Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ateistə xitab şeiri

Yayacaqdır nurunu Uca Allah!
Etsə də dinsizliyə çoxu iştah!
Rəzillər qalar dünyanın sonuna,
İslamın vədidir, anlarsan hərgah!

Bir Allaha qul ol, Allahçün əyil,
Qəlblər Ona sarı eyləyər meyil,
Bir yolun çoxluğu demək deyil ki,
Getdiyin yolun sonu mövcud deyil!

Səbəbsiz bir şey yaranmır heç zaman,
Səbəb varsa, nəticə də var, inan,
Çönüb arxasına səni axtarar,
Uşaq belə əgər ona toxunsan!

Uşaq belə səbəbkarı axtarır,
Çünki, bir saf insan fitrəti vardır!
Qəlbi günahlarla qaralmış kimsə,
Görməzsən bunu düşünür, daşınır!

"Əşyaları düzəldən yoxdur" desən,
Sənə gülən insanları görərsən,
Bu ehtişamda kainat yaranıb,
Sən "səbəbsiz yaranıbdır" deyirsən!

Əvvəl olmayıb sonradan yaranan,
Sənə dəlildir ki, vardır Yaradan!
Yaranmayan bir şey isə xəyaldır,
Olmayan şey, indi də var olmayan.

Dünyada görsəydin sən Yaradanı,
Olmazdı onda dünya imtahanı,
Görmədən inanan sadiq bilinməz,
Tapmazdın həyatdan əsil mənanı!

İki yöndən azır insan yolunu,
Şəhvət ilə şübhə bükər qolunu,
Şəhvətlə azanlar qayıda bilər(1),
Şübhəçi tapa bilməz formulunu.

Darvin yəhudidir, həm əqrəbası,
Meymuna çevrilmiş ulu babası,
Bəzi meymunlar insandan törəyib,
Xəbər vermiş Quran açıqlaması!

Sən isə düşündün bunun əksini,
İttiham etdin sən İslam dinini,
Darvinin babası meymun olubsa,
Xahiş edirəm ora qatma məni!

Mən əzəldən Adəm oğlu insanam,
İbadətlə insanlıq olar tamam!
Özünə zülm etmə xəyallar ilə,
Mənasız həyatın eyləməz davam!

Maddiyyatçı insana boşdur həyat,
Maddədir ona həm də mənəviyyat,
Gözlə görmədiyinə o inanmaz,
Onunçün mövcud deyil bir hissiyyat!

Həyatda çox şeyi gözlə görmürük!
Havanı da bu göz ilə görmürük,
Gözlə Görünməzi inkar eyləmə!
Gözlə sənin beynini də görmürük!

Gəl baxaq hər kəsin axır yoluna,
Fərz edək iki seçimin buluna;
Sən deyən olsa, heç nə itirmirəm,
Mən deyən olsa, vay sənin halına(2)!

Hər şeyin əksi var bu dünyada, bil,
Təsadüfən yaranan bunlar deyil,
Sevgi-nifrət, mənfi-müsbət, bir də ki,
Gecə-gündüz, gözəl-çirkin bu qəbil!

Ağ-qara, sağlam-xəstə, yaşlı-cavan,
Yaş-quru, isti-soyuq, mələk-şeytan,
Dost-düşmən, varlı-kasıb, alçaq-uca,
Pis-yaxşı, tənbəl-qoçaq, küfr və iman!

Yüzlərlə saymaq olar bu misaldan,
Saymadığım neçəsin sən sayarsan,
Görən hardandır bu möhtəşəm nizam?
Diqqətlə düşünsən haqqı duyarsan!

Böyük ulduzlar nə gözəl parlayır,
Kiçik dünyada milyonlar yaşayır,
Sən bir zərrəsən aləmdə, ey insan,
Nədir bu təkəbbür sənlə oynayır?!

Gecənin arxasıyca gündüz gəlir,
Günəşlə ayın işi də düz gəlir,
Günəş bir azca yerə yaxın olsa,
Fəlakəti görərdin sözsüz gəlir.

Günəş yerdən azca olsaydı uzaq,
Yer kürəsi tamam olardı buzlaq,
Düşünməyə ağıl daşıyan insan,
Necə də danışır o nahaq-nahaq!

Su içində Yaşadır balıqları,
Havada da yaşadır varlıqları,
Torpaq altında da həyat var edir,
Hədər getmir maddənin artıqları(3).

Elm «necə» sualına düz gəlir,
Çünki, o maddi aləmi öyrənir,
Termometr pis əxlaqı tanımaz,
O əxlaq ki, ondan hər kəs iyrənir.

Pis əxlaqı bilmək olmur cihazla,
Pis ruhdan qorunulmur əleyhqazla,
Əxlaqları maddi elm öyrənməz,
Spidometr ölçməz riyakarı fazla.

«Nə üçün» sualı, varlıq hikməti,
Deyildir sən deyən elmin predmeti,
Elmin öz sahəsi, çərçivəsi var,
Dinin də özünə məxsus söhbəti.

Ən böyük xurafat ki, var həyatda,
Ateistə məxsusdur bu sitatda(4);
O kəs ki, yaşayır boş və qayəsiz,
Onu yoxdur Yaradan kainatda?!

Əsil xurafatçı və mövhumatçı,
Odur, bax, odur həmin maddiyyatçı,
Bax, odur ən böyük xurafat yayan,
Təkərləri qırılmış samakatçı.

Yatır gecələri xəyal içində,
Hər gecəsi şübhə, sual içində,
Nə üçün, niyə? hardan gəlmişik biz?
Kimik biz? gedirik nə hal içində?

Əgər, niyə, bəlkə, yoxsa, görəsən?!
Qarışdırmış sualları görərsən,
Çaşqın halda yaşadığın dünyanı,
Bu suallarla bir gün itirərsən!

Birdən müsəlman deyən çıxsa, gerçək?
Birdən düz olsa inkarlarım tək-tək?
Bu minvalla yorğanını dişləyir,
Şəkdə qalan aqnostik yatanadək!

Özünü hər kəsdən ağıllı sayır,
Bizlə "kosmos" adlı oyun oynayır,
Etdiyi kəşfləri görmürük niyə?
Amma, hey "elm" deyir, sayıqlayır!

Qarşında görünür böyük bir aləm,
Ahəngi sənət, nizamı möhtəşəm,
Rənglər, gözəlliklər, həyat coşqusu,
Bir-birinə bağlı ahəng var möhkəm!

Ağılın qeybə vardır ehtiyacı,
Qeybi inkar etmək vermir əlacı,
İnsan bilmədiyi şeyə düşməndir,
Bu məntiqdir ateistin sayğacı!

Sənin ağlın ayətlərin yanında,
Nədir görən, bir uşaq timsalında,
O uşaq ki, qarışıq rənglər çəkir,
Sonra deyir "şəkil çəkdim" anında.

Hər qarışıq rəng deyil sənət işi,
Dərk etmirsən dövranı, bu gərdişi,
Heyvanlarda neçə-neçə ibrət var,
Diqqət etsən, anlarsan bildirişi!

Qolun bəlli ölçüdə yük qaldırar,
Ayağın bəlli yol gedər, yorular,
Gözün görməyi məhduddur, bilirsən!
Ağıl da məhduddur, o da dayanar(5)!

"Elm" dedikcə cəhalətin göründü,
O kəs ki, elm libasına büründü,
O libas ki, sahibi təkəbbürlü,
Təvazökar olmağa hey ərindi.

Ləzzətin də sonu gəlir, bilirsən,
Şəhvətin də sonu gəlir, bilirsən,
Sonsuzluğun yox, fəqət istəyirsən(6),
Ölürsən və yenidən dirilirsən!

Hər insanın vardır iki amalı,
«Əbədilik və səadət xəyalı»,
Allah verər bunları cənnətində,
Kim olarsa Allah ilə vəfalı!

Allahsız yaşayan bunu axtarır,
Anlamır ki, nə üçün vaxt aparır,
Əbədilik və səadət dünyada,
Kim axtarır, o ünvanı səhv salır.

Əbədilik yox, beş günlük dünyada,
İki arzudan biri getdi bada,
Səadəti də qısadır dünyanın,
Vaxtın çatsa, gələn olmaz imdada!

Aya, kosmosa uçmaqdır amalın,
Sən kimi çox edən olub xəyalın,
"Kosmosa uçmuruq" deyə qınayan,
Bir iş görmür, danışır arzuların!..

Deyirsən ki, inanmıram qeybə mən,
Amma, həqiqətdə inanırsan sən,
Yadplanetlilərə iman etmisən,
"Onlar yaratmışdır bizi" deyirsən(7).

Yadplanetli yaratsa, mümkün olur,
Allah yaradanda bu mümkün olmur?
Nə qədər ziddiyyətdə olasan ki,
Allahı inkar edəsən bir ömür!?

Həyatda şərləri insanlar edir,
Sonra da Allahı ittiham edir,
Olmazsa xeyir ilə şər həyatda(8),
Olmaz mənası, həyat belə gedir!

Bəlalar səni azdırmaqçün deyil,
Öz seçimidir yolu azsan və bil;
Sınaqçündür xoş gün də, pis günün də,
Yalnız Allaha qul ol, Allahçün əyil!

"Elm, elm deyən" niyə soyunur?
Məgər elm soyunmaq ilə olur?
Niyə ateistin "elm" şüarı,
Onun əxlaqında elmi doğrultmur?!

Atomu kəşf edən olsa əxlaqsız,
Bir gün bu dünyanı edər dayaqsız,
O elm dağıdar bütün dünyanı,
Ya da qoyar səni əlsiz, ayaqsız!

Elmi pisləməkçün deyil bu sözlər,
Elmə həris olaq gərək ki, bizlər,
Elmi bəşərə xidmət etdirək biz,
Fəsada alət etdirməyin sizlər!

Yaxşılıq etdi səni yaratmaqla,
Nankorluq etdin inkarçı olmaqla,
Sən özün inkarçılığı seçərkən,
Cəhənnəm istəmirsən hansı haqla?

Övladını böyüdürsən zülümlə,
Sonra nankor olsa sənə hər cümlə,
Kaş olmazdı belə övlad deyərdin,
İndi özün ayırd et bu çözümlə.

Aləmlərin Rəbbinə nankor çıxıb,
Dedin "məni bir Allah yaratmayıb",
Səni Yaradana etmədin şükür,
Özgəyə təşəkkürü unutmayıb!

Hər günaha dərhal cəza verilsə,
Deyərdiniz: möhlət verilmir nəsə,
İstədiyin işi rahat görürsən,
Sonra deyirsən: Mənəm məcbur kimsə.

İslam verir cinayətkara cəza,
Hərə istəyir bunu bir cür yoza,
İndi bir məsəl çəkim, anlayarsan
Qatili salırsınız aranıza?

Cinayətkar cəza almalı mütləq(9),
İttifaq etdik ki, bu bir həqiqət,
İxtilafımız cəzanın növündə,
Bununçünmüdür bu oyunlu söhbət?

Bir misal da deyim, diqqət eylə sən,
Soyunmağa mədəniyyət deyirsən!
Mədəniyyət dediyin soyunmaqsa,
Onu atda, pişikdə də görərsən!

Müsəlman qadın azaddır həyatda,
Həya libası vardır kainatda,
Qiymətli şey görünməsin gərəkdir,
İnci sədəf içrə gözəldir hətta!

Qadının hicabı onun şərəfi,
Allah razılığı onun hədəfi,
Milçək qonar üstü açıq şeylərə,
Gərək ki, görünməsin hər tərəfi!

Bir əsrdir zəifləyib müsəlman,
On üç əsr dünyaya hakim olan,
Bircə əsr zəifləyibdir deyə,
Düşmənlər İslama vermirlər aman!

On üç əsr mədəniyyət çırağı,
İslam olmuş məzlumların dayağı,
İslama yönəlib bütün hücumlar,
İstəyirlər hey büdrəsin ayağı!

Deyirsən ki, dinlərin çoxdur sayı,
Amma çoxluq hüccət deyil, ay dayı!
Sən minlərlə ehtimaldan birisən(10),
Yaranmağa bir namizəd adayı,

Hər bir ölkənin bir hakimi olur,
Minlərlə müxalifətçi bulunur,
Çox müxalifətçi demək deyil ki,
O ölkənin bircə hakimi olmur!

Dinlər də istəyir olsun minlərlə,
Nə işin var axı sənin dinlərlə?
Sən İslamı öyrən, İslama yönəl,
Haqq din İslamdır bunu bil, əzbərlə!

Kitabı qorunmuş yeganə dindir,
Sənə mane olan səndəki kindir,
Açıb oxu bu kitabı, fikirləş,
Qəlbini haqq kəlamıyla sevindir!

Şəkk-şübhə ilə oxusan hər şeyi,
İstənilən elmi və ya hər nəyi,
Hətta, həyatın da şəkk-şübhə ilə,
Davam etsə dadmazsan xoşbəxtliyi!

Sənə şübhə adlı xəstəlik dəyib,
O "iti ağlın" bunu hiss etməyib,
Yunan şübhə mədrəsəsindən gələn
O şübhə çox kəsi bədbəxt eyləyib!

Cəza versə, Allah zalim quluna,
Rəhmət düşər ateistin yadına,
Möhlət versə, Allah zalim quluna,
Cəza düşər ateistin yadına!

Dörd qadınla evlilik olmaz deyir,
Amma, özü qırxıyla zina edir.
Beləcə, haramı qatır halala,
Ömrü günahların içində keçir.

Desən ki, Quran çox asan dildədir,
"Bəşər sözü" deyib səs cingildədir,
Desən ki, "Quran qəlizdir" ona sən,
Deyər: anlaşılmaz kəlam əldədir!

"Dindarlar ixtilaf edir" söyləyir,
Özü hər gün ixtilaflar eyləyir,
Tənqiddə insaflı olmadı bir gün,
Belələri ədaləti neyləyir?!

Həcc gələndə ərəbin pulun sayır,
Öz pulunu Antalyaya yollayır,
Bu din ərəbin deyil, hər kəsindir,
Allah bizi imtahanla yoxlayır!

__________________________________

(1) Bu sözdən məqsəd şəhvət yolu ilə azmağın, şəhvətə dalmağın təhlükəsini kiçiltmək deyil, sadəcə şəhvətin insanın nəfsinin zəifliyindən qaynaqlanmasına diqqətləri yönəltmək, şübhələrin şəhvətlərdən daha təhlükəli olduğunu qeyd etməkdir. Lakin, heç bir şəkk yoxdur ki, hər ikisi də (şübhə də, şəhvət də) qəlbin xəstəliyindən hesab olunur və müalicə edilməlidir.

(2) Bu məşhur söz bəzi mənbələrdə Əli ibn Əbi Talibə (Allah ondan razı olsun) nisbət olunur. Lakin, ondan qeyrilərinə də nisbət olunmuşdur. Müəllifin oxuduğu rəvayətə görə Əli ibn Əbu Talib bu sözü axirəti inkar edən birinə söyləmiş, o isə bu sözdən təsirlənərək dərhal tövbə etmişdi. (Bu rəvayətin əslinin tapılmadığı üçün o mənaca və qısa şəkildə qeyd edilmişdir).

(3) Burada: Alimlərin «maddə bir formadan başqa formaya keçir, kainatda maddə itmir, sadəcə şəkildən şəkilə keçir» sözləri qəsd olunur.

(4) Müəllif ateistləri bəzi əməllərə görə xurafatçı hesab edir: Məsələn; dindarları əfsanələrə inanmaqda ittiham edən ateistlər, özləri insanın meymundan yaranması əfsanəsinə inanırlar. Onlardan bəziləri isə dünyanı yadplanetlilərin yarada biləcəyi əfsanəsinə inanırlar. Bəzi ateistlər isə elmi cəhətdən isbat olunmamış nəzəriyyələrə, elm aləmində xurafat hesab olunan bir çox "nəzəriyyələrə" inanırlar. «Çoxlu kainatlar» nəzəriyyəsi (The Multiverse theory) kimi… Bu misalları çoxaltmaq olar.

(5) Yəni: İnsanın bütün əzaları məhduddur, insan orqanlarının fəaliyyət dairəsi müəyyən çərçivə ilə əhatələnmişdir. Məsələn; insan yüz kiloqramı başına qaldıra bilir. İki yüz, üç yüz kiloqramı isə xüsusi təlim keçmiş adamlar qaldıra bilir, ondan o yana isə insan qolları və bədəni tab gətirmir. İnsan ayaqları da bunun kimi dayanmadan günlərlə yol gedə bilmir. Ayaqlar müəyyən təzyiqdən sonra yorulur. Göz də müəyyən məsafədən uzağı görə bilmir. Bu misalları dərk etdikdən sonra bilmək lazımdır ki, insanın beyni də hər şeyi dərk edə bilmir. İnsanın kainatda bilmədiyi şeylər olduqca çoxdur. Maraqlısı budur ki, bəzi insanlar kainatda bilmədiyi, dərk etmədiyi şeylərdən danışmağa cürət etmədiyi halda, Allah barədə əsassız iddialar irəli sürə bilir. Halbuki, onlar idrakın və qavramağın da əl, ayaq, göz və başqa orqanlar kimi məhdud funksiyaya sahib olduğunu bilsəydilər, onda Allah haqqında yersiz şübhələr gıtirməzdilər.

(6) Ateist ölümdən sonrakı həyatı inkar etsə də, o sonsuz bir həyatı arzulayır. Əslində bu bütün insanların arzusudur. Xülasə, Allah insana bu əbədi həyatı vəd edərkən, həyatı bu qədər ucuz tutan ateist özünü aldadaraq tələm-tələsik ləzzətləri bu dünyada axtarır. Halbuki, onu ləzzətlərin dünyada tükənməsi də narahat edir.

(7) Bu isə bəzi ateistlərin sözüdür.

(8) Xeyir ilə şərin dünyada mövcudluğu əslində Allahın varlığına bir dəlildir. Dünyada xalis şər yoxdur. Hər bir şərin xeyir görünən tərəfi vardır. Soyuq hava kimisini üşütsə də, yerdə mikrobların ölməsinə səbəb olur. Pis olmasa yaxşının qədri bilinməz. Dəli olmasa, ağıllının qədri bilinməz. Lakin, ateistlər dəli gördükdə ağıl nemətinə görə şükür etmək yerinə, dəlinin dərdini çəkirlər ki, qoy o da ağıllı olsun. Halbuki, anlamadıqları hikmətləri naqis ağılları ilə qurdaladıqları üçün özlərini yersiz şübhələrlə azdırmış olurlar.

(9) Yəni: Ateistlər İslamdakı cəzaları qəbul etməyib "bu ağıla ziddir" deyirlər. Biz müsəlmanlar isə deyirik: Siz də bizim kimi cinayətkarlara cəza verilməsinin lazımlı olduğunu qəbul edirsiniz. Çox gözəl, deməli, cəzanın verilməsində ittifaq etdik, cəzanın növündə ixtilaf etdik. Onda cəzanın başqa növləri olan başqa ölkələrə də etiraz edin. Çünki, cəza növləri ölkədən ölkəyə dəyişir. Tarix boyu da dəyişik olmuşdur. Lakin, Allahın şəriətində cəzalar dəyişmir. Hələ biz bu cəzaların cəmiyyətlərdə cinayətlərin azalmasında verdiyi töhfələrdən danışmırıq. Unutmayaq ki, dünyada ən çox həbsxana məhbusları Amerikada, sonra isə Rusiyadadır.

(10) Burda qəsd olunan: insanın ana bətnində yaranması üçün yola çıxan minlərlə spermatozoiddən yalnız birinin qalib gəlməsidir ki, bir insan hazırkı halında həmin qalib gələn spermatozoiddən yaradılmışdır. Burada ümumi mənada bütün çoxluqların batil əhəmiyyət kəsb etmədiyinə eyham vurulur. Müəllif demək istəyir ki, ateist dinlərin çox olduğu üçün heç birinin haqq olmayacağını müdafiə edir, lakin, unudur ki, özü minlərlə spermatozoiddən yalnız biridir. Uca Allah Quranda insana nədən yarandığını xatırlatmışdır: «Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu.» (Yasin, 78)

Tamamlandı: 08/12/2019, Mədinə şəhəri.
Yazdı: Sahib Əsədov. Bəndlərin sayı: 70

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha!