur” (Buxari: 740, Muvatta: 291 və ya 426). Ümumiyyətlə, Peyğəmbərin namazda əllərini açdığına dair heç bir şey rəvayət olunmamışdır. Buna dair sünnətdə – hədislərdə heç bir şey yoxdur. Ondan bunun tam əksi nəql olunmuşdur. Səhabə Vail ibn Hucr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazını vəsf edərkən demişdir: “Allah rəsulunu r sağ əlini sol əli üzərində, əllərini sinəsinə qoyarkən gördüm” (İbn Xuzeymə, 479, Beyhəqi, 2336). Tabiinlərdən olan Tavus demişdir: “Allah rəsulu (salləllahu aleyhi və səlləm)namazda sağ əlini sol əli üzərinə qoyar və onları sinəsi üzərində bağlayardı” (Əbu Davud: 759).

Amma qaldı ki, mövzu ilə əlaqədar əhli-beytin mövqeyinə, şiə məzhəbindən fərqli olaraq bu barədə də Əhli-sünnət kitablarında kifayət qədər dəlillər mövcuddur. Belə ki, əhli-beytdən olan Əli ibn Əbi Talib (Allah ondan razı olsun) və İbn Abbasın (Allah ondan razı olsun) təfsirlərinə əsasən, əl-Kəusər surəsinin ikinci ayəsində olan “Və-nhar” ləfzi sağ əlin sol əl üzərində sinəyə qoyulmasına deyilir (Bax: Təbəri 11/325, Buxari: “ət-Tərix əl-Kəbir” 6/437, Hakim 2/537, Beyhəqi 2/29-30) Bu təfsirə əsasən, həmin ayənin mənası belədir: “Rəbbin üçün namaz qıl və əllərini sinədə bağla!”  Həmçinin Əlinin ən yaxın dostlarından olan Cərir rəvayət etmişdir ki, o (yəni Əli) namaz qılarkən sağ əlini sol əli üzərinə qoyardı" (Bax! "Sünən əl-Beyhəqi", 2333).