Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bu iki hədis ziddiyyətlidirmi?

SUAL:
Salam Aleykum. Səhabələrdən bir nəfər Peyğəmbər (sav)- ə deyir ki "Mən filan qadınla evlənmək istəyirəm mənə dua edin" Peyğəmbər (sav) isə ona cavabında əgər sənə İsrafil, Mikayıl, Cəbrayıl, həmçinin mən də dua etsəm sən ancaq sənə yazılan qadınla evlənərsən. Bu hədis səhihdirmi və bu hədis "Qədəri ancaq dua dəyişər" hədisi ilə ziddiyyət təşkil etmirmi?Çünki bu hədisdən belə nəticə çıxır ki dua etsək də, etməsək də fərqi yoxdur? Buna münasibət bildirərdiniz zəhmət olmasa.
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Ümumiyyətlə, ilk öncə onu qeyd edək ki, qədər məsələsi son dərəcə incə və qeybi bir məsələdir. Ona görə də bu kimi qeybi məsələləri ağlın mühakiməsinə təqdim etmək xətalı və xətərli bir işdir. Qədər barədə bu məqaləni oxumağı tövsiyyə edirik: Əhli-Sünnətin etiqadında Qədəru-qəza

Sualın məğzinə gəldikdə isə cavabımız belədir:  Şübhəsiz ki, duanın insan həyatında böyük təsiri vardır. Dua bir xeyri əldə etmək üçün şəriətin təyin etdiyi səbəblərdən sayılır. Əgər insan həyatında duanın heç bir təsiri olmasaydı, dinimiz "İstixarə" namazını da tövsiyə etməzdi. Amma qeyd etdiyiniz "sənə İsrafil, Mikayıl, Cəbrayıl, həmçinin mən də dua etsəm belə..." hədisinə gəldikdə isə, bu hədis etibarlı hədis deyildir. Hədisi İbn Əsakir "Tarix Diməşq" 52/395-də nəql etmiş və imam Albani "Daif əl-Cəmi əs-Sağir" (4823) əsərində hədisin zəif olduğunu bildirmişdir. Çünki bu hədisi rəvayət edən Məsləmə ibn Əli əl-Xuşəni son dərəcə zəif, Muhəmməd ibn Xəraşə isə məchul (bilinməyən) bir ravidir.