Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qütblərdə namaz və oruc vaxtları ilə əlaqəli şübhəyə cavab

Şübhə belədir: Ateist deyir: Qütblərdə gecə-gündüz fərqi var. Məsələn; Norveç, Allah qütbləri nəzərə almayıb?

Cavab:

Birincisi - Əgər istisnalar insanların həyatlarında və qanunlarında varsa, nəyə görə təbiətdəki istisnalardan danışılır? Bu istisnalar möhtəşəm bir dünyanın təbii qanunlarında da mövcuddur. Hər bir ölkənin qanununda qanunun şamil olunduğu əksəriyyət və o əksəriyyətdən istisna olan şəxslər var. Birinci qütblərin faydası nədir? Heç bir faydası yoxdurmu? Ümumiyyətlə, elə bilirsiniz ki, şimal və cənub qütblərini Allah əbəs yerə yaradıb? Əvvəlcə qütblərin faydasına baxmaq lazımdır. Əgər Qütblərin faydası yoxdursa, siz yalnız o zaman deyə bilərsiniz ki, Allah qütbləri elə-belə yaradıb və ya nəyisə nəzərə almayıb. Gəlin baxaq;
● Araşdırmaçılar hesab edirlər ki, yer üzünə meteorid daşlarının düşməsi və bəşəriyyət üçün təhlükəsiz sovuşması üçün ən uyğun yer qütblərdir. Xüsusən də cənub qütbü.
● Yer üzünün 90 faiz şirin su hövzəsinin hamısı Şimal və Cənub qütblərindəki buzlaqlarda cəmləşmişdir. Bəşəriyyətin su şirin su ehtiyatı qurtardıqda bu qütblərin əhəmiyyəti artacaqdır. Bu faydaları artırmaq olar. Şəkk yoxdur ki, Allah heç bir şeyi əbəs yerə yaratmamışdır.
● Təkcə Antarktidada olan məşhur minerallar bunlardır: neft, kömür, dəmir filizi, slyuda, mika, mis, uran, qurğuşun, sink, qrafit və s. 1988-ci ildə Antarktidadakı faydalı maddi minerallara toxunulmaması haqda qanun imzalanıb. İndi Antarktidada hər hansı bir mədənin istifadəsi 2048-ci ilə qədər qadağandır. Bəşər övladı Qütblərdəki faydalı qazıntıların istifadəsini gələcəyə saxlamışdır. Bu qədər faydalı mədənlər və mineralları ola-ola ateist durub deyir ki, "Allah bu yerləri nəzərə almayıb". Xatırladaq ki, bu yerlərdə böyük elmi araşdırmalar davam edir və 11 ölkənin burada müxtəlif stansiyaları mövcuddur.
● Şübhəni deyən Norveçin özünü misal çəkir, lakin, Norveç haqqında müsbət statistikaları qeyd etmir. Anlamaq olmur ki, Norveçin bir gecə-gündüzünü problem edib, lakin, onun yüzlərlə faydalı mineral mədənlərini, zəngin enerji qaynaqlarını, lütf edən Allah görəsən nəyi nəzərə anlamyıb? Ateist Norveçi misal çəkir, sonra ziddiyyətli məqalələri müşahidə edir, "yer kürəsinin ən xoşbəxt ölkəsi" başlıqlarını görürük. Görəsən, Allah Norveçi nəzərə almayıbsa, onda onlar necə "dünyanın ən xoşbəxt ölkəsi" olublar? Xatırladaq ki, bu statistikaları da müsəlmanlar hazırlamayıblar!

İkincisi - Nemətlərin fərqliliyi: Onu deyək ki, guya yer üzündəki bəzi təbiət fərqliliklərini misal gətirənlər bununla dində ziddiyət olduğunu göstərmək istəyir, yaxud da Allahın həmin yerin xalqına diqqət göstərmədiyini demək istəyirlər. Bu qətiyyən elə deyil. Çünki, Allahın bizə verdiyi nemətlər o qədər çoxdur ki, o nemətlərdən birinin az və ya birinin çox olması heç nəyi dəyişdirmir. Uca Allah buyurur:

وَإِن تَعُدُّوا۟ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَاۤۗ

«Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.» (Nəhl, 18)

Təkcə insanın bədən üzvləri və daxili orqanlarından danışsaq, xarici aləmdə insana verilən nemətlərdən, hər bir orqanın xüsusiyyətləri və vəzifələrindən danışsaq, xeyli vaxtımız gedər. Kiminin gözü yaxşı, dəqiq görür, kiminin qavraması yaxşıdır, kiminin yaxşı məharətləri var, kimisi qüvvətlidir, kimisi gözəldir, kimisi gözəl olmasa da çox adamdan ağıllıdır və s. Bir nemət yoxdursa, başqası olur və ya onu əvəz edən başqa nemət olur. İnsanlar bu barədə az düşünürlər, ya da heç düşünmürlər. Bunlar hamısı nemətlərdir. Hələ biz təkcə insanın özündə olan nemətlərdən bir neçəsindən danışdıq. İnsanlar adi aldığı nəfəsin şükrünü verə bilmirlər, durub dünya əhalisinin heç bir faizinin yaşamadığı ərazilərdə gecənin və ya gündüzün uzun və ya qısa olmasının dərdini çəkir, bunu ziddiyyət kimi göstərmək istəyirlər. Doğurdan da qəribədir.

Üçüncüsü - Bu şübhəni gətirənlərə peyğəmbərin hədisində cavab və işarə var. O mənada ki, Peyğəmbərimiz ﷺ ümmətinə bütün xeyirləri və bütün şərləri göstərmişdir. Bu göstərmə ya birbaşa, ya da dolayısı yolla olur. Xüsusən də ibadətlərlə bağlı elə məsələ yoxdur ki, İslamda onun əsli olmasın. Bu da İslamın tam və kamil din olmasının dəlillərindəndir. Gəlin qeyd olunan hədisə baxaq;

Novvas İbn Səmməndən (Allah ondan razı olsun) rəvayət olunur ki, «Allah Elçisi ﷺ öz əshabına yalançı Dəccalın gəlişi haqda danışarkən səhabələr dedilər: O yer üzündə nə qədər qalacaq? Dedi: Qırx gün. Bir gün bir il kimi olacaq. Bir gün bir ay kimi olacaq. Bir gün bir cümə kimi olacaq və başqa günləri sizin başqa günləriniz kimi olacaq. Sonra deyildi: Ey Allahın Elçisi! Bir ilə bərabər olan gündə bir günün namazı qılınmalıdır? Dedi: Xeyir, onu təxmini şəkildə təyin etməlisiniz.» (Səhihi Muslim)

Peyğəmbərin ﷺ səhabələri əgər Ondan soruşmasaydılar, bu fayda hasil olmayacaqdı.

Qadi İyad demişdir: Yəni, sübhdən bir qədər vaxt keçdikdən sonra zöhrün vaxtı girəcək, həmin vaxtı zöhrü qılın, zöhrdən bir qədər keçdikdən sonra əsrin vaxtı girəcək, həmin vaxtı əsri qılın…» (Hikəyətun ravahə Həbib, səh 100) və beləcə günün namazlarını qılın. Bu hədis ona işarə edir ki, elə bir zaman gələcək ki, namaz vaxtlarını bilməyəcəksiniz, həmin zaman gələndə bu cür edin. Bu hədis bizə qütblərdə necə namaz qılmağımız barədə peyğəmbərin ﷺ sünnəsindən, yəni hədislərindən bir işarədir

Dördüncüsü - Bu yerlərdə də insanlar təbii həyatlarını nizama salmaq üçün gecə-gündüz qaydasına mütləq şəkildə tabe deyillər; Gecə-gündüz fərqlərinin böyük olduğu yerlərdə və ya altı ay gecə, altı ay gündüz olan yerlərdə insanlar digər təbii ehtiyaclarını, fitrətdən olan ehtiyaclarını qarşıladıqları kimi namazlarını da qılırlar. Gecələri olmayan, altı ay gündüz olan yerlərdə məgər insanlar səkkiz saat yatmırlarmı? Yoxsa yatmaq üçün onlar gecənin gəlməsini gözləyirlər? Xeyir, gözləmirlər, yuxusu gələn insan istədiyi zaman yatır. Eləcə də namaz qılmaq istəyən belə ölkələrdə namazını qılır. Necə qılır? Bunu qarşıda izah edəcəyik. Eləcə də altı ay gündüz olan yerlərdə insanlar axşam yeməyini yemək üçün gecənimi gözləyirlər? Yox, təxmini bizim gündəlik rejimimiz kimi onların da rejimi var. Gecə-gündüz fərqləri zatən - dünyanın bir çox yerində işığın gecələr boyunca davamlı istifadəsi nəticəsində bir çox insanlar üçün aradan qalxmışdır - desək heç də yanılmarıq. Bu, günümüzün reallığıdır.

Beşincisi - Qütblərdə gecə və gündüzün fərqli olması elə məhz yer üzündəki həyatın düzgün tənzimlənməsi açısından elmi bir nəticədir. Gecə və gündüzün əmələ gəlməsi özü yer planeti ilə günəşin hərəkətindən yaranan bir prosesdir. Digər yazılarımızda da qeyd etdiyimiz kimi, əgər günəşlə yer arasındakı məsafə və hərəkətdə kiçik bir fərqlilik olsa, nə yer üzündəki həyatın ərsəyə gəlməsi üçün ən uyğun temperatur, nə də də şərait olardı. Danışmaq istəyənlər ilk öncə kainatdakı dəqiq yaradılış nizamlarına baxıb bu barədə düşünməlidirlər. Dünyanın çox az bir hissəsində azsaylı insanlar üçün (bir neçə milyon) görünən bu hal bütün dünyada keçərli olan gecə və gündüz anlayışını ortadan qaldırmır. Nə də bu Allahın Elminə, Hikmətinə, Qüdrətinə və s. zidd deyildir. Azsaylı insanların məskunlaşdığı bu kimi yerləri və onların durumunun bütün yer əhalisinin durumu ilə müqayisə olunmaz şəkildə olduğunu bildikləri halda bunu şəriət hökmlərinə qarşı şəkk-şübhə kimi gətirmək istəyənlər tamamilə yanılırlar.

Altıncısı - Məlum olduğu kimi, bu gün də qütb əraziləri müsəlmanların əlində deyil. Müsəlmanlar kütləvi surətdə həmin ərazilərdə yaşamırlar; Onlar nə vaxt həmin ərazilərin əsas sakinləri olarlarsa, bu məsələni o zaman gündəmə gətirmək daha doğru olardı. Lakin, İslam alimləri bu kimi yerlərdə namaz və oruc hökmləri barədə danışmışlar. Bu məqamda qütblərdə namazın qılmaq və oruc tutmaq barədə İslam alimlərinin fətvalarının ixtisarı olan bilgini vermək yerinə düşərdi;

A) Əgər qütb və qütblərə yaxın yerlərdən gecə və gündüzü bəlli olan ərazilərdə namaz və oruc barədə soruşularsa, bu cür ölkələrdə gecə və gündüz bəlli olduğuna görə - digər ölkələrdən vaxt fərqi mövcud olmasına baxmayaraq - namaz vaxtları həmin ölkələrdə günəşin hərəkətinə görə tənzimlənir. Həmin ölkələrdə gün nisbətən uzun olsa belə, namazlar həmin yerin təqviminə, günəşin hərəkətinə görə tənzimlənir. Bu, gecə ilə gündüzün bir-birindən seçildiyi üçündür. Çünki, bu yerlərdə günəşin çıxması və batması müşahidə edilir. Çünki, Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

أقم الصلاة لدلوك الشمس إلى غسق الليل

«Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl.» (İsra, 78)

إن الصلاة كانت على المؤمنين كتاباً موقوتا

«Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.» (Nisə, 103)

Bu barədə olan çoxsaylı hədislərin zahiri də bu mənaya dəlalət edir. Mövzunu uzatmamaq üçün növbəti məsələni izah edək. Bu, gecəsi ilə gündüzü bir-birindən fərqlənən, günəşin çıxıb batdığı bilinən qütb ölkələrində namazın qılınması ilə əlaqədar məsələ idi.

Amma, bu cür ölkələrdə oruc tutmağa gəldikdə isə, günəşin çıxması və batması məlum olduğu bu yerlərdə orucun başlama və bitmə vaxtı həmin ölkənin səhur və iftar vaxtlarına görə tənzimlənir.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

وكلوا واشربوا حتى يتبين لكم الخيط الأبيض من الخيط الأسود من الفجر ثم أتموا الصيام إلى الليل

«Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın.» (Bəqərə, 187)

"Ləcnətud-dəimə" (böyük alimlər şurası) bunu da əlavə etmişlər: Hər kimin ki, günün uzun olmasından dolayı oruc tutmağa gücü çatmazsa, yaxud da əlamətlərdən və ya təcrübədən və ya mötəbər, etibarlı həkimin məsləhətindən dolayı, yaxud da güclü bir zənn ilə oruc tutmaq onu həlak edəcək və ya şiddətli xəstələndirəcəkdirsə, yaxud da xəstəliyini artıracaq və ya hansısa xəstəlikdən sağalma prossesini gecikdirəcəksə, o zaman orucunu açaraq həmin vaxtı tutmur, sonra gücü çatdığı başqa günlərdə qəzasını tutur. Çünki, Uca Allah buyurmuşdur:

فمن شهد منكم الشهر فليصمه ومن كان مريضاً أو على سفر فعدة من أيام أخر

«Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar.» (Bəqərə, 185)

Həmçinin, Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

لايكلف الله نفساً إلا وسعها

«Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.» (Bəqərə, 286)

Həmçinin, buyurmuşdur:

وما جعل عليكم في الدين من حرج

«(Allah) dində də sizin üçün heç bir çətinlik yaratmadı.» (Həcc, 78)

B) Amma, o kəslər ki, yayda günəşin batmadığı, qışda isə günəşin çıxmadığı və ya altı ay səhər, altı ay gecə olan ölkələrdə yaşayırlar, onlara da 24 saat ərzində beş vaxt namaz qılmaq vacibdir. Onlar namaz vaxtlarını özlərinə ən yaxın olan ölkəyə görə təyin etməli, namazlarına arasındakı fasilə həmin yaxın ölkənin vaxtlarına görə təyin olunmalıdır. Bu təyin etmə həm yuxarıda qeyd olunan Novvas İbn Səmmən hədisindəki peyğəmbərin bu sözünə: «onu təxmini şəkildə təyin etməlisiniz.» (Muslim) və Məlik ibn Sa'sa'adan gələn hədisdəki: «Mənə beş vaxt namaz qılmaq əmr olunmuşdur.» (Buxari, 3674) - sözünə görədir.

Bu məsələdə oruc da namaz kimidir. Şəri vaxtlar əlamətlərə görə təyin olunur. Bu da ən yaxın bir ölkənin namaz vaxtlarını götürməklə mümkündür. (Ləcnətud-Dəimə lil-Buhus əl-İlmiyyə vəl-İftə; Fətva, no: 2769; ixtisarla)

Yazdı: Sahib Əsədov