Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İkinci evlilik haqda

SUAL:
Salamun aleykum. Həyat yoldaşına ikinci arvad almaq istəyini necə demək lazımdır? Ona necə izah etmək lazımdı ki, düz başa düşsün? Bir övlad dünyaya gətirib, ikincini istəmirsə, bu arqument kimi istifadə edilə bilər?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

İlk öncə bilmək lazımdır ki, ailə həyatı son dərəcə məsuliyyət tələb edən bir işdir və kişi həm maddi, həm də mənəvi yöndən ailəsinə görə məsuliyyət daşıyır. Bir çox hallarda isə ikinci dəfə ailə qurmaq istəyən kişilər bu barədə dərindən düşünmürlər, nəticədə isə qısa bir vaxtdan sonra problemlər ortaya çıxır və çox zaman da bu problemlər, habelə kişinin məsuliyyətsizliyi səbəbilə ikinci ailə dağılmış olur. Ona görə də Uca Allah bu haqda belə buyurur: "Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır" (ən-Nisa, 3).

Suala gəldikdə isə, bəli, qeyd etdiyiniz səbəb ikinci evlilik üçün arqument ola bilər. Ona görə də, bu haqda yoldaşınızla danışıb ilk öncə onu razılığa gətirməyə çalışın, bəlkə, heç ikinci dəfə ailə həyatı qurmağınıza ehtiyac olmaz. Hər bir halda sizə ailə barədə Allahdan qorxmanızı və məsuliyyətli davranmağınızı tövsiyə edirik.