Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sünni-şiə evliliyi

SUAL:
Salam axşamınız xeyir zəhmət olmasa deyə bilərsiz Sünni ilə Şiyə evlənə bilər ? Bir də qaçmaq günahdırmı ? Yəni qız Allah yolunda birini sevirsə onunla qaça bilər ?
CAVAB:

Vaaleykum salam!

Əsli etibari ilə müsəlman biri müsəlman bir fərd ilə ailə həyatı qura bilər. Lakin müsəlman birinin kafir biri ilə ailə həyatı qurması icazəli deyildir. Kafir olmayan və hələ dindən çıxmamış bidət əhli ilə evliliyə gəldikdə isə bu bəyənilmir. Çünki bu işdə dini yöndən böyük fəsadlar var. Ona görə də insan bir işə qərar verdikdə yüz ölçüb bir biçməli, böyükləri ilə məsləhətləşməli və onların xeyir-duasını almağa çalışmalıdır. Ola bilsin ki, gənc biri öz düşüncələrini haqlı görə bilər, lakin hər dəfə bu belə olmur. İnsan unutmalı deyil ki, onun qəlbi daima şeytanın hiylə və vəsvəsələrinə qarşı açıqdır. Şeytan isə bir qism insanları qazanc adı ilə sələmə, faizçilik bataqlığına, digərlərini isə müasirlik adı altında açıq-saçıqlığa sürüklədiyi kimi, bəzi gəncləri də eşq və məhəbbət adı ilə fəsada, ana-atanın üzünə ağ olmağa və s. problemlərə salır. Ailə həyatı son dərəcə məsuliyyətli bir həyatdır. Diqqətli olmaq lazımdır. Oğlan, ələlxüsus da qız elə biri ilə ailə həyatı qurmalıdır ki, evləndiyi şəxs həqiqətəndə həyatı boyunca ona həm dünyasında, həm ibadətlərində, dinində və etiqadında yoldaş ola bilsin.