Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə məzhəbində hədis elmi

Hörmətli oxucu! İlk öncə hədis elminin mahiyyəti və önəmi haqda bir neçə kəlmə qeyd etmək istəyirəm. Belə ki, bu elm İslam elmləri içərisində ən dəyərli və ən önəmli elmlərdən birisi sayılır. Çünki bu elm sayəsində biz doğrunu yalan olandan, düzü əyridən ayıra bilirik. Məlumdur ki, əsrlər boyunca İslam düşmənləri İslamı içəridən yıxmaqdan ötrü çox planlar cızmış və çox səylər göstərmişlər. Bu planın tərkib hissəsindən birisi də Peyğəmbərin, onun əshabının və əhli-beytinin adından yalan rəvayətlər uydurub, daha sonra da bu yalanları “hədis” adı altında camaat içərisində yaymaq olmuşdur. Təbii ki, İslam düşmənlərinin bu çirkin oyunları tək hədislər üzərində deyil, həmçinin Quran üzərində də icra edilmiş və beləcə səhih – doğru olmayan Quran qiraətləri ortaya çıxmışdır. Lakin Uca Allah Öz dinini; Quran və hədisləri İslam düşmənlərinin bu cür çirkin oyunlarından qorumuş və İslam alimlərini bu şərəfli və əzəmətli işə müvəffəq etmişdir. Beləcə Allahın müvəffəqiyyəti ilə İslam alimləri Quran və sünnətin (yəni, hədislərin) qorunması, doğru olanının yalan olandan ayırd edilməsi üçün bir çox şərtlər və qaydalar tərtib etmişlər. Bu şərtlərə müvafiq olan Quran qiraətlərini və Peyğəmbər ﷺ hədislərini qəbul etmiş, müvafiq olmayanları isə rədd etmişlər. Peyğəmbər ﷺ hədislərinin qəbulu üçün tərtib edilmiş əsas şərtlər aşağıdakılardı:

1. Rəvayət olunan hədisin sənədinin tam olması: Çünki hər bir hədisin sənədi olmalıdır. Sənədsiz hədis qəbul olunmaz. Hədisin sənədi isə, o hədisi ta Peyğəmbərdən ﷺ eşidib rəvayət edən səhabədən başlamış həmin hədisi öz kitabına qeyd edən alimə qədər olan ravilər zəncirinə deyilir. Məsələn: İmam Buxari özünün “əs-Səhih” adlı əsərində 109-cu rəvayətdə qeyd edir:

Bizə Məkki ibn İbrahim rəvayət edərək dedi: bizə də Yezid ibn Əbi Ubeyd Sələmənin Peyğəmbərdən ﷺ belə eşitdiyini rəvayət etdi: “Kim mənim adımdan hədis uydursa, yerini Cəhənnəmdə hazırlasın.”

Qeyd etdiyimiz bu hədisin Buxaridən başlamış Sələməyə qədər olan ravilər silsiləsi hədisin sənədi sayılır. Hədis elmində hədisin qəbul olma şərtlərindən birincisi bu sənədin naqis yox, tam olması şərtidir. Əgər Buxari bu hədisi Məkki ibn İbrahimdən deyil, Yezid ibn Əbi Ubeyddən rəvayət etsəydi, hədis qəbul olunmayacaqdı. Çünki imam Buxari Yezid ibn Əbi Ubeydi görməmiş və ondan hədis eşitməmişdir.

2. Hədisin sənədində qeyd olunan ravilərin adil – etibarlı ravilər olması: Bəllidir ki, Quranı və səhih hədisləri bizə rəvayət edən ravilərin hamısı tarixdə Quran və hədis rəvayəti ilə məşhur olmuş ravilər olublar. Bu ravilərin hamısının tərcümeyihalları rical kitablarında mövcuddur. Bu ravilərdən hansısa birisi tanınmayan – məçhul olsa və ya tanındığı halda etibarlı birisi olmasa onun rəvayət etdiyi Quran və hədislər qəbul olunmaz.

3. Hədisi rəvayət edən ravilərin hifzinin iti və güclü olması, şeyxindən eşitdiyi hədisi olduğu kimi özündən sonrakı nəslə - ravilərə ötürməsidir.

4. Hədisin şəz olmaması: Yəni, hədisi rəvayət edən ravinin özündən daha güclü bir raviyə və ya ravilər qrupuna müxalif olmaması.

5. Hədisin sənədində və ya mətnində hər hansısa bir illətin, yəni qüsurun və naqisliyin olmaması.

Bu şərtlərin hamısını özündə ehtiva edən hədislər etibarlı, ehtiva etməyən hədislər isə doğru olmayan hədislər sayılır. Beləcə Uca Allah öz dinini hiylə əhlinin şərindən və yalanlarından qorumuşdur. Bu səbəbdən də hədis elmi çox önəmli, son dərəcə dəqiq və əhəmiyyətli bir elmdir. Bu elm, biz müsəlmanlar ilə digər dinlər arasında olan əsas fərqlərdən birisir. Çünki yəhudilikdə və ya xristianlıqda belə şeylər mövcud deyil. O səbəbdən də onlar öz dinlərini və peyğəmbərlərinin hədislərini qoruyub-saxlaya bilməmişdirlər.

Böyük İslam alimlərindən imam Əbu Hatim ər-Razi demişdir: “Uca Allahın atamız Adəmi yaratdığı gündən ta bu günəcən bu ümmətdən başqa heç bir ümmət içərisində öz peyğəmbərlərinin hədislərini əzbərləyib qoruyan əmin şəxsiyyətlər olmamışdır”. (İbn Əsakir “Tarix Diməşq” 30/38)

Digər bir İslam alimi əl-Münavi demişdir: “Bu isnad (yəni, sənəd – hədis) elmi, Uca Allahın bu ümmətə bəxş etdiyi və onları digərlərindən bununla seçib ayırdığı xüsusiyyətlərindəndir”. (“Feyzul-Qadir” 1/433)

İslam dühalarından Abdullah ibn Mübarək demişdir: “İsnad dindəndir. Əgər isnad (yəni, sənəd – hədis) elmi olmasaydı istəyən istədiyini deyərdi”. (Müslim “Müqəddimətus-Səhih” 1/15)

Bütün bunlar əhli-sünnət alimlərinin sözləri, hədis elminə verdikləri önəm və dəyərləridir. Bununla, İslamın digər dinlər içərisində fərqləndiyi kimi, onlar da müxtəlif firqələr arasında fərqlənmişlər. İndi isə sizi şiə məzhəbində olan və daha doğrusu olmayan dırnaqarası “hədis elmi” ilə və alimlərinin bu barədə dedikləri sözləri və etirafları ilə tanış edəcəyəm.

İlk öncə bunu bilmək lazımdır ki, ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

Şiənin ən məşhur və ən qabaqcıl mühəddislərindən (yəni, hədis alimlərindən) birisi olan Hür əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (“Vəsailuş-şiə” 20/100 və ya 30/260)

Həmçinin o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Əllamənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)

Yəni, onlardan qabaq şiə məzhəbində hədis elmi adında bir elm olmamışdır.

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.

Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan bir kəs olmayıb. Bu elm də əhli-sünnətin elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73)

Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?

Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. Çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı. (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258)

Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Bundan öncəki məqalələrimizdə də qeyd etdiyimiz kimi, onların hədis ravilərinin əksəriyyəti batil etiqad sahibi, yalançı və hədis uyduran kəslər olmuşdur. Bu səbəbdən də onların “rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! “əl-Vafi” 1/11-12)

Hür əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sünnətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: “Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: “Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni, sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl olan hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279)

Hür əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədislərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260)

Nə üçün?

Cavab: Çünki bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədislərini isə ötən məqalələrimizdə də qeyd etdiyimiz kimi məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilər rəvayət etmişdir. Hür əl-Amili deyir: “Yeni istilahların (yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislərimiz zəif çıxır. Çünki nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! “Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.

Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu əhli-sünnətin və şiələrin kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı (səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir, çox.

Hazırladı: Əbu Zeyd Həbibli