Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü (mövlud) qeyd etmək

SUAL:
Nə üçün insanlardan bəziləri peyğəmbərin doğum gününün keçirilməsini qəbul edir, bəziləri isə qəbul etmir? Sizin bu barədə rəyiniz nədir?
CAVAB:

Həmd Allaha məxsusdur.

Qurani Kərimdə Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir. Həqiqətən də, müsəlmanlara əmr etmişdir ki, nəsranilər İsa əleyhissalamı tərifdə, mədhdə həddini aşdıqları kimi, onu tərfidə həddini aşmasınlar. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin”.

Bu barədə rəvayət olunanlar ondan ibarətdir ki, peyğəmbər sallallahu aleyhi və səlləm öz doğum gününü ibadət günü etmişdir ki, bu da “mərasimdən” fərqli bir şeydir. Ondan sallallahu aleyhi və səlləm “birinci günlər” oruc tutmaq barədə soruşmuşdurlar və o sallallahu aleyhi və səlləm demişdir: “Bu mənim doğulduğum və mənə vəhyin əmanət edildiyi gündür”. (Muslim, Nəsai və Əbu Davud rəvayət etmşdirlər)

Bundan əlavə, biz bilirik ki, Səhabələr (Allah onlardan razı olsun) peyğəmbəri sallallahu aleyhi və səlləm ƏN ÇOX SEVƏN insanlar olmuşdurlar.

Məgər, insanlar içərisində ona sallallahu aleyhi və səlləm ən yaxın olan və onu sallallahu aleyhi və səlləm ən çox sevən Əbu Bəkrin radiyallahu anhunun Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etdiyinə dair rəvayət varmı?

Məgər, iyirimi il hakimiyyətdə olan Ömər radiyallahu anhunun bunu qeyd etdiyinə dair rəvayət varmı?

Məgər Osman radiyallahu anhu bunu etmişdir?

Məgər Əli radiyallahu anhu bunu etmişdir?

Məgər Əli radiyallahu anhunun qohumları və tərbiyə etdiyi övladları bunu qeyd etmişdir?

Səhabələrdən kiminsə bunu etdiyi rəvayət edilmişdirmi?

XEYR! VALLAHİ!

Məgər bu ona görə idi ki, onlar bunu “qeyd etməyin” əhəmiyyətindən qafilmi idilər, yoxsa onlar peyğəmbəri sallallahu aleyhi və səlləm həqiqi bir sevgi ilə sevmirdilər?! Bunu ancaq yolunu azmış və başqa insanları da zəlalətə aparan kəsdən başqa heç kəs söyləyə bilməz.

İmamlardan-Əbu Hənifə, Malik, Şafi, Əhməd, Həsən əl-Basri, İbn Sirin-bunlardan kimsə bunu etmişdirmi? Və yaxud başqalarına bunu etməyi və ya bunun yaxşı olduğunu söyləməyi söyləmişdirlərmi? Allaha and olsun ki, xeyr! Hətta birinci və ən fəzilətli, xeyirli üç əsrdə bu barədə söz belə edilməmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)…”. (Buxari, Müslim və Tirmizi rəvayət etmişdir).

Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etmək bir neçə əsr sonra meydana çıxmışdır, o zaman haqq dinin bir çox xüsusiyyətlərinə riayət edilməmiş və bidətlər geniş vüsət almışdı.

Elə isə, məgər bu mərasimi qeyd etmə Peyğəmbərə sallallahu aleyhi və səlləm sevginin əlamətidirmi, təzahürüdürmü?

LAKİN, mümkündürmü ki, Səhabələr, İmamlar və üç ən yaxşı əsrdə olan insanlar bundan xəbəri olmasın, qafil olsunlar və bunun əhəmiyyətini yalnız onlardan sonra gələnlər bilsinlər?!

Quranda bizə bildirilir ki, Peyğəmbərə sallallahu aleyhi və səlləm sevgi onun özü ilə gətirdiyi hidayət yoluna “tabe olmaqla” nümayiş etdirilir. Allah təala buyurur:

“31 De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

32 De: “Allaha və (göndərdiyi) Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. (Ali İmran 3:31-32)

Birinci ayə bəyan edir ki, sevgi yalnız iddiadır, lakin “ixlasın, səmimiyyətin dəlili” peyğəmbərin sallallahu aleyhi və səlləm gətirdiyinə tabe olmaqdır.

İkinci ayə bir daha Allah və Onun Rəsuluna itaətin mühümlüyünü və vacibliyini vurğulayır . Ona görə də, Allah təala ayəni çox ciddi bir xəbərdarlıq ilə bitirir. Bu ayədə “itaət etməkdən imtina edənlər” kafir olaraq vəsf olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm ona tabe olmamağın və onun gətirdiyinə əlavə etməyin təhlükəsindən xəbər vermişdir.

Mövludu qeyd etmək həqiqətən də onun gətirdiyi dinə əlavə etməkdir. Necə ki, bu barədə bütün alimlər ittifaq etmişdirlər. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd sallallahu aleyhi və səlləmin yoludur”. (Müslim və Nəsai)

Allaha dua edirik ki, bizi bidətdən qorusun və itaətdə bizə yardım etsin. Daha doğrusunu Allah bilir. Allahın salat və salamı peyğəmbərimiz Muhəmmədə olsun.