Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cihadla əlaqəli şübhələrə cavab

Cihadla bağlı şübhələrə cavab:

Şübhə belədir: «Yağmalamaq; Kölələr- işçi qullar toplamaq, Cariyələr- cinsəllik və qul üçün qadın kölələr, Cizyə- islamı qəbul etməyənləri xəraca bağlamaq. Beləcə İspaniyadan Hindistana qədər olan torpaqlardan qənimətlər, kölələr, cariyələr, xəraclar toplayaraq heç çalışmağa, əməyə gərək olmadan yaşadılar. Bizə qanla, qorxuyla yeritdikləri cənnəti özləri aşağı endirdilər. Cənnət vədi ərəblər üçün soyğuna təşviq, bizim üçün bu cinayətlərə bəraət idi. Bütün bu cinayətlər: soyqırımlar, kölələşdirmə, qadınları cariyə edib təcavüz etməklərini haqqlı qılan don dini yaymaqdı. Klassik ərəb üçün ərəb yarımadasının islamı tərk etməsi nankorluqdur. İslamla emperyalizm qurub səhradan saraylara keçdilər, cənnət hurilərini millətlərin qadınlarını cariyə edərək gördülər. Kapitalizm dövründəysə Həcc bitməyən gəlir qaynağıdır».

BİRİNCİ ŞÜBHƏNİN CAVABI:

İlk cümlədə deyilir: «Yaxşılıq etmək zorla, savaşla olarmı?»

a) Bəli, bu mümkündür. Lakin, tək İslamda deyil. Məsələn, bir xalqın öz itirilmiş, işğal edilmiş torpaqlarını qaytarması zorla və savaşla mümkündür. Burda yaxşılıq anlayışı vəziyyətə görə yaranır. Yəni, məzlum olan, torpağı işğal olunmuş xalqın torpağını özünə qaytarmaq və bununla da ədaləti bərpa etmək özü əsil yaxşılıqdır. Söhbət məsələyə hansı aspektdən yanaşmağımıza bağlıdır. Əgər biz İslamın haqq olmasını sizə isbat etsək, deməli, siz razılaşacaqsınız ki, Allahın əmrləri hökmən yerinə yetirilməlidir. Çünki, İslamda döyüşdən məqsəd qətl etmək, yağmalamaq deyil, əsas məqsəd Allahın yoluna dəvətdir. Bu barədə çoxlu dəlillər və faktlar vardır. Mötəbər rəvayətlər də var ki, döyüş başlayır, iki ordu üz-üzə gəlir. Lakin, peyğəmbər ilk döyüşçülərə əmr edir ki, düşmənlə təkbətək mübarizədə onunla vuruşmadan öncə onu İslam dininə dəvət etsin. Bu da İslami döyüşdəki ali məqsədin nə olduğunu ortaya çıxarır ki, buna aid onlarla misallar çəkmək mümkündür.

b) Həmçinin, bu sözləri deyən ateistlər həmişə dünyadakı «şər problemi» üzərindən hərəkət etdikləri halda bu dəfə «xeyir və yaxşılıq probleminə» əl atmağa çalışırlar. Məsələləri qarışdıran ateistlərə İslami döyüş barədə yanlış təsəvvürlərini bir daha nəzərdən keçirmələri üçün «İslamda döyüş məfhumuna yanlış baxışlar» adlı məqaləmizi oxumalarını tövsiyə edirik. Məqalənin linki:

Sonra isə deyilir ki: «Ərəblər "bu millətləri cənnət əhli edək, getdiyimiz cənnəti hərkəslə paylaşaq" dərdiyləmi ordularla dünyaya savaş açıb qan tökdülər?»

Birincisi: Bu absurd bir fikirdir. Ona görə ki, insanlar əsasən inanan və inanmayan kateqoriyaya bölünür. Əgər İslam haqdırsa, biz bunu bir ateistə sübut etsək, o da bir insan kimi tam şəkildə haqqı qəbul edərsə, İslamdakı hər şeyi təsdiqləyəcək, qeyb aləmini də bunun kimi təsdiqləyəcək. Çünki, məntiqi nəticə budur ki, əgər İslam doğrudursa, onun bütün fikirləri doğru olacaq, əgər doğru deyilsə, ən azından yarısı və ya əksəriyyəti doğru olmayacaq. Ateist bu iki seçimin olduğunu bilirsə, doğru olduğu ehtimalda İslamdakı döyüşün əsas məqsədinin nə olduğunu anladıqdan sonra başa düşəcək ki, İslamdakı döyüş yer üzündə ədaləti bərqərar etmək üçündür. Bu ədalət isə ilahi ədalət olaraq xalqları zülm etmədən bir bayraq altında idarə etməklə mümkündür. Təkcə Osmanlı xilafəti dönəmində onlarla xalqın necə sülh içində İslam əmirliyində yaşadığının bariz nümunəlıri olmuşdur. Hətta, Osmanlı dövləti dağıldıqdan sonra həmin xalqlar Osmanlı dövlətini arzulayırdılar.

İkincisi: Müsəlmanları qəsb etməyə gedən yüzlərlə xarici əsgərlərin İraqa getməsi orada İslam dini ilə maraqlanıb İslamı qəbul etmələri artıq bir faktdır. Bu faktın özü sizin şühbənizi kökündən vurur. Həmçinin, yer üzərində məhz İslama düşmənçilik edən millətlərin nümayəndələrinin, xüsusən də Qərb dünyasında hər il minlərlə insanın İslam dinini qəbul etməsi də sizin şübhənizi kökündən vurur. Çünki, onlar İslamı hərb yoluyla deyil, araşdıraraq, incələyərək öyrənib sonra qəbul edirlər.

"Millətləri cənnət əhli etmək, cənnəti hər kəslə paylaşmaq" şüarı isə döyüşlərin şüarı olmamışdır. Bu kimlərinsə İslam adına söylədiyi bir sözlərdir. Həqiqətdə isə döyüşlərin əsas qayəsi Allahın tək ilah olmasına dəvət etmək, Allahın adını uca tutmaq, İnsanlara öz yaradıcılarını tanıtmaq, ona ibadət etməyə dəvət və ona şərik qoşmamağa, Allahın buyurduğu şəriəti, qanunlar toplusunu qəbul etməyə çağırmaq, Allahın hökmüylə hökm vermək olmuşdur.

Sonra isə deyilir ki: «MƏQSƏD müqəddəs örtülü Cihadın bu qazanclı qanunları: Qənimət- ölkəni, dövlət malını yağmalamaq; Kölələr- işçi qullar toplamaq, Cariyələr- cinsəllik və qul üçün qadın kölələr, Cizyə- islamı qəbul etməyənləri xəraca bağlamaq. Beləcə İspaniyadan Hindistana qədər olan torpaqlardan qənimətlər, kölələr, cariyələr, xəraclar toplayaraq heç çalışmağa, əməyə gərək olmadan yaşadılar. Bizə qanla, qorxuyla yeritdikləri cənnəti özləri aşağı endirdilər. Cənnət vədi ərəblər üçün soyğuna təşviq, bizim üçün bu cinayətlərə bəraət idi.»

Bu iddiada da yenə «əsas məqsəd» təhrif olunur. İslamdan anlayışı islamafob səviyyəsində olan, İslamı kor-koranə kənardan öyrənməkdən o yana keçməyən, İslam barədə bilikləri səthi olan şəxslərin İslami cihadın məqsədini yanlış yerə yozmaları, guya buradan məqsədin sadəcə "qənimət əldə etmək" olduğunu bildirmələri qərəzli mövqedən başqa bir şey deyildir. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, döyüş başlayan anda peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) səhabəyə təkbətək döyüşdən öncə rəqibi İslama dəvət etməyi tövsiyə edir. Təsəvvür edin ki, bir azdan döyüş şiddətlənəcək, peyğəmbər isə insanlara öz missiyasını xatırladır ki, əsas məsələ öldürmək deyil, əsas məsələ İslamı anlatmaq, İslama dəvət etmək və bununla insanları diriltməkdir. Səhabələr ilk öncə İslama dəvət edirdilər. Ona görə də İslami döyüşlərin əsas məqsədi İslamın təbliği olmuşdur. Peyğəmbər dövründə döyüşün mərhələlərinə baxsaq, birinci özlərini ölümdən qorumaq, müdafiə üçün döyüşmüşlər. Bu barədə ayə belədir: «Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.» (əl-Bəqərə, 190)

Ateistlər İslami cihadın məqsədini heç cür qətliam və s. pis adlarla vəsf edə bilməzlər. Çünki, bu dinin peyğəmbəri hətta, hücum cihadında belə yaşlı, qadın və uşaqlara toxunmamağı, döyüşməyən insanlara da toxunmamağı əmr etmişdi. Bu İslamın dəyişilməz döyüş qanunlarıdır!

Qənimətə gəldikdə isə: döyüşən, müqavimət göstərən tərəfin məğlub olduğu halda mallarının ələ keçirilməsi tarix boyu bütün xalqların tarixində olmuşdur. Bu həm də qalib tərəfin əldə etdiyi qazanc olurdu. Qənimət İslamdan qabaq da dünyada bilinən bir şey olub. Dünya xalqları tərəfindən tətbiq edilib geniş şəkildə.

Əsirlərə gəldikdə isə: Eləcə də düşmən tərəfdən qalan əsirlər barədə qaydalar başqa xalqlarda vəhşiliklər olduğu halda, İslamda oxuyub yazmağı başqalarına öyrədən əsirlər azad olunurdu, İslamı qəbul edən əsirlər də azad olunurdu. Qəbul etməyənlər isə öldürülmüşdü, onlarla xoş rəftar edilməsi əmr olunurdu. Bu barədə çoxlu hədislər də var.

Nədənsə tarix boyu bütün böyük ölkələrin və ya döyüşdə qalib gələn ölkələrin etdiyi bir şeyi yalnız müsəlmanların ayağına yazanlar, Fransızların Afrika qətliamlarından danışmır, Amerikalıların zənci qətliamlarından danışmır, İspanların rekonkista siyasətindən və vəhşiliklə müsəlmanlara qarşı etdikləri işkəncələrdən danışmırlar. Rus və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən danışmırlar. Nədənsə ateistlər ateist pol pott'un öz xalqının üç milyon vətəndaşını sərsəm kommunist ideyalarına görə qətl etməsindən danışmırlar.

İslam isə döyüşü normal aparmağı əmr edir, döyüş vaxtı ölülərə işkəncə etməyi, süngülərdən istifadə ilə göz çıxarmağı, əl, qol, burun kəsməyi qadağan edirdi. Yaşlı, qadın və uşaqlara toxunmağı qadağan edirdi. İslam dini vandallığı qadağan edir.

Bu günə kimi dinsiz ölkələr müsəlman ölkələri viran qoyub mallarını talayır, nədənsə ateistlər Suriya və İraq xalqına digər xalqların etdiyi zülmdən danışmır. Nədənsə ateistlər Myanmarda işkəncə ilə öldürülən müsəlmanların, Bormada işkəncə və zülmlərlə qətl edilən, təcavüzə məruz qalan müsəlmanlardan danışmır, onları müdafiə etmirlər. Əgər bu qədər sülh və əmin-amanlıq tərəfdarıdırlar, niyə bu müdafiəni etmirlər. Bütün dünyanın hər yerində ən çox müsəlman xalqlara qarşı böyük ölkələrin etdiyi qətliamları və işkəncələri, zülmləri görmürlərmi?

Köləlik, kölələşdirmə və quldarlıq barədə isə: Ateistlərin yəqin Quran ayələrindən və hədislərdən xəbərləri yoxdur. İslamın tədricən köləliyi aradan qaldırmasından da xəbərləri yoxdur. Bir köləni azad etmək, azadlığa çıxarmağın fəziləti barədə peyğəmbərin hədislərindən də xəbərləri yoxdur. Səhabələrin qul, kölə azad etməkdə bir-birilə yarışa girmələrindən, Amerikadan əvvəl hansı müsəlman ölkəsində qularlığın ləğv edilməsindən də xəbərləri yoxdur, ətraflı məlumat üçün bu məqaləni oxumağı tövsiyə edirəm:

İslamda quldarlıq ləğv edilməyibmi?

Cariyələrə gəldikdə isə:

Birincisi: Bu düşmən tərəfindən əsir düşmüş, müsəlmanların evləndiyi düşmən qadınları idi. Onların qətl edilməsi qadağan idi. Bunun əksinə olaraq digər xalqların nümayəndələri istər müsəlman, istər də qeyri müsəlman qadınlara qarşı zorakılıq, qətl, işkəncə və artıqlamasını edirdilər. Cariyə qadınlarla müsəlmanlar evlənib birgə yaşayır, onları yedizdirib geyindirir və məişətlə təmin edirdilər. Hər növ işgəncə haram hesab edilir, onlarla evlənən müsəlmanlar öz həyat yoldaşları kimi onların öhdəliyini daşıyırdılar. Məgər bunu pis əməl kimi qələmə vermək doğrudurmu? Müsəlmanlarla evlənən cariyələr azad qadınlar kimi hesab olunurdular. Məgər bunun nəyi pisdir ki?

İkincisi: Siz Quranın əsas kökü olan Allahın mövcudluğu və Allaha ibadət məsələsinin vacibliyini görməməzlikdən gəlirsiniz. İnsanlar Allaha ibadəti onların Yaradıcısı, Ruzi Verəni və s. olduğuna şükr olaraq edirlər. Hər bir insan ona sonsuz nemətləri verən Allaha ibadət etməyə zəruri olaraq borcludur. Bu ibadəti etmədikdə və müsəlmanlara qarşı hərb etdikdə artıq Allah onların hərb nemətlərini, mal nemətlərini və şəhvət nemətlərini və bu haqlarını onların əllərindən alır və bu nemətləri müsəlmanlara verir. İnsanlara verilən əsas nemətlər yemək, içmək, mal, pul, qadın və bir çox nemətlər var ki, Allah insanlara bu nemətləri verib ki, Allahı tanısınlar, ona şükr etsinlər, ibadət etsinlər, yəni, bu nemətləri buna qarşılıq verib. Sən əgər bizə Allaha ibadət lazım deyil deməyini isbat edə bilsən, o zaman bizə cariyə, qənimət və digər mövzulardan danışa bilərsən. Kafirlər və onların qadınları Allahı inkar etdiklərinə görə, Ona ibadət etmədiklərinə görə və vuruşmağı seçdiklərinə görə İslam döyüşdən qabaq onlara seçimlər verir ki, ya cizyə verin canınızı qurtarın (Yəni: Cizyə verin, bundan sonra dininizi yaşaya bilərsiniz və biz də sizi qoruyacağıq) və ya İslama gəlin. Yox bu şərtlərdən sonra onlar İslama qarşı döyüşü seçərlərsə, artıq onlardan mal, şəhvət hüquqları və s. artıq düşmüş olur, çünki, buna layiq olmurlar deyə Allah bu hüququ müsəlmanlara verir. Bu isə o cariyələrin bir növ İslama girmələrinə də vəsilə ola bilir.

"Müsəlmanların heç çalışmayıb rahat həyat sürdüyünü iddia edənlər" nədənsə unudurlar ki, onlar əsrlər boyu dünyada yeganə güc olmuş hegemon bir dövlətin heç bir iş görmədən ayaqda durmasını iddia etmək kimi gülünc bir iddianı irəli sürürlər. Buna cavab verməyə isə lüzum görmürük. İşləmək və işləməmək şəxsdən şəxsə görə dəyişən bir şeydir. İşsizlərin sayı da ölkədən ölkəyə dəyişən bir şeydir. Görünür ateistlər danışmağa söz tapmırlar.

"Soyğuna təşviqə" gəldikdə isə: Bu da böhtandır. Hər şey rəsmi şəkildə edilir, ölkələr başqa böyük ölkələrin etdiyi kimi fəth edilir, məğlub ölkə müsəlmanlara müəyyən məbləğ ödəyərək aman içində olurdular. Bunu isə dövrün ölkələri, həmin dövrdən əvvəlkilər, eyni zamanda sonrakı xalqlar da tətbiq etmişlər. Lakin, nədənsə, müsəlmanların hərbi uğurlarının nəticəsində gəlir belə əldə etməsini həzm etməyən ateistlərə ateist ruhlu ölkələrin və o ölkə rəhbərlərinin törətdiyi əməllərdən danışdıqda hər dəfə mövzudan yayınırlar.

Xülasə: Əgər İslamda soyğuna, oğurluğa təşviq olsaydı, Quranda oğrunun əlinin kəsilməsi hökmü olmazdı. Əksinə, İslam dini oğurluğa, soyğuna və quldurluğa qarşı kəskin mövqe tutur və belə çirkin əməlləri şiddətlə qınayır. Sonrakı cümlələrə isə cavab verildi.

Topladı və tərtib etdi: Sahib Əsədov.