Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namaz haqqında

SUAL:
Salamun aleykum Mən 12ildir ibadetle meşğulam. Ancaq indi yoldaşım icaze vermir buna. Namazımı, orucumu ondan gizlin şəkildə yerinə yetirirəm. Sizcə mən nə etməliyəm?
CAVAB:

Va aleykum salam va rahmatullah

Təbii ki, bu kimi məsələlərdə ərin icazəsinə baxılmaz. Çünki Allaha asilik olan işlərdə məxluqata itaət edilməz. Lakin sizə tövsiyəmiz hikmətlə və həlim şəkildə hərəkət etməyinizdir. İlk öncə ərinizin bu qərara nə üçün gəldiyini araşdırın, bu haqda düşünün və ya bu haqda oturub onunla səhbət edin. Əgər səbəb olaraq ciddi və haqlı bir arqument ortaya qoysa (məsələn, bir qadın olaraq sizin hansısa qüsur və itaətsizliyiniz ola bilər), o zaman, ilk öncə bunu aradan qaldırmağa çalışın və ən əsası da, Allaha qarşı təqvalı olun və davamiyyətli şəkildə Uca Allaha dua edərək, Ondan kömək diləyin və Onun yardımını gözləyin. Çünki dua qapısı bütün problemlərin həlli üçün döyüləcək ilk qapıdır. Bunu unutmayın və bilin ki, ixlasla, səbirlə döyülən bu qapı mütləq döyənin üzünə açılır. Uca Allah bu haqda buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!" (əl-Bəqərə, 45). "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). "Kim Allaha qarşı təqvalı olsa, Allah onun üçün çıxış yolu açar və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər... Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar" (ət-Talaq, 2-4).